Nobel mükafatı almış ilk rus alimi
İvan Petroviç Pavlov haqlı olaraq
dünyanın ilk fizioloqu qəbul edilir. Rusiya
elminin fəxri hesab olunan görkəmli alim dünyanın 130-dan çox
elmlər akademiyası və elmi cəmiyyətlərin fəxri
üzvü seçilib. Fiziologiya və tibb sahəsində
fundamental işlərinə görə 1904-cü ildə Nobel
mükafatına layiq görülüb. O, fiziologiya və psixologiya sahəsində
işləri ilə psikofizioloji və təcrübi psixologiya
sahələrinin inkişafına təsir edib. Buna
görə də Pavlov hər iki elm sahəsinin qurucularından
hesab olunur. İvan Pavlov həkim,
təbiətşünas, pedaqoq, ilk rus nobelçi alim kimi
fiziologiya elmini kökündən dəyişmiş, təbabət,
psixologiya,
pedaqogika və insan haqqında digər elmləri zənginləşdirmişdir.
Pavlov təkcə böyük fizioloq olmayıb, insanın
inkişafı ilə əlaqədar bir sıra problemlərin
həllinin strateji istiqamətlərini, onun təhsili və tərbiyəsi
ilə bağlı vəzifələri müəyyən
etmişdir. Onun ideyaları pedaqogika və
psixologiya elmlərinin hərtərəfli inkişafına səbəb
olmuşdur. Bu ideyalar bu günə qədər
öz əhəmiyyətini itirməmişdir.
Uşaqlıq və tələbəlik illəri
İvan
Petroviç Pavlov 1849-cu il sentyabrın 26-da
Rusiyanın Ryazan şəhərində anadan olub. Onun
atası Pyotr Dmitriyeviç ruhani idi. Anası
Varvara İvanovna da ruhani ailəsindən çıxmışdı.
İvan ailənin ilk övladı idi. Onun
kiçik bacısı
İ.P.Andreyeva sonralar
xatırlayırdı: "Onun birinci müəllimi atam
idi. İvan həmişə
uşaqlarını əməyə, bütün işlərdə
dəqiqliyə və səliqə-səhmana, qayda-qanunlara
alışdırmış atasını ehtiramla
xatırlayırdı". İvan
bütün vaxtını faydalı işlərə sərf
edərdi. Əyləncələrə onun
vaxtı yox idi. O, uşaqlıqdan əməyə
alışmalı oldu. Anası
Varvara İvanovna
kirayişin saxlayırdı. Ailədə
bütün işlər onun çiyinlərinə
düşürdü. Uşaqlar
analarına səcdə edirdilər. O, gəncliyində
olduqca sağlam, şən, həyatsevər idi. Lakin 10 uşaq dünyaya gətirmiş bu fədakar
qadın övladlarının bəzilərinin vaxtsız vəfatından
xeyli sarsılmış və gücdən
düşmüşdü. Övladları
ona kömək etməyə çalışırdılar. Odun yarmaq, sobanı
yandırmaq, su daşımaq balaca İvan üçün
gündəlik işlər idi.
İvan
Pavlov təxminən 8 yaşlarından elmə maraq göstərməyə
başlayıb. O, məktəbə
gec gedib. Valideynlərinin arzusu ilə İvan 1860-cı ildə
Ryazan Ruhani Məktəbinin ikinci sinfinə daxil olub. 1864-cü ildə məktəbi
uğurla başa vuran İvan elə həmin il
yerli ruhani seminariyasına qəbul olunub. Bir dəfə
İvan atasının geniş kitabxanasında alman alimi
Q.Levinin al-əlvan rəngli "Gündəlik həyatın
fiziologiyası" kitabını tapıb. Bu kitab onun uşaq təxəyyülündə
silinməz iz buraxıb. Sonralar böyüyəndə
"dünyanın ilk fizioloqu" olacaq İvan üçün bu
kitab masaüstü mənbəyə çevrilib. Təbiət elmlərinə maraq göstərən
İvan 1870-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat
fakültəsinin təbiət şöbəsinə daxil
olub. Tələbəlik
illərində ciddi maddi sıxıntılarla üzləşib.
