Biologiya dərslərində İKT-dən istifadə

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilib. Bu strateji əhəmiyyətli sənədin nəinki təhsil sektoru, hətta bütün Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, təhsil sistemi hər bir ölkənin inkişaf strategiyasının əsasıdır.  Hazırda təhsildə İKT-nin tətbiqi bütün dünyada geniş vüsət alıb. İKT-nin tədrisə tətbiqi nəticəsində şagirdlərin bilikləri müstəqil şəkildə əldə etməsi, məhz bir çox təhsil həllərinin əsasıdır. 

 

Belə olduqda gəlin, müəllimlərin də dəyişən roluna toxunaq: müəllim tədris əvəzinə məsləhət verir və şagirdlərə fənnin dərinliklərinə varmaqda yardım edir. Yeni fənn kurikulumları da İKT-dən istifadəyə geniş imkanlar yaradır. İKT- nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir. Bugünkü şagirdləri texnologiyanın vasitəsilə düşünməyə, təsəvvür, tətbiq, təhlil etməyə, fikir mübadiləsi  və yaradıcılığa həvəsləndirmək zəruridir. Bu baxımdan hər bir dərsin təşkilində İKT-dən istifadənin böyük əhəmiyyəti vardır.

Biologiya dərslərində İKT-ni tətbiq edərkən müəllim-şagird, şagird-şagird münasibətləri ardıcıl və uyğun şəkildə təşkil olunmalıdır ki, müəllim qarşıya qoyduğu məqsədə nail ola bilsin. Təbii ki, bunun üçün, ilk növbədə, xüsusi mühit yaradılmalıdır. Bu mühiti yaratmaq üçün aşağıdaki şərtlər vacibdir:

- İKT ilə təchiz olunmuş kabinet olmalıdır;

- Müəllim İKT-ni dərsdə tətbiq etməyi bacarmalıdır;

(kompüter tapşırıqlarını tərtib etməyi bacarmalıdır)

- Müəllim müvafiq bilik və bacarıqlara malik olmalıdır;

- Müəllim və şagirdlərin İKT-dən istifadə bacarığı olmalıdır;

- Müəllim texniki nasazlığa hazır olmalıdır (hər zaman ehtiyat planı olmalıdır).

Biologiya dərslərini İKT əsasında qurmaq həm maraqlıdır, həm də çox səmərəlidir. Belə keçilən mövzular daha yaxşı mənimsənilir. Bu zaman ən zəif şagird belə fəallaşır, hətta ola bilsin ki, onların bu sahədə olan bacarıqları digər şagirdlərdən daha üstün olur, bu isə özünə inam hissini gücləndirir. Qrup fəaliyyətində belə şagirdlərlə daha savadlı şagirdlərin işi birləşəndə dərsin səmərəliliyi artır.

İndi isə İKT-nin biologiya dərslərinə tətbiqi ilə bağlı fikirlərimi həmkarlarımla bölüşmək istərdim.

Biologiya dərslərinin ayrılmaz hissəsi olan laborator işləri həyata keçirmək üçün  işlədiyim məktəbdə lazımi şərait yoxdur. Lakin bu heç də demək deyil ki, müəllim belə bir vəziyyətlə razılaşmalıdır. Bu zaman müəllimin köməyinə İnternet çata bilər. Real dərslərdə həyata keçirə bilmədiyim laboratorpraktik işləri mən böyük müvəffəqiyyətlə virtual laboratoriyalarda həyata keçirə bilirəm. Virtual laboratoriya saytında istənilən mövzuya aid təcrübələr aparmaq mümkündür. Bu o deməkdir ki, şagird elmi, yalnız kitab səhifələri ilə deyil, İnternet xidmətləri vasitəsi ilə də əldə edə bilər.

İndi isə "Zoologiya" dərsində "Quşlar" və "Məməlilər" sinfinin tədrisinin tətbiqi ilə bağlı  "Məlumat bazası" layihəsindən istifadə edərək şəxsi təcrübəmi sizinlə paylaşmaq istərdim.

