Dövlət İdarəçilik Akademiyasında akademik Ramiz

Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi

şəxsiyyət kimi" məqaləsi müzakirə olunub

  

Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Şah İsmayılın siyasi fəaliyyətini əks etdirən "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək akademik Ramiz Mehdiyevin bu məqaləsinin istiqamətverici və fundamental bir əsər kimi çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Rektor məqaləni Azərbaycan dövlətçilik tarixinin qiymətləndirilməsi, habelə tarixi faktların zaman kontekstində və zamanın əsas xüsusiyyətləri nəzərə alınaraq araşdırılması baxımından olduqca yüksək tədqiqat kimi səciyyələndirib.

"Dəyirmi masa"da daha sonra akademik Ramiz Mehdiyevin məqaləsində əks olunan fəlsəfi ideyalara toxunularaq qeyd olunub ki, hər bir xalqın tarixi onun mədəniyyətinin tərkib hissəsidir. Tarixin inkişafında böyük şəxsiyyətlərin rolu əhəmiyyətlidir. Böyük şəxsiyyətlərin gördükləri işlər, onların irəli sürdükləri ideyalar xalqın inkişafına xidmət edir. Hər bir xalq ona görə də öz tarixi şəxsiyyətlərinin irsinə mədəni-mənəvi dəyər kimi yanaşmalı, onu qorumalıdır.

Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi kimi dəyərləndirilib. Qeyd edilib ki, ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanan məqalə Azərbaycanın daxilində və ölkə xaricində tariximizi, tarixi şəxsiyyətlərimizin obrazlarını təhrif edənlərə tutarlı cavabdır, eyni zamanda tarixçi alimlər üçün çox qiymətli mənbə, uzunmüddətli elmi istiqamətdir.

"Dəyirmi masa"da professorlar M.Quliyev, F.Məmmədov, N.Ələkbərova, Ə.Abdullayev, dosentlər F.Əhmədova, R.Əkbərov, E.Nəcəfov və başqaları çıxış edərək məqalənin elmisiyasi əhəmiyyətindən söz açıblar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən "dəyirmi masa"nın sonunda məqalənin Dövlət İdarəçilik Akademiyasında daha dərindən öyrənilməsi və dövlətçilik tariximizi bilmək, onu yad ünsürlərdən qorumaq üçün gənclərə dolğun tədris edilməsi qərara alınıb.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.3.