Həqiqət kimi görünənlərə yox, həqiqətə inanmaq lazımdır...

 

Ən gözəl fikir də pis ifadə edildikdə öz dəyərini itirir.

 

(F.Volter)

 

Məni bu məqaləni yazmağa vadar edən səbəb 30.11.2012-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi işlədiyim liseyə mənim üçün  "Dərslik terroru, yaxud ikimərhələli tenderlə başlayan ikipərdəli tragikomediya" adlı kitabçanın göndərilməsi  oldu.

İlk növbədə, kitabçanın adına münasibət bildirmək istərdim.

 

Terror bəşəriyyətə və insanlığa qarşı yönəldilmiş ən dəhşətli zorakılıq formasıdır. Yuxarıda adı çəkilən kitabçanın 15-ci səhifəsindən başlayaraq təqdim edilən "2012-2013-cü tədris ili üçün milli kurikulum (Yeri gəlmişkən, müəlliflərin nəzərinə çatdırım ki, "Milli Kurikulum" birləşməsi  böyük hərflə yazılmalıdır. Baxın:Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı  2004. Mürəkkəb adların yazılış qaydaları, səh.11)  əsasında çap olunmuş 1-ci sinif "Riyaziyyat" dərsliyində olan  PLAGİAT FAKTLARI"nı terror adlandırmaq olarmı?

Əgər burada  plagiat halı varsa, bunun üçün daha çox xaricdə çap olunmuş dərslik və vəsaitlərin müəllifləri narahatlıq  keçirməli və münasibət bildirməlidirlər. Digər tərəfdən, yəqin ki, sözügedən dərsliyin  müəllifləri də  bu məsələyə bir aydınlıq gətirəcəklər. Plagiat terror deyil! Terror yaranmış vəziyyətdən bacarıqla istifadə edib cəmiyyətdə çaxnaşma yaratmaq və eyni məqsədə xidmət edən insanları üz-üzə qoymaqdır! Əgər  siz, həqiqətən, bu millətin gələcəyini, şagirdlərin taleyini düşünürsünüzsə, gəlin, öz təkliflərinizi verin, yaxşı yazmağı bacaran müəllifləri təqdim edin, "çətin" hesab etdiyiniz  vəziyyətdən  çıxış yolu göstərin,  xalq da sizə "çox sağ olun!" desin.

Bizim müəlliflərin inkişaf etmiş dövlətlərdən qabaqcıl təcrübəni öyrənib öz işində tətbiq etməsini tragikomediya adlandırmazlar. Kitabçanın  9-cu səhifəsində yazırsınız:   "Axı əcnəbi müəlliflər bu kitablardakı şəkilləri öz mühitlərində, öz milliliklərində,(!) öz adət-ənənələrində tərbiyə almalı olan balaları üçün çəkiblər". (Sitat olduğu kimi verilir.)   Məgər ABŞ, İngiltərə, Almaniya, Türkiyə və digər ölkələrdə sərçə, balıq, it, pişik, top, ev, alma, armud və s. bir formada, Azərbaycanda başqa  formada olur?

2006-cı ildən tətbiq olunan fənn kurikulumları əsasında yalnız ikinci dəfədir ki, 1-ci sinif üçün dərsliklər yazılır. Hələ öyrənilməli məqamlar çoxdur. Öyrənmək, görüb-götürmək isə ayıb deyil. Hesab edirəm ki, mövqeyi aydın bəlli olmayan, kifayət qədər orfoqrafik, qrammatik və üslub səhvləri ilə  zəngin olan "Dərslik terroru" kitabçasının redaktə edilməmiş, tez-tələsik, əsaslandırılmamış  faktlarla çap olunması tragikomediya janrının xüsusiyyətlərinə daha çox uyğundur.

Millətin gələcək taleyi üçün "narahatlıq keçirib" araşdırmalar aparan, araşdırmalarını  kitabça halında çap etdirən, yəqin ki, özlərini  bu yolda "fədailər"  hesab edən İlham Tumas, Anar Məcidzadə  və onları bu yola sövq edənlər bir az diqqətli olsaydılar, ümid edirəm ki, öz səhvlərini də görə bilərdilər.

