Birincilərin ilk
"açıq dərs"i
Paytaxtın Nərimanov rayonunda yeni açılmış yüksək texnologiyalı Bakı Modern məktəbində Dövlət Bayrağı Gününə həsr olunmuş maraqlı bir tədbir keçirilirdi. Tədbiri maraqlı edən əsas cəhət onun orijinal bir formada - "Açıq dərs" şəklində qurulması idi. Tədbir çərçivəsində məktəbin I "A" sinfində də "açıq dərs" keçirildi. Bu sinfə dərs deyən müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Sevinc Əliyevanın Azərbaycan dili fənnindən "Yy" hərfi mövzusunda apardığı dərs altıyaşlı körpələrin ilk "açıq dərs"i idi. Dərs Dövlət Bayrağı Günü ərəfəsinə düşdüyündən bir qədər bayramsayağı, rəngarəng və şən keçdi. "Açıq dərs"də Bakı Modern məktəbinin direktoru Gülarə Əfəndiyeva, təlim-tərbiyə işləri üzrə müavini Sevinc Bayramova, metodist və sinif müəllimləri iştirak edirdilər.
Bir neçə məzmun standartının yerinə yetirilməsini hədəfə almış dərsin əsas məqsədi şagirdlərə sözləri hecalara bölməyi və oxumağı, hərfin elementlərini, onu düzgün yazmağı, kiçikhəcmli mətni üzündən köçürməyi, müşahidə etdiklərinə əsasən hekayə qurub danışmağı, cümlənin bitmiş fikir bildirdiyini öyrətmək idi.
Kollektiv və fərdi iş formasında keçilən dərsdə müəllim müzakirə və əqli hücum üsullarından, kompüter, projektor, plastilin, "Sehirli Əlifba", dərslik, alternativ dərslik, vərəqlər, hərf kartları kimi çoxsaylı resurslardan istifadə etdi.
40 dəqiqəlik dərs zamanı müəllim sinfin təşkilindən, elektron jurnalın yazılmasından tutmuş qiymətləndirməyədək dərsin bütün mərhələlərini yaradıcı şəkildə qurmağın və aparmağın mümkünlüyünü nümayiş etdirdi.
Sinfin təşkili və jurnalın yazılmasından sonra şagirdlərdən 2-si Dövlət
Bayrağı Günü münasibəti
ilə şeirlər söyləməklə
yoldaşlarını və dərsi dinləyənləri
salamladı və ilk dəqiqələrdən
şagirdlərdə yüksək əhvali-ruhiyyənin və
marağın yaranmasına səbəb oldu.
Şagirdlərin
mövzunu təxmini müəyyən edə bilməsi
üçün müəllim dərsin motivasiya mərhələsini
də məqsədəuyğun şəkildə qurdu. Öncə
ekranda yaşıllığı əks
etdirən slayd nümayiş
olundu. Müəllim uşaqlardan
ekranda nə gördüklərini soruşdu.
Sonra
şagirdləri "Yy" hərfinin adını çəkməyə
istiqamətləndirən suallar verdi, "Yallı" rəqsi
səsləndirildi. Beləliklə, dərsin mövzusu şagirdlərdən alındı. Sonra müəllim səsin eşidilməsi və
fərqləndirilməsi üzərində iş
apardı, "yarpaq" və "gül" sözləri müqayisə olundu. Sehirli əlifbada
"Y" səsi səsləndirildi.
Belə
bir tədqiqat sualı qoyuldu: "Y" səsi necə səsdir
və sözün hansı hissələrində işlənə
bilir. 5 dəqiqə ərzində qoyulmuş
sual üzərində tədqiqat
aparıldı, tərkibində "Y" səsi olan sözlər söyləndi, şagirdlərin
fikirləri dinlənildi. Bu qənaətə
gəlindi ki, "Y" səsi
avazlıdır, lakin heca
yaradan səs deyil.
Sonrakı
mərhələlərdə hərfin tanıdılması,
yazılışın nümayişi, manipulyativ məşğələ,
yazılışın öyrədilməsi üzərində
iş aparıldı. Başqa bir mərhələdə hecalara ayırma üzrə iş
aparan müəllim mövcud
dərslikdə heca sxemi
olmadığından "Bizim kitab-2012.
