Ən
gənc Nobel mükafatı laureatı
Dahi
ingilis fiziki Uilyam Lourens Breqq Nobel mükafatları tarixində
bu ali elmi mükafata layiq görülmüş ən gənc
alim hesab olunur. O, London Kral Cəmiyyətinin sədri (1911),
Mançester Universitetinin professoru (1919-37-ci illər), Milli
Fizika laboratoriyasının direktoru (1937-1938-ci illər), məşhur
Kavendiş laboratoriyasının professoru və direktoru
(1938-1958-ci illər), Kral İnstitutunun direktoru olub. Kavendiş
laboratoriyasında məhz onun rəhbərlik etdiyi dövrdə
- 1953-cü ilin fevralında Ceyms Uotson, F.Krik və R.Franklin tərəfindən
DNK strukturu kəşf olunub. O, Con Bernal, Laynus Polinqlə birlikdə
zülalların struktur analizinin əsasını qoyub. Onun elmi fəaliyyəti rentgen
şüalarının difraksiyası nəzəriyyəsi,
rentgen quruluş analizi, metallurgiya, metal və ərintilərdə
polimorfizm və fəza keçidləri məsələlərinə,
zülalların kimyası, fizikanın tarixi məsələlərinə
həsr olunub. O, ABŞ, Fransa,
İsveç, Çin, Niderland, Belçika elmlər akademiyalarının
həqiqi üzvü seçilib.
Uşaqlıq illəri
Uilyam Lourens
Breqq 1890-cı il martın 31-də Avstraliyanın Şimali
Adelaida vilayətində doğulub. O uşaqlıqdan hər
şeyə diqqət kəsilib və elmə maraq göstərib.
Onun atası Uilyam Henri Breqq Adelaida Universitetində riyaziyyat və
fizika professoru olub. Atası uşaq yaşlarından onda elmə
maraq oyada bilib. 5 yaşında ibtidai məktəbə gedən
Lourens velosipeddən yıxılaraq qolu sınıb. Onun
atası, Vilhem Rentgenin eksperimentlərindən tələbələrə
mühazirələr oxuyan professor Uilyam Breqq bir qədər əvvəl
kəşf olunmuş rentgen şüalarından istifadə edərək
yaratdığı cihaz vasitəsi ilə oğlunun
sınmış qolunun diaqnozunu qoyub. Bu, Avstraliyada rentgen
şüalarının cərrahiyyə məqsədlərində
ilk tətbiqi idi. Breqq çox
qabiliyyətli tələbə olub. 1904-cü ildə Müqəddəs
Pyotr Kollecində təhsilə başlayan Lourens 14
yaşında Adelaida Universitetinə daxil olub. Riyaziyyat və
fizikanı əla qiymətlərlə oxuyan Uilyam universiteti 3
ilə başa vurub. 1904-cü ildə onun atası Lids Universitetində işləmək
təklifi alır və ailə İngiltərəyə
köçür. Lourens 1909-cu
ildə Kembricdə Triniti Kollecinə daxil olub. Gənc Lourens
ağciyərin soyuqdəyməsindən yataqda ola-ola imtahan verib və
riyaziyyat fənnini öyrənmək üçün təqaüdə
layiq görülüb. Təhsilinin
ilk illərində riyaziyyatı mükəmməl surətdə
mənimsəyən Breqq sonrakı dövrdə fizikanı
öyrənib və universiteti 1911-ci ildə başa vurub.
Atası universitet tələbəsi olan oğluna radioaktivliyi
və rentgen şüalarını tədqiq etməyi məsləhət
görüb. Tez-tez ata və oğul arasında fizikanın
aktual problemlərinə dair qızğın mübahisələr,
diskussiyalar davam edib.
İlk məşhurluq
Gənc Breqqə ilk və daha
böyük məşhurluğu qazandıran onun kristallarda
rentgen şüalarının difraksiyası hadisəsini (Breqq
qanununu) kəşf etməsi olub. Breqq qanunu kristallarda rentgen
şüalarının keçdiyi yolda əmələ gələn
difraksiya mənzərələrində atomların yerləşməsini
qiymətləndirməyə imkan verirdi.
Breqqin rentgen
difraksiyanın köməyi ilə ilk dəfə tədqiq
etdiyi maddə natrium-xlorid, daha sadə dildə desək, adi
xörək duzu idi. 1913-cü ildə maddələrin atom nəzəriyyəsi
artıq öz təsdiqini tapmışdı və belə
hesab olunurdu ki, kimyəvi maddələr müxtəlif elementlərin
atomlarından təşkil olunmuş molekullardan ibarətdir. Məsələn,
hesab olunurdu ki, natrium-xlorid natrium və xlor atomlarından ibarətdir.
