Gənc bəstəkar beynəlxalq
müsabiqənin finalında iştirak etmək
hüququ qazanıb
Gənc azərbaycanlı
bəstəkar Türkər Qasımzadə ABŞ-ın
Massaçusets ştatının Boston şəhərində
keçirilən bəstəkarların ənənəvi 30-cu
Beynəlxalq "ALEA III"
müsabiqəsinin finalına vəsiqə qazanıb.
200-dən çox müraciət daxil
olmasına baxmayaraq, yalnız 6 ölkə -ABŞ, Azərbaycan,
İngiltərə, Avstriya, Fransa və Yunanıstan müsabiqənin
finalında iştirak etmək hüququnu əldə edib.
Dünyanın mötəbər musiqi
yarışmalarından biri hesab olunan "ALEA III" 1980-ci
ildən keçirilir. Müsabiqənin keçirilməsində
əsas məqsəd bəstəkarların yeni və
müasir üslubda musiqi yaradıcılığına dəstək
verməkdir.
Müsabiqənin
final mərhələsinə vəsiqə qazanmış bəstəkarların
əsərlərini dünyaca məşhur dirijor Teodor Antonionun
rəhbərlik etdiyi ansambl səsləndirəcəkdir.
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının məzunu Türkər
Qasımzadə beynəlxalq müsabiqənin bu ilin
oktyabrında təşkil ediləcək final konsertində
"Qurama" əsərini amerikalı musiqisevərlərə
təqdim edəcəkdir.
Qeyd edək ki, azərbaycanlı gənc
bəstəkar 2011-ci ildə Manhetten Musiqi Akademiyasında
magistr dərəcəsi alıb. Hazırda Türkər Heydər
Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində
ən qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrindən
biri sayılan Ohayo ştatında yerləşən Sinsinati
Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq təhsilini
davam etdirir.
Gənc bəstəkarın əsərləri
ABŞ, İsveçrə, İtaliya, Avstraliya və Latviyada
keçirilmiş müxtəlif müsabiqələrin ən
yüksək mükafatlarına layiq
görülmüşdür.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 31 avqust.- S.7.