Yeni dərs ili, yeni vəzifələr
XXI əsrin "Təhsil əsri"
olması cəmiyyətin bütün sahələri ilə
yanaşı, bilavasitə təhsilə daha çox diqqət
yetirilməsi, müasir dünyamızın qlobal problemi kimi
onu bütün fəaliyyətlərin fövqünə
qaldırılması ilə nəticələndi. İnsanlığın
formalaşması üçün əsas
əlamətlərdən biri sayılan təhsil indiki zamanda
önəmli olmaqla daha qüdrətli cəmiyyət hadisəsinə
çevrildi. Dünyanın, o cümlədən
ölkəmizin təhsil həyatında keçirilən
islahatlar, baş verən dəyişikliklər məhz bu zərurətdən
yarandı. Artıq neçə illərdir ki, ölkəmizin
təhsil məkanında həyata keçirilən islahatlar
ulu öndər Heydər Əliyevin söylədiyi bu
fikirlərdən qaynaqlanmışdır: "Mən belə
anlayıram ki, indi bizdə təhsil sistemində
islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil
sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın. Yenə də deyirəm, Azərbaycan təhsil
sistemi son on illərdə müsbət nəticələr
veribdir". (Azərbaycan təhsil siyasəti (1998-2004), I
kitab, Bakı, Çaşıoğlu, 2005, səh.101).
Ardıcıl və sistemli şəkildə
həyata keçirilən islahat tədbirlərində təhsilin
müxtəlif pillə və səviyyələri nəzərə
alınmışdır. Müstəqil Azərbaycanın təhsil
siyasətinə uyğun olaraq onun dünya təhsil sisteminə
inteqrasiya olunması zəruri şərt kimi diqqət mərkəzində
saxlanılmışdır. Burada əsas məsələlərdən
biri təhsildə inkişafetdirici amilin nəzərə
alınması və şəxsiyyətin
formalaşdırılmasının ön planda
saxlanılmasıdır. Məlum olduğu kimi, təhsilşünaslarımızın
bəziləri çox düzgün olaraq Azərbaycan təhsilinin
məhz şəxsiyyətyönümlü xarakterini humanistləşdirmə
müstəvisində şərh etməklə həmin məsələlərin
əlaqəli olmasını qeyd edirlər. Bu, Azərbaycan təhsilinin
prinsipial dəyişikliklərindən biri kimi sentyabr
konfranslarında geniş müzakirə obyektinə
çevrilməlidir. Bundan başqa, ümumi təhsilin istər
məzmun, istər texnologiya və istərsə də idarəetmə
sahələrində humanistləşdirmə prinsipinə
uyğun əldə olunmuş nailiyyətlərdən, eləcə
də çatışmazlıqlardan bəhs olunmalı,
faydalı təkliflər verilməlidir.
Azərbaycan
təhsilinin inkişafında dünyanın qlobal təhsil
problemindən biri kimi, inteqrasiyanın rolu və əhəmiyyəti,
inteqrasiyanın mahiyyəti və məzmunu geniş müzakirə
obyektinə çevrilməlidir. Dünya təhsilşünaslığı
kontekstində inteqrasiyanın rəsmi və qeyri-rəsmi
xarakterindən, şaquli və üfiqi növlərindən,
fəndaxili və fənlərarası əlaqələrdən
bəhs olunmalıdır. İnteqrasiyanın fənlərin
sayının və şagirdlərin təlim
yükünün azaldılmasında, təlim marağının
artırılmasında, idrak fəallığının
yüksəldilməsində, fənlərin praktik cəhətdən
əhəmiyyətliliyinin artırılmasında rolu ilə
bağlı fikir mübadilələri aparılmalıdır.
Ümumiyyətlə,
müasir Azərbaycan məktəbinin hansı prinsiplər əsasında
inkişaf etməsini, onun əldə etdiyi nailiyyətləri
müzakirə etmək perspektivləri müəyyənləşdirmək,
gələcək nailiyyətləri təsəvvür etmək
baxımından əhəmiyyət daşıyır və
müasir təhsil
siyasətini ardıcıl davam etdirmək üçün onu
aydın dərk etməyə kömək edir. Biz
bəzən ümumi təhsil siyasətini, onun ümumi
prinsiplərini Azərbaycan üçün xarakterik olan cəhətləri
aydınlaşdırmadan, onları pedaqoji ictimaiyyətin
marağına təqdim etmədən aralıq mexanizmləri
öyrənməyə və ya izah etməyə can
atırıq. Nəticədə həmin mexanizmlərin
yaranma səbəbləri, şəraiti və onlardan istifadənin
əhəmiyyəti ilə bağlı xeyli suallarla
rastlaşmalı oluruq. Təbii olaraq yaranan bu suallar yenidən
müasir Azərbaycan təhsilinin ümumi nəzəri məsələlərinə
qayıtmağı, onlara aydınlıq gətirməyi tələb
edir.
Məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi təhsil
quruculuğunda mühüm amillərdən biri kimi qiymətləndirilir.
Məktəb binalarının, sinif otaqlarının tikilməsi
təhsil şəraitinin
yaxşılaşdırılmasında, keyfiyyətli təhsilin
əldə olunmasında əhəmiyyətli rol oynayır.
