Şagirdlərə düzgün və savadlı yazı mədəniyyəti
aşılamaq məktəbin vəzifəsidir
Dilimizin gözəlliyini duymaq, mənimsəmək,
bu gözəlliyi hər zaman təbliğ etmək, bu dildə
düzgün və gözəl damşmaqla hamıya nümunə
olmaq hər şəxsin ümdə vəzifəsidir.
Hazırda təhsilimizin qarşısında duran mühüm
vəzifələrdən biri də yüksək bilik və
bacarığa, müstəqil düşüncəyə və
yaradıcı təfəkkürə malik, öz vətənini
böyük məhəbbətlə sevən, milli və bəşəri
dəyərlərə hörmət edən şəxsiyyət
formalaşdırmaqdır ki, bu işin də böyük
ağırlığı humanitar fənlərin, xüsusilə
də Azərbaycan dili və ədəbiyyat fənlərinin
üzərinə düşür.
Şəxsiyyəti səciyyələndirən
əsas amillərdən biri də şəxsin
özünü ifadə etmək bacarığı, yəni
onun nitqidir (Sokratın "Bir səsini çıxar, deyim ki,
sən kimsən" aforizmi burda lap yerinə
düşür). Danılmaz faktdır ki, hər bir insanın
intellekt və bilik səviyyəsi, mədəniyyəti onun
nitqində təzahür edir. Bu nitqi formalaşdırmaq,
inkişaf etdirmək, şagirdlərə düzgün və
savadlı danışıq mədəniyyəti vərdişləri
aşılamaq isə məktəbin vəzifəsidir. Etiraf edək
ki, bu gün məktəblərdə yaşanan ən
böyük problemlərdən biri məhz nitq problemi -
şagirdlərin doğma dildə səlis danışa bilməməsidir.
Belə ki, şagirdlərin əksəriyyəti fikrini sərbəst
söyləyə bilmir, dərs danışanda söz
tapmağa çətinlik çəkirlər. Az-çox
danışa bilən şagird də fikrini çox sadə
"uşaq cümlələri" şəklində ifadə
edir. Eyni vəziyyət inşa yazıda da müşahidə
olunmaqdadır. Şagirdlər düşündüklərini
yazıya çevirməkdə əziyyət çəkirlər,
nəticədə çoxlu sayda üslub səhvlərinə
yol verirlər.
Bəs
şagird nitqinin
formalaşması və mədəni sferaya
daxil olması üçün
nə etmək lazımdır?
İlk növbədə,
mütaliə mədəniyyəti
formalaşdırılmalıdır. Öz
təcrübəmə əsaslanaraq, şagirdlərdə nitq mədəniyyətinin
formalaşdırılmasında və inkişaf
etdirilməsində mütaliənin əvəzsiz rolunu və
yazı işlərindən istifadənin zəruriliyini əsaslandırmağa
çalışacağam.
Danılmaz faktdır ki, mütaliə şagirdin nitqini həm
formalaşdırır, həm də zənginləşdirir.
Mütaliə zövq və təfəkkürü
tərbiyə edir. Oxunan hər bir
kitab, istər elmi, istərsə
də bədii olsun, şagirdin
dünyagörüşünü
artırır, ona həyat hadisələrindən
baş açaraq düzgün istiqamətlənməyə,
müstəqil öyrənməyə və qərar verməyə
kömək edir. Bu
da nəticə etibarı ilə yenə də
şagirdin düzgün,
mədəni nitqində təzahür edir.
Çox mütaliə edən
uşaqların intellekti sürətlə
inkişaf edir və
başqalarından fərqlənir. Bunun bariz nümunəsi cəmiyyətdə
mütaliə edən uşaqlarla
mütaliə etməyən uşaqlar
arasındakı kəskin fərqdir ki, bu fərq ünsiyyət prosesində dərhal
üzə çıxır.
Mütaliə
şagirdin qərarvermə qabiliyyətini
püxtələşdirir, sözü
keçən bir insan
olması üçün şərait
yaradır.
Uşaqlarda mütaliə vərdişinin
erkən yaşlardan aşılanması olduqca vacib amildir.
Bu vərdişin əsası
aşağı siniflərdə düzgün
qoyularsa, ardıcıl aparılarsa və dinamik şəkildə inkişaf
etdirilərsə uğurlu nəticə əldə etmək olar.
Bunu nəzərə alaraq mən dərs dediyim
siniflərdə həftədə bir dəfə
mütaliə saatı təşkil edirəm (həmin gün dərs ilinin əvvəlindən
müəyyənləşdirilir və dəyişməz olaraq qalır). Mütaliə olunacaq
kitablarda mövzuların müxtəlif, rəngarəng
olmasına çalışıram. Məsələn,
həftənin bir günü
dünya ədəbiyyatına - "Dünya ədəbiyyatından seçmələr"
mövzusuna həsr olunursa,
o biri dərs həftəsi
folklor ədəbiyyatına -
nağıllara, dastanlara, lətifələrə
və s. həsr olunur.
