Elmin zirvəsini fəth
etmiş Nobelçi ailə
Onlar haqqında
ayrı-ayrılıqda danışmaq və yazmaq
düzgün olmazdı. XX əsrin görkəmli fransız tədqiqatçıları,
süni radioaktivliyi kəşf etmiş Jan Frederik Jolio və İren Kürilər
ailəsi haqqında danışanda istər-istəməz
dünya şöhrətli böyük fiziklər, iki dəfə
Nobel mükafatı laureatı
Mariya Skladovskaya və Pyer
Kürilər yada düşür. Frederik və İren
Kürilər öz tədqiqatları və ictimai fəaliyyətləri
nəticəsində ötən əsrdə elmin varisliyini
öz həyatları və tədqiqat işləri ilə
nümayiş etdirdilər.
Uşaqlıq illəri
İren
Küri 1897-ci il sentyabrın 12-də
Parisdə Mariya Skladovskaya Küri və Pyer Kürilər
ailəsində anadan olub.
Uşaq öz yaşına görə qeyri-adı dərəcədə
hər şeyi bilmək, öyrənmək marağına
görə yaşıdlarından seçilirdi və zehni cəhətdən tez
böyüyürdü. 1906-cı ildə atası Pyerin vəfatından
sonra İren və onun bacısı Yevanın tərbiyəsi
anaları Mariya Skladovskaya
Kürinin üzərinə düşdü. İren
ibtidai təhsilini Sorbonn Universitet müəllimlərinin
öz uşaqları üçün təşkil etdikləri
məktəbdə almışdı. Məktəbin müəllimləri
Fransanın ən məşhur alimləri idilər. Onlar
uşaqları fiziki cihazlarla, kimyəvi reaktivlərlə
tanış edirdilər. Uşaqlar universitetin
laboratoriyalarında aparılan elmi işlər mühitində yaşayırdılar. Təbiət
elmləri ilə yanaşı, onlara
tarix, ədəbiyyat, xarici dillər, rəsmxətt tədris
edirdilər, idmana da böyük diqqət ayrılırdı.
Bu məktəbdə iki il oxuduqdan sonra Sevine şəhərində
kollecə daxil olan İren orta təhsil haqqında diplom
alıb. Uşaqlıqdan İreni alimlər əhatə
etmişdi və onlar elmi mübahisələr
aparırdılar. İren 1913-cü ildə Fransada turist səfərində
olmuş dahi fizik Albert Eynşteynlə də tanış
idi. Birinci Dünya müharibəsi
illərində Mariya Skladovskaya Küri ölkənin
hospitallarında rentgen və radioloji xidmət təşkil
etmişdi. Anasından nümunə götürən İren
də hospitalda rentgenoloq işləyirdi. Müharibədən
sonra 21 yaşlı İren universitetdə məşğələlərə
başladı. Yeva Küri anasına həsr etdiyi biblioqrafik
kitabında İren haqqında yazırdı: "...sakit təbiətli, təmkinli
İren heç vaxt öz qabiliyyətinə şübhə
etmirdi. O, fizik olmaq niyyətində idi və bu da dəqiq idi
ki, o, radiumu öyrənmək istəyirdi". Universiteti
bitirdikdən sonra (1920) İren anasının
laboratoriyasında müəllim işləyir. O, polonium
elementinin buraxdığı alfa zərrəciklərini
öyrənirdi. 1925-ci ildə İren doktorluq dissertasiyası
müdafiə edib. Bir neçə il elementlərin
radioaktivliyini öyrənən İren elmi qənaətlərini
"Radioaktiv elementlərin təbiəti" adlı
kitabında ümumiləşdirib. 1926-cı ildə İren
Frederik Jolio ilə evlənib.