Müəllim şagirdlərə məktəbin yaxınlığında müşahidə etdikləri quşları və heyvanların siyahısını tərtib etməyi tapşırır. Müəllim bu siyahıya ətrafda yaşayan, lakin şagirdlərin heç birinin görmədikləri bir neçə quşheyvan adını da əlavə edir. Daha sonra siyahıda olan canlıların quruluşu və həyat tərzi haqqında İnternetdən məlumat toplamaq tapşırılır, toplanılan məlumatı sistemləşdirərək şagirdlər  kiçik məlumat bazası yaradırlar. Növbəti dərs üçün ekskursiya planlaşdırılır, bu zaman şagirdlər məktəbin 10 km. radiusunda (rayonya kənd məktəbləri üçün -10 km., şəhər məktəbləri üçün - şəhər kənarına ekskursiya) olan fauna haqqında  müşahidə apararaq yeni siyahı tərtib edirlər və müşahidə edilən canlıların fotosu çəkilir. Ekskursiya  rayon ekologiya idarəsində davam edir. Bu zaman şagirdlər əsl mütəxəssislərə müraciət edərək rayon (şəhər, kənd) ərazisində yaşayanyox olmaq təhlükəsi qarşısında olan fauna nümayəndələrinin dəqiq siyahısını tərtib edirlər. Həmin təşkilatın kitabxanasından, İnternet xidmətlərindən  heyvanlar haqda videokasetlərin seyrindən  yararlanaraq canlıların xarici görünüşü, yaşayış tərzi və qəribəlikləri haqda məlumatlar əldə edirlər. Dərsin 3-cü saatı məktəbin kompüter otağında davam edir, belə ki, şagirdlər həmin quş və heyvanların xüsusiyyətləri haqqında məlumatları Power Point, Word, Publişer, Movie Markers. proqramlarının vasitəsi ilə kompüterə ötürürlər və yaşadıqları ərazinin  Fauna Məlumat bazasını  yaradırlar. Daha sonra bu məlumat bazasını İnternetdə yerləşdirməklə geniş auditoriyanın istifadəsinə vermək olar.

Ətraf mühitlə sıx əlaqəli və texnologiyalarla zəngin olan bu layihədə şagirdlər araşdırma aparan bir şəxs rolunda çıxış edirlər. Fəaliyyət tamamlandıqdan sonra şagirdlər haradan başladıqlarını və rayon ekosistemi haqqında məlumatları tərtib edərkən nələri öyrəndiklərini aydın görə bilir.

Layihə metodikası əsasında qurulan növbəti dərsim "Həşəratlar sinfi" mövzusuna aiddir. Bu dərs nümunəsi orta məktəb şagirdləri tərəfindən çox bəyənilir. Belə ki, cücülər sinfinin dəstələrinin tədrisinə proqramla 7-8 saat vaxt ayrılıb. Mən isə hər bir cücülər dəstəsini ayrı-ayrılıqda yox, bir layihə ətrafında  birləşdirərək tədris etdim. Aşağıda dərsin qısa tədrisini təqdim edirəm.

"Həşəratların məhkəməsi"

Məqsəd:

- Bioloji anlayışları mənimsəyir; ekoloji bilikləri sistemləşdirir və ümumiləşdirir; şagird biomüxtəlifliyin məhvini törədən səbəbləri müəyyən edir; ekoloji tarazlığı pozan amilləri araşdırır; müstəqil tədqiqat işləri aparır; həşəratların qida zəncirində mühüm yer tutmasına dair dəlil və sübütlar gətirir ki, bununla da "məhkəmənin" düzgün qərar verməsinə nail olur; hər bir canlının yaşamaq hüququ olmasını sübüt edir; canlıların hüquqlarını qorumaqla öz hüquqlarını qorumaq bacarığı formalaşır; biomüxtəlifliyin qorunmasını təbliğ edir; təbiətə sevgionu qorumaq hissi dərinləşir; düzgün və ədalətli nəticə çıxarır; İnternet xidmətlərindən elmi istifadə vərdişi formalaşır.

