Şairin könül səltənəti

 

Bütün şüurlu həyatını, ömrünü balalarımızın, gənc nəslin təlim-tərbiyəsinə həsr edən görkəmli şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu aliorta məktəblər üçün yazılan neçə-neçə dərsliyin, dərs vəsaitlərinin, tədris proqramlarının, elmi monoqrafiyaların müəllifidir. Onun şeirləri, hekayələri, nağılları uzun illərdir ki, orta məktəb dərsliklərində, əlavə oxu kitablarında özünə möhkəm yer tutmuşdur.

Rafiq Yusifoğlu mənən çox zəngin qələm sahibidir. Elə buna görə də onun nəşr olunan hər yeni kitabı oxucular tərəfindən maraqla qarşılanır. Şairin bu yaxınlarda çapdan çıxmış "Könül səltənəti" (ADPU nəşriyyatı, 2012) kitabında yeni nəslin estetik zövqünü oxşayan bir-birindən mənalı şeirlər, Çin, Koreya, Rusiya, Gürcüstan şairlərinin şeirlərindən yeni tərcümələr toplanmışdır.  Bu əsərləri oxuyanda ictimai-siyasi hadisələrə biganə qalmayan, vətən təbiətini dərin məhəbbətlə sevən, onun füsunkar lövhələrini sənətkarlıqla əks etdirən şair ürəyinin çırpıntılarını eşidirik. "Naxçıvan", "Beş yüz ilin ən uzun gecəsi", "Lalə dənizi", "Abşeronun küləkləri", "Qoca dünya", "Belə getsə", "Vulkan" və s. bu kimi şeirlərdə R.Yusifoğlunun mövzuya yeni münasibəti öz əksini tapmışdır. Dünyamızın taleyindən narahat şair insanları təbiətin işinə qarışmamağa səsləyir:

Bir görməzdən əvvəl

Gərək insan düşünə.

Xatalıdır qarışmaq

Təbiətin işinə...

O bizə üsyan edir,

Coşur, haray qoparır.

Dağda torpaq sürüşür,

Aranı sel aparır...

Rafiq Yusifoğlunun şeirlərindəki təbiət lövhələri adamı heyran edir. Oxucu elə bil ki, bu şeirlərin lirik qəhrəmanına qoşulub Azərbaycan torpağını qarış-qarış gəzir, onun gözəlliyindən zövq alır. Rafiq Yusifoğlu hər otu, çiçəyi, dağı, daşı, hətta ən adi yarpağı belə bədii obraz səviyyəsinə qaldıra bilir. "Gül bayramı" şeirini şair çox mənalı gözlənilməz bir sonluqla bitirir:

Bayramı olana

gül verirlər,

Bəs güllərə

bağışlayaq?

Kitabda Rafiq Yusifoğlunun Türkiyə səfəri əsasında yazdığı təəssürat şeirlər "Türkiyə nəğmələri" başlığı altında yer alıb. "Sevgimin əbədiyyət yuvası" adlı bölmədə isə müəllifin son illərdə yazdığı sevgi şeirləri toplanıb. Bu şeirlər insanları sevərək yaşamağa, sədaqətli, vəfalı olmağa səsləyir.

Rafiq Yusifoğlunun öz mənəvi aləmi kimi onun "Könül səltənəti" çox zəngindir. İnanırıq ki, bu sehrli dünyaya səyahət edən, şairin bir-birindən mənalı, az sözlə dərin fikir ifadə edən şeirlərini oxuyanlar məmnun qalacaqlar. Çünki Rafiq müəllimin şeirləri hər an, hər saniyə insana insan olduğunu xatırladır.

 

Günel ALMAZ,

AMEA-nın Folklor İnstitutunun doktorantı

 

Azərbaycan müəllimi.- 2012.- 14 dekabr.- S.7.