Naxçıvan Dövlət
Universitetində qarşıya qoyulan prioritet vəzifələr müzakirə
olunub
NDU-da dördüncü
çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin beşinci sessiyası və
Naxçıvan Dövlət Universiteti qarşısında
duran vəzifələrə həsr olunmuş yığıncaq
keçirilmişdir. Yığıncağı giriş
sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli
sessiyanın muxtar respublikanın ali təhsil müəssisələrinin
qarşısında qoyduğu prioritet vəzifələrdən
danışmışdır. Rektor Naxçıvan Dövlət
Universitetinin son yarım illik fəaliyyətinə nəzər
salaraq Boloniya sisteminin tətbiqi, elmi kadr
hazırlığı, informasiya-kommunikasiya vasitələrindən
geniş istifadə, beynəlxalq əlaqələr sahəsində
əhəmiyyətli nailiyyətlər əldə
olunduğunu vurğulamışdır. Belə ki, 2011-2012-ci tədris
ilində universitetdə bakalavr və magistratura pilləsi
üzrə yeni ixtisaslar açılmış, Boloniya
sisteminin tətbiqi vasitəsilə tədrisdə yüksək
kəmiyyət və keyfiyyət göstəriciləri əldə
olunmuş, bir sıra beynəlxalq konfrans və simpoziumlar təşkil
edilmişdir. Universitetin maddi-texniki bazasının
yaxşılaşdırılmasına gəlincə, muxtar
respublika rəhbərliyinin qayğısı ilə təbiətşünaslıq
və kənd təsərrüfatının əsaslı
şəkildə yenidən qurulmuş binası yeni tədris
ilində istifadəyə veriləcək. Beynəlxalq əlaqələrin
inkişafına gəldikdə isə, universitet TEMPUS
proqramı çərçivəsində həyata
keçirilən 5 layihənin
iştirakçısıdır. 60-dan çox dünya
universiteti ilə əməkdaşlıq edən bu ali məktəb
bu yaxınlarda Türkiyə Cümhuriyyətinin Ərzincan
Universiteti, Gürcüstanın Şota Rustaveli adına Batumi
Dövlət Universiteti ilə əməkdaşlıq
müqavilələri imzalamışdır. Dünya
universitetləri ilə virtual əlaqələr, tələbə
və təcrübə mübadiləsi daha da inkişaf
etdiriləcək. Universitet məzunlarının işlə təmin
olunması da muxtar respublika rəhbərliyinin diqqət mərkəzindədir.
Belə ki, bu il magistratura pilləsində ali təhsilini
başa vuran 17 nəfər artıq ixtisaslı mütəxəssis
kimi əmək fəaliyyətinə
başlamışdır.
Rektor sessiyada qarşıda qoyulan
mühüm vəzifələrdən olan elmi kadr hazırlığı məsələsinə
də toxunaraq Avropa dilləri, incəsənət
ixtisasları üzrə elmi kadrların hazırlanmasına
diqqətin artırılacağını
vurğulamışdır. Rektor, akademik İsa Həbibbəyli
çıxışının sonunda sessiyada
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun ali təhsil işçilərinin gələcək
fəaliyyət istiqamətlərini müəyyənləşdirən
proqram xarakterli çıxışında qarşıya
qoyulan vəzifələrin həyata keçirilməsi
üçün kollektivin var qüvvəsi ilə
çalışacağını bildirmişdir.
Tərbiyə işləri üzrə
prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd
Rzayev universitetdə mədəni mühitin inkişafı,
2012-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən "İdman ili", Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən
"Milli dəyərlər ili" elan olunması ilə
bağlı universitetdə son 6 ay ərzində görülən
işlər barədə məlumat vermiş, milli mənəvi
dəyərlərin təbliği ilə bağlı müxtəlif
konfransların, mədəni-kütləvi tədbirlərin,
müxtəlif idman yarışlarının təşkil
olunduğunu diqqətə çatdırmışdır.
Beynəlxalq münasibətlər və
xarici dillər fakültəsinin dekanı, filologiya üzrə
fəlsəfə doktoru, dosent Qurban Qurbanlı fakültədə
İKT vasitəsilə, müxtəlif dillərdə viktorina
və müsabiqələrin təşkil olunmasından
danışmışdır.
Mühasibat uçotu və maliyyə
kafedrasının baş müəllimi, iqtisad elmləri
üzrə fəlsəfə doktoru Mehriban İmanova qeyd
etmişdir ki, sessiyada 2012-ci ilin birinci yarısında
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafının əsas göstəriciləri, quruculuq
işləri öz əksini tapmışdır.
Magistratura üzrə dekan, dosent Etibar Məmmədov
2011-2012-ci tədris ilində universitetdə magistratura təhsil
pilləsində 20 istiqamət, 30 ixtisaslaşma üzrə
kadr hazırlığı aparıldığını, 262
magistrantın təhsil aldığını bildirmiş,
buradakı Azərbaycanşünaslıq Mərkəzi və
Tələbə Turizm Assosiasiyasının fəaliyyəti
barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki,
2011-2012-ci tədris ilinin ikinci yarısında 23 ixtisaslaşma
üzrə 71 magistrant magistr dissertasiyasını uğurla
müdafiə etmişdir. 2012-2013-cü tədris ilində isə universitetdə magistratura üzrə 160
plan yeri nəzərdə
tutulmuşdur.
İnformasiya-kommunikasiya
texnologiyaları şöbəsinin
müdiri Xaliq Babayev universitetin yüksək sürətli
İnternetlə, informasiya-kommunikasiya
texnologiyaları ilə
təmin olunması,
"Polycom" HD 8000 markalı
ən müasir
internet-konfrans kamerası
vasitəsilə beynəlxalq
səviyyəli videokonfransların
təşkil olunması
barədə məlumat
vermişdir.
Pedaqoji fakültədə akademik
məsləhətçi işləyən
Ruhəngiz Əliyeva,
universitet Tələbə
İnformasiya Mərkəzinin
sədri, beynəlxalq
münasibətlər və
xarici dillər fakültəsinin III kurs tələbəsi Aytən
İsmayılova da sessiyanın yüksək ixtisaslı mütəxəssislərin
yetişməsi, yerli elmi kadr potensialının
artırılması istiqamətində
qarşıya qoyduğu
mühüm vəzifələrdən
bəhs etmişlər.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2012.- 10 avqust.- S.2.