Musiqi dərslərinin səmərəli
təşkili
Azərbaycan XXI əsri yaşamaqdadır. Dünya təcrübəsindən məlum olduğu kimi XXI əsrdə həm cəmiyyətin, həm də hər bir cəmiyyət üzvünün yaşamasında və inkişafında başlıca dəyər yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətdir.
Bu gün təhsil alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tamhüquqlu üzvləri olacaqlar. Bu səbəbdən də təlim müasir uşağı yaşadığı cəmiyyətə hazırlamalıdır. Buna görə də təlim daim dəyişən dünyamızla harmoniya təşkil etməli, reallıqlardan kənarda qalmamalıdır.
Yəqin ki, hər bir müəllimi düşündürən sual budur: XXI əsrin xüsusiyyətini nəzərə alaraq təlimi necə qurmalıyıq?
Dünya təhsil sistemində kurikulum modeli mühüm əhəmiyyət daşıdığına görə geniş istifadə olunur. Təhsilalanlar üçün zəruri bacarıqların, məzmun və qiymətləndirmə, müəllim və məktəb qarşısında duran vəzifələr, onların həlli yollarını göstərən konseptual sənəd olan kurikulumun tətbiqi günün tələbidir. Musiqinin kurikulumu da təlimin məzmunu, ümumi təlim nəticələri, məzmun xətləri və standartları, fəndaxili və fənlərarası inteqrasiya kimi konseptual sənədləri özündə əks etdirir.
Beləliklə, pedaqoji prosesdə nailiyyətlərin dəyərləndirilməsi sosial-mənəvi problem olub, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, tələbyönümlülük, inteqrativlik və qiymətləndirmə standartları ilə şərtlənir. Qeyd olunan keyfiyyətlərə sahib olan şagirdin mövzu ilə əlaqədar real bilik səviyyəsinə uyğun olaraq təqdim etməklə müəllim ümumi fəaliyyət haqqında şəffaf rəy söyləmək imkanı qazanır. Özünüqiymətləndirmək bacarığına malik olan şagird XXI əsr qloballaşmaqda olan dünyanın rəqabətində şəxsiyyət kimi formalaşmış olur.
Bu qənaətə gəlmək olar ki, musiqi fənn kurikulumu əvvəlki proqramla müqayisədə bir sıra üstünlüyə malikdir. Bu baxımdan yeni dərsliklərin işlənib hazırlanması və tədrisi ilə bağlı müəyyən fikir meydana gəlir: şagirdlər milli musiqimizin tarixi ilə, görkəmli musiqiçilərlə, aşıq musiqisi ilə, muğamlarımızla, dünya musiqi mədəniyyəti ilə tanış olurlar. "Musiqi yaxşı əhvali-ruhiyyə, mənəvi tərbiyə, emosional tarazlıq və mənəvi inkişafa imkan yaradır. O həmçinin fiziki sağlamlıq üçün də faydalıdır, çünki bədən xəstələnəndə qəlb də zəifləyir... Yaxşı musiqi isə qəlbi sağaldaraq bədənə sağlamlığı qaytarır". Bunları musiqi barədə böyük türk ensiklopedisti Abu Nəsr əl-Fərabi (873-950-ci illər) özünün "Musiqi haqqında böyük kitab"ında yazmışdır.
Xalq musiqi nümunələrinin, eləcə də bəstəkar musiqilərinin dinlənilməsi, fərdi və kollektiv (xor) oxunması uşaqlarda bədii zövq, estetik mədəniyyət, milli və ümumbəşəri musiqi nümunələrinə maraq yaradır. Şagirdlər ifaçılığa cəlb olunur. Maraqlıdır ki, şagirdlər xorla oxumağı daha çox sevirlər. Görünür, ümumi bir ansamblda olmaq, birgə zəhmət və fəaliyyət həm də eyni məsuliyyəti bölüşə bilmək bacarığını formalaşdırır. Xorla oxumaq çətindir. Uşaq xoruna incə yanaşmaq lazımdır və bu da ağır zəhmətlə ərsəyə gəlir. Amma ümumilikdə uşaqlarla işləmək nə qədər çətindirsə, o qədər də maraqlıdır.
Təhsil alan uşaqlar üçün incəsənətlə təmas orta məktəbdən başlayır. Musiqi dərsində musiqi sahəsində ilkin addımlar atılır. Elə uşaq ola bilər ki, gələcəkdə musiqini özünə peşə seçsin, professional musiqiçi kimi yetişsin. Buna görə də, sözsüz ki, uşağın musiqi zövqünün formalaşmasında, yetişməsində sənətə vəsiqə verən musiqi müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür.
Müəllim təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilini məqsədyönlü və ardıcıl həyata keçirməli, bu istiqamətdə daim yeniliyə can atmalı və öyrənməlidir.
Kəmalə
HƏŞİMOVA,
Bakıdakı
249 nömrəli tam orta məktəbin
musiqi müəllimi
Azərbaycan müəllimi.- 2012.-
14 dekabr.- S.5.