1-ci siniflər üçün "Riyaziyyat" dərsliyinə qarşı çıxanlara

obyektivlik, qərəzsizlik və vətənpərvərlik çağırışı ilə

 

Öz "araşdırmaları" ilə ibtidai məktəblərin birinci sinifləri üçün qəbul olunmuş "Riyaziyyat" dərsliyinin "yararsızlığını" sübuta yetirməyə  cəhd göstərən İlham Tumas bu mövzuda yazılarını eyni zamanda bir neçə mətbuat orqanında çap etdirməkdədir. Əslində bu yazıları ilə o, "müstəqil araşdırmaçı"  və "tədqiqatçı jurnalist" mövqeyini deyil, Təhsil Nazirliyinin "Riyaziyyat" dərsliyi üzrə keçirdiyi tenderdə iştirak edib uduzmuş nəşriyyatın  səngərində durduğunu  nümayiş etdirir.

 

Həmmüəllifi olduğum dərsliyi pisləmək üçün bütün arqumentlərdən əli üzülən nəşriyyat dərslikdəki bir neçə şəklin xarici mənbələrdən birindəki ilə oxşarlığını əlində bayraq edib yeni kampaniyaya başlayıb. Əvvəla onu demək istərdim ki, söhbət "Maths made easy" kitabından iqtibas etdiyimiz 6 şəkildən gedir və həmin şəkillərin ikisində rəssam tərəfindən dəyişiklik edilmişdir, digərləri isə bədii məziyyəti olmayan (kalkulyator, ev, qatar, əjdaha) konturlarla çəkilmiş texniki təsvirlərdən ibarətdir. Ancaq onu da nəzərə çatdırım ki, həmin kitabı buraxmış "DK" nəşriyyatı ilə təmsil etdiyim "Radius" nəşriyyatının əməkdaşlıq münasibətləri, bu nəşriyyatların təcrübə, məhsul mübadiləsi sahəsində müəyyən işgüzar əlaqələri və ilkin qarşılıqlı razılaşmaları vardır. 

Yalnız şəkil oxşarlığına görə "Riyaziyyat" dərsliyinin müəlliflərini plagiatlıqda ittiham edən və "DK" nəşriyyatının "təəssübünü çəkən" nəşriyyat təmsilçilərinin bu qarayaxma yazılarını jurnal şəklində çap etdirərək respublikanın tanınmış ziyalılarına göndərməsinə gəldikdə isə, bu da əks-təsir doğurur və həqiqətən də "Riyaziyyat" dərsliyinin bütün üstün cəhətlərinin cəmiyyət tərəfindən təsdiq olunmasına  xidmət edir. Həmin jurnalın "donosundan" sonra dərsliyi araşdırmış bir çox tanınmış ziyalılar, məktəb direktorları bu günlərdə mənə telefon açır, dərslik haqqında xoş fikirlərini bildirir və söyləyirlər ki, yazıya imzasını qoymazdan əvvəl jurnalist heç olmasa dərsliyə özü baxsaydı, onluq blokların, pulların, barqrafların, telqrafların mənbə kimi göstərilən nəşrlə heç bir əlaqəsi olmadığını görərdi. Hörmətli oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, "jurnal-donosda"  göstərilmiş   2-ci mənbə isə nəşriyyatımızda heç kimdə heç vaxt olmamışdır. Dərsliyimizlə həmin nəşr arasındakı fərqi görmək üçün "jurnal-donosda" müqayisəli şəkildə verilmiş faksimilelərə sadəcə nəzər yetirmək kifayətdir. Ümumiyyətlə, dərsliymizdə tətbiq olunmuş elmi, metodiki, texniki  üslub və yanaşmanın qabaqcıl xarici nəşrlərlə bir sıra hallarda üst-üstə düşməsi bir müəllif kimi düzgün yolda olduğumuzu təsdiq edərək bizə çox böyük məmnunluq gətirir. Bütün bunlara bədxahlıqla yanaşıb "xaricilərdən götürürlər" fikri ilə gündüzün günorta çağı əlində lampa tutub dərsliyimizdə oxşar bir şeylər axtarmaq da olar, yaxud da xeyirxahlıq, vətənpərvərlik mövqeyindən çıxış edib "nə yaxşı ki, xaricilər kimi yazırlar, lap onlardan da irəliyə gedirlər" düşüncəsi ilə işimizə, əməyimizə dəstək də vermək olar. Üzdəniraq opponentlərimiz, təəssüf ki, bədxahların yolunu tutublar və onların "Dərslik terroru" adı ilə ünvansız və imzasız buraxdıqları jurnalcığaz başdan-ayağacan 37-ci il donoslarını xatırladır. 

