Səmərəli məktəb modelində məktəb kitabxanası və onun rolu

 

Məlum olduğu kimi, Təhsil Nazirliyi ümumtəhsil məktəb kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, nümunəvi məktəb kitabxanalarının yaradılması sahəsində, o cümlədən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 1.2-ci alt-komponenti ("Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi") (2009-2014-cü illər) çərçivəsində bir sıra işlər görmüşdür.  Bu komponent çərçivəsində ölkənin bütün şəhər və rayonları içərisindən 500 ümumtəhsil məktəbi seçilərək onların müasirləşdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə ölkədə çap edilmiş bütün təlim və oxu materialları haqqında məlumatları özündə əks etdirən kataloq hazırlanaraq həmin 500 məktəbə göndərilmişdir. Kataloq əsasında ümumtəhsil məktəblərindən daxil olan sifarişlər nazirlikdə yaradılmış müvafiq komissiya tərəfindən təhlil edilmiş, tələb olunan təlim və oxu  materialları  müəyyənləşdirilmiş    çap  edilmişdir.  Kataloqda  əksini  tapmış e-tehsil.com (hazırda www.oxuyuruq.biz) adlı ödənişli sayta aid Azərbaycan dili, informatika, riyaziyyat, həyat bilgisi fənləri üzrə birillik kartlar alınmış və 500 ümumtəhsil məktəbinin  içərisindən  İnternetə  qoşulmuş  196  məktəbə  çatdırılmışdır.  Layihə  çərçivəsində  seçilmiş  500  məktəbin  kitabxana  işçiləri  haqqında  məlumatlar  toplanmış    təhlil  edilmişdir.  500  məktəbin  tərkibindən  seçilmiş  10  pilot  məktəbin təmirinə başlanılmışdır.

 

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 1.2-ci alt-komponenti çərçivəsində  tədbirlər davam edir. Bununla yanaşı Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi olan "Səmərəli məktəb" layihəsinin Kitabxana/İKT-dən keyfiyyətli tədris və təlim üçün istifadə komponenti də bu sahəyə xeyli diqqət ayırır. Çünki informasiya savadlılığının inkişafı birbaşa məktəb kitabxanasında başlanır. Digər tərəfdən, həzz almaq üçün mütaliənin təbliği bu gün də həmişəki kimi aktualdır və kitabxanaçının peşə ustalığı və şəxsi keyfiyyətlərindən  çox asılıdır.

"Səmərəli məktəb" layihəsini xidmət müqaviləsi əsasında reallaşdıran Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi İctimai Birliyi  12 pilot məktəbdə  kitabxanaların işini öyrənərək təhlil etdi. Diaqnostik təhlil göstərdi ki:

- layihə məktəblərində kitabxanalar öz fondlarını kitablarla zənginləşdirməyi əsas vəzifə borcları bilirlər və diqqətlərini yalnız bu istiqamətə yönəldirlər;

- fond üçün kitab seçimində əsasən bədii kitablara və müxtəlif fənlər üzrə test kitabçalarına üstünlük verirlər; üçüncü kateqoriyada ensiklopediyalar və sorğu kitabları yerləşir;

- kitabxanalarda kompüterlər olsa da, onlardan istifadə olunmur, çoxu isə İnternetə qoşulmayıb;

- kitabxana işçilərinin İKT-dən istifadə sahəsində bilik və bacarıqları yoxdur və ya aşağı səviyyədədir;

- məktəblərdə İnternetdən istifadə haqqında güclü mənfi stereotiplər var və İnternetin zəngin məlumat mənbəyi olması fikri dəstəklənmir;

- kitabxana tədbirləri formal xarakter daşıyır; kitabxanalarda adətən şair və yazıçıların yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr təşkil olunur; kitabxana müəllim və şagirdlərin fikrincə əsasən bədii ədəbiyyatla assosiasiya yaradır; kitabxanada tədbirlər və dərslər (çox az sayda)  keçirən də  ədəbiyyat müəllimləridir;

- kitabxana işçiləri kurikulum islahatından az məlumatlıdırlar;

- kitabxana işçiləri şagirdlərin mütaliə bacarıqlarının və mütaliə diapazonunun inkişafında, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək bacarıqlarının formalaşmasında demək olar ki, heç bir rol oynamırlar;

- kitabxana işçiləri və müəllimlər arasında peşəkar münasibətlər zəifdir; valideynlərlə münasibət isə yoxdur;

- təlim prosesində kitabxanaların rolunu  məktəb rəhbərliyi  lazımınca qiymətləndirmir;

 

- şagirdlər arasında kitabxana populyar yer deyil;

- kitabxanaçılar kitabxananın informasiya-resurs mərkəzinə çevirmək üçün hansı addımları atmağı bilmirlər.