Ona görə də son illərdə müstəqil Azərbaycanın
təhsil həyatında məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsinə xüsusi
diqqət yetirilir. "Son 10 ildə dövlət
proqramları, eləcə də Heydər Əliyev Fondu və
digər mənbələr hesabına 550 min şagird yerlik
2200 yeni məktəb binası tikilmiş, 800 məktəb
binası əsaslı təmir olunmuş, 700 məktəbin
istilik sistemi yenidən qurulmuş, 700-dən artıq məktəb
müasir avadanlıqlarla, 400 məktəb müvafiq tədris
laboratoriyaları ilə təchiz edilmişdir. Görülən
tədbirlərin nəticəsində ikinövbəli məktəblərin
faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan
şagirdlərin faizi isə 35-dən 21-ə enmiş, bununla
da 1 milyonluq şagirdin təhsil şəraitinin
yaxşılaşdırılması təmin
olunmuşdur" (Mərdanov M. Ümumi təhsil sistemində
əsas hədəflər və vəzifələr.
"Kurikulum" jurnalı, 2012, ¹ 2, səh.8). Odur ki,
ümumilikdə təhsil şəraitinin
yaxşılaşdırılması, yeni məktəb
binalarının istifadəyə verilməsi ümumi təhsilə,
onun daha yüksək səviyyədə qurulmasına
qayğılı münasibətin təzahürü kimi qiymətləndirilir.
Bu işdə neçə onilliklər əvvəl heç
vaxt görünməmiş irəliləyişlərin əldə
olunması, günbəgün bir-birindən
yaraşıqlı tədris ocaqlarının inşa olunaraq
istifadəyə verilməsi fikrimizi bir daha əsaslandırmağa
imkan verir.
Yeni təhsil
proqramlarının (kurikulumların) hazırlanması istiqamətində
görülmüş işlər müasir təhsilimizin
nailiyyətlərindən biridir. Xüsusilə
ümumi təhsilin məzmunu, texnologiyaları və idarə
olunmasının müasir tələblər əsasında
yenidən qurulması irəliləyişlərimizin
mühüm göstəriciləri kimi diqqəti cəlb edir.
İslahat Proqramından irəli gələn vəzifə kimi
ilk dəfə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"
dövlət sənədinin hazırlanması, "Təhsil
haqqında" Azərbaycan Respublikasının qanununa əsasən
onun " Ümumi təhsil pilləsinin dövlət
standartı və proqramları (kurikulumları)" adda yenidən
işlənərək təsdiq olunması, eləcə də
ümumi təhsil fənləri üzrə təhsil
proqramlarının (kurikulumların) hazırlanması bu
işlərin mahiyyət və məzmun etibarı ilə yeni
olduğunu, onların fəaliyyətimizin əsasını təşkil
edən normativ-hüquqi sənəd kimi diqqətlə öyrənilməsini
tələb edir. Tətbiqinə
başlandığı dövrdən biz həmin sənədlərin
xarakterik cəhətlərini öyrənsək də, bu
gün bir daha əldə olunmuş ilkin təcrübələr
əsasında onların şəxsiyyətyönümlü,
nəticəyönümlü xarakterindən, praktik əhəmiyyətindən,
həyati bacarıqların formalaşdırılması
istiqamətində rol və əhəmiyyətindən bəhs
etməliyik. Hər bir pedaqoji işçi, o
cümlədən müəllim, tərbiyəçi təhsilin
yeni məzmun və texnologiyalar əsasında qurulmasında
onlara verilən tələblərin məsuliyyətini,
tövsiyələrin istiqamətini və özlərinin səlahiyyət
çərçivələrini aydın dərk etməli və
pedaqoji fəaliyyətlərində onları nəzərə
almalıdırlar.
Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, təhsilin, o cümlədən ümumi təhsilin
nəticəyönümlü olması pedaqoji fəaliyyətin
yaradıcı (kreativ) xarakterdə qurulmasına imkan yaradır.
Hər kəsin nailiyyəti onun işinin nəticələrinə
əsasən dəyərləndirilir. Tədris zamanı
hazır texnologiyalara müraciət etməkdə, yaxud
müvafiq texnologiyaları
hazırlamaqda pedaqoji işçilər sərbəstdir. Bu, əslində
pedaqoji prosesin demokratik əsasda qurulmasından irəli gələn
bir yanaşma tərzi kimi dəyərləndirilməlidir.
Artıq
dörd ildir ki, ibtidai siniflərdə yeni təhsil
proqramları (kurikulumları) tətbiq olunur. Bu müddətdə hər il
ardıcıl olaraq həmin fənn proqramlarının
(kurikulumların) xüsusiyyətlərindən
danışılmış, onların ətrafında
geniş müzakirələr keçirilmişdir. Eyni zamanda
ibtidai siniflərdə yeni sistemin tətbiqi vəziyyəti
öyrənilmiş, nəticələr təhlil
olunmuşdur. Sentyabr konfranslarında
bu məsələyə bir daha xüsusi yer ayırmaq
tövsiyə edilir. Dördillik təcrübələrin
ümumiləşdirilərək müzakirə edilməsi,
ibtidai təhsilin milli standartları baxımından müqayisələr
aparılaraq təkliflərin hazırlanması təklif
olunur. Müzakirələr zamanı fənlər
üzrə məzmun və qiymətləndirmə
standartlarına, müəllim və şagird fəaliyyətlərinin
təşkil olunmasına, təlim məqsədlərinin
qurulmasına, müasir tələblər əsasında dərsin
məzmun, struktur və vaxt baxımından təkmilləşdirilməsinə,
ev tapşırıqlarının verilməsinə, dərslik
və dərs vəsaitlərinin təhsil standartlarına,
şagirdlərin səviyyəsinə uyğun
olub-olmamasına və s. yer ayrılmalıdır.