Frederik Jolio 1900-cü ildə Paris Kommunasının
keçmiş əsgəri Anri Jolionun ailəsində anadan
olmuşdu. O, ailənin 6-cı - ən kiçik övladı
idi. 1910-cu ildən Frederik
Lakanal liseyində oxuyub. 1917-ci ildə atasının vəfatından
sonra Lavuazye adına pulsuz bələdiyyə orta məktəbində
təhsilini davam etdirib. Ali sənaye
fizikası və kimya universitetinə Frederik 1920-ci ildə
daxil ola bilib. Bu məktəb əsasən sənaye
üçün mühəndis kadrları
hazırlayırdı. Təhsil illərində Frederik kimya,
fizika və mexanikaya böyük maraq göstərib. 1922-ci ildə
o, P.Lanjevanın (sonralar Nobel mükafatı laureatı) təsiri ilə fizika
ixtisasını seçmişdi. Jolio özü haqqında
sonralar yazırdı: "Mən təbiət etibarı ilə
zehni əmək üçün yaranmadığımı
düşünürdüm. Alim olacağıma
inanmırdım. Lakin mən buna öyrəşməli oldum.
Ziyalı olmağım məni hər zaman təəccübləndirirdi".
Onu daha çox balıq ovu,
idman cəlb edirdi. 17 yaşı tamam olanda onu futbol
komandasına daxil etdilər. O, az qala peşəkar
futbolçu olacaqdı. Onun taleyində məktəb müəllimi,
görkəmli fizik Pol Lanjevan həlledici rol
oynamışdı. "Bir gün Lanjevan dedi ki, mən
xanım Küri ilə
danışacam, siz onun yanında laborant işləyəcəksiniz...",
- deyə Jolio sonralar xatırlayırdı.
Kəsişən
yollar
Mariya Skladovskaya Kürinin laboratoriyası
Frederik və İrenin birgə iş yeri oldu. Onların elm
yolları məhz burada kəsişdi. Artıq o illərdə
kifayət qədər elmi nüfuza malik olan Mariya Kürinin
laboratoriyasında işə başlayan İren və Frederik
bir sıra diqqətəlayiq elmi tədqiqatların əsasını
qoydular. 1925-ci ildən Frederik
Mariya Kürinin laboratoriyasında laborant kimi işləməyə
başlayır. Onun
"Radioaktiv elementlərin elektrolitik çöküntülərinin
öyrənilməsi haqda yeni metodika" adlı ilk kitabı
1927-ci ildə işıq üzü görüb. Gənc
Frederikin parlaq mühəndis bacarığına Mariya Küri
ilk gündən heyran olmuşdu.
Frederik nəinki nazik metallik lövhələr və hətta
öz əli ilə müasir laboratoriya qurğuları
hazırlamışdı. Frederikin ilk məqalələri elm
aləmində hadisəyə çevrilmişdi. Məşhur
ingilis fiziki Tomson Frederikin nazik qızıl lövhələrin
hazırlanması metodundan yararlanmışdı. Məşhur
alim bu qurğuya görə Mariya Küriyə minnətdarlıq
məktubu göndərmişdi. Radium İnstitutunda Frederik
öz atasına çox oxşayan, hündürboylu, düz
qamətli, radioaktivlik sahəsində ilk Nobelçi ailənin
qızı İren ilə tanış oldu. Nobel laureatları
ailəsində böyümüş İren radioaktivlik
haqqında hər şeyi bilirdi. O tez-tez Frederikə dəyərli
məsləhətlər verirdi. Bundan əlavə, İren
Frederiki incəsənət sahəsində bilikləri ilə
heyran qoymuşdu. O, şeirlər yazırdı, hətta
Kiplinqin əsərlərini fransız dilinə tərcümə
edirdi. İren musiqidən də yaxşı baş
çıxarırdı.
1926-cı il oktyabrın 4-də Parisin 4-cü dairəsində
İren Küri və Frederik Jolionun nikahı bağlanıb.
Bir-birini dərindən sevən və anlayan gənclər sanki
sələfləri Pyer və Mariya Kürinin böyük məhəbbətini
yenidən yaşadırdılar.
Nikahdan sonra İren və Frederik ömürlərinin
axırlarına kimi birlikdə işləməyə,
bir-birini dəstəkləməyə əhd etmişdilər.
Onların hər biri ayrılıqda şəxsiyyət,
dünya miqyaslı alim, böyük elmi kollektivlərin rəhbərləri
oldular. Bütün elmi karyerası ərzində Frederik 120
elmi iş dərc etdirib. Onların yarıdan çoxu
İrenlə birgə əməyin məhsulu idi. Əvvəllər
onlar "İren Küri və Frederik Jolio" kimi imza
atırdılar. Daha sonra onlar elmi işlərini sadəlik
üçün "İren və Frederik Jolio-Kürilər"
kimi imzaladılar. Onların soyadları da belə birləşdi.