Breqqin tədqiqatları isə göstərmişdi ki,
natrium-xlorid kristalları molekullardan deyil, müəyyən
şəkildə düzülmüş natrium və xlor
ionlarından ibarətdir. Kristalda natrium-xlorid molekulu yoxdur. Beləliklə
də ilk dəfə olaraq molekul (kristalları molekullardan ibarət)
və ion (kristalları ionlardan ibarət) birləşmələri
arasında fərq müəyyən olunmuşdu. Bu kəşfin alimlər
üçün çox böyük əhəmiyyəti var
idi və tədqiqatçılara məhlulların vəziyyətini
daha yaxşı anlamağa imkan verirdi. O bu kəşfi 1912-ci ildə,
Kembric Universitetində tələbə-tədqiqatçı
kimi fəaliyyətinin ilk ilində etdi. Lourens öz
ideyasını Linds Universitetində rentgen spektrometr
qurğusunu hazırlamış
atası ilə müzakirə edib. Bu qurğu böyük
miqdarda kristalları təhlil etməyə imkan verirdi. Ata və
oğulun əməkdaşlığı bir çox insanlarda
belə bir təəssürat yaradırdı ki, tədqiqatların
təşəbbüskarı Lourensin atasıdır. Bu cür
yanaşma gənc Lourensi bir qədər pərt edirdi. Breqqin tədqiqatları
birinci və ikinci dünya müharibələri illərində
təxirə salınıb. Hər iki müharibə
dövründə Breqq düşmən toplarının səs
vasitəsi ilə müəyyən olunması metodu üzərində
işləyib.
Nobel mükafatını atası ilə
bölüşüb
Beləliklə
də məhz Lourens Breqq ilk dəfə kristal strukturların
öyrənilməsinə cəhd
edib və bu zaman onun 22 yaşı var idi. Tezliklə onun
atası da kristal strukturların öyrənilməsinə
maraq göstərməyə başlayıb. O bundan ötrü xüsusi cihaz -
spektrometr yaratmışdı. İlkin tədqiqat materialı
kimi NaCl, KCl KBr, almaz, ZnS
(sfalerit) seçilmişdi.
"X şüalarının spektrometri yeni dünya
açdı. O, kristal strukturların analizində Laue fotoqrafiyasından daha
güclü vasitə oldu. Bu mərhələdə atam və
mən bütün qüvvələrimizi birləşdirərək
1913-cü ilin bütün yayını həvəslə
işlədik. Bu, olduqca məftunedici vaxt idi, biz hər gün
gecə yarısına kimi işləyir, sükuta qərq olmuş
laboratoriyamızda qarşımızda açılan yeni
dünyanı öyrənirdik",-deyə sonralar Lourens Breqq
xatırlayırdı. 1915-ci ildə
ata və oğulun rentgenstruktur analizə həsr olunmuş ilk
monoqrafiyası işıq üzü görüb. Tədqiqat
materialında 33 maddənin quruluşu təsvir olunmuşdu. Elə
həmin il Lourens Breqq 25 yaşında Nobel mükafına layiq görülmüş ən gənc
alim olmasına dair xəbər alıb. O, rentgen
şüalarının köməyi ilə kristalların tədqiqi
sahəsində xidmətlərinə görə bu yüksək
elmi mükafata layiq görülmüşdü. Lourens Breqq həm
də Nobel mükafatı tarixində ilk dəfə olaraq ali
mükafatı öz atası ilə
bölüşmüş alim hesab olunur. 1915-ci ildə Avropada
Birinci Dünya müharbəsi davam etdiyindən Lourens Breqqə
onun adını tarixə yazdırmış ali mükafat
yalnız 1922-ci ildə təqdim olunmuşdu.
Tezliklə
kristal strukturların müəyyən olunmasına
dünyanın bir çox ölkələrindən olan
böyük tədqiqatçı
qruplar cəlb olunub. Lakin ata və oğul Breqqlər rentgenstruktur
analizin baniləri kimi uzun illər ərzində bu
mühüm elmi istiqamətin
liderləri hesab olunublar.
Onlar London Kral İnstitutunda üzvü kristalların
quruluşunu öyrənən tədqiqat qrupuna rəhbərlik
ediblər. 1953-1966-cı illər ərzində Kral
İnstitutuna Lourens Breqq rəhbərlik edib. Kristalların
quruluşuna dair təhlil materialları 1920-ci ildə Lourens
Breqqə atom radiuslarının ilk cədvəlini yaratmağa
imkan verib. Bu cədvəl sonradan alman alimi Viktor Qoldşmidt və
XX əsrin dahi alimi Laynus Polinq tərəfindən yenidən
gözdən keçirilib. Məhz bu tədqiqat işi yeni
elmin - kristalloqrafiyanın əsasını qoyub.