Bu reallıq məktəb kitabxanaçıları üçün təlim paketi hazırlamağı zəruri etdi. Təlimdə 4 əsas istiqamət üzrə iş aparmaq qərara alındı:

- müasir məktəb kitabxanalarına verilən tələblər. Kitabxanaçının peşə ustalığı və şəxsi keyfiyyətləri;

- kurikulumun əsas müddəaları və məktəb kitabxanasının işi;

- interaktiv təlim üsulları və onlardan kitabxana  tədbirlərində istifadə;

- kitabxana işində İKT-dən istifadə.

İnteraktiv formatda keçirilən təlim 28-29 oktyabr 2011-ci ildə  Bakıda 132-134 nömrəli təhsil kompleksinin bazasında  baş tutdu. Bu təlimlərə layihə məktəblərinin kitabxana işçiləri ilə birgə ev sahibliyi edən məktəbin kitabxanaçıları da qatıldı. İkigünlük təlimlərdə əsas diqqət müasir dünyada məktəb kitabxanasına verilən tələblər və işin bu tələblər əsasında qurulmasına yönəldi.  Məktəb kitabxanaçısının peşəkar inkişafı üçün nələrin vacib olduğu müzakirə edildi. Təlim iştirakçıları yekdilliklə razılaşdılar ki, müasir məktəbdə hər bir kitabxanaçı İKT-dən istifadəni, kurikulum islahatının tələblərini, ünsiyyət mədəniyyətini bilməli və bacarmalı,  ən azı bir xarici dildən istifadə edə bilməlidir.

Təlimdə kitabxanaçılar aşağıdakı suallar ətrafında fikir mübadiləsinə cəlb edildilər:

1. Məktəb kitabxanası məktəbdə və cəmiyyətdə hansı vəzifəni yerinə yetirir?

2. Məktəb kitabxanası hansı pedaqoji, əyləncəli və yaxud tədqiqi tələbatları ödəməlidir?

3. Məktəb kitabxanasında şagirdlərin  (xüsusi qayğıya ehtiyacı olan şagirdlər də nəzərə alınmaqla), müəllimlərin, valideynlərin və məktəb icmasının digər üzvlərinin tələbatları nəzərə alınırmı? Bu tələbatları ödəmək üçün kitabxana hansı xidmətləri və yaxud proqramları təklif edir? (Misallar: uşaq proqramları, evlərdə göstərilən xidmətlər, savad dərsləri, İnternet məlumat bazasında axtarış, kitabxanalararası mübadilə materiallarının faksla çatdırılması və s.). Hansı tələbatlar ödənilmir?

4. Kitabxanalararası mübadilənin tətbiq edilməsi fondun təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərir? Siz ehtiyat fondu yaratmaq məqsədilə digər kitabxanalarla birgə tədbirlər həyata keçirirsinizmi?

5. Sizdə olan məlumatların əksəriyyəti yenidirmi? Tarixi və ya tədqiqat məqsədləri üçün köhnə kitablar saxlanırmı? (Məqsədli şəkildə saxlanan və ləğv edilməli olan köhnə materialları bir-birindən fərqləndirmək lazımdır).

6. Kitabxananın topladığı məlumatların formatlarını təsvir edin: kitablar, dövri nəşrlər, qəzetlər, səs yazıları, videokasetlər, filmlər, slaydlar, kompüter proqramları,  CD-lər, İnternet məlumat bazaları və s.  Sizin hələ ki, malik olmadığınız hər hansı formatda materialı toplamağa ehtiyac vardırmı?

7. Azərbaycan dilindən fərqli olan dillərdə materiallar toplanırmı?

8. Materialları satın almaq üçün ianə fondu, dost dəstəyi və qrantlar kimi hər hansı xüsusi mənbələrdən vəsait əldə edilirmi?

