"Heydər
Əliyev irsi və müasir
Azərbaycanın inkişaf siyasəti"
mövzusunda respublika elmi-praktik konfransı
Dekabrın 10-da Azərbaycan Müəllimlər İnstitutunda "Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişaf siyasəti" mövzusunda respublika elmi-praktik konfransı keçirildi. Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, institutun professor-müəllim heyəti, tələbələr və digər şəxslər iştirak edirdilər. Öncə iştirakçılar institutda yaradılmış Heydər Əliyev Mərkəzinə baxış keçirdilər.
Tədbiri giriş sözü ilə açan AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında gördüyü misilsiz xidmətlərdən söz açdı. Bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqına, bugünkü və gələcək nəsillərə böyük ideya-nəzəri irs qoyub getmişdir. Heydər Əliyev irsindən Azərbaycan cəmiyyətini təşkil edən nəsillər, etnoslar, alimlər, müəllimlər, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar, dövlət məmurları və ziyalılar daim bəhrələnirlər.
Professor qeyd etdi ki, Heydər Əliyev irsində ən fundamental məsələlərdən biri Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlətin qurulması, yüksək sivilizasiyalı demokratik cəmiyyətin formalaşmasıdır. Bu cəmiyyətin əsas vəzifələri insan hüquqlarının qorunması, milli azlıqların bütün sahələrdə səmərəli fəaliyyətlərinə imkan yaradılması, azadfikirli, yüksək intellektual potensiala malik vətəndaşların tərbiyəsi və yetişdirilməsidir. Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil olunmasında görürdü. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev təhsil işçilərinə, elm və mədəniyyətlə məşğul olan insanlara, xüsusən də müəllimlərə, daim gənclərin milli mənəvi dəyərlər zəminində tərbiyə olunmasını tövsiyə edirdi. Bununla yanaşı o, tərbiyə işində milli mənəvi və ümumbəşəri dəyərlərin vəhdətini nəzərə almağı tövsiyə edir, bu dəyərlərin sintezinin yaradılmasının vacibliyini vurğulayırdı. Bu sahədə artıq müəyyən işlər görülübdür. Məsələn, AMİ-də "Heydər Əliyev: Təhsil. Bilik. Məktəb" adlı kitab hazırlanıb nəşr olunmuşdur. İnstitutda hazırlanıb nəşr olunan ikinci fundamental kitab "Heydər Əliyev: Mənəviyyat. Mənəvi dəyərlər. Mənəvi tərbiyə" kitabıdır.
Elm sahəsində elmi strukturların məşğul olduğu hər bir tədqiqat istiqamətində Heydər Əliyevin fikirlərinin, düşüncələrinin, istəklərinin təzahürünün olduğunu bildirən Aqiyə Naxçıvanlı ümummilli liderin ideyalarını ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini iştirakçıların nəzərinə çatdırdı.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə ulu öndərin zəngin dövlətçilik irsindən söz açdılar.
Konfrans bölmələr üzrə öz işini davam etdirdi və sonda yekun iclas keçirildi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2012.-
14 dekabr.- S.4.