Sinifdənxaric oxuya ayrılmış dərs
saatında oxunan əsərlər birgə
müzakirə olunur. Bu
həm qrup şəklində, həm fərdi
həyata keçirilə bilər. Əsərlərin təhlili
zamanı "Müəllif nə demək istəyir?",
"Əsər sənə nə öyrətdi?", "Siz qəhrəmanın yerinə
olsaydınız nə edərdiniz?", "Əsərin sonluğunu sən necə bitirmək istərdin?",
"Hansı fikirlə
razılaşmırsan?" suallarının ətrafında
gedən müzakirələrdə müxtəlif nöqteyi-nəzərlərin
toqquşması əsərin məzmununu daha
yaxşı qavramağa imkan
yaradır, nəticəçıxarma prosesinə müsbət
təsir edir. Şagird
hər hansı bir mövzunun,
ideyanın, problemin həllində
müəllimlə birgə bərabərhüquqlu şəxs
qismində çıxış edir. Şagirdin özünə inamı artır, o öz fikrini
çatdırmağa qorxmur, potensial imkanlarını gerçəkləşdirir.
Bütün bunlar
şagirddən müstəqil, öz fikirlərində,
mühakimələrində azad
olmağı, məsuliyyətli və tənqidi
düşünməyi, mövqeyini
müdafiə etmək bacarığını tələb edir. Bu tələb bugünkü cəmiyyətin, sürətlə
dəyişən dünyamızın real
tələbidir. Təlim isə bu
reallıqlardan, inkişafdan kənarda mövcud ola bilməz. Əksinə,
təlim bu reallıqların birbaşa mərkəzində dayanıb, yeni cəmiyyətə, inkişafa
təkan verən həlledici amildir. Biz daim dəyişən həyatın şəraitinə
uyğunlaşmaq üçün
çevik, hər bir
şəraitdən tez baş
çıxaran, təşəbbüs göstərməyi,
müstəqil olaraq yeni
məsələləri qarşıya qoymağı və qərar
qəbul etməyi bacaran şagird
- şəxsiyyət yetişdirməliyik. Bunun üçün həmin şagird-şəxsiyyətə
"danışmağa imkan verməliyik".
Əgər biz istəyiriksə uşaqlar dediyimizi etsinlər,
ancaq onlara özləri
bildiyi kimi fikirləşməyə
və fikirlərini bizimlə bölüşməyə imkan vermiriksə, deməli, birinci
maneəni özümüz
yaradırıq. Şagirdlərə ağıllı, məntiqli
söz demək
azadlığı verilməlidir ki, onlar sabah "çətinləşən
dünyamızdan" baş
çıxara bilsinlər. Gəlin
razılaşaq ki, "Danışmaq
gümüşdürsə, susmaq
qızıldır" tendensiyası bugünkü
cəmiyyətə aid edilə bilməz. Əminəm
ki, mənimlə razılaşmayanlar da olacaq. "İndiki uşaqlar ancaq kompüterlə maraqlanır", "Əksəriyyət
mütaliəyə önəm verir".
"Yaxşı əsərlər yazılmır" fikri ilə az-çox mən
də razıyam. Ancaq bütün
bunların obyektiv səbəbləri olduğu kimi subyektiv səbəbi də var.
Həmin subyektiv səbəb mütaliəni
sevdirə bilməyən müəllimdir. Mütaliə mədəniyyətinin
formalaşdırılmasında ailənin də rolu inkarolunmazdır.
Yadımdadır, dərs
dediyim sinifdə şagirdlərlə birgə
Çingiz Aytmatovun
"Dəniz kənarı ilə qaçan
Alabaş" əsərini təhlil edirdik. Əsər şagirdlərin o qədər xoşuna gəlmişdi
ki, müəllifın digər əsərlərini
də sevərək oxuyan şagirdlər
tapıldı.
Nitqin inkişafı Azərbaycan dili təliminin ana xəttini təşkil edir. Azərbaycan dili
proqramında şagirdlərin
nitqini inkişaf etdirmək ön planda dayanır və bu işə
"Rabitəli nitqin inkişafı" adlı
xüsusi bölmə
həsr olunur. Həmin bölmə 5-11-ci siniflərin
hər birində verilir, ona ayrıca
vaxt ayrılır.
Şagirdlərin düzgün yazı
və nitq vərdişlərinə yiyələnməsində
rabitəli nitqin inkişafına ayrılmış
saatların mühüm
əhəmiyyəti var.
Sovet təhsil sistemində müstəqil
düşüncə qəbul
edilmədiyindən inşa
yazılarını əzbərləyib
köçürmək bir
ənənə idi.
Bu, həm orta, həm də ali məktəblərdə
tətbiq olunurdu. Biz, o cümlədən, mən sovet təhsil sisteminin yetirməsi kimi bu ənənə ilə tərbiyə alıb böyümüşük.
Öz fikrimizi deməyə imkan vermədikləri üçün düşündüyümüzü
deməkdən və yazmaqdan çəkinmişik.
