İKT-nin ingilis dili dərslərində uğurlu tətbiqi

 

İngilis dili müəllimi kimi dərs dediyim məktəbdə İKT-dən elektron dərsliklərdən, İnternet resurslarından istifadəyə geniş yer verirəm. Xüsusilə İKT-dən fəal dərs prosesinin bütün mərhələlərində motivasiya, tədqiqat işi, məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili, ümumiləşdirmə və nəticə, qiymətləndirmə, yaradıcı tətbiqetmədə (ev tapşırıqlarının verilməsi) istifadə edirəm.

Dərslərimdə interaktiv təlim metodlarını tətbiq edərək təlim keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, şagirdlərimdə tədqiqatçılıq meyillərini artırmağa, tənqidi təfəkkürün inkişafına çalışıram. Mən yeni dərsə hazırlaşarkən İKT-dən daha səmərəli istifadə edirəm. Məsələn, yeni dərsə aid tematik təqdimatlar, qiymətləndirmə üçün motivasiyaya uyğun əlavə materiallar və dərs zamanı əlavə olunan yeni məlumatın müzakirəsi üçün təqdimatlar hazırlayıram.

Bildiyiniz kimi, müəllim tərəfindən hazırlanan təqdimatların üstünlükləri isə təqdim olunan müxtəlif audiovideo materiallarının bir-birini tamamlaması, ayrı-ayrı slaydların paylayıcı material kimi istifadə oluna bilməsi, bütün sinfin diqqətinin tam olaraq cəlb edilməsi, yeni dərsin daha yaxşı mənimsənilməsi və dərs vaxtından səmərəli istifadə olunmasından ibarətdir. İKT-dən istifadə edərkən onun ən mühüm tələblərini yerinə yetirmək lazımdır; slaydların nümayişi zamanı rənglərin düzgün seçilməsi, şablonların sadə qurulması, animasiyaların və səs effektlərinin keyfiyyətli istifadəsi, şəkillərin ölçüsünün uyğun olması və bütün şriftlərin rahat görə biləcəyi ölçüdə olması. İnformasiya - təhsil mühiti formalaşdıqca öyrədən, öyrənən və İKT vasitələri arasında yeni səviyyəli informasiya mübadiləsi imkanları yaranır. Nəticədə dərslərimdə şagirdlər informasiya proseslərinə daha fəal cəlb edilir, onların yeni bilik axtarmaq və əldə etmək, informasiya resurslarına və proseslərinə tənqidi, yaradıcı yanaşmaq, bu əsasda yeni-yeni informasiya resursları yaratmaq, onlara yoldaşları ilə mübadilə, layihə formasında əməkdaşlıq etmək, müzakirələrə qoşulmaq, öz rəyini bildirmək imkanını yaradıram. Şagirdlərim də qazandıqları bilikləri nəzəri ideyalarla yox, praktiki fəaliyyətlər, təqdimatlar və rollu oyunlarla çatdırırlar. Baxmayaraq ki, hazırda dərs dediyim IX "a" sinfinin şagirdləri yay tətilindədir, onlar İnternet vasitəsilə mənimlə vaxtaşırı əlaqə saxlayır və İKT sahəsində biliklərini fasiləsiz olaraq təkmilləşdirirlər. Həmin şagirdlərimdən Mehriban QuliyevaAysel Cəbrayılova Bakıda, Turqay Adıgözəlov və Fəhmin Seyidov Naxçıvanda, Münəvvər Səttarova Lənkəranda, Murad Əliyev Zaqatalada istirahət etmələrinə baxmayaraq, İnternet vasitəsilə ingilis dilində yazılı və şifahi nitqdə olan sözlərin deyilişi, yazılışı, ətraf mühitə, milli bayramlarımıza, adət-ənənələrimizə aid sözlərdə olan mübahisəli sualları onlar üçün düzgün cavablandırıram. İstirahət günlərimiz olmasına baxmayaraq, İnternet vasitəsilə belə yazışmalarımız demək olar ki, hər gün davam edir.

Beləliklə də istər dərs zamanı, istərsə də yay tətili dövründə təhsil sahəsində gördüyüm işlərin əsas qayəsi təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişafı və tərəqqisini təmin edəcək,  problemləri həll etməyə qadir olan, sərbəst fikir yürüdən, istedadlı və yaradıcı fəaliyyət qabiliyyətinə malik gənc nəsil yetişdirməkdir. Şagirdləri dəyişən həyat şəraitinə uyğunlaşmağı bacaran şəxsiyyət kimi formalaşdırmaq bu gün hər bir müəllimin və eləcə də mənim qarşımda duran əsas vəzifədir. 

 

 

Səbinə ZEYNALOVA,

Bakıdakı 193 nömrəli tam

orta məktəbin ingilis dili müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 3 avqust.- S.3.