İlk səhifədəki annotasiya xarakterli yazıda deyilir: "Etiraf edim ki, bu araşdırmanı başlayanda (kaş ki bu araşdırma (!), həqiqətən, inkişafa xidmət edəydi!) belə reaksiya doğuracağını təxmin belə etməmişdim. (Yəqin ki, müəlliflər "etiraf edək", "etməmişdik" demək istəyiblər, çünki bu yazının altında iki nəfərin adı vardır.) Araşqdırmadan (bu söz kitabçada belə yazılmışdır) sonra olunan zənglər, münasibətlər mövzunun, həqiqətən, millətin gələcək taleyi üçün ciddi məsələ olduğunu ortaya qoydu.  (Yəqin ki, tələskənlik və cəmiyyətdə  ŞOK!!! yaratmaq istəyi "həqiqətən" sözünün modal söz olduğunu və modal sözlərdə durğu işarələrinin işlənmə qaydasını hörmətli jurnalistlərimizə unutdurub.)

Kitabçadan sitatlar: 

Səh.3. " Bu  baxımdan  xalqın övladlarını təhsilə, elmə aparan kitablar üzərində para tamahlı gəzişmələr eləmək  (vergül qoyulmayıb) insanların həyatları, naxoşluqları (!) (Bu tipli mücərrəd isimlər, adətən, cəm şəkilçisi qəbul etmir)  bahasına var-dövlət  yığmalarından çox-çox qorxuludur". Tam təsadüfən əlimə düşən dərslikdə diqqətimi çəkən yanlışlıq əcnəbi cizgi filmlərinin personajlarına bənzərlərlə (!)dolu olan kitabı başdan -ayağa vərəqləməyimə, ardından bir araşdırma yapmağıma səbəb oldu" .

Səh.8. "İndi siz bu bəladan həm bəndənizin, həm də mütəxəssislərin nələr çəkdiyindən xəbəriniz olacaq".

Belə yerdə dahi sənətkar  C.Məmmədquluzadənin "Anamın kitabı" əsərindəki öz doğma analarının belə danışıqlarını anlamadığı övladları- rus təhsilli  Rüstəm bəy (Həzərat, il hesabı barəsində keçən zasedaniyada bir qədər razno-reçiya oldu), İran təhsilli  Mirzə Məhəmmədəli (Amma mənim əqidəmcə, bu barədə bizə əmr buyurulubdur, o əmrdən kənara çıxmaq hər ayinə səzavar deyil.), türk təhsilli Səməd Vahid  (İzdivaci-niyyət edib, toğrudan-toğruya mülaqatda bulunmaq,zərrə qədər eyb törətməz,zənnindəyəm.) yada düşür. Allah sənə rəhmət etsin, dahi sənətkar! Sənin qəhrəmanların bu gün də yaşayır!

Kitabçadan götürülən  cümlələrin hansı dilin qrammatik normasına uyğun olduğunu, yəqin ki, müəlliflər özləri də izah etməkdə çətinlik çəkərlər. Amma 23 illik pedaqoji təcrübəyə malik olan müəllim kimi deyərdim ki, sizin kitabcada dilimizin normalarına  riayət edilməmiş, təqdim etdiyim ikinci cümlədə mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma pozulmuş ("Siz...xəbəriniz olacaq"), Azərbaycan dilinin sintaktik normasına düzgün əməl edilməmişdir. Sözsüz ki, tələskənlik burada da sizə mane olub. Necə deyərlər, "Tələsən təndirə düşər".

Ümidvaram ki, növbəti yazılarınızda sırf Azərbaycan dilinin qrammatik quruluşuna  tabe olan cümlələrdən istifadə edəcəksiniz.

1-ci sinif "Azərbaycan dili" dərsliyindəki əsaslandırılmamış "yanlışlıqlar"ı az qala  cinayət hesab edən İ.Tumas və A.Məcidzadənin harada nəşr olunması bəlli olmayan və sürətlə bir çox mötəbər yerlərdə paylanılan, "dərsliklər ürəyimizin istəmədiyi qədər (?!) kobud səhvlər, qüsurlar, plagiat faktları, hətta savadsızlıqla doluymuş" (Sitat 8-ci səhifədən götürülmüşdür.) kimi qərəzli fikirlər verilən bu kitabçasında kifayət qədər  səhv var. Kiminsə yanlışlığını "cinayət" hesab edən müəlliflərin  "öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtarması"nda, görəsən, məqsəd nədir?