Gənc İvan müəllimlik etməklə
özünə pul qazanıb.
1870-ci il sentyabrın 15-də o, universitetin rektoruna bu məzmunda
məktub göndərib: "Zati-aliləri, xahiş edirəm, maliyyə vəsaitinin
çatışmazlığından məni mühazirələrə
görə nəzərdə tutulmuş ödəmələrdən
azad edəsiniz". O, məktubunda
yoxsulluq haqqında şəhadətnaməsini digər sənədlərlə
birlikdə universitetin rəhbərliyinə təhvil verdiyini
bildirirdi. Məşhur rus alimi İvan Seçenovun "Baş beynin
refleksləri" kitabı onda fiziologiya elminə marağı
daha da artırdı. Sonralar alim xatırlayırdı:"Mənim
o vaxtlar, hələ dərk edə bilmədiyim qərarı qəbul
etməyimə rus fiziologiyasının atası Seçenovun "Baş beynin refleksləri"
kitabı böyük təkan verdi". Professor İ.Sionun laboratoriyasında təhsil
alması isə Pavlova bu fənni tam mənimsəməyə
kömək etdi. İ.Sionun mühazirələri
tələbə Pavlovu ovsunlamışdı.
İvan Pavlovun ilk elmi
işi mədəaltı vəzinin sekretor
innervasiyasının tədqiqi ilə bağlı olub. Bu işə görə İvan Pavlov universitetin
qızıl medalına layiq görülüb. 1875-ci ildə təbiət elmləri
namizədi adını alan Pavlov Sankt-Peterburq Tibbi-Cərrahiyyə
Akademiyasının (sonralar Hərbi-Tibbi Akademiya)
üçüncü kursuna qəbul olunur. Lakin
professor İ.Sionun assistenti olmaq barədə ümidləri
baş tutmur. Yəhudi mənşəli Sionun
akademiyanın fiziologiya kafedrasına ordinator professor təyin olunması bir sıra
hökumət məmurları tərəfindən
narazılıqla qarşılanıb. Nəticədə
görkəmli fiziologiya professoru Rusiyanı tərk etməli
olub. Gənc
Pavlov Sionun varisi ilə işləməkdən qəti olaraq
imtina edib. O, Veterinar İnstitutunda assistent vəzifəsinə
qəbul olunur. Pavlov burada 2 il ərzində həzm prosesi və qan
dövranı məsələlərini öyrənib.
Alimə şöhrət gətirmiş
şərti refleks
İvan
Pavlov dünya təbabət elmi tarixinə şərti refleksləri
öyrənən ilk tədqiqatçılardan biri kimi daxil
olub. İtlər
üzərində aparılan tədqiqatlarda tüpürcək
vəzilərinin fəaliyyətini öyrənən
İ.Pavlov müəyyən edib ki, it nəinki yeməyi görəndə,
hətta yeməyi ona gətirən insanın ayaq səslərini
eşidəndə belə onda ağız suyu ifrazı
başlayır. Bu
nə deməkdir? Ağıza düşən yeməyə
qarşı tüpürcək ifrazı orqanizmin müəyyən
qıcıqlara qarşı cavabıdır, öz-özünə
baş verir və həmişə müşahidə olunur.