9. Materialları kim seçir? Hansı ümumi əməliyyatlar və ya üsullar istifadə olunur? Materialları seçmək üçün hansı meyarlar istifadə olunur?

10. Siz materialları nəyə görə, nə zaman və hansı meyarlar əsasında ləğv edirsiniz və ya balansdan silirsiniz? (Ləğvetmə təlimatlarından misallar: köhnəlmiş məlumatlar; pis fiziki vəziyyət; lazım olmayan nüsxələr; fond yaratma strategiyasının əhatə dairəsinə aid olmayan mövzular).

İş zamanı təlimçilər fikir mübadiləsinə moderatorluq edir, lazım gəldikcə mütərəqqi iş üsulları haqqında məlumat verirdilər.  Təlimdə kitabxanaçılar kurikulum islahatının tələbləri və bu tələblərdən irəli gələn vəzifələr haqqında diskussiyada da iştirak etdilər. Məlum oldu ki, əsasən kitabxanaçılar kurikulum islahatının məzmunu və onun kitabxana işinə təsiri haqqında aydın təsəvvürə malik deyillər. Pedaqoji işçi sayılan məktəb kitabxanası əməkdaşlarının kurikulum təlimlərindən kənarda qalması, zənnimizcə, keyfiyyətli təlim prosesinə kömək etməyəcək. Yeri gəlmişkən, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 31.0.2. maddəsinə görə məktəb kitabxanaçıları da təhsilverənlər (pedaqoji işçilər)  sayılır. Lakin məlum oldu ki, çox məktəblərdə kitabxanaçı texniki işçi statusundadır və o, pedaqoji işçilərin imtiyazlarından istifadə edə bilmir. Bu vəziyyət mütləq araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.

Şagirdlərin müxtəlif məlumat mənbələri və effektiv axtarma strategiyaları haqqında biliklərinin formalaşmasında məktəb kitabxanaçısının rolu əvəzsizdir. Bu işi həyata keçirmək üçün isə  kitabxanaçının özü  müvafiq bilik və bacarığa malik olmalıdır.  Başqa bir sual - məlumatdan istifadə strategiyaları şagirdlər tərəfindən nə dərəcədə səmərəli tətbiq olunur? Bu gün şagirdlər kitabxanada sərbəst şəkildə tədqiqat ilə məşğul ola bilirlərmi və bunun üçün hansı minimal şərait yaradılmalıdır? 

Tədqiqatlar göstərir ki, şagirdlər mütaliə bacarıqlarını sinifdən-sinfə keçdikcə inkişaf etdirə bilmirlər,  yəni  onlar mütəmadi olaraq mütaliə üçün seçilmiş materialın həcmini və səviyyəsini genişləndirmirlər. Digər tərəfdən onların mütaliəsi adətən birtərəfli xarakter daşıyır,  şagirdlər  müxtəlif səpgili materiallar mütaliə etməyə öyrənməmişlər. Onların oxuduqları materiala tənqidi və yaradıcı yanaşmaları da müəyyən mənada axsayır. Uşaqlar mütaliədən zövq almağı bacarmırlar, bu da onların oxucu fəallığında özünü göstərir. Odur ki, kitabxana əməkdaşları tədqiqat, İKT-dən istifadə və mütaliə bacarıqlarının inkişafı haqqında biliyə malik olmalı və bu bilik və bacarıqları şagirdlərə ötürmək iqtidarında olmalıdırlar.

Kitabxananın təşkil etdiyi tədbirlər də şagirdlərin bilik və bacarıqlarına uyğun olmalıdır. Məktəbə yeni gələn şagirdlər üçün kitabxana ilə tanışlıq proqramı hazırlamaq şagirdin fəal mütaliəyə cəlb olunmasında vacib amildir. Məktəbə yeni gələn müəllimlər üçün də kitabxana ilə  tanışlıq  proqramı hazırlamaq olar.