1928-ci ildə Frederik İrenin yaxından iştirakı ilə
nüvə fizikası sahəsində tədqiqatlar aparmağa
başlayıb. 1930-cu ildə poloniumun radiokimyası sahəsində
uzunillik tədqiqatların nəticəsi olaraq doktorluq
dissertasiyası müdafiə edib. 30-cu illərin əvvəllərində
Frederik və İren Kürilər 3 istiqamətdə - elektron
cütlərin yaranması, pozitronun annihilizasiyası və
nüvə çevrilmələri istiqamətlərində tədqiqatlar
aparırdılar. Berillium
atomunun alfa zərrəciklərlə bombalanması nəticəsində
alimlər müəyyən etmişdilər ki, şüalanma
böyük keçiricilik qabiliyyətinə malikdir. Tezliklə
C.Çedvik müəyyən etdi ki, şüalanma neytral hissəciklərdən
- elektronlardan ibarətdir. Beləliklə də Frederik-İren
cütlüyü neytronun kəşfinə
yaxınlaşdılar. Onlar 1934-cü ildə sübut
etmişdilər ki, neytronun kütləsi protonun kütləsindən
artıqdır, bununla da onlar neytronun radioaktivliyini əvvəlcədən
xəbər verdilər. Bu ehtimal 1951-ci ildə eksperimentlər
gedişində təsdiq olundu.
1933-cü ildə Frederik tərəfindən P.Dirakın
müəllifi olduğu annihilizasiya hadisəsi eksperiment
gedişində sübuta yetirildi.
Elmin
zirvəsində
Nəhayət, 1934-cü ildə Frederik və
İren tərəfindən süni radoaktivlik hadisəsi kəşf
olundu. Nüvə reaksiyalarının məhsullarını
öyrənən alimlər müəyyən etmişdilər
ki, yaranan fosfor radioaktivdir. Bəzi yeni radioaktiv izotoplar müsbət
zərrəciklər - pozitronlar buraxırdı. İren və
Frederik nəinki dünyada ilk dəfə olaraq süni və
radioaktiv maddələr aldılar, eyni zamanda yeni radioaktivlik
növü - pozitron radioaktivliyi kəşf etdilər. Bu kəşf onlara Nobel
mükafatının təsis olunması ilə nəticələndi.
Süni radioaktivliyin kəşfi dərhal bütün
dünyada əsrin ən böyük kəşflərindən
biri hesab olundu. O vaxta qədər bəzi elementlərə xas
olan radioaktivlik insan tərəfindən dəyişdirilə,
məhv oluna və ya ayırd edilə bilmirdi. Frederik və
İren ilk dəfə olaraq süni radioaktivliyi yarada bildilər.
Yeni radioaktiv izotoplar alan alimlər fizika elmində inqilabi dəyişikliyə
imza atdılar. Dünya elm ictimaiyyəti bu kəşfin
böyük nəzəri əhəmiyyətini qeyd edərək
biologiya və tibb sahəsində radioaktivliyin praktiki
aktuallıq kəsb etdiyini vurğuladılar. Nobel mükafatını alarkən
Frederik demişdi: "Bizim planeti təşkil edən bir
neçə yüz atomun hamısının eyni vaxtda
yarandığını və onların əbədi olaraq
mövcud olacağını düşünmək
düzgün deyil".