Bu il
ilk dəfə ümumi orta təhsil səviyyəsində yeni
fənn proqramlarının (kurikulumların) tətbiqinə
başlanılır. Azərbaycan Respublikasının təhsil
naziri 1330 nömrəli, 10 iyul 2012-ci il tarixli əmri ilə
ümumtəhsil məktəblərinin 2012-2013-cü dərs
ilinə aid tədris planlarını təsdiq etmişdir. Həmin tədris planı həm "Azərbaycan müəllimi"
qəzetində, həm də Təhsil Nazirliyinin edu.gov.az
saytında yerləşdirilmişdir. Ümumi təhsilin yeni dərs
ilinə aid məzmununu əks etdirən bu tədris
planında bütün siniflərdə tədris olunacaq fənlər,
onlara ayrılan saatlar öz əksini
tapmışdır.
Fənlər
üzrə yeni təhsil proqramlarının (kurikulumların)
ibtidai təhsil səviyyəsində tətbiqi ilə
bağlı əldə olunmuş təcrübələrı
nəzərə almış olsaq, bu sahədə xeyli səriştəyə
malik olduğumuzu deyə bilərik. Eyni zamanda bu
təcrübəyə əsasən, V siniflərdə fənlər
üzrə yeni təhsil proqramlarının tətbiqi sahəsində
müəllimlərin peşəkarlığının
artırılması, onların yeni pedaqoji innovasiyaların tətbiq
olunması sahəsində zəruri səriştələrə
malik olması, bunun təsdiqi üçün xüsusi
kurslardan keçməsi və sertifikat alması zəruridir. Fənlər
üzrə yeni təhsil proqramlarının (kurikulumların)
tətbiqinə dair səriştəsi olmayan, sertifikat almayan
müəllimlərin V siniflərdə dərs deməsinə
icazə verilməyəcəkdir.
Ümumiyyətlə,
fənlər üzrə təhsil proqramlarının
(kurikulumların) özünəməxsusluğunu necə izah
etmək lazımdır? Yaxud ənənəviliklə yenilik
arasındakı əlaqələr necə şərh
olunmalıdır?
Heç
şübhəsiz, bu suallar əsasında aparılan
müzakirələr müəllimlərin kurslarda
qazandıqları bilik və bacarıqları davam və
inkişaf etdirməyə yönəldilməli, bir neçə məsələ diqqət mərkəzində
saxlanılmalıdır.
Birinci,
hər bir fənnə elm sahələrini, texnologiyaları,
psixologiya, fiziologiya ilə bağlı zəruri məsələləri
özündə ehtiva edən inteqrativ pedaqoji, metodik anlayış kimi
baxılmalıdır. Fənnə dair məqsəd və vəzifələrin,
onların əhəmiyyətinin izah olunmasında şəxsiyyətin
inkişaf etdirilməsi, vətəndaşın
formalaşdırılması ön planda dayanmalıdır.
Eyni zamanda fənnin reallaşdırılması istiqamətində
həyata keçirilən məktəb tədbirlərində
müvafiq ardıcıllıq və sistemin gözlənilməsi
nəzərə alınmalıdır.
İkinci,
hər bir fənnin şagird şəxsiyyətində
özünəməxsus keyfiyyətlərin (mədəniyyətlərin)
formalaşmasına xidmət göstərməsi və onun
prioritet olması, başlıca məqsədə çevrilməsi
zəruri tələb kimi qarşıya qoyulmalıdır.
Üçüncü,
fənlərin təlimi məzmununun nəticələr şəklində
ifadə olunması şagirdlərdə formalaşacaq dəyərləri
ifadə edir. Hər bir fənnin məqsədi təhsil
proqramında (kurikulumda) konkret olaraq göstərilir. Şagird
şəxsiyyətində hansı dəyərlərin
formalaşması qeyd edilir. Hər bir təhsil standartında
isə zəruri biliklər və fəaliyyətlər əhatə
olunur. Standartların reallaşdırılması zamanı
müvafiq strategiyalar müəyyənləşdirilir
və nəticələrə çatmaq üçün hər
bir müəllim özünün potensial imkanlarına
uyğun iş mexanizmini qurur və
həyata keçirir. Müzakirələrdə bu məsələlər
də diqqət mərkəzində
saxlanılmalıdır.