Konkret vaxtda itə
yemək gətirən insanın addımları siqnal verirdi:
"Yemək". Bu zaman isə itin beynində şərti əlaqə
formalaşırdı: "Addımlar-yemək". Tüpürcəklər nəinki yeməyi görəndə,
həm də onun yaxınlaşmasını bildirən səs
eşidiləndə baş verirdi. Şərti
refleksin baş verməsi üçün lazım idi ki,
baş beyin qabığında iki qıcıqlanma - şərti
və şərtsiz qıcıqlanmalar arasında əlaqə
yaransın. Ağız suyu yeməyə
ayrılır. Əgər yemək (şərtsiz
qıcıqlandırıcı) verməklə yanaşı, zəng
(şərti qıcıqlandırıcı) çalınarsa
və bu hal dəfələrlə təkrarlanarsa, onda səs
və yemək arasında əlaqə yaranar. Bu zaman beyin qabığının
müxtəlif sahələri arasında yeni əlaqə
yaranır. Nəticədə hətta adi zəng
səsini eşidərkən itlər ağız suyu ifraz etməyə
başlayır. Qıcıqlandırıcılar isə
işıq və qaranlıq, səs və iy, soyuq və isti və
s. ola bilər.
İtlərdə zənglərə qarşı ağız
suyu yaranır: onlarda şərti refleks baş verir. Əgər zəngdən əvvəl işıq
yandırılarsa, onda yeni şərti refleks -
işığa qarşı refleks yaranır. Lakin
reflekslər yox ola, gecikə bilər. Tormozlanmanın
orqanizm üçün böyük əhəmiyyəti var.
Onun sayəsində orqanizm istənilən şərti
qıcıqlara cavab verir. Beynin fəaliyyətinin əsasında həyəcanlanma
və tormozlanmanın
kombinasiyası dayanır. Hiss orqanlarının qəbul
etdiyi qıcıqlanmalar orqanizmi əhatə edən mühitdən
gələn siqnallardır. Bu cür siqnal sistemi
həm heyvanlara, həm də insanlara xasdır. Lakin
heyvanlardan fərqli olaraq, insan daha bir, daha mürəkkəb və
daha təkmil
siqnal sisteminə malikdir. Bu sistem onda tarixin inkişafı prosesində
formalaşıb və istənilən heyvan və insanın
ali sinir fəaliyyətinin köklü fərqləri məhz
onunla bağlıdır. Bu, insanda ictimai əmək
prosesində yaranıb və nitqlə bağlıdır.
Tezliklə İvan Pavlovun elmi işləri
Avropada geniş əks-səda yaradıb. Akademik
E.V.Separinin xatirələrindən: "1901-ci ildə Qelsinqfor
Universitetinin (Almaniya) professoru R.Tiqerşted Pavlovun dünyaya səs
salmış təcrübələri ilə tanış olmaq
üçün alimin laboratoriyasında olub. Avropalı professor
burada gördüklərindən heyrətlənmişdi.
O, dərhal Nobel komitəsinə Pavlovun məşhur
eksperimentləri barədə məlumat verib. Professor
R.Tiqerşted Nobel komitəsinin üzvü idi. 1904-cü ildə o, komitənin digər üzvləri
ilə birlikdə geniş heyətdə Pavlovun
laboratoriyasına baş çəkib. Onlar bir neçə gün ərzində
Pavlovun laboratoriyasında təcrübə altında olan itlər,
onların saxlanma və qidalanması şəraiti ilə tanış olublar.
Əyanilik kimi bir sıra əməliyyatlar
yüksək səviyyəli qonaqların iştirakı ilə
aparılıb. Əməliyyatları
İvan Pavlov özü aparırdı. Baxmayaraq
ki, bəzi tələskənliklər, bəzi həyəcanlı
anlar da yaşandı, Pavlovun ustalığı xarici professorları
heyran qoymuşdu. Onlar Rusiyadan tam yəqinliklə
ayrıldılar ki, Pavlovun laboratoriyasında dünyada
tayı-bərabəri olmayan yeni elmi kəşfin əsası
qoyulub". Bütün məlumatlar Nobel komitəsinə
təqdim olunmuşdu. Və Nobel komitəsi
fiziologiya sahəsində parlaq elmi uğurlara görə ilk
rus alimi kimi İvan Pavlova Nobel mükafatını təqdim
edib.
1904-cü
ildə Stokholmda Nobel mükafatının təntənəli
təqdimolunma mərasimi keçirilib. Mükafatı Pavlova
İsveç kralı özü təqdim edib. Rusiyadan gəlmiş
alimə hörmətini ifadə etmək üçün kral
rus dilində Pavlova xüsusi olaraq əzbərlədiyi
aşağıdakı sözlərlə müraciət edib:
"İvan Petroviç, səhhətiniz necədir?".
