Doktorantların və gənc tədqiqatçıların

XVII Respublika elmi konfransı

  

18-19 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı keçirildi.

Dekabrın 18-də "Avropa" otelində keçirilən konfransın açılış mərasimində təhsil naziri Misir Mərdanov, Milli Məclisin Elm və Təhsil məsələləri Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, respublikanın tanınmış alimləri və pedaqoqları iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq qeyd etdi ki, doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı böyük əhəmiyyət  kəsb edir. Belə konfranslarda gənclər məşğul olduqları konkret elm sahələrində nailiyyətlərini nümayiş etdirməklə yanaşı, elmi yaradıcılıqları barədə fikir mübadiləsi, həmçinin elmi təcrübələri ilə bir-birini tanış etmək imkanı əldə edirlər. Qeyd olundu ki, son illərdə Azərbaycan gənclərinin hərtərəfli inkişafı, onların elmə və təhsilə yiyələnməsi üçün əlverişli mühit və şərait yaradılmışdır.

Ümummilli lider Heydər Əliyevin təhsilin və elmin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açan nazir bu işlərin hazırda ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.

Azərbaycanda kifayət qədər elmi potensialın olduğunu bildirən nazir Misir Mərdanov bundan bacarıqla istifadə etməyin vacibliyini diqqətə çatdırdı. Bildirildi ki, hazırda respublikamızda 30 mindən artıq elmielmi-pedaqoji kadr çalışır. Onlardan 1918-i elmlər doktoru, 8976-sı isə fəlsəfə doktorudur (elmlər namizədi). Son illər elmi əsərlərin nüfuzlu mətbu orqanlarında çap olunmasına diqqətin artırıldığını söyləyən təhsil naziri bəzi ali təhsil müəssisələrində həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində  impakt-faktoru olan jurnallarda dərc olunan məqalələrin sayının artdığını qeyd etdi.

Nazir sonra doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı barədə məlumat verərək gənclərin ildən-ilə konfransa maraqlarının artmasını yüksək dəyərləndirdi. Qeyd olundu ki, konfrans öz işini 2 gün ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində müxtəlif elm sahələri əhatə olunmaqla 19 bölmədə davam etdirəcəkdir. Konfransın bölmələrində 21 ali təhsil müəssisəsindən  və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından daxil olmuş 451 məruzənin dinlənilməsinin nəzərdə tutulduğunu bildirən nazir Misir Mərdanov təqdim olunan məruzələrin hər bir ali məktəb üzrə sayını açıqladı.

Nazir Misir Mərdanov çıxışının sonunda müstəqil Azərbaycanın xoşbəxt gələcəyinin məhz gənclərin intellektual səviyyəsindən, milli və ümumbəşəri dəyərlərə dərindən yiyələnmələrindən, elm və təhsilin zənginliklərindən layiqincə bəhrələnmələrindən çox asılı olduğunu söyləyərək doktorantlara və gənc tədqiqatçılara bir sıra dəyərli tövsiyələr verdi, onlara elmi  fəaliyyətlərində uğurlar arzuladı.

Mərasimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova çıxış edərək respublikamızda təhsilin, elmin inkişafına, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan danışdı.

Çıxış üçün söz alan Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov, Milli Məclisin Elm və Təhsil məsələləri Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasov ölkəmizdə elmin və təhsilin uğurlu inkişafından söz açdılar. Çıxış edənlər Azərbaycanda çoxlu sayda istedadlı, yüksək bilik və bacarığı ilə fərqlənən gənclərin olduğunu xüsusi vurğulayaraq  konfrans iştirakçılarına ən xoş arzularını çatdırdılar.

Bakı Dövlət Universitetinin doktorantı Günel Məlikli, Milli Aviasiya Akademiyasının doktorantı Zafiq Xəlilov çıxış edərək onların elmi,  yaradıcılıq potensialının üzə çıxarılmasına, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, həmçinin elmi nailiyyətlərinin birlikdə müzakirə olunmasına xidmət edən belə konfransların keçirilməsinin təqdirəlayiq olduğunu söylədilər, ölkəmizdə gənclər üçün yaradılan hərtərəfli imkan və şəraitə görə Respublika Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı  Elşad Məhərrəmov "Bakı şəhəri məskunlaşma sistemində mədəniyyət mərkəzlərinin formalaşması" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Tədbirin sonunda Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova elmi konfransın təşkilati məsələləri ilə bağlı ətraflı məlumat verdi.

Onu da qeyd edək ki, iki gün davam edən elmi konfransın sonunda doktorantlara və gənc tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatları təqdim olundu. Konfransın materiallarının hər il olduğu kimi, bu ilkitab şəklində çap olunaraq iştirakçılara verilməsi qərara alındı. 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.2.