Artıq onların adları elmi dairələrdə ən
nüfuzlu alimlərlə yanaşı çəkilirdi. Elmin zirvəsində olan Frederikə
Fransa Kollecində nüvə kimyası kafedrasına rəhbərlik
təklif olundu. 1934-cü ildə İren Küri Radium
İnstitutunda Mariya Skladovskaya laboratoriyasının direktoru və
Sorbonn Universitetinin təbiət elmləri fakültəsinin
professoru oldu. 1937-ci ildən
İren və Frederik müxtəlif elmi müəssisələrdə
çalışırlar: İren Sorbonnda, Frederik isə Fransa
Kollecində. Alimlər bir neçə laboratoriyaya rəhbərlik
edirdilər. İndi elmi işlərin mövzuları da
müxtəlif idi. Frederik nüvə fizikası sahəsində
tədqiqatlarını davam etdirir, İren isə radiokimya ilə
məşğul idi. Artıq yeni mərkəzdə Frederik
çoxdankı arzusunu - atom nüvəsinin tədqiqində
fizika və kimyanı birləşdirmək arzusunu həyata
keçirə bilərdi. Frederikin rəhbərliyi ilə
Avropada ilk siklotronun tikintisi aparılırdı. Uranın neytronlarla bombalanması nəticəsində
İren nüvə reaksiyaları
məhsullarında radioaktiv maddələrin
varlığını müəyyən etmişdi, onlar kimyəvi
xassələrinə görə lantanı
xatırladırdı. Bu
təcrübələrdə yeni transuran elementləri əldə
olundu. Onlar uranın parçalanma məhsulları idi. İrenin tədqiqatları atom
nüvəsinin parçalanması reaksiyalarının kəşfində
və onların öyrənilməsində böyük rol
oynadı. 1935-ci ildə Frederik
Jolio-Küri deyirdi: "Elementləri öz istədikləri
kimi parçalamağı və
əldə etməyi öyrənmiş tədqiqatçılar
nəticədə zəncirvari kimyəvi reaksiyalara bənzər partlayış tipli maddə
çevrilmələrini həyata keçirə bilərlər".
Alimin uzaqgörənliyi bir qədər sonra öz təsdiqini
tapdı. Fransanın işğalı zamanı Frederik
müqavimət hərəkatının
iştirakçısı oldu.
Frederik Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin
nüvə laboratoriyasının və ölkənin bir
sıra digər elmi-tədqiqat mərkəzlərinin təşkilatçısı
idi.
Xalq maarifi naziri
Süni
radioaktivliyin kəşfindən sonra İren praktiki olaraq
eksperimental fizika ilə məşğul olmağı
dayandırır, o, uzun illər ərzində kifayət qədər
yüksək şüa dozası almışdı. Buna
baxmayaraq, o, Sorbonn Universitetində aktiv müəllimlik fəaliyyəti
ilə məşğul olurdu, eləcə də Radium
İnstitutuna rəhbərlik edirdi.
İrenin sonuncu əhəmiyyətli tədqiqat işləri
uranla bağlı olub. 1936-cı ildə İren Küri
Fransanın xalq maarifi naziri təyin olunub. O bu vəzifədə
ölkədə aparılan bütün elmi tədqiqat işlərinə
rəhbərlik edirdi. Tezliklə İkinci Dünya müharibəsi
başlayıb. Fransanın
almanlar tərəfindən işğalı zamanı İren
Frederiklə birlikdə Parisdə qalır. 1944-cü ildə
alman kəşfiyyatı müqavimət hərəkatının
fəal üzvlərindən olan Frederikin izinə
düşür. O, gizli şəraitdə yaşamalı olur.
İren isə uşaqları ilə birlikdə İsveçrəyə
qaçır. Müharibədən sonrakı dövrdə
İren Paris Universitetinin ümumi fizika və radioaktivlik
kafedrasına rəhbərlik edir, eyni zamanda Radium
İnstitutunun direktoru vəzifəsini də davam etdirir. O, əri
Frederiklə birlikdə sülh uğrunda fəal mübarizə
aparır, sülh tərəfdarlarının çoxsaylı
konfrans və konqreslərində iştirak edir.
Elm naminə fədakarlıq
1938-ci
ildə alman fiziki Otto Qann uran atomunun parçalanmasını
kəşf etdi. Frederik Jolio ilk olaraq bəyan etdi ki, bu proses
neytronların ayrılması ilə müşayiət olunur və
deməli, zəncirvari nüvə reaksiyasının baş
verməsi mümkündür.