"Həyat
yoldaşı timsalında yaxşı insan
axtarırdım"
1888-ci
ildə İvan Petroviç nəvazişlə Sara
adlandırdığı Serafim Karçevski ilə evlənib. Onların 4 oğlu və
bir qızı doğulub. "Həyat yoldaşı
timsalında yaxşı insan axtarırdım və onu arvadım Sara
Vasilyevnada tapdım. O, bizim professorluğa qədər olan həyatımızın
bütün çətinliklərinə səbrlə
dözdü, hər zaman mənim elmi səylərimi dəstəklədi,
bütün həyatı boyu həm ailəmizə, həm də
mənim laboratoriyama sədaqətlə qulluq etdi",-deyə
Pavlov sonralar yazırdı. Lakin ailə həyatının ilk
10 ili onlar üçün
sıxıntısız ötüşmədi. "Mebel, mətbəx
əşyaları, çay və yemək dəsti almağa pul yox
idi",-deyə arvadı xatırlayırdı. Onlar uzun müddət kirayələrdə qalmalı
oldular. Bir müddət qardaşı Dmitri
ilə birlikdə universitet yataqxanasında dar mənzildə
yaşayıblar. Tezliklə gənc ailə
ağır faciə ilə üzləşib. Onlar ilk övladları Mirçiki itiriblər. Bir il sonra
onların digər azyaşlı oğlu da vəfat edib. Bunlar azmış kimi, arvadı Serafimin uzunsürən
xəstəlikdən üzülməsi Pavlovu ümidsizliyə
gətirib çıxarmışdı. Baş
verənlər onun elmi məşğələləri
üçün çox zəruri olan elmi gücünü əlindən
alırdı. Serafimin ümidsizlik
adlandırdığı bu illərdə yalnız mərdlik
və sonsuz iradə İvan Pavlovu tam dəyişmişdi.
Tezliklə özündə güc tapan Sara ərinin köməyinə gəldi. Onun təkidi ilə İvan bütünlüklə
elmi işlərə səfərbər olundu. 1883-cü ildə Pavlov tibb elmləri doktoru alimlik dərəcəsi
almaq üçün dissertasiya müdafiə etdi. O,
tezliklə tibb akademiyasına dosent təyin olundu. Lakin Almaniyada o
dövrün ən məşhur fizioloqları olan K.Lüdviq və Qeydenqaynlə birgə elmi işlərinə
görə bu vəzifədən imtina etməli oldu. İki ildən sonra Pavlov Rusiyaya döndü.
Pavlov bu illəri
belə xatırlayırdı: "1890-cı ildə professor
seçilənə qədər maddi cəhətdən hər
zaman çətinliyimiz oldu. Nəhayət, mən
41 yaşımda professor oldum və öz şəxsi
laboratoriyamı aldım. Bununla da həm
kifayət qədər maddi vəsait, həm də
laboratoriyamda istənilən elmi təcrübəni qoymağa
geniş imkanlarım oldu".
Ənənəvi metodların əleyhinə
çıxan humanist cərrah
1890-cı
ildə Pavlovun elmi işləri artıq bütün dünya
alimləri tərəfindən qəbul olunurdu. 1891-ci ildə bilavasitə onun
əməli iştirakı ilə yaradılmış
Eksperimental Tibb İnstitutunun fiziologiya şöbəsinə rəhbərlik
etməyə başladı. Bununla
yanaşı, Pavlov həm də Hərbi-Tibb Akademiyasında
aparılan fizioloji tədqiqatların rəhbəri idi. O, burada 1895-ci ildən 1925-ci ilə
kimi işləmişdi.
Öz tədqiqatlarında
Pavlov biologiya və fəlsəfənin mexanistik və xolistik
məktəb üsullarından istifadə edirdi. Bunlar o dövrdə bir araya
sığmaz hesab olunurdu.