Şagirdlərə təklif edirəm ki, ziyanlı hesab etdikləri həşəratların siyahısını tutsunlar və onların ziyanverici xüsusiyyətlərini sadalasınlar. Daha sonra şagirdlər fikir bildirirlər ki, bunlar məhv olunsa, insanlar üçün böyük fayda olardı (cücülər istirahətimizi, rahatlığımızı pozur, bitkilərə ziyan vurur...)

M.- Siz bu cücülərin həqiqətən ziyanlı olmağını sübut edə bilərsinizmi?

- Cücülərin kütləvi məhvi planetimizdə biomüxtəlifliyə, maddələr dövranına necə təsir edər? Doğrudandamı həyatımız bunlarsız rahatlaşar, yoxsa bu məsələnin yalnız görünən tərəfidir?

Suallara cavab tapmaqdüzgün qərar vermək üçün şagirdlərə təklif edirəm ki, həşəratlara məhkəmə qursunlar. Bunun üçün onlara bacarıqlarına müvafiq rollar verilir.

Məhkəmə prosesinə hazırlaşmaq üçün şagirdlərə iki həftə vaxt verilir. Bu zaman kəsiyində hər kəs öz rolu üzərində hazırlaşır. "Cücülər" öz xeyirli xüsusiyyətləri haqda İnternetdən "dəlillər",  "faktlar" toplayırlar.

Bu işdə "vəkillər" onlara kömək edərək əsaslandırıcı "dəlillər" əldə edirlər.

Prokuror rolunda olan şagirdlər həmin həşəratların ziyanlı xüsusiyyətləri haqqında faktlar toplayaraq öz təqdimatlarını hazırlayırlar. Hakim rolunda olanlar düzgün qərar vermək üçün toplanan faktlarla tanış olurlar, cücülərin və vəkillərin çıxışları dinlənir, təqdimatlarına baxılır, söz adlar şahidlərə verilir. Daha sonra söz adları "Qırmızı kitab"a düşən həşəratlara verilir. Bütün tərəflər dinləndikdən sonra hakimlər əsas cinayətkara, yəni həşəratları qəddarcasına məhv edən insana, sübut və dəlillərə əsasən cəza maddəsini oxuyurlar. Sonda təbiətdə tarazlığın pozulmasına və biomüxtəlifliyin qorunmasına dair şagirdlər tərəfindən "Təkliflər paketi" hazırlanır və imzalanır.

"Məlumat bazasının" hazırlanması bacarığı öz növbəsində təsnifat aparmaq, təşkil etmək, problemi həll etmək, mühakimə yürütmək, müqayisə etmək, nəticə çıxartmaq, əldə olunan faktları İnternet vasitəsi ilə daha geniş auditoriyalara çıxartmaq, daha rasional düşünmə, təkliflər planı hazırlamaq bacarıqlarını inkişaf etdirir.

İkinci dərsdə isə şagirdlərdə mühakimələrini məntiqi əsaslandırmaq, yazılı və ya şifahi nitqində fikirlərini dəqiq, aydın və yığcam ifadə etmək; müstəqil tədqiqat işi aparmaq; dərk etmək, analiz etmək, nəticə çıxartmaq, ümumiləşdirmək; növündən, sinfindən asılı olmayaraq hər bir canlının həyatını qorumaqla yanaşı, bunu təbliğ etmək; təbiətdə mövcud olan hər bir canlının əlamətlərini xarakterizə etmək;  İnternetdən sərbəst və təhlükəsiz istifadə etmə; şəxsi araşdırmalarını təqdim etmək və inandırmaq; düzgün və ədalətli nəticə çıxarmaq; auditoriya qarşısında sərbəst çıxış etmə bacarıq və qabiliyyətləri yaranır.

 

Şəlalə MƏHƏRRƏMOVA,

Qazax şəhər 3 nömrəli  tam orta məktəbin biologiya müəllimi,

"Mədəd-Azərbaycan"  MMC-nin təlimçisi

 

Azərbaycan müəllimi.- 2012.- 7 dekabr.- S.6.