1939-cu ildə alim öz qənaətlərini Paris Elmlər Akademiyasının
iclasında səsləndirib. Məruzə
"Uran və torium nüvələrinin neytronların təsiri
ilə partlayışlı parçalanmasının
eksperimental sübutu" adlanırdı. Uran qazanının
konstruksiya işlərinə başlayan Frederik Norveçdən böyük
miqdarda ağır su alır. Lakin Fransanın almanlar tərəfindən
işğalı Frederikin
planlarını alt-üst etdi. Frederik öz həyatını
böyük risk altına qoyaraq ağır su
ehtiyatını və nüvə
reaktorunun tikintisi üzrə sənədləri gizli yolla
İngiltərəyə göndərə bilib. İngiltərədə
nüvə sahəsində çalışan fiziklər bu
qiymətli tədqiqat işindən öz eksperimentlərində
yararlandılar. 1939-cu il sentyabrın 30-da Frederik Jolio olduqca
xüsusi məxfilik şəraitində partlayıcı zəncirvari
reaksiyanın mənzərəsinin təsvir olunduğu konverti
Fransa Elmlər Akademiyasına təhvil verir. Konvert 10 ildən
sonra açılmalı idi.
Frederik Parisdə müharibənin bütün
ağırlıqlarını yaşamalı olur. Çətinliklərə
baxmayaraq, onun rəhbərliyi ilə Fransa Kolleci və Radium
İnstitutu öz fəaliyyətini davam etdirirdi. Müqavimət
hərəkatına qoşulan Frederik öz
laboratoriyasını "hərbi rels" üzərinə
keçirmişdi. Artıq bu laboratoriyada partlayıcılar
hazırlanır, radioqəbuledicilər təmir olunurdu. Parisin almanlardan azad olunmasından
sonra Milli Elmi Tədqiqatlar Mərkəzinin direktoru postunu qəbul
edən Frederik yenidən elmi tədqiqat və
axtarışlara başlayır. 1948-ci ildə bilavasitə
onun rəhbərliyi ilə Fransada ilk atom reaktoru işə
salınıb. Bununla yanaşı, alim fəal ictimai iş
aparır. Nüvə silahının bəşəriyyət
üçün qorxulu olduğunu yaxşı anlayan Frederik
Jolio atom enerjisindən hərbi məqsədlər
üçün istifadə olunmasına qarşı
çıxır. Bu, "soyuq müharibə"nin ən
qızğın dönəminə təsadüf edirdi.
1946-cı ildə Frederik Jolio-Kürinin təklifi ilə
Fransada atom enerjisi üzrə komissarlıq yaradıldı.
Fransa hökuməti Frederiki komissarlığın rəhbəri
təyin etdi. Frederik Jolio qeyd edirdi ki,
"...əldə olunmuş elmi nailiyyətlərə nəzər
saldıqda görürük ki, tədqiqatçılar
elementləri yaratmaqla və parçalamaqla partlayış
tipli reaksiya doğura və elementlərin bir-birinə
çevrilməsini təmin edə bilərlər. Əgər
bu çevrilmələr baş verərsə, onda külli
miqdarda azad olunmuş enerji əldə oluna bilər ki, ondan da
istifadə oluna bilər". 10 il sonra isə Xirosima sakinləri
bu azad olunmuş enerjidən qırılırdı. Frederik
Jolio tez-tez "elm insanları aldadıb" kimi sərt
ittihamlara cavab verməli olurdu. Onun sözlərinə görə,
insanların aviasiya və atom bombaları ilə məhv edilməsi
qorxulu simptomlardır və bu bizi narahat etməlidir. Elmin ikili
xarakterindən - dağıdıcı və mərhəmətli
xarakterindən danışan alim nüvə enerjisindən hərbi
məqsədlər üçün istifadə
olunmasını "elmi nailiyyətlərdən
fırıldaqcasına istifadə" kimi qiymətləndirirdi. Jolio heç vaxt elmi həyatdan
ayırmırdı. O əmin idi ki, azad olunmuş atom enerjisi bəşəriyyəti
xoşbəxt edə, ehtiyaclara qalib gələ, insan əməyini
yüngülləşdirə, epidemiyalara son qoya bilər.