Mexanistik nəzəriyyənin nümayəndəsi kimi
Pavlov hesab edirdi ki, qan dövranı və qida həzmi kimi kompleks sistem
ayrılıqda növbəli tədqiqatlar
yolu ilə öyrənilməlidir.
"Bütövlük fəlsəfəsi"nin
nümayəndəsi kimi o, hiss edirdi ki, bu hissələri intakt canlı və sağlam
heyvanlar üzərində öyrənmək
lazımdır. Bu
səbəbdən o, canlı heyvanların laboratoriyalarda
narkozsuz cərrahiyyə olunduğu ənənəvi
metodların əleyhinə çıxırdı. O
hesab edirdi ki, əməliyyat çarpayısı üzərində
ölməkdə olan və ağrı hiss edən heyvanlar
sağlam heyvanlar kimi adekvat reaksiya bildirə bilməzlər. Pavlov cərrahi yolla onlara elə müdaxilə edirdi
ki, onların daxili orqanlarının həyat fəaliyyətini
müşahidə edə bilsin, sağlamlığına
heç bir zərər yetirməsin. Bundan
başqa, Pavlov insanlar üzərində aparılan əməliyyatlarda
olduğu kimi heyvanlar üzərində aparılan əməliyyatlarda
da yüksək təmizliyə və
ağrısızlaşdırma qaydalarına tam əməl
olunmasını tələb edirdi. Bu
metodları tətbiq edən alim və onun həmkarları
müəyyən etmişdilər ki, həzm sisteminin hər
bir şöbəsi- tüpürcək və duodenal vəzilər,
mədə, mədəaltı vəzilər və qaraciyər
qidaya müəyyən kombinasiyalarda maddələr əlavə
edirlər. Onlar isə zülal, yağ
və karbohidratı asan həzm olunan formalara çevirirlər. Bir neçə həzm
fermentinin aşkar olunmasından sonra Pavlov onların
qarşılıqlı əlaqəsini və tənzimlənməsini
tədqiq etməyə başladı.
Bütün
elmi karyerası ərzində
İvan Pavlov əsəb sisteminin həzm orqanlarının fəaliyyətinə
təsiri məsələsini diqqətdə saxlayıb. XX əsrin əvvəllərində həzm sistemi ilə
bağlı alimin apardığı təcrübələr
şərti reflekslərin öyrənilməsinə gətirib
çıxardı. İlk dəfə
olaraq sübut olundu ki, mədənin fəaliyyəti əsəb
sistemindən asılıdır və onun vasitəsilə idarə
olunur. 1902-ci ildən sonra Pavlov öz elmi diqqətini ali sinir sisteminin tədqiqinə yönəldib.
O, Peterburq yaxınlığında Koltuşa adlanan qəsəbədə
ali sinir sisteminin fəaliyyətinin tədqiqi
üzrə dünyada ilk laboratoriya yaradıb. Onun mərkəzi
hissəsində məşhur "Sükut qülləsi"
adlandırılan bölmədə xarici aləmdən təcrid
olunmuş heyvanlar saxlanılırdı.
Bir haşiyə: Qeyd edək ki, görkəmli Azərbaycan
fiziloloq alimi, akademik Abdulla Qarayev 1932-ci ildə Leninqradda elmi
ezamiyyətdə olarkən İvan Pavlovun laboratoriyasında
çalışıb və şəxsən onunla
görüşüb. Abdulla Qarayev Pavlovun
laboratoriyasında bir sıra dəyərli eksperimentlər
aparıb. Akademik A.Qarayev 1935-ci ildə
ikinci dəfə İvan Pavlovun fiziologiya laboratoriyasında
araşdırmalar aparıb.
Pavlov akademiyada fəxri vəzifəsindən
imtina edib
1917-ci ili İvan Pavlov Rusiyada qarşıladı.
