ADU-da Həsən bəy Zərdabinin
170
illiyinə həsr
olunmuş tədbir keçirildi
Dekabrın 14-də Azərbaycan Dillər Universitetində Həsən bəy Zərdabinin 170 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova və filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alan tələbələrin təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Həsən bəy Zərdabinin qohumları iştirak edirdilər.
Tədbirdə Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabi haqqında məlumat verildi, onun naşiri olduğu "Əkinçi" qəzetindən, Azərbaycanda milli mətbuatımızın əsasının məhz bu qəzetlə qoyulduğundan söz açıldı. Sonra Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar təqdim edildi. Daha sonra tələbələrin ifasında Həsən bəy Zərdabinin həyatını, onun ana dilində qəzet nəşr etməklə bağlı qarşısına çıxan çətinlikləri, dövrün amansızlığını, xalqın savadsızlığından istifadə edərək milləti oxumaq, öyrənmək həvəsindən döndərən dırnaqarası bəylərin iç üzünü əks etdirən səhnəciklər göstərildi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin gözlədiyindən də yüksək şəkildə keçdiyini bildirdi və Mətbuat Şurası tərəfindən burada iştirak edən tələbələrin Fəxri diplomla mükafatlandırılacaqlarını söylədi. Ə.Amaşov Həsən bəy Zərdabinin 170 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncam imzaladığını xatırlatdı və ADU-da tədbirin yüksək səviyyədə təşkilinin məhz bu sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi baxımından çox əhəmiyyətli olduğunu vurğuladı. Ə.Amaşov tələbələrdən ibarət bu heyətlə Mətbuat Şurasının xətti ilə digər ali məktəblərdə, hətta orta məktəblərdə iştirak etmək istəyini dilə gətirdi. "Azərbaycan mətbuatı deyəndə Həsən bəy Zərdabi, Həsən bəy Zərdabi deyəndə Azərbaycan mətbuatı yada düşür" - deyən Ə.Amaşov görkəmli ziyalının Azərbaycan mətbuatına verdiyi töhfələrdən danışdı.
"Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı çıxışında xatirələrə daldığını, özünün də bu universitetin tələbəsi olduğunu qeyd etdi. ADU-da jurnalistika ixtisasının açıldığından şad olduğunu söyləyən E.Şıxlı redaksiyasında 2 nəfər ingilis dili bilən işçidən birinin məhz bu universitetin məzunu olduğunu söylədi və dilləri tədris edən universitetin gələcəyə lazımlı jurnalistlər yetişdirəcəyindən əminliyini ifadə etdi. O, "H.Zərdabini dünyaya çıxarmaq üçün dünyanın dilini bilmək lazımdır" fikirlərini sözlərinə əlavə etdi.
ADU-nun Azərbaycan tarixi, sosial elmlər və fəlsəfə kafedrasının professoru, H.Zərdabinin qohumu Məhəmməd Teymurlu bu təhsil ocağının jurnalistlər yetişdirməsindən şad olduğunu dedi, milli mətbuatımızın banisinin ideyalarına əməl edib ondan güc almağın vacibliyindən danışdı.
Sonda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çətin iş qrafiklərinə baxmayaraq, vaxt ayırıb təşrif buyurduqlarına görə qonaqlara təşəkkürünü bildirdi. Rektor Səməd Seyidov Prezident İlham Əliyevin məhz Azərbaycanın milli mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın bugünkü mətbuat nümayəndələri üçün vacib olduğunu vurğuladı. H.Zərdabinin irsi və onun fəaliyyətinin gənc nəsil jurnalistlərə təbliğ olunmasını bu yöndə mühüm addım hesab etdi. ADU-nun ilk jurnalist tələbələrinin birinci dəfə tamaşaçılar qarşısına çıxdığını deyən rektor bu təhsil ocağında jurnalistika ixtisasının açılmasının elə də asan olmadığını və burada iştirak edən və etməyən tanınmış mətbuat işçilərinin yüksək rəyi əsasında ADU-da həmin ixtisasın artıq fəaliyyət göstərdiyini vurğuladı. "Bizə dilləri bilən hüquqşünaslar, həkimlər, dilşünaslar, eləcə də jurnalistlər lazımdır" - fikirlərini söyləyən Səməd Seyidov tədbirin yüksək səviyyədə təşkilinə görə ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovaya minnətdarlığını bildirdi və tələbələri təbrik etdi.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.3.