Məlum
olduğu kimi, respublikamızın ümumtəhsil məktəblərində
xarici dil fənninin tədris olunması sahəsində xeyli təcrübə
toplanmışdır. Uzun illərdir ki, məktəblərimizdə
Avropa və Şərq dilləri öyrənilir. Artıq rus dili də xarici dillərdən biri kimi tədris
olunur. 2012-2013-cü dərs
ilindən ümumtəhsil məktəblərində tədrisi
nəzərdə tutulan xarici dil ingilis, alman, fransız, rus, ərəb,
fars dilləri arasından seçilməlidir. "Ümumi təhsil
pilləsinin dövlət standartı və proqramları
(kurikulumları)" sənədində ümumi orta və
tam orta təhsil səviyyələrində tədris olunan fənlərin
siyahısına ikinci xarici dil də daxil edilmiş, dövlət
səviyyəsində onlara aid standartlar təsdiq olunmuşdur.
Həmin standartlara uyğun V-XI siniflər üzrə məzmun
standartları hazırlanmış və onların
reallaşdırılması məqsədilə tövsiyələr
işlənmişdir. Heç şübhəsiz, bölgələrdə
ikinci xarici dilin öyrənilməsi üçün təlimata
uyğun olaraq müvafiq təşkilati-metodik işlərin
aparılmasına ehtiyac vardir.
Ölkəmizdə
ikinci xarici dilin öyrənilməsi sahəsində təcrübə
olmasa da, xarici dillərin ümumtəhsil məktəbinin V
sinfindən başlayaraq tədris edilməsi sahəsində
çoxillik təcrübə vardır. Ona görə də
V siniflərdən başlayaraq hər hansı
seçilmiş xarici dilin tədrisinin təşkili sahəsində
əvvəlki illərdən qazanılmış təcrübələrə
istinad etməklə onlardan yaradıcı şəkildə bəhrələnmək
tövsiyə olunur. Lakin ikinci xarici dilin əsas
xarici dillə uzlaşdırılması, onun müəyyən
olunmuş qaydalara uyğun tədrisinin təşkili həm
pedaqoji səriştə, əldə olunmuş bacarıqlara
yaradıcı yanaşmağı, həm də
normativ-hüquqi bazanı yaxşı bilməyi, təlimati
qaydaların gözlənilməsini tələb edir.
2012-2013-cü
dərs ili üçün tədris planlarına dair qeydlərdə
göstərildiyi kimi, "ikinci xarici dil 2012-2013-cü dərs
ilindən etibarən V (beşinci) siniflərdən
başlayaraq tədris olunur". Eyni zamanda qeyd edilir ki,
"müvafiq pedaqoji kadr potensialı və tədris
bazası olduğu halda, ikinci xarici dilin öyrənilməsindən
imtina olunması yolverilməzdir". Xarici dil üzrə
müvafiq kadr potensialı olmadıqda "ikinci xarici dilə
ayrılan saat əsas xarici dilin öyrənilməsinə,
ümumiyyətlə, xarici dil keçilməyən məktəblərdə
isə "Texnologiya" fənninin tədrisinə
verilir".
Azərbaycanda
yaddaş məktəbindən təfəkkür məktəbinə
keçilməsi, intellektual bir sistemin yaradılması, ilk
növbədə, zəruri resurs bazasının yeniləşdirilməsini,
ən başlıcası dərslik və dərs vəsaitlərinin
düşüncə müstəvisində olmasını tələb
edir. Bu barədə 2005-ci ildə hazırlanmış və
təsdiq olunmuş "Ümumi təhsil sistemində dərslik
siyasəti" sənədində qeyd olunmuşdur ki, "Dərsliklər
... şagirdlərə müstəqil tədqiqatçılıq
və yaradıcılıq vərdişləri
aşılamalı, onları düşünməyə
sövq etməli, məntiqi təfəkkürü
inkişaf etdirməlidir..." (Azərbaycan təhsil
siyasəti (1998-2005), II kitab.
Bakı, "Təhsil", 2005, səh.32).
Yeni dərslik komplektlərinin hazırlanmasında
başlıca ideya dərsliklərin intellektual səviyyəsini
yüksəltməkdən, onları şagird
düşüncəsinin əsasına gətirməkdən
ibarətdir. Artıq dörd ildir ki, yeni təhsil
proqramlarının (kurikulumların) tələblərinə
uyğun olaraq dərslik komplektləri hazırlanır. Bu il də
ümumtəhsil məktəbləri üçün 186 adda
3.998.300 nüsxə dərslik və metodik vəsait çap
edilmiş və məktəblərin istifadəsinə
verilmişdir.
Nəzərə
almaq lazımdır ki, hazırki şəraitdə dərsliklər
ən etibarlı resurslardan hesab olunsa da, informasiyaların
mobilliyi və bolluğu şəraitində yeganə məlumat
funksiyasını yerinə yetirə bilmir. İstər-istəməz
çevik İKT rejimində özünün
qabaqlayıcı funksiyasını itirir. Lakin xüsusi
pedaqoji, metodik tələblərə cavab vermək
baxımından etibarlı resurs kimi əhəmiyyət
daşıyır. Bütün bunlarla yanaşı, dərsliklər
respublikanın ümumtəhsil məktəbləri
üçün nəzərdə tutulsa da, təlim şəraitinin,
maraqların, səviyyələrin, situasiyaların müxtəlifliyi
onlardan istifadədə çətinliklər yaradır.