1922-ci ildə maddi çətinliklər üzündən
öz elmi işlərinin davam etdirilməsinə şübhə
ilə yanaşan alim
rəsmi dairələrə müraciət edərək
laboratoriyasının xaricə köçürülməsini
xahiş edib. Lakin alimə rədd cavabı verilərək
Sovet Rusiyasının Pavlov kimi alimlərə böyük
ehtiyacı olduğu bildirilib. Beləliklə,
Pavlov o vaxt partiya liderlərinə verilən xüsusi status əldə
edib. Lakin Pavlov bundan imtina edib. "Nə
qədər ki, laboratoriyanın bütün əməkdaşlarına
bu imtiyazlar təqdim olunmayacaq, mən bütün
imtiyazları qəbul etməyəcəyəm",-deyə
Pavlov bildirib. 1923-cü ildə Pavlov ABŞ-a
səfər edib. Səfərdən qayıtdıqdan sonra alim
kommunizmin fəlakətlərindən, Karl Marksın yalan
ideyalarından açıq danışmağa
başlayıb. "Kommunistlərin ölkədə
apardıqları sosial eksperimentə mən hətta qurbağa
pəncəsini
belə qurban verə bilmərəm",-deyə
Pavlov kommunist quruluşuna qarşı qəzəbli
çıxışlarını davam etdirirdi.
1924-cü
ildə Leninqrad Hərbi-Tibb Akademiyasından (keçmiş
İmperator Tibb Akademiyası) "qeyri-proletar" mənşəyi
olan bütün əməkdaşların (keçmişində
əsilzadə və ruhani olanların) kütləvi surətdə
qovulmasına başlanıldı. İvan Pavlov akademiyada fəxri postundan
imtina edib: "Mən özüm də ruhani oğluyam və əgər
başqalarını işdən qovursunuzsa, onda mən də
gedəcəyəm". Elə
həmin il Pavlovun "Şərti reflekslərə
dair" kitabı çap olunub. Pavlov Rusiya Elmlər
Akademiyasına partiyalı funksionerlərin seçilməsinə
ilk etiraz edənlərdən biri idi. Professor İ.Stalinə
məktub yazmışdı: "Rus ziyalılarına
qarşı etdiklərinizlə onların mənəviyyatını
pozursunuz, onları bütün hüquqlardan məhrum edirsiniz,
mən özümü
rus adlandırmağa xəcalət çəkirəm".
1920-ci ildə Pavlov antibolşevik jesti olaraq
Rusiyanın xalq maarifi naziri Nikolay Buxarini öz
laboratoriyasına buraxmayıb.
"Elm insandan onun bütün həyatını
tələb edir"
İvan Pavlov
1936-cı il fevralın 27-də Leninqradda
pnevmoniyadan vəfat edib. O, özünə diaqnoz qoymuşdu:baş beyin qabığının şişi
(bu diaqnoz öz təsdiqini tapmışdı). Alimin
ölümü hamı üçün gözlənilməz
oldu. Yaşlı olmasına baxmayaraq o,
fiziki cəhətdən həddən artıq gümrah
görünürdü, qaynar enerji ilə yaşayırdı,
yorulmadan deyirdi ki, gələcək elmi işlər
üçün planlar qurur. Lakin illər
öz işini görmüşdü. O, artıq əvvəlki
deyildi, tez yorulurdu, özünü o qədər də
yaxşı hiss etmirdi. Kiçik oğlu
Vsevoldun qəfil ölümü onu sarsıtmışdı.
Müalicədən qəti şəkildə
qaçırdı. Pnevmoniyaya
keçmiş növbəti soyuqdəymədən sonra
ölkənin ən məşhur həkimləri dahi alimin həyatını
xilas edə bilməyib. O, əməkdaşlarına
deyirdi ki, ən azı 100 il yaşayacaq,
yalnız həyatının son illərində uzunsürən
həyatı barədə memuarlarını yazmaq
üçün laboratoriyasını tərk edəcək.
Onun həyatda edə
bilmədiyi yalnız bu oldu...