20-ci illərin
sonlarında Mançester Universitetində Lourens Breqq və
onun tələbələri silikatların strukturlarının
müəyyən olunması üzrə klassik işləri həyata
keçiriblər. Bu strukturların tədqiqi kristalloqrafiyada və
rentgenstruktur analizi sahəsində əsl zəfər idi.
Silikatlar qeyri-üzvü kimyəvi birləşmələrin
çox əhəmiyyətli sinfini təşkil edir. Onlar Yer
qabığının əsasını təşkil edir və
texnikada geniş tətbiq olunurlar. Təbiidir ki, bir çox
kimyaçılar silikatların strukturunun öyrənilməsinə
cəhd etmişdilər, lakin bütün cəhdlər səhv
nəticələr vermişdi. Breqqin inkişaf etdirdiyi
konsepsiyaya müvafiq olaraq isə silikatların rəngarəngliyi
SiO4 və ALO4 tetraederlərinin müxtəlif cür birləşmə
üsulları ilə izah olunur.
Bu konsepsiya kimya və geokimyanın müxtəlif sahələrinin
əsasını təşkil edir.
Elm təşkilatçısı
Lourens Breqq
1938-ci ildə məşhur Ernest Rezervordun vəfatından bir
il sonra XX əsrin əvvəllərində dünyanın ən
böyük elm mərkəzi hesab olunan Kavendiş
laboratoriyasına rəhbərlik etməyə başlayıb.
Rezervordun vəfatından sonra bu mərkəz dağılma ərəfəsində
idi. Rezervordun iki ən istedadlı tələbəsi P.Blekett və
C.Çedvik (Nobel mükafatı laureatları) laboratoriyanı
tərk etmişdilər. Onlar digər universitetlərin
müvafiq kafedralarında yer
almışdılar və öz elmi məktəblərini
yaratmışdılar. Breqq Rezervorddan sonra mərkəzdə
qalan alimləri laboratoriyada saxlamaq və Kavendişin
şöhrətini bərpa etmək üçün hər
hansı təşəbbüsdə bulunmadı. O,
Kavendişdəki kabinetində oturar və tez-tez bu sözləri
təkrar etməyi sevərdi: "Biz
bütün dünyaya nüvə fizikası ilə necə
məşğul olmağı həvəslə öyrətdik.
İndi isə gəlin, dünyaya göstərək ki, yeni
mövzu üzərində necə işləmək
lazımdır". Kembric Universitetinin tələbəsi,
sonralar tanınmış nəzəri fizika alimi olan F.Dayson
Breqqin elmi təşkilatçılıq istedadını
araşdırıb. O, Breqqin ilk
baxışdan fəlakətli görünən vəziyyətdən
necə məharətlə çıxmasını təhlil
edib. F.Dayson belə bir nəticəyə gəlib ki, dahi
ingilis alimi daim aşağıdakı 3 qadağa qaydasına əməl
etməklə böhranlı vəziyyətdən
çıxa bilib:
-
Keçmiş şöhrəti bərpa etməyə dəyməz.
-Hər
hansı mövzu üzərində təkcə onun dəbdə
olduğuna görə işləməyə dəyməz.
-Nəzəriyyəçilərin
yüksək təkəbbürlülüyünə və
istehzasına məhəl qoymağa dəyməz.
Çox
maraqlı faktdır ki, Uilyam Breqq Kavendiş
laboratoriyasını onun şöhrətinin gur
çağında tərk edib. Öz sələfi məşhur
Ernest Rezervorddan fərqli olaraq
Breqq özündən sonra elmi mərkəzi
dağılmağa qoymayıb. Əksinə, Breqqdən sonra
Kavendiş laboratoriyasının elm kollektivi xarici rəqabətin (Amerika)
artmasına baxmayaraq, molekulyar biologiya və radioastronomiyanı
inkişaf etdirib.
Tələbələri ilə öyünən
xoşbəxt alim
Lourens Breqqin
elm sahəsində şəxsi xidmətləri nə qədər
böyükdürsə, onun
bilavasitə yaratdığı və rəhbərlik etdiyi elmi tədqiqat
qruplarının əldə etdiyi nəticələr də
kifayət qədər dəyərlidir. Breqq öz
dövründə görkəmli elmi təşkilatçısı,
nəhəng elmi potensiala malik, geniş elmi
dünyagörüşlü tədqiqatçı kimi
tanınıb. İkinci
Dünya müharibəsinin başa çatmasından sonra
Lourens Kembricə qayıdıb.