1-ci sinif "Azərbaycan dili"  dərsliyindəki "yanlışlıqlar"ı  öz havadarları vasitəsilə "təsdiqlətdirən", söz azadlığından, jurnalistlərə verilən toxunulmazlıq hüququndan istifadə edib söz anarxiyası yaradan,"yaxşı müəllif qrupunun  əlindən çıxmış dərsliklər hazırlamaq iqtidarında olan iri nəşriyyat sahibləri"nin (Bu ifadə "Dərslik terroru" kitabçasının  6-cı səhifəsindən götürülmüşdür. Amma inanıram ki, məni plagiatçı hesab etməyəcəksiniz.) təəssübünü çəkənlər,  görəsən,  həmin sözügedən nəşriyyatların tendərə təqdim etdiyi dərsliklərin və oradakı mətnlərin məzmunundan, "yaxşı müəllif qrupu" kimi təqdim etdiklərinin standartları mükəmməl bilməməsindən xəbəri varmı?

Bir Azərbaycan jurnalistinə yaraşmayan ucuz və səviyyəsiz sözlərdən ( bic tenderin bic nəticələri sayəsində işıq üzü görən dərsliklər - sitat 8-ci səhifədən götürülmüşdür) istifadə edib dərsliklərdəki "cinayət səviyyəli qüsurlar"dan dad vuran müəlliflər, heç olmazsa, düşünəydilər ki, haqqında söhbət açdıqları şəxslər hər hansı bir xalqın yox, məhz Azərbaycan xalqının nümayəndələridir.

"Sözün pis tərəfindən "dərs" verən   (səh.6.Yəqin ki, kitabçanız çapa hazırlanarkən sizə maddi və mənəvi dəstək olan, həm də fikirlərinə istinad etdiyiniz tanınmış simalar bu ifadənin leksik mənasının izahında bizə köməklik göstərərlər) müəlliflər"i qınayan İ.Tumas və A.Məcidzadələr! Heç olmazsa, bir jurnalist kimi sözdən və söz mədəniyyətindən düzgün istifadə edin. Mahiyyətini bilmədiyiniz məsələlər haqqında araşdırma apararaq kitabça halına salıb paylamaqdansa,  gərək qüsur hesab etdiyiniz məqamlar, kurikulum, standart və onun tətbiqi məsələləri haqqında  bu sahəni mükəmməl bilən mütəxəssislərdən  öyrənəydiniz.

Bu yerdə sizə çox ciddi bir iradım da vardır.

Dərslikdəki "qüsur"lardan, sizin təbirinizcə desək, "yanlışlıqlar"dan  danışarkən bütün müəllimlərin yox, sizin dəyirmanınıza su tökənlərin adından danışın. Çünki bizim respublikamızda yeniliyi alqışlayan, onu öz işində bacarıqla tətbiq edən, şagirdlərini hərtərəfli dünyagörüşə və düşüncəyə malik həqiqi vətəndaş kimi yetirən kifayət qədər mükəmməl müəllimlərimiz vardır.

Bu məsələlərin üzərində çox dayanmaq istəmirəm. İnanıram ki, araşdırmanı çox sevən müəlliflərin  tənqid hədəfi bu dəfə tragikomediya janrına əyani sübut olan "Dərslik terroru" kitabçası olacaq.

Sözsüz  ki, riyaziyyat dərsliyi ilə bağlı həmin sahənin həqiqi mütəxəssisləri öz sözünü deyəcəklər.

Mən "Azərbaycan dili" dərsliyində "təəssübkeş" müəllim və  kitabça müəlliflərin böyük zəhmət sərf edərək apardıqları araşdırmaları nəticəsində kəşf etdikləri "gələcəyə quyu qazan cinayət tərkibli  yanlışlıqlar"a bir ekspert kimi öz münasibətimi bildirmək istərdim.

