Azərbaycanlı
şagirdlər "Dünyanı yaxşılığa doğru dəyişək!" adlı XI beynəlxalq
uşaq festivalında iştirak ediblər
21 iyul - 2 avqust tarixlərində ölkəmizin
ümumi təhsil müəssisələrinin 15 şagirdi
Ukraynada yerləşən "Artek" Beynəlxalq Uşaq Mərkəzində
(BUM) keçirilmiş "Dünyanı
yaxşılığa doğru dəyişək!"
adlı XI beynəlxalq uşaq festivalında iştirak edib.
Festivala qatılan azərbaycanlı şagirdlərin 8-i
Bakı Avropa Liseyindən, 2-si Bakı Dövlət
Universitetinin nəzdindəki "Gənc istedadlar" Liseyindən,
digər şagirdlər isə "Çağ" Öyrətim
İşlətmələri Bakı Özəl Türk
Liseyindən, "Ankara məktəbi" məktəb-liseyindən,
Bakı şəhərindəki 159 və 167 nömrəli
orta məktəblərdən, habelə Masallı
rayonundakı "Dəfinə" məktəb-liseyindəndir.
Qeyd edək ki, Krım
yarımadasının Qurzuf qəsəbəsində yerləşən
"Artek" Beynəlxalq Uşaq Mərkəzi 1925-ci ildən
fəaliyyət göstərir. 2001-ci ildən etibarən
"Artek" BUM-da "Dünyanı yaxşılığa
doğru dəyişək!" adlı beynəlxalq uşaq
festivalı keçirilir. Ötən dövrdə festivalda
dünyanın 60 ölkəsindən 4000 nəfərdən artıq
uşaq iştirak edib. Festivalın əsas məqsədi mədəni
inteqrasiya və tolerantlıq, bərabərlik və
uşaqlarda fikir azadlığı prinsiplərinin
formalaşmasına dəstək verməkdən ibarətdir.
"Dünyanı
yaxşılığa doğru dəyişək!" beynəlxalq
uşaq festivalının təşkilatçıları -
Ümid və Xeyirxahlıq Ümumukrayna Xeyriyyə Fondu və
"Artek" BUM-dur. Azərbaycanlı şagirdlərin bu
festivalda iştirakı Azərbaycan Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin təşəbbüsü ilə təşkil
olunub. Azərbaycan nümayəndə heyətinə Bakı
Avropa Liseyinin müəllimi Alyona Sazonova rəhbərlik edib.
"Ümumdünya Uşaq Millətlər
Liqası" beynəlxalq təşkilatı Baş
Assambleyasının sessiyaları və "İstedadlar
planeti" adlı mədəni proqramın keçirilməsi
üzrə iki əsas hissədən ibarət olan festival zamanı
Azərbaycanı təmsil edən nümayəndə heyəti
bütün sahələrdə fəallıq göstərərək
yüksək nəticələr qazanıb. Bakı Avropa
Liseyinin X sinif şagirdi Saleh Cəfərov Azərbaycan təmsilçisi
kimi ilk dəfə olaraq "Ümumdünya Uşaq Millətlər
Liqası" beynəlxalq təşkilatının sədri vəzifəsinə
seçilib. O, qarşıdakı bir ildə 54 ölkənin
17 milli koordinatorunun fəaliyyətini tənzimləyəcək.
Onu da qeyd edək ki, "Ümumdünya
Uşaq Millətlər Liqası" beynəlxalq təşkilatı
2009-cu ildə yaradılıb. Liqanın fəaliyyətində
uşaq ictimai təşkilatlarının liderləri, gənc
parlament üzvləri və jurnalistlər yaxından
iştirak edirlər.