O, Kavendiş laboratoriyasını tədqiqat qruplarına
bölüb. L.Breqq hesab edirdi
ki, ideal tədqiqatçı vahidi 6-12 alim və bir neçə
assistentdən ibarət qrupdur.
1948-ci ildə Breqq zülalların quruluşuna maraq göstərib.
Bioloji problemlərin tədqiqində fiziki metodları tətbiq
edən qrupun yaradılmasında qismən onun da əməyi
vardı. O, 1953-cü ildə DNK strukturunun kəşfində
aparıcı rol oynamışdı. Onun başlıca xidməti
isə rəhbərliyi altında Kavendiş laboratoriyasında
işləyən Ceyms Uotson və Frensis Krikə hərtərəfli
dəstək göstərməsində idi. Breqq bir alim kimi
xoşbəxt idi və tələbələri ilə fəxr
edirdi. Onun 40 il əvvəl
hazırladığı metod tələbələrinə
DNK molekulunun strukturunu açmağa imkan vermişdi. Elə həmin
vaxtlarda Breqqin daha bir tələbəsi Maks Peruts hemoqlobinin
strukturuna dair tədqiqatlar aparıb və tezliklə bu iş
də Nobel mükafatına layiq görülüb. Breqq
sistematik olaraq DNK molekulunu kəşf etdiklərinə görə
Krik və Uotsonun Nobel mükafatına təqdim
olunmasını təbliğ edirdi. Nəticədə, 1962-ci
ildə Krik və Uotson fiziologiya və tibb sahəsində Nobel
mükafatına layiq görüldülər. 1953-cü ilin aprelində Breqq
Londonda Kral Cəmiyyətinin daimi professoru vəzifəsinə
təklif alır. O belə bir təklif irəli sürür
ki, cəmiyyət ictimai iş aparmalıdır. O, məktəblilər
üçün eksperimentlərdən ibarət bir sıra
mühazirələr təşkil edib. Onun ideyası
böyük ruh yüksəkliyi
ilə qəbul olundu və 1965-ci ildə 20000 məktəbli hər
il bu mühazirələrdə iştirak edib. O, Kral Cəmiyyətində
1966-cı ilin sentyabrında təqaüdə çıxana qədər
işləyib.
O, özünü kimyaçı hesab
etmirdi
Bu unikal
insanın elmi maraqları və nailiyyətləri həqiqətən
heyrətləndiricidir. Silikatlar, metallar, zülallar... Bu
cür müxtəlif təbiətli kimyəvi maddələrin
hər biri özünəməxsus struktur keyfiyyətləri
ilə fərqlənirlər. Onların strukturunu dəqiq bilmək
isə müasir kimyanın başlıca vəzifəsidir.
Uilyam Lourens Breqqi çox haqlı olaraq bu elmin
yaradıcılarından biri hesab etmək olar. Bundan əlavə,
Breqq kristalloqrafiyanın - rentgenstruktur analizi əsasında maddələrin
quruluşunu öyrənən elmin əsasını
qoyanlardan biri hesab olunur. Breqq elmi işlərinin heç
birində "kristalloqrafiya" termini işlətməyib. O,
özünü kimyaçı hesab etmirdi. Əksinə,
tez-tez özünün XX əsr fiziklərinin şöhrətli
dəstəsinə mənsub olduğunu qeyd edirdi. Şübhəsiz ki, onun belə
düşünmək üçün əsası var
idi. Fizika sahəsində Nobel
mükafatı maddələrin öyrənilməsində
çox güclü fiziki metodlardan birinin
yaradıldığını qeyd edirdi. Lakin fiziki metodlar vasitəsi
ilə silikatlar və
zülallar sahəsində əldə olunan nəticələr öz mahiyyətinə görə daha çox kimyəvi təsir
bağışlayır. Breqq özünün məşhur
"Molekullar-nəhənglər" məqaləsində ilk
olaraq silikatların quruluşunu təsvir etmişdi. Müasir
kimyanı isə bu məlumatlarsız təsəvvür etmək
olmaz. Lourens Breqqlə hesablaşmaq olar. O, əlbəttə
ki, öz atası kimi fizik idi.
Lakin o, eyni zamanda həm də kimyaçıdır,
özü də məşhur kimyaçı. Rentgenstruktur
analiz metodunun yaradılması və 30-cu illərin
ortalarında silikatlar kristalloqrafiyasının inkişafı
Lourens Breqqə dünya şöhrəti qazandırdı.
