Əlavə təhsil: mövcud
problemlər və yeni yanaşmalar
Köklü
islahatların həyata keçirildiyi təhsil sektorunda
baş verən yeniliklər daim dövlətin diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı
çoxlu sayda fərman və sərəncamları, dövlət
proqramları təhsilin müasir və beynəlxalq standartlara
uyğunlaşdırılmasını, milli və mənəvi
dəyərlərə söykənməklə dünya təhsilinə
inteqrasiya olunmasını prioritet sahə kimi irəli
sürür. Təhsilin keyfiyyətinin yüksəldilməsində
ən başlıca amil təhsil sahəsində
çalışan rəhbər və pedaqoji kadrların
peşəkarlıq səviyyəsinin
artırılmasıdır. Bu vacib məsələyə diqqət
yetirilərək əlavə təhsillə bağlı bir
çox ciddi məsələlərin
araşdırılmasını və qarşıya
çıxan problemlərin aradan
qaldırılmasını tələb edən sənədlər
hazırlanmışdır.
Qarşıya
qoyulan vəzifələrin yerinə yetirilməsi, əlavə
təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə
görülən işlərin təhsilin bütün pillələrini
əhatə etməsi məqsədi ilə hazırlanan sənədlər
sırasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 06 sentyabr tarixli 163 nömrəli qərarı, Azərbaycan
Respublikası təhsil nazirinin 18 aprel 2012-ci il tarixli 597
nömrəli "İxtisasartırma təhsili
proqramlarının qiymətləndirilməsinə dair təlimatın
təsdiq edilməsi barədə" əmri xüsusi əhəmiyyət
kəsb edir. Təhsil sahəsində çalışan rəhbər
və pedaqoji kadrların ixtisasının
artırılmasına milli məsələ kimi
baxılmasını tələb edən bu sənəd hər
bir vətəndaşın fasiləsiz təhsil almaq
imkanını təmin edir və potensialının
inkişafının, kadrların intellektual və peşə
hazırlığı səviyyəsinin yüksəldilməsini
və təkmilləşdirilməsinin,
onların daim dəyişən və yeniləşən əmək
şəraitinə uyğunlaşdırılmasının,
yaşlı vətəndaşların ölkənin sosial,
iqtisadi, siyasi və mədəni
həyatında fəal və səmərəli iştirakının təmin edilməsi
vəzifəsini daşıyır.
Əlavə
təhsilin dərəcələrin yüksəldilməsi,
yenidənhazırlanma, stajkeçmə və kadrların təkmilləşdirilməsi
istiqaməti üzrə də yeni mexanizmlərin tətbiq
edilməsi üçün müvafiq təşkilati işlər
həyata keçirilməkdədir.
Əlavə
təhsil sahəsində xüsusi fəaliyyəti olan Azərbaycan
Müəllimlər İnstitutunda əlavə təhsilin
müasirləşdirilməsi və yeni metodların tətbiqi
istiqamətində xeyli uğur qazanılmışdır. Yeni
pedaqoji tələblər və gözlənilən nəticələr
əsas meyar kimi qiymətləndirilir.
Qeyd
olunan məsələlərin həlli istiqamətində təhsil
müəssisələri ilə əlaqələrin yeni tələblər
səviyyəsində qurulması, pedaqoji kadrların
ixtisasartırma və təkmilləşdirilməsi təhsili
daha çevik formada və yeni metodlarla həyata keçirilməsi
əlavə təhsil müəssisələrinin üzərinə
mühüm vəzifələr qoyur. Bununla əlaqədar
olaraq AMİ-nin təşəbbüsü və Təhsil
Nazirliyinin razılığı ilə institutun Sumqayıt, Gəncə,
Mingəçevir, Şəki və Salyan filiallarında
zonalar üzrə işgüzar seminar-müşavirələrin
təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə
Azərbaycan Müəllimlər İnstitutunun əmrinə əsasən
3-4 dekabr 2012-ci il tarixində AMİ-nin Şəki
filialında seminar-müşavirə keçirilmişdir.