Yazı müəlliflərinin mövqeyi həm də belə deməyə əsas verir ki, onların dünya pedaqogika praktikasından, bir çox ölkələrin, o cümlədən  Azərbaycan Respublikasının kurikulumundan, onun məzmun və fəaliyyət xətlərindən, məzmun standartlarından, ümumilikdə isə təhsildə baş verən keyfiyyət dəyişikliyinin fəlsəfəsindən xəbərləri yoxdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə dərsliklərin hazırda aparılan müzakirələri fonunda daha da fəallaşmış müxaliflər tutarlı arqumentlər ortaya qoya bilmədiklərindən tənqid baxımından hazırkı situasiyada ən əhəmiyyətsiz və cılız sayıla bilən məqamlardan möhkəm-möhkəm yapışmışlar. "Riyaziyyat dərsliyindəki əjdaha şəkli başqa kitabdan götürülmüşdür", "Qatar, ev şəkilləri başqa nəşrlərdəkilərlə eynidir", "Usta və süfrə şəkilləri isə başqa nəşrdən eyni ilə götürülüb" kimi mənasız ittihamlar ilə müəllifləri gözdənsalma kampaniyası aparanları I-V sinif dərsliklərinin dəqiq, ardıcıl, düşünülmüş məzmun strukturu, müasir pedaqoji mahiyyəti qətiyyən düşündürmür. Adıçəkilən şəkillərə aid tapşırıqlar bütünlüklə dərslikdən çıxarılsa belə, dərsliyin məzmun strukturuna zərrə qədər xələl gəlməz. Bu şəkillərin verildiyi 150 və 151-ci səhifələr üzrə hətta xüsusi dərs saatı belə  ayrılmamışdır. Bu gün 1-ci sinifdə dərs deyən müəllimlərin bu dərslikdən razı olduğu, dərsliyin şagirdlərdə nitq vərdişlərinin, məntiqi təfəkkürün, məlumatı təhliletmə, sistemləşdirmə, nəticəçıxarma, qərarvermə kimi  bacarıqların inkişaf etdirilməsində böyük rol oynadığı isə nə yazıya imza atan "araşdırmaçı jurnalisti", nə də bu günün tələblərinə uyğunlaşıb müasir dərslik ortaya qoya bilmədiyinə görə qəbul olunmuş dərsliyi şeytanlayan nəşriyyatı maraqlandırır. Bu günlərdə bir nəfərin Təhsil Nazirliyinə telefon açaraq guya 5-ci sinif dərsliyində verilmiş məsələlərin eynilə 5-9-cu siniflər üçün Rusiya dərsliyində olduğu barədə dedikləri isə yalnız gülüş doğurur. Məlumunuz olsun ki, http://şkolnıe znaniya.com/predmet/matematika saytı 5-9-cu  siniflərdə oxuyan məktəblilərə ev tapşırıqlarını yerinə yetirməkdə kömək göstərən bir saytdır. Məktəblilər həllində çətinlik çəkdikləri, maraq doğuran müxtəlif məsələləri bu sayta göndərirlər. Həmin sayta göndərilmiş məsələlər arasında Azərbaycan məktəblilərinin 4-5-ci siniflər üçün "Riyaziyyat" dərsliklərindən götürüb göndərdikləri məsələlər, başqa sözlə, Azərbaycan məktəblilərinin də ev tapşırıqları var. Əvvəla, həmin dərsliklərin müəllifi olaraq biz "Müəllim üçün metodiki vəsait"də o məsələlərin tənliklə deyil, hesab üsulu ilə həllini təklif edirik. İkincisi isə, bu məsələlərin mətni Azərbaycan dilində yazılmış, rus dilinə tərcümə edilmişdir.

Dərsliyə öz mənafeləri baxımından yanaşdıqları üçün qeyri-adekvat reaksiya verən nəşriyyat təəssübkeşlərinin "dərsliyi inkar" fəaliyyəti ilə əlaqədar hörmətli akademikimiz Çingiz Qacarın həmişəki kimi tərəqqiyə dəstək  milli mənafe baxımından örnək sayıla bilən fikirlərini xatırlatmaq istərdim: "Dərslikləri biz ilk növbədə təhsilimizə, millətimizə gətirdiyi müsbət dəyişikliklər aspektindən araşdırmalıyıq. Bu zaman yamsılamalara, təqlidlərə rast gələ bilərik, amma təcrübə artdıqca, nəşriyyatlar gücləndikcə bunlar da aradan qalxacaq".  Sonda akademik Çingiz Qacarı tanımayanlar üçün bir fikrivurğulamaq istərdim: Çingiz Qacarın  özünəməxsus yumoru var  və "plagiat", "oğurlamaq" sözlərini "öyrənmək" anlamında işlədir. Demək istədiyi isə budur: "Yaxşını götürmək və yaxşıya oxşamaq lazımdır, əsas odur ki, pisi götürməyəsən və pisə oxşamayasan". 

Bu həmçinin xeyirxahlıq, sağlam düşüncə və həm də əsl vətənpərvərlik mövqeyidir. 

 

Nayma QƏHRƏMANOVA,

1-5-ci siniflər üçün "Riyaziyyat"  dərsliklərinin həmmüəllifi

 

Azərbaycan müəllimi.- 2012.- 14 dekabr.- S.5.