Xurşidbanu Natəvanın 180 illiyinə həsr
olunan ədəbi məclis
Lirik şair və rəssam kimi şöhrət tapan Xurşidbanu Natəvan zəngin şifahi xalq ədəbiyyatı və klassik poeziya ənənələrinin vəhdəti ilə formalaşmış, poeziyamızda özünəməxsus üslubu, dəst-xətti ilə seçilmişdir. Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də əzəli-əbədi torpağımız olan Şuşada, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin ailəsində doğulub. Mükəmməl təhsil alan Natəvan güclü hafizəyə malik olmuş, mütaliə yolu ilə dünyagörüşünü zənginləşdirmişdir. O, ziddiyyətlər, sarsıntılar və hadisələrlə dolu olan zəngin bir həyat yolu keçmiş, həm şair, rəssam, həm də xeyriyyəçi kimi tanınmışdır. "Kaspi" qəzeti yazırdı ki, "Qarabağla birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri onun himayəsinə sığınırdı".
Məşhur fransız yazıçısı A.Düma "Qafqaza səyahət" kitabında 1858-ci ildə Bakıda Natəvanla görüşündən bəhs edir, bu qadının kübar davranışından, incə zövqündən və heyrətamiz işlərindən ehtiramla danışır. Xurşidbanu Natəvan vətəninin rifahı, millətinin tərəqqisi naminə çalışmış, bəslədiyi Qarabağ cinsli köhlənlər 1867-ci ildə Parisdə, Əlcəzairdə, 1869-cu ildə isə Moskvada dünya sərgisində birincilik qazanmış, qızıl medala layiq görülmüşdür. O, Şamaxıda təsis olunan "Müqəddəs Nina" qızlar məktəbinə maddi yardım göstərmiş, öz vəsaiti ilə 1873-cü ildə Şuşaya su çəkdirmişdi.
Bütün bunlar dekabrın 5-də
Şamaxı Rayon İcra
Hakimiyyəti və Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının rayonun Mədəniyyət sarayında birgə təşkil etdikləri Xurşidbanu Natəvanın anadan
olmasının 180 illiyinə həsr olunmuş
ədəbi məclisdə qeyd olundu.
Filialın müəllimi Eyvaz Eminalıyevin aparıcılığı ilə keçirilən ədəbi məclisdə tələbələr müxtəlif rollarda şairənin qəzəllərini böyük məharətlə söylədilər, xanəndələr muğam parçaları ifa etdilər. Ədəbi məclis xanəndələrin ifasında "Qarabağ şikəstəsi" ilə başa çatdı.
Sonda AMİ-nin Şamaxı filialının direktoru Tünzalə Yusifova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədova, Şamaxı Rayon Mədəniyyət Sarayının rəhbərliyinə, eləcə də digər məsul şəxslərə tədbirdə yaxından iştirak etdiklərinə görə minnətdarlığını bildirdi. T.Yusifova qeyd etdi ki, Xan qızı Natəvanın arzuları müstəqillik əldə etmiş dövlətimiz tərəfindən həyata keçirilir. Biz əminliklə inanırıq ki, ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaqdır.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2012.-
7 dekabr.- S.4.