Müəllimlər özlərinin tədqiqatçılıq,
yaradıcılıq imkanlarına istinad etməklə bu
çətinlikləri aradan qaldırmalıdırlar. Onlar
özlərinin fəaliyyətlərini planlaşdırmaqda, həyata
keçirməkdə sərbəst olduqları kimi, onlardan təhsil
strategiyalarına əsasən müəyyənləşdirdikləri
təlim məqsədlərinə uyğun istifadə etməkdə
də müstəqildirlər.
Dərslik
və dərs vəsaitlərindən yaradıcı istifadə
olunması texnologiyası dünyanın inkişaf etmiş
ölkələrində olduğu kimi bizim də
respublikamızda qabaqcıl müəllimlərin iş təcrübəsində
müşahidə olunmaqdadır. Belə müəllimlər
respublikamızın, demək olar ki, bütün
regionlarında vardır. Sentyabr konfranslarında belə müəllimlərin təcrübələri
əsasında müzakirələrin aparılması
faydalı hesab edilir.
Təcrübələr
onu göstərir ki, pedaqoji işçilərimizin, müəllimlərin
daha çox müzakirə obyektinə çevirdiyi məsələlərdən
biri şagird nailiyyətlərinin qiymətləndirilməsidir.
Ümumiyyətlə, qiymətləndirmə cəmiyyətimiz
üçün sosial-pedaqoji əhəmiyyət
daşımaqla stimullaşdırıcı bir vasitədir. Təhsil
müəssisələrində həm də idarəetmə
funksiyası daşıyan bir texnologiya kimi, uzun zaman şagirdlərin
fəaliyyətinin qiymətləndirilməsi mövcud
olmuşdur. Ənənəvi pedaqogikada şagirdlərin
biliyinin 5 balla qiymətləndirilməsi ötəri də
olsa, müəyyən tələblər şəklində
öz əksini tapmışdır. Lakin şagird nailiyyətlərinin
qiymətləndirilməsi pedaqoji problem kimi diqqətdən kənarda
qalmışdır. Son illərdə müstəqil Azərbaycanın
təhsil quruculuğunda qiymətləndirmə pedaqoji problem
kimi geniş vüsət almağa başlamışdır. Bu sahədə müəyyən
araşdırmaların aparılmasına təşəbbüs
göstərilmişdir. Ən başlıcası ölkə
miqyasında şagird nailiyyətlərinin qiymətləndirilməsi
sahəsində sistemin yaranmasına
başlanılmışdır. İlkin olaraq onun
normativ-hüquqi bazasının yaradılması istiqamətində
iş aparılmışdır. 2006-cı
ildə "Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)"nda şagird nailiyyətlərinin
qiymətləndirilməsinin
prinsipləri, növləri, formaları təsbit
olunmuş, 2009-cu ildə isə Azərbaycan təhsilinin
tarixində ilk dəfə "Azərbaycan
Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası" hazırlanaraq Azərbaycan hökuməti
tərəfindən təsdiq olunmuşdur. Dövlət əhəmiyyəti
daşıyan bu sənəddə şagird nailiyyətlərinin
qiymətləndirilməsinin fəlsəfəsi,
ayrı-ayrı növlərinin mahiyyət və məzmunu,
ümumi prosedur qaydaları öz əksini
tapmışdır. Bundan əlavə, ayrı-ayrı fənlər
üzrə təhsil proqramlarında (kurikulumlarda) qiymətləndirmənin
məzmunu (qiymətləndirmə standartları), qiymətləndirmə
vasitələrinə aid nümunələr verilmişdir. Qiymətləndirmə
fəaliyyətinin ardıcıl və sistemliliyini tənzimləmək
üçün "Ümumi təhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması
qaydaları" hazırlanmışdır. Qiymətləndirmənin
məzmun, növ və formalarının müəyyənləşdirilməsi
istiqamətində bu gün də araşdırmalar
aparılır. Daha çox müəllimlərin ehtiyac və
tələbatlarının ödənilməsi istiqamətində
işlər görülür.
Bütün
bu işlərin müzakirə obyektinə çevrilməsi,
onların mahiyyət və məzmunu barədə bilik və
bacarıqların əldə olunması hazırkı şəraitdə
çox aktualdır. Sentyabr konfranslarında
şagird nailiyyətlərinin mahiyyət və məzmunu,
onların dəyərləndirilməsi üçün
prosedur qaydalardan necə istifadə olunması barədə də
müzakirələrin təşkil olunması qiymətləndirmə
məsələlərinin daha dərindən öyrənilməsi
baxımından əhəmiyyət daşıyır. Məktəbdə monitorinqlərin təşkil
olunması, diaqnostik, formativ və summativ məktəbdaxili
qiymətləndirmə növlərinin praktik olaraq tətbiq
edilməsinə dair təcrübə nümunələrinin
nümayiş etdirilməsi, onların ətrafında fikir
mübadilələrinin aparılması məqsədəmüvafiq
hesab edilir.