"Dərslik terroru" kitabçasının 8-ci səhifəsində oxuyuruq: "Altun Kitab"ın çap etdiyi "Azərbaycan dili" dərsliyində uşaqları "düşündürən" elə "dərin" mətnlərə rast gəldim ki, (Müəlliflər  iki nəfər olduğu halda hər yerdə  1-ci şəxsin adından danışılır, görünür, bu elə bir nəfərin monoloqudur.) söyləməklə başa gəlməz. Bircəciyini olduğu kimi təqdim edim, bu "dərinlik"dən siz də xeyli"zövq" alın..."

"Bir gün Əhməd düşündü. Qurbağa... xoruz... Bəs görəsən balıq necə səs  çıxarır? Bu zaman anası mətbəxdə balıq qızardırdı.Əhməd birdən qışqırdı:

- Bildim, balıq da tavada cızıldayır".

Müəlliflərin özlərinin nələr çəkdiyini xalqa göstərmək üçün istinad etdikləri bu mətn 1-ci sinif "Azərbaycan dili" dərsliyinin 95-ci səhifəsindədir.

Əvvəla, nəzərinizə çatdırım ki, verilən nümunə tapşırığın içərisindədir. Tapşırığı dərslikdə olduğu kimi təqdim edirəm.

Tapşırıq 3. Sözləri müvafiq boşluqların yerində işlətməklə mətni oxu.

mələyir                     banlayır                                 quruldayır 

Balığın səsi    

Bir gün Əhməd düşündü. Qurbağa..., qoyun...xoruz... Bəs görəsən, balıq necə səs  çıxarır?

Bu zaman anası mətbəxdə balıq qızardırdı. Əhməd birdən qışqırdı:

- Bildim, balıq da tavada cızıldayır.

Burada qəbahətli nə var ki? Təkcə bu adi bir mətnlə bacarıqlı müəllim şagirdə çox şey aşılaya bilər: nöqtələrin yerinə buraxılmış sözləri əlavə edərək mətni ta-mamlamaqla 1.2.1,  2.1.1; balığın səsi haqqında düşünərkən ətraf aləmlə maraqlanmaqla 1.1.1; müəyyən intonasiyadan istifadə etməklə 1.2.3 standartlarının tələbindən irəli gələn bacarıqları formalaşdıra bilər. Əhmədin düşüncəsinə görə, qızardılan zaman yaranan cızıltı balığın səsidir. Əlbəttə ki, bu tapşırığın yerinə yetirilməsi zamanı müəllimin yönəldici sualları vasitəsilə şagirdi son məqsədə doğru - kiçik balıqların əslində, xüsusi səsi olmaması fikrinə istiqamətləndirməsi vacib şərtdir. Şagirddə məlumat  bolluğu yaratmaq məqsədilə müəllim bir az da irəli gedərək dəniz məməlilərindən delfinin və akulanın xüsusi səsi olduğu haqda da məlumat verə bilər. Heyvanların çıxardığı səslərlə danışıq səslərini, təbiət səslərini müqayisə edə bilər, adı çəkilənlərlə bağlı cizgi filmi, bədii film (Delfinlərlə bağlı Avstraliyanın istehsalı olan "Filipper" filminə baxsanız, yaxşı olardı.) nümayiş etdirə bilər və s. Bu zaman artıq "Həyat bilgisi" fənni ilə də inteqrasiya yaratmaqla şagirdlərdə ətraf aləm haqqında kiçik təəssüratlar formalaşmış olar.

Həmin tapşırığın yerinə yetirilməsinin müəllim üçün metodik vəsaitdə (MMV) müəlliflər tərəfindən təqdim olunan nümunəsinə (səh.113), zəhmət olmazsa, bir diqqətlə baxın. Vəsaitdə müəlliflər bu nümunənin lətifə janrında olduğunu qeyd edir, həmin mətnin dinləyiciləri güldürə biləcək tərzdə danışılmasını təklif edirlər və bu zaman 2.2.4 (əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir), 1.2.3 (nitqini müəyyən jest və mimikalarla müşayiət edir) alt standartlarından irəli gələn bacarıqların formalaşmasını məqsədəmüvafiq hesab edirlər.

