Siyəzəndə
konfrans keçirildi
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı noyabrın 24-də Siyəzən və Xızı rayonlarının müəllimləri ilə birgə "5-ci siniflərdə fənlərin tədrisində yeni təlim texnologiyalarından istifadənin aktual problemləri" mövzusunda konfrans keçirdi.
Konfransı AMİ-nin Sumqayıt filialının direktoru, kimya elmləri doktoru, professor Raya Nəcəfova açaraq qeyd etdi ki, ayrı-ayrı fənlərə aid kurikulumun tələblərinə uyğun dərsliklər yazılmış və proses indi də davam etdirilir. Bu dərsliklərdən ibtidai məktəb və 5-ci sinif şagirdləri istifadə edirlər. Yeni yazılmış dərsliklər barədə müəllimlərin fikirlərini öyrənmək, tənqidi iradlarını dinləmək konfransın əsas məqsədidir.
Konfransda beş istiqamət üzrə məruzə dinlənildi. Sumqayıt Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası" kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yusif Aslanovun "Azərbaycan dili və ədəbiyyat dərslərində müasir təlim texnologiyalarından istifadə", Qubadlı rayon İşıqlı kənd orta məktəbinin müəllimi Araz Əliyevin "5-ci siniflərdə riyaziyyat fənninin tədrisinin aktual problemləri", biologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Hüseynovun "Həyat bilgisi" fənninin tədrisində müasir təlim metodları", ictimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədovun "V siniflərdə Azərbaycan tarixi fənninin tədrisinin müasir problemləri", ADPU-nun baş müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Aygün Məcidovanın "İbtidai təhsilin inkişaf tarixi və müasir məktəb" mövzularında etdikləri məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb oldu.
AMİ-nin ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı Telman Haqverdiyev çıxış edərək Sumqayıt filialının apardığı bu işin əhəmiyyəti və yeni təlim texnologiyalarından istifadə etmək yollarını öyrənmək baxımından faydalı olduğunu müsbət qiymətləndirdi.
Məlahət
İSMAYILZADƏ
Azərbaycan müəllimi.- 2012.-
14 dekabr.- S.7.