Köhnəlmiş fikirlərdən biri də kitabxananın sakit bir məkan olmasıdır. Müasir yanaşmada şagirdlərin kitabxanada fərdi və ya kollektiv şəkildə çalışmağı bacarmaları  dövrün tələblərindəndir. Aydındır ki, qrup  çalışmalarında işgüzar səs-küy labüddür.  Həmişəki kimi yenə də kitabxana resursları şagirdlərə dəyərlər, inamlar, öz mədəniyyət və ənənələrini qiymətləndirmək haqqında məlumat verməlidir.  Şagirdlər müxtəlifliyə, fərqli inam və dəyərlərə hörmətlə yanaşmanı burada öyrənə bilərlər. Kitabxanaçılar  interaktiv təlim üsulları ilə bağlı biliyə və məlumata malik olmalıdırlar ki, kitabxanada təşkil olunan dərs və ya kursda müəllimlər və şagirdlərlə səmərəli əməkdaşlıq edə bilsinlər. Tədqiqat və öyrənmə bacarıqlarının kurikuluma müvafiq şəkildə öyrədilməsini təmin etmək üçün kitabxana heyəti və müəllimlər birgə fəaliyyət göstərməlidirlər.

Müəllimlər kitabxana resurslarının seçilməsinə və kitabxananın təkmilləşdirilməsinə fəal şəkildə cəlb edilsələr, resurslar daha lazımlı və işlək olar. Bu halda kitabxanada olan resurslar kəmiyyət, keyfiyyət və müasirlik baxımından da müvafiq olarlar. Kitabxana heyəti də, öz növbəsində, müəllimlərə və valideynlərə qeyri-formal təlimlər təşkil edə bilər. Təlimlərin mövzusu "Mütaliə bacarıqlarının inkişafı", "İnformasiya axtarışı bacarıqları", "Tədqiqat bacarıqları"  və s. ola bilər. Kitabxananın yaratdığı imkanlar şagirdlərin asudə vaxtının təşkili ehtiyaclarına uyğun gəlməli və bu imkanlardan şagirdlər məlumatlı olmalıdırlar. Bu mənada valideynlərin kitabxananın təşkil etdiyi xidmətlərdən  məlumatlı olması və kitabxananın işinə cəlb edilməsi də nəzərə alınmalıdır. Valideynlərlə iş vasitəsilə məktəb kitabxanası bütün icma ilə iş qura bilər.

Layihə məktəblərinin kitabxanaçıları ilə iş zamanı belə qənaətə gəldik ki, hər bir məktəb kitabxanasının inkişaf planı (strateji plan) olmalıdır və bu plan məktəbin inkişaf planı ilə əlaqələndirilməli, təhsil siyasətinin və kurikulumun dəyişməsi ilə ayaqlaşmalıdır.

Kitabxana kitab əldə etmək,  saxlamaq və borc verməkdən əlavə, başqa xidmətlər də göstərməlidir. Məsələn, telekommunikasiya vasitələrindən istifadə etməklə, istənilən  məlumat bazalarından və dünya məktəblərindən  məlumat əldə etmək olar.

Gəlin  virtual kitabxana məfhumu barədə düşünək. Onun mənası nədir? Virtual dünya termini çox geniş  istifadə olunur. Maraqlı kompüter oyunlarının iştirakçıları əllərinə həssas əlcəklər, başlarına isə həssas dəbilqə geyinirlər və bunun sayəsində onların bütün diqqətləri monitora yönəlir və onlar bütövlüklə kompüter  dünyasına daxil olurlar. Bu üsul daha ciddi məqsədlər üçün də istifadə olunur,  misal üçün beyin cərrahlarının və ya təyyarə sürücülərinin hazırlanmasında, nüvə reaktorunun özəyinin və ya Marsın səthinin tədqiq edilməsində.  Avstraliyada "2000-ci ildən sonra", Böyük Britaniyada isə "Gələcəyin dünyası" adlı məşhur televiziya verilişlərində bu cür ssenarilər istifadə olunurdu.  Bu üsul və virtual kitabxana arasında nə əlaqə vardır?

"Virtual kitabxanada istifadəçi xeyli çox məlumat dəstindən dərhal və eyni zamanda istifadə etmək imkanına malikdir". (Harli, 1980-ci il). 80-ci illər dünyada virtual kitabxana termininin istifadə edilməsinin ən erkən dövrüdür. İlk mərhələdə virtual kitabxana yaratmağın zəruriliyi onunla izah olunurdu ki, bu cür kitabxana kurikulumu həyata keçirməyə kömək edir, habelə daha istedadlı şagirdlərin özlərini maraqlandıran fənni daha dərindən tədqiq etmələrinə imkan yaradır, sinif otağında qazandıqları təcrübəni zənginləşdirmələrinə kömək edir.