Bir şeyi unutmayın ki, ən böyük kəşflər kimlərəsə adi, bəlkə də gülünc görünən suallardan başlayır. Ağırlıq və cazibə qanunlarının necə kəşf edildiyini yadı-nıza salın. Birinci sinifdə kiçik balıqların səsinin olmayıb delfinin səsə malik olmasını öyrənən şagird yuxarı siniflərdə bunun səbəbini öyrənməyə çalışacaq. Bəlkə də, gələcəyin alimi, fizioloqu, bioloqu və s. olacaq. İxtisas seçimi də məhz belə adi maraqlardan formalaşır. Yetər ki, şagirdi düzgün istiqamətləndirəsən.

Yalnız pis axtarıb yaxşını görməmək qəbahət, həm də böyük ədalətsizlikdir! 

Zəlzələ də dağıdıcı təsirə malikdir, ancaq Göy göl kimi göllər incisi  yaratdı...

Yəqin ki, mətləb aydındır.

Həmin  kitabçanın 12-ci səhifəsində isə "Azərbaycan dilində qüsurlar" yarımbaşlığı altında  25 illik pedaqoji təcrübəyə malik Ləzifə xanım Rüstəmovanın  apardığı araşdırmalardan danışılır. Yeri gəlmişkən, onu da qeyd edim ki, kitabçada adları çəkilənlərin hamısının işlədiyi yer göstərilmişdir. L.Rüstəmovanın hansı məktəbdə işləməsi barədə  üçünsə  məlumat  yoxdur.

L.Rüstəmova 1-ci sinif "Azərbaycan dili" dərsliyinin satışda olan "Oxumağı öyrənirik", "Yazmağı öyrənirik" kitablarının təkrarı olduğunu göstərir. Amma unudur ki, onlar kitab yox, vəsaitdir və hər üçünün müəllifləri eyni adamlardır.

Daha sonra L.Rüstəmovanın müsahibəsində oxuyuruq: "6 saatdan sonra şagirdlər heç bir hərf elementini öyrənmədiyi halda əlifba təliminə başlayır".

Hörmətli L.Rüstəmova! Əgər siz müəllim üçün metodik vəsaitə diqqətlə baxsaydınız, elə ilk günlərdəcə şagirdlərdə yazı bacarığı  formalaşdırmaq   məqsədilə "Yazı" məzmun xəttinin 3.1.3 alt-standartını  (Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.) reallaşdırmaq üçün tapşırıqların verilməsinin  (səh.25 - Dərs 1, səh. 27-Dərs 2, səh.29 - Dərs 3, səh. 30 - Dərs 4, səh. 31 - Dərs 5, səh. 32 - Dərs 6) şahidi olardınız.

Çin filosofu Konfutsinin məşhur bir kəlamı var: "Qaranlığı lənətləməkdənsə, özünüz qaranlıqda bir şam yandırın". Əgər dərslikdəki element və konfiqurasiyalar müəllimi qane etmirsə, yəqin ki, 25 illik təcrübəsi ona 3.1.3 standartını əsas götürüb dərs dediyi sinfin səviyyəsinə uyğun hərf elementlərindən istifadə etmək imkanı verər.

Yenə də L.Rüstəmovanın sözlərinə istinad edirəm. "Dərslikdə ad bildirən sözlərə aid tapşırığa rast gəlməmiş səh. 32-  (bu artıq 17-ci dərsdir) əlamət bildirən sözlərə  aid tapşırıq verilib. Halbuki nə ad, nə də əlamət bildirən sözlərin izahı verilməyib".

Bu sözlərin pedaqoji təcrübəyə malik bir müəllim tərəfindən söylənməsi çox böyük təəccüb doğurur. Əvvəla, ibtidai sinif dərsliyində qrammatik qaydalar verilməz. İkincisi, əgər siz MMV-nin 23-cü səhifəsindəki I bölməni əhatə edən mövzuların planlaşdırılması nümunəsinə diqqətlə  baxsaydınız, eyni zamanda standartları mükəmməl mənimsəsəydiniz, görərdiniz ki, artıq 3-cü dərsdən -"Zoopark" mətninin tədrisindən etibarən 4.1.5 (ad, əlamət, hərəkət bildirən sözləri tanıyır və fərqləndirir) standartının reallaşması qarşıya məqsəd kimi qoyulur. Həmin dərs nümunəsində müəllim ad, əlamət, hərəkət bildirən sözləri oyunlar vasitəsilə şagirdə anladır və bu sözlər haqqında müəyyən təsəvvür yaradır. 4.1.5 standartı Dərs 4 ("Turp" nağılı), Dərs11 ("Ə" hərfinin tədrisi), Dərs 12-də ("L" hərfinin tədrisi) tədricən reallaşır və şagirdlərdə bu sözləri müəyyənləşdirmək üçün müəyyən bacarıqlar formalaşır. Əlbəttə ki, təcrübəli, bacarıqlı və peşəkar müəllimin sayəsində.  Ona görə də hesab edirəm ki, 17-ci dərsdə səh.32-də əlamət bildirən sözlərə aid tapşırığın verilməsi böyük təcrübəyə malik müəllimdə təəccüb və irad yox, belə məsələlərə yeni və daha rahat yanaşmaların olmasından  irəli gələn sevinc hissləri doğurmalıdır.

