Şagirdlər İKT biliklərinə dərindən yiyələnirlər

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində paytaxtın ümumtəhsil müəssisələrində bir çox işlər görülmüş, uğurlu layihələr həyata keçirilmişdir.

Bakıdakı 61 nömrəli tam orta məktəbin direktoru Zenfira Şıxəliyeva bildirdi ki, istənilən sahəyə çox asanlıqla nüfuz edən İKT-nin  dərindən mənimsənilməsi  informasiya cəmiyyətinin əsas tələblərindəndir.   Qeyd olundu ki, təhsil ocağında 3 informatika otağı  yaradılmış və bu otaqlarda  50 kompüter quraşdırılmışdır. Məktəb mərkəzləşdirilmiş İnternet şəbəkəyə qoşulub. İnformatika və digər fənn müəllimləri I-XI siniflərdə dərslərini informatika otaqlarında  keçirlər.

242 nömrəli tam orta məktəbin direktoru  Akif Rəsulov söylədi ki, burada  İKT-nin tətbiqinə geniş yer verilib. Bu məqsədlə təhsil ocağında İKT ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki,  İKT-dən  bacarıqla istifadə edən müəllimlərin təcrübəsi yayılmış və  İKT biliklərini artırmaq  məqsədilə  siniflərarası yarışlar təşkil edilmişdir. Nəticədə şagirdlər arasında İKT-yə həvəs əvvəlki illərlə müqayisədə xeyli artmışdır.  

250 nömrəli tam orta məktəbin direktoru Nazim Adıgözəlov da  məktəbin İnternet şəbəkəyə qoşulduğunu dedi. Bildirdi ki, məktəbdə işləyən müəllimlərin əksəriyyəti İKT biliklərinə dərindən yiyələnmək üçün kurslardan keçib. Bu gün  fənn müəllimlərinin dərslərdə İKT-dən bacarıqla istifadə etməsi  sayəsində şagirdlər  İKT biliklərinə  dərindən yiyələnirlər.

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2012.- 14 dekabr.- S.4.