Məktəb kitabxanası bütöv kitabxana şəbəkəsi və digər məlumat mənbələri  ilə əlaqə yaratmağın birinci dərəcəli vasitəsidir. Tutaq ki, on il əvvəl nəşr edilən və vəsait çatışmazlığına görə yeniləşdirilə bilməyən köhnə ensiklopediya deyil, elektron məlumat bazasında bir dəqiqəlik axtarış ən yaxşı və sərfəli məlumat mənbəyi hesab oluna bilər. Bu həqiqət dərk edilməlidir. XXI əsrin məktəb kitabxanası çap olunmuş, səsli, cizgili və rəqəmli məlumat daşıyıcılarından ibarət olmalıdır. Kitabxana istifadəçisi isə elektron kanallardan istifadə etməklə, həmin məlumat toplusu vasitəsilə digər kitabxanalara və məlumat təminatçılarına məxsus olan vəsaitlərdən istifadə etmək imkanına malik olmalıdır. Buna görə də XXI əsrin məlumat toplama əməliyyatı həqiqi və virtual məlumat toplama ünsürlərindən ibarətdir. "Virtual məlumat toplama" əməliyyatı elektron avadanlıq vasitəsilə məlumatları nəzərdən keçirməkdən və toplamaqdan ibarətdir. Məktəb kitabxanaları müasir dünyada məlumatın bir əmtəə kimi həqiqi cəhətlərini öz məktəblərinin müəllimlərinə və şagirdlərinə göstərməlidirlər. Pedaqoji və iqtisadi nöqteyi-nəzərdən bu yeni qaydaları tətbiq etməklə, təlim fəaliyyətinə daha yaxşı kömək etmək olar.

Bu gün dünyada xüsusi olaraq məktəblərin tələbatına uyğunlaşdırılan İnternet məlumat xidmətləri fəaliyyət göstərir. Bu xidmətlər məlumat əldə etmək üçün tamamilə yeni imkanlar yaratmışlar və  "məlumat sizin barmaqlarınızın ucundadır" deyiminin həqiqi mənasını özünə qaytarmışlar. Məktəb kitabxanaçıları üçün dəyişiklik ondan ibarət olacaqdır ki, onlar şagird və məlumat arasında birbaşa vasitəçi kimi deyil, şagirdlərin tələbatına ən çox uyğun gələn faylı müəyyən edən şəxs kimi fəaliyyət göstərəcəklər.             

Bütün bunları xatırlatmaqda məqsədimiz odur ki, Azərbaycan məktəbində də virtual kitabxananın bir reallıq olacağı gün çox yaxındadır. Məktəb kitabxanaçıları buna hazır olmalıdırlar.

Əgər əvvəllər yaxşı işləyən məktəb kitabxanasının işinin əsas göstəriciləri dərs ili ərzində oxumaq üçün verilən kitabların sayı, dərs ili ərzində kitabxanaya başvurmaların sayı, kitabla təchizat səviyyəsi və əsas fondun dövriyyə sürəti idisə, indi bu siyahı daha uzundur. Məktəb kitabxanaçısının vəzifələri məktəb kitabxanasının  təlim, informasiya və mədəniyyət müəssisəsi kimi təşkili, təlim-tərbiyə prosesinin informasiya təchizatının təmin edilməsi, ənənəvi iş metodlarının təkmilləşdirilməsi və yenilərinin istifadə olunmasını əhatə edir.

