"Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq Simpozium keçirildi

 

  İyulun 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Naxçıvan: ilkin şəhər və Duzdağ"  mövzusunda Beynəlxalq Simpoziumun açılış mərasimi oldu. 

Simpoziumun  iştirakçıları əvvəlcə Naxçıvanın tarixi ilə bağlı yazılmış kitab və monoqrafiyalardan, arxeoloji qazıntılar, aparılan tədqiqatlar zamanı əldə olunan maddi mədəniyyət nümunələrindən   ibarət sərgi ilə tanış oldular.

Sonra simpozium öz işinə başladı. İştirakçılar Naxçıvan Dövlət Televiziyasının istehsalı olan "Naxçıvanda ilkin şəhər mədəniyyəti" adlı sənədli filmə baxdılar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif Talıbov beynəlxalq simpoziumun açılışı münasibətilə  iştirakçı və qonaqları təbrik etdi. Bildirildi ki, Azərbaycan xalqı çox qədim və zəngin tarixə malikdir. Ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyev ikinci dəfə ali hakimiyyətə qayıtdıqdan sonra bir sıra taleyüklü məsələlər kimi Azərbaycan tarixinin, arxeologiya və etnoqrafiyasının konkret faktlar əsasında tədqiq olunması sahəsində də əsaslı tədbirlər görülməyə başlandı. Qeyd olundu ki, 1996-cı il iyulun 10-da Naxçıvan tarixinin öyrənilməsinə həsr olunmuş "Uluslararası  qaynaqlarda  Naxçıvan" mövzusunda  beynəlxalq simpoziumundan ötən müddətdə xeyli iş görülmüş, ümummilli liderin tövsiyələrinə uyğun olaraq, Naxçıvan barədə qədim qaynaqlar, tarixi mənbələr tədqiq edilmiş,  beynəlxalq elmi forumlar  keçirilmiş, 1200-ə yaxın  tarixi abidə öyrənilərək pasportlaşdırılmış, 50-dən artıq  tarixi abidədə bərpa və yenidənqurma işləri aparılmışdır. Ali Məclisin  sədri beynəlxalq simpoziumun öz qarşısında bəşər sivilizasiyasının mühüm  ocaqlarından  biri  olmuş  Naxçıvanın tarixinin ən qədim dövrünə dair elmi baxışların və nəticələrin sistemləşdirilməsi, vahid elmi fikrin formalaşdırılması kimi konkret məqsəd qoyduğunu bildirdi.

Beynəlxalq simpoziumda Azərbaycanın və xarici ölkələrin nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim tarix üzrə mütəxəssislərin iştirakının elmi forumun uğurla keçəcəyinə, qarşısına qoyduğu məqsədə çatacağına, 5 min yaşlı Naxçıvanın bəşər mədəniyyətinin ən dəyərli incilərindən biri olduğunu təsdiqləyəcəyinə əminliyini ifadə etdi.

Simpoziumun plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nailə Vəlixanlı "Naxçıvan ilkin şəhər mədəniyyətinin tədqiqində və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin materiallarının əhəmiyyəti", Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli "Nuhdaban oturaq məkanı və Duzdağ şəhərətrafı mədəniyyəti", Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin əməkdaşı, dosent-doktor Lauren Ristvet "2008-2012-ci illərdə Oğlanqalada aparılmış Azərbaycan-amerikan qazıntı işləri", Fransa Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent-doktor Katerine Marro "Duzdağda duz mədən sənayesinin mənşəyi və inkişafı", rusiyalı qonaq, tarix elmləri doktoru, Beynəlxalq İnformasiyalaşdırma  Akademiyasının akademiki Rudolf İvanov "Naxçıvan duz mədənlərinin rusiyalı tədqiqatçıları",  AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov "Naxçıvan - müasir sivilizasiyanın ən qədim mərkəzlərindən biri kimi" və Ukrayna Elmlər Akademiyasının Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko "Gəmiqaya petroqliflərinin dünyası: yanaşmalar və şərhlər" mövzularında məruzə etdilər.

Simpozium öz işini bölmə iclasları ilə davam etdirdi, mövzu ilə bağlı məruzələr və çıxışlar dinlənildi, elmi müzakirələr aparıldı.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən bölmə iclasını giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli simpoziumun Naxçıvanın 5000 illik tarixinin tədqiqi baxımından əhəmiyyətini vurğuladı, iclasın işinə uğurlar dilədi. Bölmələrdə Qaya duzu istehsalı və ticarətinin mədəniyyətin inkişafında rolu, Türk mədəniyyətində duzun yeri və əhəmiyyəti, Çorox hövzəsinin qədim Kolxid metallurgiyası və digər mövzularda məruzələr dinlənildi.

Sonda bölmələrin işi ilə bağlı fikirlər dinlənildi.

Beynəlxalq simpoziumun yekun iclası AMEA-nın Naxçıvan Bölməsində keçirildi.

 

 

Nərmin CƏFƏROVA,

NDU-nun Mətbuat

şöbəsinin əməkdaşı

 

Azərbaycan müəllimi.- 2012.- 3 avqust.- S.2.