Elmi-praktik konfrans

 

Dekabrın 1-də Zərdab Rayon Təhsil Şöbəsində "Müasir mərhələdə fəal interaktiv ədəbiyyat dərslərinin təşkili: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev açaraq bildirib ki, müasir dərsi yaddaqalan edən faktlar çoxdur. Təlimdə interaktivlik şagirdi öyrənməyə istiqamətləndirən, onlarda tədqiqat bacarıqlarını, əməkdaşlığı inkişaf etdirən bir vasitədir. Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə fərqlənir. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə, mövzuyamateriala uyğun hərəkətə sövq etsin. İnteraktiv təlim metodu digər fənlərdə olduğu kimi, Azərbaycan dili və ədəbiyyatın tədrisində də müəllimdən bir çox ənənəvi üsullara yenidən baxılmasını tələb edir. Bizcə, müstəqil düşünən, informasiya toplayan və fikirlərini əsaslandırmağı, yaradıcılıqla tətbiq etməyi bacaran, təşəbbüskar, bacarıqlı gənclərin tərbiyəsi hər bir fənn müəlliminin, o cümlədən dil-ədəbiyyat müəlliminin amalı və məqsədidir.

"Müasir mərhələdə fəal interaktiv ədəbiyyat dərslərinin təşkili: reallıqlar və perspektivlər" mövzusunda məruzə ilə AMİ-nin dosenti Bilal Həsənli çıxış edərək interaktiv ədəbiyyat dərslərinin tədrisində mövcud uğurlar, çətinliklər və onların aradan qaldırılması yolları barədə 250 nəfər müəllimin iştirak etdiyi konfransda çoxillik pedaqoji təcrübəsinə istinadən mülahizələrini söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, BDU-nun müəllimi, tənqidçi Arif Əmrahoğlu isə "Ədəbiyyat dərslərində bədii mətn və interaktiv metod" mövzusunda məruzəsində ədəbiyyatın tədrisində nəzəri məsələlərin qoyuluşu, problemləri və həlli yolları istiqamətində toplantı iştirakçılarına geniş məlumat verib.

Rayonun qabaqcıl Azərbaycan dili və ədəbiyyat müəllimləri Cəvahir İsmayılova, Gülbağça Nəbiyeva, Qalib Məhəmmədov, Seymur Tağıyev və Aliya Rüstəmova çıxışlarında konfransda qaldırılan problemli məsələlərə öz münasibətlərini bildiriblər.

B.Babayev konfransı yekunlaşdıraraq bildirib ki, Təhsil Nazirliyinin məktəb rəhbərləri və pedaqoji kollektivlər qarşısında qoyduğu ümdə vəzifələr günümüzün vacibaktual məsələləri kimi mütəmadi həllini tapmalıdır və belə aktual mövzuların digər fənlər üzrə də keçirilməsi məqsədə müvafiqdir.

 

Rəfi RƏFİYEV,

Zərdab RTŞ-ın aparıcı məsləhətçisi

 

Azərbaycan müəllimi.- 2012.- 7 dekabr.- S.6.