Dövlət Proqramının icrasına həsr

olunmuş konfrans keçirilib

 

Dekabrın 20-də paytaxtdakı "Avropa" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində "2012-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda konfrans keçirildi.

Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın icrası ilə bağlı təqdimat-məruzə ilə çıxış etdi. Hər ilin sonunda Təhsil Nazirliyi tərəfindən Proqramın icrası ilə bağlı hesabat konfransı keçirildiyini deyən nazir  budəfəki konfransın BMT-nin mühüm sənədi olan  Uşaq hüquqları haqqında Konvensiyanın  Azərbaycanda qəbul olunmasının 20 illik yubileyinin  keçirildiyi bir dövrə təsadüf etdiyini bildirdi. Qeyd etdi ki, sözügedən Dövlət Proqramının əsas məqsədi də məhz uşaqların ailə mühitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, müəssisədə olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkil edilməsidir.

Təhsil Nazirliyinin Dövlət Proqramının həyata keçirilməsində aparıcı  qurum olduğunu diqqətə çatdıran nazir nazirliyin Dövlət Proqramının həyata keçirilməsində öz işini Maliyyə, Səhiyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq çərçivəsində qurduğunu, bununla yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının Proqramın icra olunmasında Azərbaycan hökumətinə dəstək verdiklərini dedi. Təhsil naziri qeyd etdi ki, Dövlət Proqramının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq evləri və internat məktəblərinə göstərdiyi qayğı mühüm rol oynayır.

Sonra nazir bu il ərzində Dövlət Proqramı qarşısında duran vəzifələrin  icrası ilə bağlı məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırdı. Bildirdi ki, dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş planın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 22 iyun tarixli qərarına əsasən, sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli və 3 nömrəli xüsusi internat məktəbləri şagird kontingentinin azalması səbəbindən birləşdirilmiş, 2012-ci il  6 dekabr tarixli qərara əsasən isə Qusar şəhər internat məktəbi ləğv edilərək bazasında Qusar peşə liseyi yaradılmışdır.

Beləliklə, 2008-ci ildə ölkə üzrə dövlət uşaq müəssisələrinin sayı 55 olduğu halda,  Dövlət Proqramı çərçivəsində görülən tədbirlər nəticəsində müəssisələrin sayı 42-yə enmişdir.

Dövlət Proqramının Tədbirlər Planına və Baş plana əsasən, uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı xidmətlər ilə əvəz olunması işinə başlanıldığını diqqətə çatdıran nazir Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində ölkə üzrə  ümumilikdə bu il  589 nəfər uşağın dövlət uşaq müəssisələrinə  düşməsinin qarşısının alındığını bildirdi.

Nazir qeyd etdi ki, Dövlət Proqramı çərçivəsində "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi", "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" pilot layihələinin icrası istiqamətində görülən işlər nəticəsində cari ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 123 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılmışdır.

Hazırda Dövlət Proqramının əhatəsində olan  dövlət uşaq müəssisələrində 8336 nəfər uşağın təlim-tərbiyə aldığını deyən Misir Mərdanov onlardan 3671  nəfərinin müəssisədə gecələyən, qalan 4665 nəfərin isə müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edən, gecəni isə ailəsi ilə birgə keçirən uşaqlar olduğunu söylədi. Bildirdi ki, Təhsil Nazirliyi tərəfindən aparılan məqsədyönlü tədbirlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalır. Belə ki, onların sayı 2006-cı ildə 21000, 2007-ci ildə 18400, 2008-ci ildə 14389 nəfər, 2009-cu ildə 10055 nəfər, 2010-cu ildə 9827 nəfər, 2011-ci ildə 9776 nəfər, 2012-ci ildə isə 8336 nəfər olub.

Dövlət uşaq müəssisələrindən məzun olan uşaqların sonrakı həyatı haqqında fikirlərini söyləyən nazir sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsillə (inklüziv təhsillə) təmin olunması üçün YUNİSEF-lə birgə həyata keçirilən tədbirlərdən bəhs etdi. Ölkəmizdə de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdıran Misir Mərdanov bu sahədə görülən işlərə hər zaman dəstək verən YUNİSEF-ə və digər müvafiq qurumlara təşəkkürünü bildirdi.

Sonra konfransda "Empatiya" adlı sənədli film nümayş olundu.

Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Osmanlı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və başqaları hesabat məruzəsinin ətraflı hazırlandığını qeyd etdilər, de-institutlaşdırma prosesi, uşaqlar üçün sosial xidmətlərin təşkili ilə bağlı fikirlərini bildirib, proqramın icrası istiqamətində görülən işləri yüksək dəyərləndirdilər.

Konfransın sonunda Dövlət Proqramının həyata keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov bununla bağlı qarşıda duran bütün vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə etdi. 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.2.