Bakı Avropa Liseyinin X sinif şagirdi
Rafael Hacıbəyli "Ümumdünya Uşaq Millətlər
Liqası"nda 17 yaxşı işlər səfirlərindən
biri kimi "Sağlam olmaq dəbdədir!" mövzusunun koordinatoru
seçilib. O, məhz bu sahədə digər 54 ölkə
üzrə müvafiq işlərin əlaqələndirilməsini
həyata keçirəcək.
Liseyin VIII sinif şagirdi Fidan
İsmayılova beynəlxalq uşaq press-mərkəzinin
işində fəal iştirakına görə fəxri fərmanla
təltif edilib. O, 2013-cü ilin mayında Kiyev şəhərində
keçiriləcək beynəlxalq jurnalistlər festivalına
dəvət olunub.
"Yantarnıy" düşərgəsində
keçirilmiş şahmat turnirinin hər üç qalibi Azərbaycan
təmsilçiləri olub. Belə ki, Bakı Avropa Liseyinin
şagirdləri Saleh Cəfərov I, Murad İsmayılov II,
Rafael Hacıbəyli isə III yerə layiq görülüblər.
Eyni zamanda Saleh Cəfərov şəxsi hesabda "Artek"
üzrə şahmat turnirinin qalibi adına layiq
görülüb.
Onu da qeyd edək ki, azərbaycanlı
şagirdlər bir ay ərzində gündəlik məşqlər
nəticəsində hazırladıqları 4 mahnı və 2
rəqs kompozisiyası ilə digər ölkələrdən
olan peşəkar kollektivlərlə bərabər
"İstedadlar planeti" mədəni proqramında
çıxış edərək laureatlar sırasında ilk
onluğa daxil olublar.
İştirakçı ölkə
günlərinin keçirilməsi zamanı
hazırlanmış materialların sayını nəzərə
alaraq, Azərbaycana əlavə olaraq daha bir "təqdimat
çadırı" ayrılıb. Azərbaycanlı
şagirdlər Azərbaycana həsr olunmuş müxtəlif
yarış, viktorina və oyunlar təşkil edib və qaliblər
milli rəmzlərlə zəngin suvenir və həvəsləndirici
hədiyyələrlə
mükafatlandırılıblar. Digər ölkələrdən
olan uşaqlara Azərbaycanın adət-ənənələri,
mədəniyyət və tarixi barədə ətraflı məlumat
verilib və onlar milli şirniyyatlara qonaq ediliblər.
Azərbaycanlı şagirdlər, həmçinin
"Dəstələrin təqdimatı"
yarışında "Ən mülayim" nominasiyası
üzrə qalib gəliblər. Eləcə də "Festival
"Artek" üzrə addımlayır" aksiyası
çərçivəsində "Ozyornıy" və
"Morskoy" düşərgələrindəki
çıxışlarına görə ölkəmizi təmsil
edən şagirdlər xüsusi diplom əldə ediblər.
Festivalın 54 iştirakçı-ölkədən
olan uşaqlarla ünsiyyət zamanı bizim şagirdlərə
geniş maraq dairəsi və istedadlı olmaları çox
kömək edib. Müxtəlif dilləri bilmələri və
aktiv ünsiyyət həvəsi isə digər uşaqlarda
qürur hissi yaradırdı.
Azərbaycanlı şagirdlər Vətənə
yola salınarkən Danimarka, Paraqvay, Bəhreyn, Əlcəzair,
Tunis, Almaniya, Serbiya, Ukrayna və digər ölkələrdən
olan uşaqlar göz yaşlarını gizlədə bilmirdilər.
Belə maraqlı festivala məktəblilərimizin
göndərilməsinə dəstək göstərdiyinə
görə Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinə
dərin minnətdarlığımızı bildirir və
ümid edirik ki, gələcəkdə də hər səhər
"Artek"in baş meydanında ilk olaraq Azərbaycan
bayrağı qaldırılacaq.
Fidan İSMAYILOVA,
Bakı Avropa Liseyinin
VIII sinif şagirdi
Azərbaycan müəllimi.- 2012.-
10 avqust.- S.2.