Bakı Dövlət
Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi
açılıb
Avqustun 17-də Bakı Dövlət
Universitetində (BDU) Koreya Respublikasının Dövlət
İdarəçiliyi və Təhlükəsizlik Nazirliyinin
nəzdində Milli İnformasiya İctimai Agentliyinin dəstəyi
ilə Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin
yenidənqurmadan sonra açılışı olmuşdur.
AzərTAc xəbər verir ki,
açılış mərasimində çıxış
edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
2008-ci il dekabrın 17-də yaradılmış Azərbaycan-Koreya
İnformasiya Təminatı Mərkəzinin iki ölkə
arasındakı dostluq və əməkdaşlığın
inkişafında rolundan danışmışdır.
Mərkəzdə seminar otağı,
informasiya-kommunikasiya texnologiyaları üzrə treninq
laboratoriyası və İnternet zalının fəaliyyət
göstərdiyi diqqətə
çatdırılmışdır. Rektor bildirmişdir ki,
treninq laboratoriyası 75 ədəd kompüter və iki
genişekranlı proyektor ilə təchiz olunmuşdur.
İnternet zalı isə tələbələrin və tədqiqatla
məşğul olan əməkdaşların İnternet vasitəsilə
lazımi məlumatları əldə etmələrinə
kömək edir.
Azərbaycan-Koreya İnformasiya Təminatı
Mərkəzində mütəmadi beynəlxalq konfrans və
seminarların təşkil olunduğu, BMT tərəfindən
maliyyələşdirilən Beynəlxalq İqtisadiyyat
Universitetinin iqtisadiyyat üzrə birhəftəlik beynəlxalq
konfransının ildə bir dəfə bu mərkəzdə
keçirildiyi diqqətə
çatdırılmışdır.
BDU ilə Cənubi Koreya universitetləri
arasında elm və təhsil sahəsində əməkdaşlığın
ildən-ilə genişləndiyini vurğulayan A.Məhərrəmov
tətbiqi riyaziyyat fakültəsinin bir çox tələbələrinin
Cənubi Koreyanın KAİST Universitetində təhsillərini
müvəffəqiyyətlə davam etdirdiklərini,
ümumilikdə 75 azərbaycanlı gəncin həmin ölkədə
təhsil aldığını, onların əksəriyyətinin
İKT üzrə hazırlıqlı kadrlar kimi Azərbaycana
dönəcəklərini bildirmişdir.
Koreya Respublikasının dövlət
idarəçiliyi və təhlükəsizlik nazirinin
müavini Seo Pil Eon bu il Koreya-Azərbaycan diplomatik əlaqələrinin
20 illiyinin tamam olduğunu, ötən müddətdə iki
ölkə arasında əlaqələrin inkişaf
etdirildiyini vurğulamışdır. BDU-da mərkəzin
açılmasının ölkələrimiz arasında əlaqələrin
möhkəmlənməsinə töhfə
olacağını, onun Azərbaycanın İKT sahəsində
güclü bir dövlətə çevrilməsində əhəmiyyətli
rolunu qeyd edən Seo Pil Eon demişdir ki, Koreya Respublikası gələcəkdə
də Azərbaycana bu sahədə hər cür köməyi
göstərəcəkdir.
Rabitə və informasiya
texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil
etdiyi qurumun iki ölkə arasında əlaqələrin
genişləndirilməsində, xüsusilə elm və təhsil
sahəsində atılan addımları dəstəklədiyini
bildirmişdir. Azərbaycanın ildən-ilə dinamik
inkişaf etdiyini vurğulayan E.Vəlizadə demişdir ki, məqsəd
dünyanın qabaqcıl ölkələri sırasında
olmaqdır.
Koreya Respublikasının ölkəmizdəki
səfiri Li Ci Ha 20 ildə iki ölkə arasında müxtəlif
layihələrin həyata keçirildiyini, gələn il
Naxçıvan Dövlət Universitetində də bu cür
mərkəzin yaradılması ilə bağlı müzakirələrin
aparıldığını bildirmişdir.
Tədbir iştirakçıları mərkəzlə
yaxından tanış olmuşlar.
Azərbaycan
müəllimi.- 2012.- 24 avqust.- S.2.