Alim mineralogiya sahəsində əsl inqilabi çevriliş
etmişdi. O, bütün dünyada kristalloqraflar və
kristallokimyaçılar arasında mübaliğəsiz lider
idi. 1948-ci ildə onun təşəbbüsü ilə
kristalloqrafların Beynəlxalq Birliyi yaradıldı və bu
cəmiyyət indi də dünyanın ən iri elmi cəmiyyətlərindən
biridir. Lourens Breqq cəmiyyətin ilk prezidenti seçildi.
Lakin irəlidə Breqqi uzun şöhrətli yol gözləyirdi.
O, parlaq istedadı və fədakar əməyi sayəsində
ciddi elmi uğurlar qazandı. L.Breqq metalların və ərintilərin kristalloqrafiyası sahəsində
çoxsaylı tədqiqatlar apardı və sonra Kembricdən
Londona köçərək təbiətşünaslıq
tarixində ən parlaq səhifələrdən hesab olunan
zülalların strukturunun öyrənilməsi sahəsində
işlərdə fəal iştirak etdi.
Parlaq istedadlı pedaqoq
Uilyam Lourens
Breqq parlaq pedaqoq, elmi populyarlaşdıran çox istedadlı
alim idi. 1954-cü ildən 1966-cı ilə kimi (Kral
İnstitutunun direktoru vəzifəsindən istefa verənə
qədər) Breqq elmi təhsil məsələləri ilə geniş məşğul
olub və tez-tez qeyri-peşəkar auditoriyaya, xüsusən də
məktəblilərə müraciət edib. Onlara həqiqət
axtarışının necə də gözəl və cəlbedici
olmasından danışıb. Populyar və istedadlı natiq
televiziyalarda mühazirələrlə çıxış
etməyə dəvət olunub. O, istefaya çıxdıqdan
sonra da mühazirələrlə çıxış etməkdə
davam edib və hətta elmi məqalələr yazıb.
O, elmi tədqiqatların təşkili
problemi ilə məşğul olurdu. Bu mövzuda
yazdığı məqalələrinin birində Breqq qeyd
edirdi ki, alimləri 4 tipə bölmək olar: mütəfəkkirlər
- onlar hadisələrə yeni baxış tapır (Nyuton, Bor
və başqaları), ilk kəşfedənlər - əvvəllər
məlum olmayan hadisələri kəşf edənlər (məsələn,
Rentgen), ovçular - "həqiqəti duyanlar" (Faradey,
Rezervord) və konstruktorlar - elmi
tədqiqatlarda tamamilə yeni yol açan cihazların
yaradılması (məsələn, Vilson). Breqqi bu təsnifatda həm mütəfəkkir, həm
konstruktor, həm də ovçu hesab etmək olar. O, yalnız
konstruktorluğa iddia etmirdi. O bu məsələdə rentgen
difraktometri cihazını yaratmış atası ilə rəqabət
aparmaq istəmirdi.
Qeyri-adi
bağban
1941-ci
ildə İngiltərə kralı tərəfindən zadəgan
tituluna layiq görülən Lourens Breqq riyaziyyat və
fizikadan əlavə, ədəbiyyat, rəssamlıqla
maraqlanıb. Alim elmin müxtəlif sahələrinə diqqət
yetirib və problemli məsələləri üzə
çıxara və tələbələrini bu problemləri
öyrənməyə səfərbər edə bilib. Elmin
müxtəlif sahələrində eyni dərəcədə
məlumatlı olan alim xüsusən də
bağbançılığa xüsusi diqqət yetirirdi. O bu
maraqlarını ömrünün sonlarına kimi qoruyub.
İngiltərəyə köçdükdən sonra Lourens
üçün çatışmayan bir şey var idisə,
bu da bağ idi. Gənc alim
universitetdə müəllimlikdən əlavə,
özünə yarımstavka bağban kimi pul qazanırdı.
Bağ sahibi isə onun bağında səliqə-sahman yaradan
bu gəncin məşhur, ən gənc nobelçi alim
olduğunu eşidəndə heyrətdən donmuşdu. Onun
tanışlarından biri bağ sahibinə bu qeyri-adi
bağban barədə xəbər vermişdi. O, 1921-ci ildə
Elis Xopkinsklə ailə qurub. Onların 2 oğlu və iki
qızı doğulub. XX əsrin ən gənc Nobel
mükafatı laureatı 1971-ci il iyulun 1-də vəfat edib.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2012.- 31
avqust.- S.6.