İmtahan sessiyasının təşkili
və keçirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, (bundan sonra imtahan sessiyası) tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə
ƏMR
EDİRƏM:
1. Təhsil
Nazirliyində "Qaynar xətt" xidmətinin
fəaliyyət göstərdiyi nəzərə
alınsın (Tel.: (012) 146, e-mail: qaynar-xett@edu.gov.az).
2. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və "Qaynar xətt" xidməti yaratsınlar;
- qərargaha və "Qaynar xətt" xidmətinə daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt" xidmətinə operativ məlumat verilməsini təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etsinlər;
- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:
- Təhsil Nazirliyinin əməkdaşlarının, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər;
- imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi üçün tələbələr arasında anket sorğularını təşkil etsinlər;
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;
- imtahan sessiyasının nəticələrini təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
5. Əmr "Azərbaycan müəllimi" qəzetində və nazirliyin İnternet saytında dərc edilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
18 dekabr 2012-ci il
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.3.