Məktəbdə
resurslara olan ehtiyac, hər zaman olduğu kimi, bu gün də
vardır. Yeni konsepsiyanın tətbiqi bu ehtiyacı daha da
artırmaqla həm də onun yeni tələblər əsasında
hazırlanmasını, eyni zamanda müxtəlif şəraitə
uyğun olmasını tələb edir. Bu isə müəllimlərin
bilavasitə bu işə qoşulmasını, özlərinin
şərait və tələbatlarına uyğun tədris
resurslarının hazırlanmasını bir zərurət
kimi meydana çıxarır. Nəzərə
alınmalıdır ki, tədris və təlim
resurslarının ümumi pedaqoji prinsiplərə cavab verməsi
vacib şərtdir. Onlar ciddi tədqiqatların nəticəsində
müəyyənləşdirilmiş elmi-nəzəri əsaslara
söykənməlidirlər. Lakin bir texnoloji vasitə kimi həm
də tədris, təlim şəraitinə uyğun qurulmaqla
orijinal xarakter daşımalı, istifadə olunduğu
situasiyalarda səmərəliliyin təminatçısına
çevrilməlidir.
Bunlar
aşağıdakı iki faktorun rolu nəzərə
alınmaqla müzakirə obyektinə çevrilməli və
onların funksiyaları, görəcəyi işlər barədə
fikir mübadiləsi aparılmalıdır. Onlardan birincisi məktəbdir.
Yeni konsepsiyanın tətbiqi, birinci növbədə, məktəbin
fəaliyyətinin təşkilatçılıq və
yaradıcılıq istiqamətində
artırılmasını tələb edir. Bu gün məktəblər
sadəcə tədris, təlim ocaqları olmaqdan əlavə,
həm də ölkəmizin təhsil siyasətini həyata
keçirməkdə məsul olan müstəqil təhsil
müəssisələridir. Onların gələcəkdə
daha uğurlu nəticələr əldə etməsi
üçün, İslahat Proqramında qeyd olunduğu kimi,
"Perspektivdə ictimai-dövlət idarəetmə sisteminə
keçilməsi" nəzərdə tutulur. Odur
ki, məktəb ümumi pedaqoji prinsiplərə əsaslanmaqla
öz işini müstəqil planlaşdırdığı
kimi, özünün metodik ehtiyac və tələbatlarını
da müəyyən etməli, özünəməxsus resurs
bazasının formalaşdırılması istiqamətində
fəaliyyətə başlamalıdır. Bir sözlə, məktəbin tədris, təlim fəaliyyəti
ilə bağlı vəzifələrinin
reallaşdırılması baxımından ona lazım olan
orijinal təlim resurslarının yaradılması istiqamətində
də sistemli tədbirlər həyata keçirilməlidir.
Yeni vəzifələrə
uyğun resursların yaradılması istiqamətində məktəbin
fəaliyyət göstərməsində müəllim amili əsas
faktorlardan biri kimi xüsusi rola malikdir. Bu gün müəllim
sözün həqiqi mənasında sadəcə olaraq müəllim
deyil, o həm də alim-psixoloqdur, alim-pedaqoqdur, alim-metodistdir. Müasir müəllim sadəcə formal olaraq təlim
məşğələlərini qurmaqla işini
tamamlamamalı, o həm də özünün fəaliyyətinə
tədqiqatçılıq, yaradıcılıq xarakteri verməli,
müəyyən olunmuş dövlət standartlarını
(nəticələri) reallaşdırmaq üçün
öz imkanlarına uyğun təlim texnologiyaları,
müvafiq tədris və qiymətləndirmə resursları
hazırlamalıdır. Bu zaman metodbirləşmələrdə
planlaşdırılmış əlaqəli, birgə fəaliyyət
göstərmək mexanizmi yaradılmalı, bu, müəllim
üçün dəstəkləyici pedaqoji mühitə
çevrilməlidir.
Müəllim
haqqında müxtəlif pedaqoji mülahizələrin
olduğu məlumdur. Onun həssaslığını,
yüksək insani hisslərə, qnostik keyfiyyətlərə
malik olmasını dəyərləndirənlər də
vardır. Son zamanlar onun təşkilatçılıq,
öyrətmə, perspektiv, kommunikativ, təlqinedici, tədqiqatçılıq,
elmi-idraki qabiliyyətlərinin olmasına daha çox
üstün yer ayrılır. Əlbəttə, bu keyfiyyətlərin
hamısı müəllim üçün lazımdır və
onların müəllim hazırlığı prosesində
inkişaf etdirilməsi zəruridir.
Lakin
nəzərə alınmalıdır ki, yeni təhsil
konsepsiyasının - yeni məzmun, yeni texnologiya və qiymətləndirmə
sisteminin məktəbə gəlməsi müəllimin bir
şəxsiyyət, pedaqoji texnologiyalar sahibi kimi yeniləşməsini
tələb edir. İlkin müəllim
hazırlığından başlamış pedaqoji fəaliyyətdə
olan müəllimlərə
qədər hamının yeni təhsil sisteminə aid pedaqoji
səriştələrə malik olması müasir tələb
kimi meydana çıxır. Doğrudur, bu gün dərs deyən
müəllimlərin peşəkarlığının
yüksəldilməsi məqsədilə təlim kursları
təşkil edilir. Pedaqoji işçilər, müəllimlər
həmin kurslardan keçirilir. Artıq son 4 ildə 40 minə
qədər təhsil işçisi, müəllim belə
kursları başa vurmuşdur. Bu il V siniflərdə yeni fənlər
üzrə təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə
bağlı olaraq 35 minə qədər müəllim 10
günlük təlim kurslarından keçmişdir. Bu tədbirə 500-dən artıq
xüsusi hazırlanmış təlimçi-mütəxəssis
cəlb edilmişdir. Müəllimlərlə aparılan
sorğulardan belə məlum olur ki, onlar bu kurslarda mərhələlərlə
davamlı olaraq iştirak etmək istəyirlər. Bu fikirlər
müzakirə edilməli, regionlarda, ayrı-ayrı məktəblərdə
müəllimlərin ehtiyaclarını yerinə yetirmək
üçün müxtəlif xarakterli təlim kursları,
pedaqoji mövzularda "dəyirmi masa"lar, müzakirə və
konfranslar keçirilməlidir. Məktəblər, qabaqcıl
müəllimlər bu işlərin təşkilatçısına
çevrilməlidirlər.
