Təhsil işçilərinin 2012-ci il
sentyabr konfranslarının keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Ümumi təhsil
sahəsində 2011-2012-ci dərs ili bir sıra əhəmiyyətli
tədbirlərin həyata keçirilməsi ilə yaddaqalan
olmuşdur. Belə ki, ibtidai təhsil səviyyəsində
yeni fənn proqramlarının (kurikulumlarının) tətbiqi
başa çatmış və əldə edilən nəticələrin
təhlili üzrə aparılacaq işlərin istiqamətləri
müəyyənləşdirilmişdir.
Dərs ili ərzində
kurikulumların tətbiqi ilə bağlı yerlərdə təhsil
işçilərinə peşəkar səviyyəli metodik köməkliyin təmin olunmasına
xidmət edən təlimçilər qruplarının
formalaşdırılması işi davam etdirilmiş, Ağcabədi,
Ucar, Zərdab, Yevlax,
Kürdəmir, Bərdə, Biləsuvar rayonlarında 150 nəfərdən
artıq təlimçi hazırlanmışdır. Bununla
yanaşı, Mingəçevir, Şirvan
şəhərlərində, Balakən, Lənkəran, Zərdab,
Sabirabad, Yevlax,
Saatlı rayonlarında fənn kurikulumlarının tətbiqi
vəziyyəti öyrənilib müvafiq
tədbirlər müəyyənləşdirilmiş, Şəki
şəhərində Zaqatala, Qax, Balakən, Oğuz
rayonlarının təhsil işçilərinin də təmsil
olunduğu ümumi təhsilin
aktual problemlərinə həsr edilən zona elmi-praktik konfransı keçirilmiş, Bakı və Gəncə
şəhərlərinin təhsil işçilərinin
iştirakı ilə internet-konfrans təşkil
olunmuşdur.
2012-2013-cü dərs ili ərəfəsində ümumtəhsil məktəblərinin
V siniflərində yeni fənn
proqramları (kurikulumları) ilə tədrisə başlayacaq 35 min nəfərədək
fənn müəlliminin nəzəri və praktik
hazırlığının təkmilləşdirilməsi
istiqamətində qeyri-hökumət təşkilatları cəlb
olunmaqla 60 saatlıq proqram əsasında 10 günlük
öyrədici təlim kursları keçirilmiş,
bu tədbirə 500-dən artıq xüsusi hazırlanmış təlimçi
- mütəxəssis cəlb edilmişdir.
Ulu
öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş məktəblilərin ümumrespublika inşa
müsabiqəsinin, "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin, habelə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri M.Ə.Sabir və M.İbrahimovun
yubileyləri ilə əlaqədar respublika
inşa müsabiqələrinin
keçirilməsi, 6 müəssisədə (akademik
Zərifə Əliyeva adına lisey, 6
nömrəli lisey, Bakı Avropa Liseyi, fizika-riyaziyyat və informatika
təmayüllü lisey, "Elitar" gimnaziya, "XXI
əsr" Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzi) tam orta təhsilin təmayülləşmə əsasında
təşkili üzrə pilot layihənin
reallaşdırılmasına başlanması, istedadlı uşaq və gənclərlə, eləcə
də istedadlı gənc müəllimlərlə iş sahəsində əməli tədbirlərin
müəyyənləşdirilib davamlı icrasının təmin
edilməsi və s. 2011-2012-ci dərs
ilinin mühüm
hadisələrindəndir.
Yeni
dərs ili ərəfəsində ölkənin ümumtəhsil məktəbləri
üçün 186 adda
3.998.300 nüsxə dərslik və metodik
vəsait çap edilmiş,
bütün növdən olan
ümumi təhsil müəssisələrinin
tədris planları hazırlanıb təsdiq olunmuşdur.
3270 vakant yerin böyük əksəriyyətinə
müəllim kadrları göndərilmişdir.
Bütün bunlarla yanaşı, həmçinin qeyd olunmalıdır ki, ümumi təhsil sistemində öz
müsbət həllini gözləyən problemlər də az deyildir. Təhsil
orqanları icra intizamının möhkəmləndirilməsi
və peşə məsuliyyətinin artırılması, təhsil
müəssisələrinin idarə olunmasının təkmilləşdirilməsi,
təlim-tərbiyə prosesinin müasir pedaqoji innovasiyalar əsasında qurulması istiqamətində
təsirli tədbirlər həyata keçirməli, təhsilin
keyfiyyətinin yüksəldilməsinə nəzarəti
gücləndirməlidirlər.
Qeyd olunanlarla əlaqədar 2012-2013-cü dərs
ilində qarşıda duran vəzifələri
müzakirə etmək və mövcud
problemlərin həllinə yönəlmiş təkliflər
hazırlamaq məqsədilə
ƏMR
EDİRƏM:
1.
2012-ci il 3-13 sentyabr
tarixlərində ümumi təhsil
sistemində çalışan pedaqoji
işçilərin rayon (şəhər)
konfransları keçirilsin.
2. Konfranslar plenar və
bölmə iclaslarından ibarət olmaqla
2 gün ərzində keçirilsin.
3.
Konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq edilsin.