Səh. 51-də tapşırıq 3-də qoyulan "hansı şəklin adında "ka" hərfi var?" şərtinə etiraz edən müəllimə bildirmək istərdim ki, Azərbaycan dilində [k`] səsinin adı var -ka və bu, bütün  lüğətlərdə, o cümlədən dərsliklərdə məhz bu adla verilir.

Keçilməyən hərflərin iştirak etdiyi sözün verildiyi "Göy göl" mətninin üzərində ayrıca dayanmaq istərdim. Həmin mətndə keçilməyən hərf - "c" hərfi "Azərbaycan"  sözündədir. Mən bir müəllim kimi belə mənasız bir irada nə cavab verəcəyimi bilmirəm. Kiçik yaşlarından övladlarının qulağına "Biz böyük Ermənistan xalqının nümayəndələriyik, düşmənimiz türklərdir, onların torpaqları bizim tarixi ərazilərimizdir" deyən ermənilər, görəsən, öz respublikasının  adını uşaqlarına yalnız əlifba təlimi başa çatdıqdan sonramı öyrədir, ya oxudurlar?

Həftədə 9 saat Azərbaycan dili  keçib 40-cı saatda ("Göy göl" mətni 40-cı dərsdir)  şagird "Azərbaycan" sözünün tərkibindəki bütün hərfləri öyrənib, təkcə "c" samitini bilmədiyi üçün bu sözü oxuya bilməzsə, bu zaman müəllimin fasilitatorluq bacarığı şagirdin yardımçısı olmalıdır. Neçə ildir, məktəbdə işləyən təcrübəli müəllimin, ümidvaram ki, əvvəlki  "Əlifba"larda verilən sözlər yadın-dan çıxmayıb. Çünki bu "Əlifba"larda da bəzən hərfi keçilməyən sözlər verilirdi və cari dərslə növbəti dərs arasında bir körpü yaranmış olurdu.

Əlbəttə ki, qiymətləndiricilərin diqqətindən yayınan bu "qorxulu" faktları (səh.38 - "ç" samiti keçilmədiyi halda "göyərçin"; səh. 39 - "c" samiti keçilmədiyi halda "Azərbaycan" sözlərinin verilməsi) aşkarlayıb cəmiyyətin diqqətinə  çatdırdığı üçün  L.Rüstəmovaya  təşəkkür etməyə dəyər.

Nəhayət, "Azərbaycan dili" dərsliyində L.Rüstəmovanın araşdırıb tapdığı son "qüsur":  "Dərsliyə verilən 1.2 standartı (təlim materiallarının  faktların elmiliyi, dəqiqliyi, etibarlılığı) tələbi dərslikdə tam gözlənilməyib. Məsələn, "Xəzri nədir?" mətnində belə bir cümlə var: "Xəzri küləyi olmasa, ləpə olmaz". Bu, dəqiq  fakt deyil".

Əvvəla, diqqətinizə çatdırmaq istəyirəm ki, dərsliyə verilən 1.2 standart yox, meyardır. Bu halda meyar dərsliyin qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş ölçüdür. (Yəqin ki, leksik normanı pozmağınızın fərqinə vardınız.)

İkincisi, dərslik dövlət  tərəfindən təsdiq edilmiş standartlar əsas götürülərək tərtib edilir, Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ ) tərəfindən müəyyənləşdirilmiş meyarlar  əsasında qiymətləndirilir.