Lakin həyat ona dəhşətli sınaq
hazırlamışdı: onun kəşfindən kütləvi
qırğın silahlarının hazırlanmasında istifadə
olunmuşdu. Alim bunu özü üçün ən
böyük faciə hesab edirdi. İngilis fiziki və
yazıçısı Con Bernal dostu haqqında
yazırdı: "Jolionun faciəsi mərhəmətin faciəsi
idi".
Elmə həsr olunmuş
ömür
50-ci
illərdə İrenin səhhəti çox pisləşir.
Radioaktivliyin yaratdığı şüalanma nəticəsində
İren 1956-cı il martın 17-də kəskin leykemiya xəstəliyindən
vəfat edib. Radioaktivliyin fəsadları onun orqanizmində dərin
iz buraxmışdı. Frederik İrenin ölümündən
sarsılmışdı, uzun illər birgə yaşayıb,
birgə işlədiyi arvadının yoxluğundan əzab çəkirdi. Bir neçə
il əvvəl onun haqqında kitab yazmış Mişel Ruzeyə Jolio belə
demişdi: "Bizim İrenlə xarakterlərimiz müxtəlifdir,
lakin onlar bir-birini tamamlayır, lakin bu müxtəliflik həm
həyat, həm də iş üçün
oxşarlıqlardan daha yaxşıdır".
İki il sonra Frederik hepatit virusuna yoluxur.
O, uzun müddət bu xəstəlikdən əzab çəkdi.
Onun qaraciyəri xəstə idi. Radioaktivliyin fəsadları
onun orqanizmində də dərin iz buraxmışdı. Hər
bir şeyi müşahidə
etmək və yoxlamaq vərdişləri ilə o, həkimləri
də təəccübləndirirdi.
Jolio öz xəstəliyini də öyrənirdi. O, xəstəxanada
kiçik otaqda yatırdı. Onun pəncərəsi bağa
açılırdı, alim son günlərində də
özünə məşğuliyyət tapmışdı.
O, rəssamlığa aludə
olmuşdu, natürmort çəkirdi. Peyzajları da var idi. Həkimlər
ona hərəkət etməyi qadağan etmişdilər. Lakin
o, boş dayana bilmirdi. Buna görə də şəkil
çəkirdi.
Yazıçı-publisist, alimin dəfnində
iştirak etmiş İlya İrenburq "Frederik Jolio
Küri" adlı kitabında yazır ki, o, az
yaşayacağını bilirdi, bəzən bu haqda danışırdı
da. "Mən öləndə yerimə başqaları gələcək...
Sonda mən elmə və insanlara inamımı təsdiqləmək
istəyirəm".
1958-ci il avqustun 11-də gecəyarısı
ağır daxili qanaxmadan sonra Frederik Parisdəki Sent-Antuan
hospitalına yerləşdirilib. Uğurlu cərrahi müdaxilədən
sonra hər şey yaxşılığa doğru idi. Lakin ümumi sepsis öz işini
görürdü. Buna görə də alimi xilas etmək
mümkün olmayıb. Onun qanı radioaktiv şüalanma ilə
zəhərlənmişdi. Avqustun 14-də alim vəfat edib.
Onu Paris yaxınlığında kiçik bir qəbiristanlıqda
İren Jolio-Küri, Pyer və Mariya Kürilərin qəbirləri
ilə yanaşı dəfn ediblər.
Frederik Jolionun vəfatı bütün
dünyada ümumxalq kədəri ilə müşayiət
olundu. Fəlakətli İkinci Dünya müharibəsindən
sonra sülh uğrunda mübarizənin başında dayanan
Frederik Jolio bəziləri üçün görkəmli
alim-fizik, nüvə fizikasının
yaradıcılarından biri, bəziləri üçün
azadlıq və xoşbəxtlik uğrunda mübarizə
aparmış böyük dost, böyük insan idi.
İren və Frederikin uşaqları Elen
(1927) və Pyer (1932) onların işlərini davam etdiriblər.
Elen bir vaxtlar atasının məzunu olduğu fizika və
praktiki kimya məktəbini "əla" qiymətlərlə
başa vuraraq özünü nüvə fizikasına həsr
edib. Pyer isə biologiyanı seçib. Onu xüsusən də
fotosintez probleminin kimyası daha çox
maraqlandırıb.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 24 avqust.- S.3.