4. Konfransların plenar
iclaslarında "2011-2012-ci dərs
ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda
rayon (şəhər) təhsil
şöbəsi (idarəsi) müdirlərinin məruzəsi
dinlənilib müzakirə edilsin. Məruzədə
aşağıda qeyd olunan
fəaliyyət sahələri üzrə görülən
işlərin və perspektivdə nəzərdə tutulan tədbirlərin konkret
faktlarla əks etdirilməsi tövsiyə
olunsun:
4.1.
Məktəblərin şəbəkəsinin
optimallaşdırılması, onların maddi-tədris
bazasının möhkəmləndirilməsi, pedaqoji
kadrlarla təminat.
4.2.
İcbari təhsilin yerinə yetirilməsi,
şagirdlərin ilboyu hərəkətinin
izlənilməsi, şagird kontingentinin sabit
saxlanması, sağlamlıq imkanları məhdud məktəbyaşlı
uşaqların təhsilə cəlbi, təkrar sinifdə saxlanan şagirdlərin məktəbə
davamiyyəti.
4.3.
Təhsilin keyfiyyətinin monitorinqi, fənlər
üzrə (ana dili, riyaziyyat, Azərbaycan tarixi,
kimya, fizika, biologiya, coğrafiya, xarici dil və s.) ayrı-ayrı məktəblər və ümumrayon (şəhər) üzrə
göstəricilər, "əla" və "4-5" qiymətlərlə
oxuyanlar.
4.4. İstedadlı uşaqlarla iş sahəsində
həyata keçirilən tədbirlər. İstedadlı
şagirdlərin fənn olimpiadalarında, müsabiqə və
yarışlarda, ayrı-ayrı layihələrdə
iştirakının təmin edilməsi, onların göstərdiyi
nəticələr. İstedadlı şagirdlərin rəğbətləndirilməsi
və stimullaşdırılması sahəsində
görülən işlər.
4.5.
Buraxılış imtahanlarının, ali
və orta-ixtisas məktəblərinə
qəbulun nəticələri, bu sahədə
məktəblərin göstəricilərinin təhlili və
qiymətləndirilməsi.
4.6.
Bu əmrin 4.2, 4.3, 4.4, 4.5-ci alt-bəndlərində
qeyd olunan göstəricilərə
əsasən hazırlanmış məktəblərin reytinq cədvəlinin təhlili.
4.7.
Müəllimlərin və məktəb rəhbərlərinin
fəaliyyətinin yaxşılaşdırılması sahəsində
aparılan işlər. Vəzifə funksiyalarını tələb
edilən səviyyədə yerinə yetirməyən müəllim
və məktəb rəhbərləri, onların zəif fəaliyyətini
əks etdirən göstəricilərin təhlili.
4.8.
Rayon (şəhər) üçün
aktual sayılan digər məsələlər.
5. Plenar
iclasların 150-250 nəfərlik tərkibdə "dəyirmi
masa" formasında təşkili, həmin
iclaslarda məktəb
direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin,
eləcə də "Ən yaxşı müəllim"
müsabiqəsi qaliblərinin, təhsildə xüsusi
nailiyyətlərlə fərqlənmiş və
yüksək balla ali
məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti
təşkilatların nümayəndələrinin
iştirakı təmin edilsin.
6. Təhsil
şöbəsi (idarəsi) müdirinin məruzəsinin
cədvəl, sxem
və qrafiklər əsasında hazırlanıb ekranda müvafiq slaydlarla müşayiət edilməsi
tövsiyə olunsun.
7. Metodik bölmə iclasları
aşağıdakı təhsil işçiləri üçün təşkil edilsin:
-
məktəb direktorları;
-
ayrılıqda olmaqla məktəb
direktorlarının müavinləri;
-
ayrılıqda olmaqla fənlər üzrə
metodbirləşmə rəhbərləri;
-
məktəb kitabxanaçıları;
-
praktik məktəb psixoloqları;
-
uşaq birliyi rəhbərləri.
8. Naxçıvan MR Təhsil Nazirliyi,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə
Şəhər Təhsil İdarəsi, rayon
(şəhər) təhsil şöbələri plenar və bölmə iclaslarında irəli
sürülmüş təklifləri
ümumiləşdirib sentyabrın
sonunadək Təhsil Problemləri İnstitutuna
göndərsinlər.
9. Təhsil Problemləri İnstitutu (A.Mehrabov):
9.1. Bölmə iclaslarının
səmərəli keçirilməsində
yerli təhsil orqanlarına köməklik
məqsədilə metodik
tövsiyələr hazırlayıb
avqustun 25-dək pedaqoji
mətbuatda dərc etdirsin.
9.2. Yerlərdən alınmış
təkliflərin təhlilini
aparsın və ümumiləşdirilmiş material hazırlayıb nazirliyə
təqdim etsin.
10. Aparatın rəhbəri İ.Pirməmmədov konfranslarda
nazirliyin nümayəndələrinin
iştirakı barədə
təkliflərini 2 həftə
müddətinə rəhbərliyə
təqdim etsin.
11. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
bu əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc
olunmasını və
konfransların gedişinin
KİV-lərdə işıqlandırılmasını
təmin etsin.
12. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 avqust 2012-ci il
Azərbaycan müəllimi.- 2012.- 24
avqust.- S.2.