Tar ifaçılarının muğam müsabiqəsi
Dekabrın 4-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar ifaçılarının muğam müsabiqəsi keçirilib. Kollec üzrə 1 dekabr 2012-ci il tarixli 30/9 saylı əmrlə istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədi ilə keçirilən müsabiqə görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti Əhmədxan Bakıxanovun 120 illik yubileyinə həsr olunub. Sözügedən əmrlə müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibləri təsdiq olunub.
İki mərhələdən ibarət olan müsabiqənin ilk seçim mərhələsində kollecin 109 nəfər tar ifaçısı, II-IV kurs tələbələri iştirak edib. Onlardan 21-i növbəti mərhələyə vəsiqə qazanıb. Dekabrın 4-də keçirilən ikinci mərhələdə onların ifaları Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun sədrlik etdiyi münsiflər heyəti tərəfindən dinlənilərək qiymətləndirilib.
Müsabiqənin nəticələrinə əsasən kollecin IV kurs tələbəsi Səxavət Məmmədov (müəllimi, əməkdar artist Elçin Həşimov) I, III kurs tələbəsi Rüfət Mustafayev (müəllimi, Mahmud Əliyev) və IV kurs tələbəsi Orxan Rüstəmzadə (müəllimi, əməkdar artist Valeh Rəhimov) II, IV kurs tələbələri Pərviz Musayev (müəllimi, Humay Qədimova), Elgiz Baxşəliyev (müəllimi, əməkdar artist Əliağa Sədiyev) və II kurs tələbəsi Cabbar Paşazadə (müəllimi, əməkdar artist Valeh Rəhimov) III yerlərə layiq görülüblər. Qaliblərə müvafiq olaraq I, II, III dərəcəli diplomlar təqdim olunub. Daha 5 nəfər müsabiqə iştirakçısı isə diplomlarla mükafatlandırılıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2012.-
7 dekabr.- S.1.