Müasir
təhsil sisteminin dəyişməsi, yeni xarakter alması həm
də sinif-dərs sistemində özünəməxsus dəyişikliklərin
baş verməsi ilə müşayiət olunur. Başqa
sözlə, təhsilin inkişafında müasir təhsil
sistemi üçün sinif-dərs sistemindən istifadədə
məhdudiyyətlər, durğunluqlar yaranır. Qeyd olunan bu məhdudiyyətlər,
durğunluqlar dərsin trafaret xarakteri ilə bağlı olan ənənəvi
məzmun və strukturundan irəli gəlir. Bu məzmun və
struktur quru və cansıxıcı olduğundan şagirdlərin
maraq dairəsinə uyğun gəlmir. Özünün
inzibati, monoton təsiri ilə öyrənmə prosesində
maneələr yaradır. Şagirdlərin fəallığı,
təşəbbüskarlığı minimuma enir. Belə bir
şəraitdə şagirdlərin oxumaq istəməməsi,
məktəbdən yayınması, yaxud inzibati qaydalarla, təkidlərlə
məktəbə cəlb olunması kimi hallar baş verir.
Təbii
ki, bunlar bizi düşündürməli, təhsilimizin əsasını
təşkil edən dərsin daha maraqlı qurulması istiqamətində
təkliflər söyləməyə sövq etməlidir. Standart dərslərin yaratdığı
yorğunluq xofunun, problemlərin həllinə yönəldilmiş
qeyri-standart, fəal, yaxud konstruktiv dərs modellərindən
istifadə olunmasının müsbət və ya mənfi tərəfləri
barədə müzakirələr keçirilməli, təkliflər
verilməlidir. Müxtəlif improvizələrdən,
pedaqoji yanaşmalardan istifadə etməklə dərslərini
şagirdlər üçün sehrli aləmə çevirə
bilən müəllimlərin fikirləri dinlənilməli, təcrübələri
müzakirə obyektinə çevrilməlidir.
Bugünkü
təhsil quruculuğu işimizdə başlıca istiqamətlərdən
biri öz istedadları ilə fərqlənən
uşaqların aşkara
çıxarılması və onların inkişaf etdirilməsi
üçün müvafiq iş sisteminin qurulmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il
tarixli sərəncamı ilə təsdiq edilmiş
"Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)" əsasında
həyata keçirilmiş tədbirlər belə bir iş
sisteminin formalaşması üçün şərait
yaratmışdır. Respublikamızda istedadlı
uşaqların təhsil alması, inkişaf etməsi
üçün 12 lisey və gimnaziya, 36 ümumtəhsil məktəbində
60-a yaxın lisey sinifləri açılmışdır.
Eyni zamanda şagirdlərin bacarıq və qabiliyyətlərini
inkişaf etdirmələri üçün "Kiçik
akademiya"lar yaradılmışdır. Fəxr olunmalı
haldır ki, 1998-2011-ci illər arasında Azərbaycan məktəbliləri
dünya fənn olimpiadalarında 18 qızıl, 38
gümüş, 71 bürünc medal almışlar.
Biz
bu faktlara istinad etməklə şagirdlərin öyrənməyə
həvəsini daha da artıra, ardıcıl və sistemli
müşahidələrin nəticəsi kimi istedadı olan
uşaqlarımızı seçə və onların
inkişaf etdirilməsi istiqamətində mütəmadi
iş apara bilərik.
Bu, təhsil sistemində çalışan hər kəsin vəzifəsi
olmalıdır.
Bu
gün təhsilimizin gündəmdə olan ən prioritet
problemlərindən biri onun idarə olunmasıdır.
Müasir şəraitdə keyfiyyətin idarə olunması
kimi vurğulanan bu texnologiya aktual olduğu qədər də
araşdırma tələb edən bir məsələdir.
Mahiyyət etibarı ilə keyfiyyətin idarə olunması,
təbii olaraq, inzibati amirlik üsulunu sıradan
çıxarır, təhsildə demokratik idarəetmənin
təminatçısına çevrilir.