O
yazırdı: "Nə edirəmsə, daim
düşünürəm, bununla, ilk növbədə, vətənimə,
rus elminə xidmət edirəm".
Onun qəbiri
üzərində bu sözlər yazılıb:"Yadda
saxlayın, elm insandan onun bütün həyatını tələb
edir. Əgər sizin iki həyatınz olsa belə,
onlar elm üçün çatışmayacaq".
Müasirləri
onu dahi adlandırırdılar. Pavlov isə səmimi olaraq
özünü "kiçik və orta" adam hesab edirdi. Dəfələrlə
təkrar edirdi: "Dahilik kimi məndə heç nə
yoxdur. Dahilik diqqəti öyrənlilən
məsələyə cəmləşdirməyin ali qabiliyyətidir,
dayanmadan obyekt haqqında düşünmək, onunla yatmaq, onunla
durmaqdır!. Hər
zaman ancaq fikirləşmək, yalnız fikirləşmək.
Mənim yerimdə olan hər kəs eyni cür
hərəkət etməklə dahi olardı".
İvan Pavlovun həyat dərsləri...
- Xoşbəxtlik hardasa azadlıq və
intizam arasındadır.
- Mənim inamım belədir ki, elmi tərəqqi
bəşəriyyətə xoşbəxtlik gətirəcək.
- Heç bir iş əsil ehtiras və
sevgi olmadan gedə bilməz.
- Əgər mən məntiqi
düşünürəmsə, bu, yalnız o deməkdir ki,
mən dəli deyiləm, lakin bu, heç də onu sübut
etmir ki, mən haqlıyam.
- Təcrübə öz dərsinə görə
böyük pul alan müəllimdir, lakin ondan başqa
heç kim yaxşı öyrədə bilməz.
- İnsan yüz yaşa qədər
yaşaya bilər. Biz özümüz öz
ehtiyatsızlığımız, öz
intizamsızlığımız, öz orqanizmimizə
qarşı pis rəftarımızla bu normal müddəti daha az rəqəmə qədər
azaldırıq.
- İnsan ana təbiətin ali
məhsuludur. İnsan mürəkkəb və həssas
sistemdir. Lakin təbiətin
bu sərvətindən həzz almaq üçün insan
sağlam, güclü və ağıllı olmalıdır.
- Kim ki öz iradəsini inkişaf etdirmək
istəyir, maneələri dəf etməyi öyrənməlidir.
- Elmi işin mahiyyəti işləməməklə
mübarizədədir.
- Metod ən birinci, əsasdır. Tədqiqatın
bütün ciddiliyi metoddan, hərəkət üsulundan
asılıdır. Bütün işlər
yaxşı metodla bağlıdır. Metod
tədqiqatın taleyini əlində saxlayır.
- Mən inanıram ki, insan ağlı və
onun ali təzahürü olan elm insan nəslini xəstəliklərdən,
aclıqdan, düşmənçilikdən xilas edəcək,
insanların həyatında dərdi azaldacaqdır. Bu inam mənə güc verir və öz işimi
aparmağa kömək edir.
- Heç vaxt düşünməyin ki,
siz artıq hər şeyi bilirsiniz. Sizi nə qədər
yüksək qiymətləndirsələr də,
özünüzdə cəsarət tapıb "mən
savadsızam" deyin.
- Təkəbbürlüyün üzərinizdə
hakim olmasına imkan verməyin. Ona görə siz
razılaşmalı olduğunuz hallarda belə müqavimət
göstərəcək, dost köməyindən və
faydalı məsləhətlərdən imtina edəcək,
obyektivlik ölçüsünü itirəcəksiniz.
- Heç
vaxt öz bilik və fərziyyələrinizin kəsirlərini ən cəsarətli ideya və
hipotezlərlə ört-basdır etməyə
çalışmayın. Bu
sabun köpüyü sizi nə qədər əyləndirsə
də, o mütləq qırılacaq və sizdə pərtlikdən
başqa heç nə qalmayacaq.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2012.- 10 avqust.- S.3.