Qafqaz Universitetində I Beynəlxalq
Bəxtiyar
Vahabzadə simpoziumu keçirilir
Dekabrın 13-də
Qafqaz Universitetində I Beynəlxalq Bəxtiyar
Vahabzadə simpoziumu öz
işinə başladı. Simpozium
iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli
lider Heydər Əliyevin xatirəsini
hörmətlə yad edib
məzarı üzərinə əklil qoydular.
Xalq şairi Bəxtiyar
Vahabzadənin məzarı da ziyarət edildi, ruhuna dualar oxundu.
Təşkilatçıları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq
və Koordinasiya Agentliyi
(TİKA), Qafqaz Universiteti,
"Qayə" fondu, Yunus
Əmrə İnstitutu, Şəki İcra Hakimiyyəti və "Dialoq Avrasiya" təşkilatı
olan simpoziumun
açılış mərasimində öncə Bəxtiyar
Vahabzadənin həyat və fəaliyyətinə həsr
olunmuş film nümayiş olundu. Sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç giriş sözü söylədi.
Rektor bildirdi ki, XX əsrin sonları - XXI əsrin əvvəllərində yaşanan
ictimai dəyişmə
və yeniliklərə
həyatı ilə şahidlik etmiş, şahidi olduğu hadisələri əsərlərində
əks etdirmiş mütəfəkkirlərdən biri olan Bəxtiyar
Vahabzadə ədəbiyyatçı,
millət vəkili, pedaqoq, xüsusən də xalq şairi
kimi ictimai məhsuldarlığı və
təsir gücü öz çağını
açmış, düşüncələri
Türk dünyasına
yayılmış və
geniş coğrafiyada
hüsn-rəğbət doğurmuş
bir türk ziyalısıdır.
Simpoziumda
çıxış edən
təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanın milli mənəvi dəyərlərinə söykənən
ziyalıların fəaliyyətini
işıqlandırmaq və
xalqa daha yaxından tanıtmaq sahəsində ənənəvi
tədbirləri davam etdirdiyinə, növbəti
belə bir tədbirin xalq şairi Bəxtiyar Vahabzadəyə, onun yaradıcılığına həsr
etdiyinə görə
Qafqaz Universitetinə təşəkkür etdi.
Nazir müavini B.Vahabzadə yaradıcılığının
xeyli tədqiqatçısı,
araşdırıcısı yığılmış simpoziuma
bir şairin, ədəbiyyatçının yaradıcılığının araşdırılması tədbiri
kimi deyil, Azərbaycanın dəyərlərinin
keşiyində dayanan,
onu təbliğ edən və bu dəyərlərə təhlükə yarandığını
görəndə öz
haqq səsini ucaldan bir Azərbaycan
ziyalısının xatirəsinin
yad olunması tədbiri kimi baxdığını söylədi.
Bildirdi ki, ziyalıları sadə vətəndaşlardan
fərqləndirən cəhət
onların xalqın dəyərlərinə, gələcəyinə,
tarixinə, ənənələrinə
yaranan təhlükəni
hamıdan əvvəl
görməsi və səslərini qaldırmasıdır.
Şairləri, yazıçıları, qələm əhlini isə ziyalılardan fərqləndirən cəhət
onların haqqı sıravi vətəndaşlara
çatdırmaq yollarını
bilmələri və
buna nail olmalarıdır.
Q.Novruzov B.Vahabzadənin yaradıcılığının
məhz bu baxımdan xüsusi önəm daşıdığını
qeyd etdi və B.Vahabzadəni zaman keçdikcə daha böyük dəyər verilən dahi insanlardan biri kimi səciyyələndirdi.
Plenar iclasda habelə Türkiyə Respublikasının
ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Alper Coşkun, TİKA-nın Orta Asiya və
Qafqaz regionu üzrə sədri Ali Özgün Öztürk,
Milli Məclisin deputatı, professor Nizami Cəfərov və başqaları çıxış
edərək B.Vahabzadənin
ədəbiyyatımıza verdiyi töhfələrdən,
müəllim, alim, ictimai xadim kimi
xidmətlərindən söz
açdılar.
Qeyd edək ki, simpoziumda
türk dünyasının
görkəmli intellektual
yazıçılarından biri olan Bəxtiyar
Vahabzadənin əsərlərini
və fikirlərini müzakirə etmək üçün 6 ölkədən
35 universitet və tədqiqat mərkəzindən
100-dən çox elm adamı
və tədqiqatçı
iştirak edir. Üç gün davam edəcək simpoziumun bölmələrində
"Vahabzadə əsərlərində
dil xüsusiyyətləri
və sənətkarlıq",
"Vahabzadə və
milli mübarizə",
"Vahabzadənin dram əsərləri",
"Vahabzadə və
Türk dünyası",
"Vahabzadənin əsərlərində
tərbiyə və mənəvi dəyərlər"
mövzularında müzakirələr
aparılacaq.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2012.-
14 dekabr.- S.3.