Azərbaycan dili - 1" variantiv
dərsliyindən istifadə etdi. Şəkillər
adlandırıldı. "Y" hərfinin yeri
müəyyən olundu, adlar
hecalara ayrıldı, alternativ
dərslikdəki hecalar, sözlər oxundu. Sonra lövhədə
dərsliyin skayner formasından şagirdlər
sözləri oxudular, alternativ
dərsliyin süjetli şəkilləri
üzrə iş aparıldı. Ev quşları, onların faydası, onlara qayğı haqqında
danışıldı.
Şagirdlər
müəllim tərəfindən hazırlanmış
kiçik mətni dinləyib onunla bağlı öz fikirlərini
bildirdilər, fikirlərə əlavələr olundu.
Şagirdlərin
yorğunluğunu aradan qaldırmaq üçün dərsdə
idman dəqiqələri verildi. Vaxtdan
səmərəli istifadə edən müəllim idman dəqiqələri zamanı qiymətləndirmə
apardı. Qiymətləndirmə inkişaf
göstəriciləri və müşahidə əsasında
aparıldı.
Dərsin
ümumiləşdirmə və yaradıcı tətbiqetmə
mərhələləri də səmərəli təşkil
olundu. Şagirdlər smart lövhədə müxtəlif
öyrədici tapşırıqlar yerinə yetirdilər.
Dərsdə şagirdlərin fərdi iş və kollektiv işi də məharətlə təşkil olundu. Fərdi iş
zamanı şagirdlər verilmiş,
qarışıq sözlər içərisində
"Y" hərfini seçib haşiyəyə
aldılar, kollektiv iş
zamanı isə öyrədici tapşırıq olan bayraq şəklinin
altında "y" hərfini yerinə
yazdıqdan sonra bayrağa
həsr olunmuş şeirlər söylədilər.
Müəllimin
Dövlət bayrağımız, Bayraq Meydanı
haqqındakı qısa məlumatından sonra şagirdlər
xorla "Çırpınırdı Qara dəniz" şərqisini
ifa etdilər. Beləliklə, maraqlı keçən dərs
başa çatdı. Müəllim
valideynlərə evdə
uşaqlarına ev quşlarından seçib yapışdırmaq və ya şəkillərini çəkməklə
təqdimat hazırlamağa kömək etmələri ilə
bağlı qeyd ünvanladı.
"Y" hərfinin öyrədilməsi
zamanı həm fəndaxili, həm də fənlərarası
(musiqi, həyat bilgisi, texnologiya, həyati bacarıqlara əsaslanan
təhsil, riyaziyyat, xarici dil) inteqrasiya aparıldı.
Müəllim
hərfi öyrətməzdən əvvəl yeni səsi
şagirdlərə hiss etdirməyə
çalışdı, bununla da şagirdlərdə tez mənimsəmə,
səsin eşidilib fərqləndirilməsi, axtarış
zamanı Azərbaycan, rus, ingilis dillərində sözlər
düşünüb demələri şagirdlərin fəallığına
səbəb oldu. Hərfin öyrədilməsi prosesində
manipulyativ məşğələlərin keçirilməsinin
vacibliyini müəllim onunla izah etdi ki, bu zaman şagird
müşayiət etdiyi hərfin yazılışını
öz əlləri ilə modelləşdirir və
düzgün formanı heç zaman unutmur.
Dərs
zamanı istifadə olunan alternativ dərslikdə ev
quşlarına qayğı mövzusunu şagirdlər maraqla
qarşıladılar.
Bir sözlə, bu, körpələrin ilk "açıq dərs"i olsa da, onlar bu sınaqdan böyük məharətlə çıxdılar və dərsin sonunda biz onların ifa etdikləri şeirlərdən bayrağımızı necə sevdiklərinin şahidi olduq. Şagirdlərin "Bayraq bizim qürur mənbəyimizdir. Bayraq bizim duyğumuz, qanımız, canımız, Azərbaycanımızdır!" sözləri dərsin onların vətənpərvərlik ruhunda tərbiyəsinə böyük töhfə verdiyini nümayiş etdirirdi.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2012.-
14 dekabr.- S.5.