Müzakirələrdə
keyfiyyətin idarə olunmasından danışarkən
"Ümumi təhsil pilləsinin
dövlət standartı və proqramları
(kurikulumları)" sənədinin 3-cü
bölümündəki müddəalara müraciət
olunması tövsiyə edilir. Oradakı
müddəalardan birində göstərilir ki, "Ümumi təhsilin
idarə olunması hesabatlılıq, məsuliyyətin
bölüşdürülməsi və inkişafın
monitorinqi prinsipləri əsasında həyata
keçirilir". İnkişafın monitorinqinin mahiyyəti
açıqlanarkən qeyd olunur ki, "İnkişafın
monitorinqi mövcud idarəetmə sisteminin məqsədyönlülük
səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin
dinamikasını müəyyən etməklə
planlaşdırma və icra sistemində zəruri dəyişikliklər
ardıcıllığını təmin edir". Bu
yanaşma tərzi tam mənasında keyfiyyətin idarə
olunmasıdır. Ona görə də ümumtəhsil
məktəblərində keyfiyyətin idarə
olunmasını reallaşdırmaq üçün
hesabatlılıq, məsuliyyətin
bölüşdürülməsi və inkişafın
monitorinqi prinsiplərinin həyata keçirilməsi
imkanlarını götür-qoy etmək, təcrübə
mübadiləsi aparmaq konfranslarda müzakirə obyektinə
çevrilməlidir.
Müasir zamanda məktəb-valideyn əlaqələri
ənənəvi qaydalarla davam edə bilməz. Təhsil
üçbucağında valideynin məsuliyyəti daha da
artır. O, özünün seyrçi mövqeyindən təhsil
prosesinin fəal üzvünə çevrilir.
İnformasiyaların artdığı, məktəbdə fəallığın
çoxaldığı bir zamanda şagirdlərin öyrənmə
prosesində valideynin iştirak etməsi, onun bu prosesə dəstək
olması zəruri bir tələb kimi meydana
çıxır. Ona görə də məktəb
özünün maarifləndirmə missiyasını daha fəal
həyata keçirməklə valideynlərin ümumi səviyyəsini
yüksəltməyə, bununla onların valideyn
maraqlarının güclənməsinə səbəb
olmalıdır. Başqa sözlə, təhsildə gedən
dəyişikliklərin milli və bəşəri zəmində
olması, uşaqların əqli keyfiyyətlərinin
inkişaf etdirilərək dünyanın intellektual səviyyəsinə
çatdırılması barədə maraqlı tərəf
olan valideynlərə vaxtaşırı məlumatlar verilməli,
onlarla mütəmadi söhbətlər
aparılmalıdır.
Konfranslarda müzakirə obyektinə
çevrilməli məsələlərdən biri də məktəbəqədər
təhsillə bağlı olmalıdır. "Təhsil
haqqında" Azərbaycan Respublikasının qanununda məktəbəqədər
təhsil təhsilin ilk pilləsi kimi təsbit olunur və onun
müvafiq təhsil proqramı (kurikulumu) əsasında həyata
keçirildiyi qeyd edilir. Nəzərə
alınmalıdır ki, təhsil haqqında qanundan irəli gələn
vəzifə kimi "Məktəbəqədər təhsil
proqramı (kurikulumu)", o cümlədən ölkəmizin
tarixində ilk dəfə olaraq məktəbəqədər
təhsil standartları hazırlanmışdır. Məktəbəqədər
təhsilin məzmununu ifadə edən həmin standartlar
ölkə miqyasında təsdiq edilərək qəbul
olunmuşdur. Eləcə də məktəbəqədər
təhsil strategiyaları və qiymətləndirmə mexanizmləri
müəyyən edilmişdir. Artıq hazırlanmış
yeni sistemin tətbiq olunması üçün bir sıra tədbirlər
həyata keçirilir. Yeni sistemin mahiyyət və məzmununu
əhatə edən təlim kursları üçün
proqram hazırlanır, təlim kurslarının təşkili
və həyata keçirilməsi, pilot müəssisələrinin
müəyyən olunması istiqamətində tədbirlər
görülür. Bu yenilikləri öyrənmək, gələcəkdə
onların tətbiq olunması üçün hazırlıq
işləri aparmaq hər bir məktəbəqədər təhsil
müəssisəsinin təxirəsalınmaz vəzifəsi
hesab edilməli və sentyabr konfranslarının müzakirə
obyektinə çevrilməlidir.
Heç şübhəsiz, sentyabr
konfransları yüksək pedaqoji şura kimi təhsil həyatımızda
birillik fəaliyyətimizin, demək olar ki, bütün məsələlərini
əhatə etməklə istiqamətverici rol oynayacaqdır.
Onun təşkilində və keçirilməsində Azərbaycan
Respublikası təhsil nazirinin "Təhsil işçilərinin
2012-ci il sentyabr konfranslarının keçirilməsi
haqqında" 1451 nömrəli, 22.08.2012-ci il tarixli əmri
rəhbər tutulacaq, həmin əmrdən irəli gələn
vəzifələrə uyğun olaraq geniş müzakirələr
aparılacaq, təkliflər hazırlanacaq və Təhsil
Problemləri İnstitutuna göndəriləcəkdir.
Abdulla
MEHRABOV,
Təhsil
Problemləri İnstitutunun
direktoru, professor,
Ənvər
ABBASOV,
Təhsil
Problemləri İnstitutunun
direktor müavini, dosent
Azərbaycan
müəllimi.- 2012.- 31 avqust.- S.4.