Üçüncüsü, faktın dəqiqliyinə şübhə edən xanım müəllimə mətni bir daha diqqətlə oxumağı təklif edirəm.

Güman edirəm ki, həmin mətn  ("Azərbaycan dili" dərsliyi, səh.71)  oxucular üçün də maraqlı olar.

Xəzri nədir

Xumarla Xalid dəniz kənarında oynayırdılar. Onlar qum qalası düzəldirdilər. 

Bu  zaman Xəlil baba onlara yaxınlaşdı. O dedi:

- Bəsdir, oynadınız. Qalxın gedək. Axşam düşür.

- Baba, Xəzərin ləpələri qalamızı yuyub aparar axı.

- Qorxmayın, Xəzri olmasa, ləpə də olmaz.

-  Xəzri nədir, baba?

- Xəzərdən əsən küləyə xəzri deyirlər.

Mətndən göründüyü kimi, burada məqsəd şagirdə dərin coğrafi biliklər vermək - dənizdə ləpənin nə zaman yarandığını və küləyin istiqamətindən asılı olaraq onun dəyişməsini öyrətmək deyil. Müəlliflər dərslikdə belə bir mətn verməklə  həm şagirdə xəzri haqqında məlumat verir, həm də zəhmət çəkərək palçıqdan "qala" tikən uşaqlara babanın dili ilə  sanki təskinlik verir. Babanın dilindən deyilən "Xəzri olmasa, ləpə də olmaz" ifadəsi ləpənin  məhz xəzri əsən vaxt yaranmasını bir hökm kimi təsdiqləmir. Əksinə, bu ifadə axşam düşdüyü üçün uşaqları evə aparmağa çalışan babanın qurduqları qalanın sevincini yaşayan və onun sahil suları tərəfindən yuyulmasından həyəcanlanan nəvələrinin  əhvali-ruhiyyəsini pozmamaq  məqsədilə dediyi sözdür. Sinfin səviyyəsi imkan verərsə, yəni informasiya bolluğu  şagird üçün əlavə yük olmazsa, müəllim Gilavar küləyi haqqında da ibtidai məlumat verə bilər, küləklərə xas olan xüsusiyyətləri izah edər. Əlbəttə ki, müəllimin yaradıcı olmasından, şagirdi maraqlandırmasından çox şey asılıdır. Bir də yaxşı olardı ki, iradı olanlar MMV-də təklif olunan dərs nümunəsi ilə (səh.90-91) yaxından tanış olsunlar.

Çox təqdirəlayiq mətndir.  Yetər ki, mətni qərəzsiz oxuyasan. Həm kitabça müəllifləri, həm də təcrübəli müəllim mətni oxu texnikasının tələblərinə uyğun (2.2 standartı) tərzdə oxusaydılar, həmin cümlənin mahiyyətini tam başa düşərdilər.

Dilimiz çox zəngindir. Bir sıra  sözlərimiz çoxmənalıdır. Təəssüf edirəm ki, bu şəxslər dilimizə məxsus çoxmənalılığın daha çox mənfi çalarlarına üstünlük veriblər. Yeri gəlmişkən, kitabça müəlliflərinin özləri də dilimizin ümumişlək  sözlərini və ifadələrini bəyənməyib onları digərləri ilə əvəz edib (görəvli, araşdırma yapmaq, fəaliyyətdə bulunmaq,  kitab üzərində tamahlı gəzişmələr və s.). Bir dil müəllimi kimi mənə bu söz və ifadələrin neologizm, nitq istisnası,   yoxsa  plagiat olması qaranlıq qaldı...

18 nömrəli tam orta məktəbin ibtidai sinif  müəllimi Rəna Ağazadəyə isə "Azərbaycan dili" dərsliyi ilə bağlı narazılıq yaradan məqamlara aydınlıq gətirməsini məsləhət görərdik. Əgər dərslikdəki  tapşırıqların çətinliyi onu narahat edirsə, qoy Rəna xanım sinfinin səviyyəsini nəzərə alaraq şagirdləri üçün daha sadə tapşırıqlar hazırlasın. Tapşırıqların şagirdlərin səviyyəsinə uyğun qruplaşdırılması üçünsə müəllim zəhmət çəkməlidir. Dərslikləri qiymətləndirən bir ekspert kimi o bilməlidir ki, dərslik resurslardan yalnız biridir, digər vasitələrdən istifadə etməklə də müəllim standart və onun tələbindən irəli gələn bacarıqları formalaşdırmalıdır.

