Milli Məclisin deputatı Aydın
Mirzəzadənin "Qarabağ
düyünü"
kitabının təqdimat mərasimi keçirildi
Dekabrın 5-də Bakıdakı 56 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadənin "Qarabağ düyünü" kitabının təqdimat mərasimi keçirildi. 55 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən mərasimdə şagird və müəllim kollektivi və KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri 55 nömrəli tam orta məktəbin direktor müavini İradə Dadaşova açaraq Aydın Mirzəzadənin həyat və fəaliyyəti haqqında qısa məlumat verdi.
Sonra məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva çıxış edərək bildirdi ki, millət vəkili Aydın Mirzəzadənin "Qarabağ düyünü" kitabı tarixilik baxımdan çox maraqlı və dəyərli tədqiqat əsəridir. Kitabda ermənilərin Qarabağ torpaqlarında törətdikləri vəhşiliklər öz əksini tapıb. Sonra 56 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Rüstəmova, 55 nömrəli tam orta məktəbin tarix müəllimi Ülviyyə İsmayılova və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Qənirə Sultanova kitab barədə öz fikirlərini söylədilər. Mərasimdə 56 nömrəli tam orta məktəbin direktoru Hicran Qarabəyli də "Qarabağ düyünü" kitabı haqqında fikrini bildirdi. Qeyd etdi ki, kitabda Dağlıq Qarabağ bölgəsinin tarixi, problemin hazırkı vəziyyəti, Xocalı faciəsi - XX əsrdə dünyanın ən ağır qətliamlarından biridir və s. kimi fəsillərin tərkibində və müxtəlif başlıqlarda erməni təcavüzünə dair əsaslı bilgilər yer alıb. Aydın Mirzəzadə problemə həm tarixçi, həm siyasətçi, həm millət vəkili kimi, həm də bütün zamanlarda öncə insanın taleyini düşünən bir yazıçı kimi yanaşıb.
Çıxışlardan sonra söz "Qarabağ düyünü" kitabının müəllifi, millət vəkili Aydın Mirzəzadəyə verildi. Müəllif kitab barəsində öz fikirlərini deyərək bildirdi ki, Azərbaycan xalqının 20 ildən çoxdur ki, yaşadığı Dağlıq Qarabağ problemi hələ də qalmaqdadır. Erməni millətçi dairələrinin Azərbaycan torpaqlarına əsassız iddiası, 1988-ci ildə Xankəndi hadisələri ilə yeni mərhələyə keçmiş, sonradan aktiv müharibə mərhələsi ilə davam etmişdir. Bu yolda Ermənistan keçmiş SSRİ-nin siyasi, iqtisadi və hərbi resurslarından hərtərəfli istifadə edə bilmişdir. Həmin dövrdə Azərbaycanda mürəkkəb daxili situasiyanın olması, ağır keçid dövrü, Azərbaycanın nüfuzlu siyasətçilərinin, ilk növbədə, görkəmli dövlət xadimi Heydər Əliyevin məqsədli şəkildə ictimai-siyasi proseslərdən uzaqlaşdırılması da Ermənistanın xeyrinə oldu.
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, I milyondan çox Azərbaycan vətəndaşının öz ölkəsində işğal nəticəsində məcburi köçkünə çevrilməsi Ermənistan - Azərbaycan müharibəsinin ağır nəticələridir.
Natiq vurğuladı ki, Dağlıq Qarabağ problemi iki dövlət arasındakı münaqişədən çıxaraq beynəlxalq siyasətin gündəliyində aktual məsələyə çevrilmişdir. Artıq bütün dünya fərqindədir ki, Ermənistanın beynəlxalq hüquq normalarına hörmət etməməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımaması problemin həllini uzadır, regionun gərginlik ocağı kimi qalmasına şərait yaradır. Ancaq Ermənistanın inadına baxmayaraq, problemin həlli artıq yetişmiş və bu problemi, ilk növbədə, Azərbaycan dövləti özü həll edəcəkdir. Buna onun müasir düşüncəsi, ciddi hazırlıq səviyyəsi və ədalətin həmişə qalib gəlməsi faktı imkan verəcəkdir. Müəllif bildirdi ki, bütün bu məsələləri qələmə aldığım "Qarabağ düyünü" kitabında yazmışam. Ümidvaram ki, ərsəyə gələn "Qarabağ düyünü" kitabı gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacaq. Kitabı oxuyandan sonra hər bir şəxs çox həqiqətlərin şahidi olacaqdır.
Çalışacağam ki, "Qarabağ düyünü" kitabı xarici dövlətlərdə çap edilsin.
Tədbirdə şagirdlərdən Ülviyyə, Röya, Nəzrin, Sevinc və başqaları Qarabağa aid şeir söylədilər, mahnı oxudular və videoçarx nümayiş edildi.
Sonda millət vəkili Aydın Mirzəzadə "Qarabağ düyünü" kitabı ilə əlaqədar verilən sualları da cavablandırdı.
Tədbir diskussiya şəklində başa çatdı.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2012.-
7 dekabr.- S.5.