 

Təlim zamanı layihə məktəblərinin kitabxanaçılarına  "Məktəb kitabxanası manifesti",  "Müasir məktəb kitabxanalarına verilən tələblər",  "Şagirdləri dəstəkləyən kitabxana" vəsaitləri, şagirdlərin mütaliə bacarıq və ehtiyaclarını müəyyən etməyə yönəlmiş sorğu vərəqləri nümunələri, müasir  həyatda şagirdlər üçün aktual mövzularda  tədbirlər planı nümunələri təqdim edildi. Kitabxanaçılardan  xahiş  edildi ki, təlimdən sonrakı 3 ay ərzində işlərində etdikləri dəyişikliklər haqqında  MTTYM-ə məlumat versinlər. Həmin hesabat xarakterli məlumatların təhlili göstərdi ki, kitabxanaçılar tədbirlər planında müasir tələblərə cavab verən işlərin  xüsusi çəkisini artırmışlar, kitab fondunu formalaşdırmaq üçün müxtəlif səpgili ədəbiyyatın  (yalnız bədii deyil, həm də informativ ədəbiyyatın) siyahısını hazırlamış, şagirdlərdə mütaliə bacarıqlarının inkişafına yönəlmiş kitabxana dərsləri (hər şagird qrupunun yaşına müvafiq) keçirmişlər. Lakin kitabxanada İKT-dən istifadə hələ də ləngiyir. Layihə məktəblərindən  altısında əsaslı təmir getdiyini nəzərə alsaq, bu göstəricilərin gələn tədris ilində daha yüksək olacağına ümid edə bilərik.

Bütün deyilənlər ümumiləşdirilərək, məktəb kitabxanasının işinin təkmilləşdirilməsi üçün "Səmərəli məktəb" layihəsinin işçi qrupu tərəfindən aşağıdakılar tövsiyə olunur:

1. Məktəb kitabxanaçılarının peşəkar inkişafına və kompüter savadlılığına xüsusi diqqət yetirmək və onlar üçün bütün ölkə miqyasında təlimlər keçmək.

2. İmkan daxilində məktəb kitabxanasındakı kompüterə  MARK-SQL proqramını (məktəb kitabxanaları üçün versiya) yükləmək. Bu proqram kitab verilməsi prosesini, kataloqlaşdırmanı avtomatlaşdırır, kitabxana sənəd və hesabatlarını hazırlamağı asanlaşdırır.

3. Lüğət və ensiklopediyalardan istifadə ilə viktorinaların təşkilinə diqqət ayırmaq. Bu viktorinanın qaydalarına görə şagirdlər verilən suallara cavab tapmaq üçün kitabxanada olan lüğət və başqa sorğu kitablarından istifadə edə bilərlər.

4. Məktəb kitabxanasını informasiya mərkəzi olmaqla yanaşı asudə vaxt məkanına çevirmək. Tədbirlərin mövzusu və forması müxtəlif ola bilər: intellektual oyunlar və viktorinalar, ədəbi gecələr və folklor  saatları, nağıllar aləminə səyahət və yumor axşamları, ekoloji bayramlar, debatlar, diskussiyalar, "dəyirmi masa"lar və s. İştirakçılar tək şagirdlər deyil, həm də müəllimlər, valideynlər ola bilər. Əsas bu tədbirlərin aktual və maraqlı olmasıdır.

5. Məktəb kitabxanasında oxu zalı, ədəbiyyatın emalı və saxlanılması üçün kifayət qədər yer  ayırmaq.

6. Məktəb kitabxanası nəzdində kompüter, printer və skanerlə təchiz olunmuş mediateka yaratmaq.

7. Kitabxana fondunun yaradılmasında  valideynlər, icma və başqa maraqlı tərəflərin maddi dəstəyindən yararlanmaq.

8. Əlavə dərs ədəbiyyatının seçimini müəllimlər və rayon təhsil şöbəsinin metodistləri ilə məsləhətləşmələrdən sonra pedaqoji şurada müzakirə etmək.

9. Müasir və rahat mebel, düzgün işıqlandırma və havalandırma sistemi, estetik dizayn məsələsinə diqqət yetirmək.

10. Məktəb kitabxanaları arasında, məktəb və rayon kütləvi kitabxanaları  arasında ortaq tədbirlər və resurs mübadiləsi həyata keçirmək.

Məktəb kitabxanalarının informasiya-resurs mərkəzinə çevrilməsində kitabxanaçıların peşəkar inkişafı əsas məsələdir. Ümid edirik ki, layihə çərçivəsində gördüyümüz işlər və hazırladığımız təlim materialları da bu məqsədə xidmət edəcəkdir.   

 

 

Vəfa YAQUBLU,

"Səmərəli məktəb"

layihəsinin əlaqələndiricisi

 

Azərbaycan müəllimi.- 2012.- 3 avqust.- S.3.