Azərbaycan
Müəllimlər İnstitutunun rektorunun müvafiq əmrinə
əsasən Təhsildə İnnovasiya kabinetinin müdiri
Dilguşə Süleymanova və kabinetin metodisti Eldəniz
İsmayılov 3-4 dekabr 2012-ci il tarixlərində Şəki
və Zaqatala filiallarının dislokasiyasına daxil olan
RTŞ-ləri və filialların metodik kabinetinin müdirləri
və metodistləri üçün "Dayaq məntəqələrinin
təşkili, onun fəaliyyətinin forma və məzmununa
qoyulan tələblər", "İxtisasartırma təhsilindən
əvvəl müəllimin özünüqiymətləndirmə
kriteriyaları və onların ixtisasının
artırılmasına fərdi tələbatların müəyyənləşdirilməsi",
"İxtisasartırma təhsilində çevik
proqramların tətbiqi" mövzularında
seminar-müşavirə iştirakçıları
qarşısında çıxış etmişlər və
bu mövzular ətrafında müzakirələr
aparılmışdır.
AMİ-nin
Şəki filialında keçirilmiş seminar-müşavirəni
filialın direktoru R.Rəsulov açaraq ixtisasartırma təhsilinin
təşkilində RTŞ-nin və filialların
qarşısında duran vəzifələri, problemləri və
bunun həlli yolları, kredit-modul sisteminə keçidin zəruriliyindən
danışmışdır.
Sonra
seminar-müşavirə iştirakçılarının tələbatını
öyrənmək məqsədilə anket sorğu
keçirilərək gündəlik təsdiq edilmişdir.
Gündəliyə daxil olan birinci məsələ ilə əlaqədar
hazırlanmış slaydlar vasitəsilə dinləyicilərə
ətraflı məlumat verilmiş, onlar praktik işə cəlb
edilmiş, tapşırıqları yerinə yetirməklə
qarşıya qoyulan məsələ - ixtisasartırma təhsilinin
səmərəliliyini artırmaq və müdavimlərin maraqlarının öyrənilməsi
və ödənilməsi üçün görüləcək
işlər geniş və ətraflı şərh
edilmişdir. Müzakirələrdə
dinləyicilər fəal iştirak edərək qoyulmuş məsələyə
öz fikirlərini, irad və təkliflərini bildirmişlər.
İştirakçıların yekdil rəyi ondan ibarət olmuşdur
ki, dayaq məntəqələrinin işinin gücləndirilməsində R(Ş)TŞ-ləri,
ixtisasartırma təhsil müəssisələri və
metodkabinetlər təhsilin
sistemləşdirilmiş bilik, bacarıq, vərdiş, dəyər və
keyfiyyətlərin mənimsədilməsi prosesi və nəticəsi
olduğunu əldə rəhbər tutaraq problemlərin aradan
qaldırılmasına nail olmalı, müəllim əməyini
stimullaşdırmaqla müsbət nəticəyə nail
olmalıdırlar.
Dinləyicilərin
tələbat və ehtiyaclarının öyrənilməsi nəticəsində gündəliyə daxil edilmiş
"Təhsildə alman texnologiyası" mövzusunda
E.İsmayılov hazırladığı slaydlar vasitəsi ilə
"İlkin şərt və şəraitin qabaqcadan qiymətləndirilməsi",
"Ünvanların təhlili üçün indikator",
"Vaxt keçdikcə diqqət və yorğunluq mərhələləri",
"Vaxt seçiminə uyğun yaddaşda biliklərin
saxlanılması", "Göndərən-qəbul edən
kommunikasiya modeli", "Spiralvari konvergensiyanın modeli"
və "Kommunikasiyanın aksiomaları" yarım mövzularını ətraflı
izah etdi.
Sözügedən
məsələlər ətrafında geniş müzakirələr
aparıldı və iştirakçıların rəy və
təklifləri qeyd olunaraq nəzərə alındı.
Sonda
seminar-müşavirənin qiymətləndirilməsi
üçün hazırlanmış indikator blanklar dinləyicilərə
paylandı və aparılmış təhlil göstərdi
ki, belə tədbirlərə yerlərdə ehtiyac var və
iştirakçılar gələcəkdə bunun davamlı
olması təkliflərini irəli sürdülər.
Seminar-müşavirəni
filialın direktoru dosent R.Rəsulov yekunlaşdıraraq qeyd
olunmuş rəy və təkliflərin
nəzərə alınmasını və vacibliyini bildirdi.
Zonalarda seminar-müşavirələr davam
edir. Növbəti müşavirələrin Mingəçevir, Gəncə,
Salyan və Sumqayıt filiallarında keçiriləcəyi nəzərdə
tutulur.
Dilguşə SÜLEYMANOVA,
AMİ-nin Təhsildə İnnovasiya
Kabinetinin müdiri,
"Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi
Azərbaycan müəllimi.- 2012.-
14 dekabr.- S.5.