Bir məqama da kitabça müəllifləri üçün aydınlıq gətirmək istərdim. Onların dərsliklə bağlı diskussiya açıb, ancaq bu sahədə naşı olmaları şura üzvləri ilə qiymətləndiriciləri ayıra bilməməsində   özünü göstərir.

Kitabça müəlliflərinin nəzərinə çatdırım ki, sözlərinə  müsahibələrinə istinad etdiyiniz şəxslər (S.Bəktaşi, M.Əsgərov, R.Ağazadə) Dərslikləri Qiymətləndirmə Şurasının yox, dərslikləri  qiymətləndirən ekspert komissiyasının üzvləridir. Qiymətləndirmə Şurası  ekspert komissiyasının üzvlərinin dərsliklərə verdiyi rəyi müzakirə edərək onu təsdiq və ya inkar edən, 11 nəfərdən ibarət qurumdur. Bu qurumların üzvləri ayrı-ayrı şəxslərdir. Adıçəkilən kitabçada DQŞ üzvü kimi təqdim edilən E.Kazımzadə, əslində, DQŞ-nin sədri; Akademik Zərifə Əliyeva adına liseyin tədris hissə müdiri kimi təqdim edilən S.Bəktaşi isə həmin liseyin sıravi müəllimi və ekspertdir.

Yazımın sonunda məndə belə bir sual da yarandı: Görəsən, İ.Tumas və A.Məcidzadə, ümumiyyətlə, kurikulum və onun mahiyyəti haqqında aydın təsəvvürə malikdirlərmi? Tam əminliklə deyərdim ki, yox!!!

Hörmətli oxucu! Sözümü kitabça müəlliflərinin fil haqqında təqdim etdikləri rəvayətlə bitirmək istərdim. "Deyirlər, biri bazarda fil satıldığını görür. Alverçidən soruşur: "Qardaş, bu fil nəyə yarayır ki?" Filsatan cavab verir ki, bu fil həyət-baca işlərinə kömək edir, ağacları sulayır,həyəti sahmana salır. Kişi fili alıb evə gətirir. Ancaq bircə gün keçmir ki, fil bunun həyətini dağıtmağa başlayır. Kişi  başıalovlu filsatanın yanına gəlib deyir:"Sənin satdığın  fil bütün həyəti bir-birinə vurdu, ağacları sındırdı". Fil satan (Yeri gəlmişkən, "filsatan" sözü  "Dərslik terroru" kitabçasında  bir abzas daxilində həm bitişik, həm də ayrı yazılıb. Bu söz mürəkkəb isim olduğu üçün  bitişik yazılır. Onun söz birləşməsi şəklində yazılan forması da var. Sizin mətndə isə o, "alverçi" sözünü əvəz etdiyi üçün bitişik yazılmalıdır.) tövrünü pozmadan cavab verir: "Dayan, ay kişi, elə danışma, yoxsa onu sata bilməzsən". 

Doğrudan da , satmaq üçün fili tərifləməyə,onun qurub-yaratmaq bacarığından danışmağa nə var ki?...(Sitat səh.17-dən götürülmüşdür.)

 

İ.Tumas və A.Məcidzadə! Bəlkə, elə sizin də öz yazınızı ibarələrlə, təhqirlərlə zənginləşdirməyiniz, dərin bilmədiyiniz məsələlər barədə qərəzli fikirlər yürüdüb səs-küy qaldırmağınız  məhz bununla bağlıdır?

Ancaq unudursunuz ki, hər təriflənən (sürətlə paylanan!) və satılanın həmişə dəyəri olmur! Adətən, satılanın istehsalçısı və keyfiyyəti  alıcını daha çox maraqlandırır.

Sizə növbəti araşdırmalarınızda uğurlar diləyi ilə

 

Samirə BƏKTAŞİ,

Akademik Zərifə  Əliyeva adına liseyin

Azərbaycan dili və ədəbiyyat müəllimi,

Azərbaycan Respublikasının əməkdar müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 7 dekabr.- S.3.