Bu "qorxu" bizdə zaman-zaman bir növ kompleksə çevrilib. Ancaq az da olsa, məktəblərdə
adıçəkilən problem bu gün də
yaşanmaqdadır. Müəllim işlədiyim müddətdə
daim buna qarşı mübarizə
aparmışam. Şagirdlərin müstəqil fikir söyləmək, fikrini izah etmək və müstəqil inşa yazmaq qabiliyyətini inkişaf etdirməyə çalışmışam.
Dəfələrlə şagirdlərimə bildirmişəm ki, onların fıkri mənim üçün maraqlıdır. Dərsi əzbərləmək
olar, fikirləri əzbərləmək olmaz.
Fikir müstəqil düşüncənin
ifadəsidir. İnşa yazı
kitablarındakı şablon
fikirləri əzbərləmək
kimin isə fikirlərini yamsılamaq deməkdir. "Hazır fikirlər, düşüncələr" şagirdlərin sərbəst
düşünmək qabiliyyətini
əlindən alır.
Şəhidlik, vətən, torpaq
haqqında boğazdan
yuxarı yazılmış,
təkrarlanan sözlər
şagirdləri yalançı
vətənpərvərə çevirir. Bəs çıxış
yolu nədədir?
Məlum məsələdir ki, bu gün
təhsilin qarşısında
duran mühüm vəzifələrdən biri
şagirdlərin qazandıqları
biliklərin praktikada əhəmiyyətini dərk
etməsidir. Yəni şagird fıkirlərini
nə üçün
paylaşdığını, bunun nə kimi
əhəmiyyəti olduğunu
dərk etməlidir.
Özünüz düşünün,
on bir il
inşa, esse və s. yazan şagird yazı işini nə üçün yazdığını
dərk edə bilmir. Bunun şagirdlər tərəfindən
yanlış olaraq mənasız olduğunun qəbul olunması onlarda pis vərdişə
çevrilir. Buna görə də onlar üzündən köçürməyi adət
edirlər.
Şagirdlər, o cümlədən müəllimlər bilməlidir
ki, inşa yazı işi sərbəst düşüncə
tərzi formalaşdırır,
şagirdlərin rabitəli
nitq vərdişini inkişaf etdirir, lüğət ehtiyatını,
ünsiyyət bacarığını,
düşündüklərini yazıya çevirə bilmək qabiliyyətini zənginləşdirir.
Şagirdlərin hər hansı
bir mövzu ətrafında istək və arzularına, fikirlərinə müəllim
tərəfindən müəyyən
istiqamət verilərsə,
həmin fikirlər öz ifadəsini yazı işində mütləq tapacaq.
Sərbəst yazı işləri şagird xarakterinin açılmasında
mühüm rol oynayır. Eyni mövzuda yazılan yazı işləri şagirdlərin müxtəlif
baxışlarını ortaya
qoyur. Öz təcrübəmdən misal çəkmək istəyirəm. İş fəaliyyətimə
yenicə başladığım
illərdə şagirdlərim
Xocalı faciəsinin
on ikinci ildönümünə
həsr olunmuş broşüra hazırlamışdılar.
Yekun olaraq, hər şagird fikrini bir cümlə ilə bitirmişdi. Fikirlər olduqca müxtəlif emosiyaların ifadəsi idi. Bu gün
də o sözləri
xatırlamaqla anlayıram
ki, hər şagirdin özünəməxsus
"dünyası" var. Bu dünyanı kəşf etmək, anlamaq isə biz müəllimlərin
borcudur. Məsələn, şagirdim Kənanın ən böyük arzusu o idi ki,
tezliklə Qarabağ müharibəsi bitsin və biz o yerlərə qonaq gedək. Başqa bir şagirdimin arzusu o idi ki,
o gün olsun, Qarabağda işığımız
yansın. Guya Qarabağda hərbi xidmətdə olan şagirdim Rəşadın
isə anasına yazdığı məktub
olduqca təsirləndirici
idi: "Ana, məktubu
səndən uzaqlarda yazsam da, ürəyim
səninlədir. Ana, buralar çox soyuqdur. Ancaq deyə bilmərəm, bəlkə sənsizliyim məni bu qədər
üşüdür?".
Göründüyü kimi, hər
cümlənin arxasında
sevən, nifrət edən, arzuları olan, fikirlərini başqaları ilə paylaşmaq istəyən bir insan xarakteri
dayanır. Əsl müəllim odur ki, şagirdin daxili dünyasına nüfuz edə, onu kəşf edə bilsin. Əgər bunu bacarmırıqsa, günahı şagirddə
yox, özümüzdə
axtarmalıyıq. Əminəm ki, tətbiq olunan kurikulum nitq problemini zaman-zaman aradan qaldıracaq.
Natəvan MƏMMƏDOVA,
Bakıdakı E.Məmmədov adına
189 nömrəli tam orta məktəbin
Azərbaycan dili və
ədəbiyyat müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 31 avqust.- S.5.