"Xalq kompüteri" layihəsinə
həsr edilmiş mətbuat
konfransı
Dekabrın 20-də
Abşeron-Bakı Mehmanxanasında
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP Microsoft və
"Bestcomp Group"
şirkətlərinin birgə iştirakı ilə "Xalq kompüteri" layihəsinə
həsr edilmiş mətbuat konfransı keçirildi. Tədbiri "Microsoft
Azərbaycan" şirkətinin nümayəndəsi Emin Axundov açaraq konfrans barədə qısa məlumat verdi.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İspəndiyar Əliyev "Xalq kompüteri" layihəsinin regionlarda həyata keçirilməsindən və bu işin yüksək səviyyədə təşkil olunmasından söz açdı.
Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov çıxış edərək bildirdi ki, "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaqdır.
İ.Sadıqov qeyd etdi ki, hazırda "Xalq kompüteri" layihəsi çərçivəsində Azərbaycanda orta məktəblərdə işləyən müəllimlər, şagirdlər, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almışlar. Nəticədə, bu layihə çərçivəsində informasiya cəmiyyətində qoyulan məsələlər öz həllini tapıb.
"Bestcomp Group" şikətinin baş meneceri Rauf Həsənov dedi ki, 2009-cu ilin aprel ayından bu günə kimi "Xalq kompüteri" layihəsinə əsasən kompüterlərin 16 faizi Bakıda, 13,3 faizi Naxçıvan Muxar Respublikasında, qalanları isə ölkənin digər regionlarında olan istifadəçilər tərəfindən əldə edilmişdir. Layihə çərçivəsində əldə edilən kompüterlərin 90 faizindən çoxu portativ texnikanın payına düşür.
Konfransda "Microsoft Azərbaycan" nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov, HP Azərbaycanın fərdi və çap sistemləri qrupunun ölkə üzrə rəhbəri Rasim Baxşı da layihə ilə əlaqədar öz fikirlərini bildirdilər.
Layihə çərçivəsində 20000-ci kompüterin alıcısı Naxçıvan Muxtar Respublikasının sakini Ruslan Cəfərov olduğundan yubiley alıcıya onun əldə etdiyi portativ kompüter pulsuz təqdim edildi. Həmçinin konfransda 19999-cu və 20001-ci fərdi kompüter alıcılarına da hədiyyələr verildi.
Sonda tədbir iştirakçıları tərəfindən verilən "Xalq kompüteri" layihəsinə aid suallar cavablandırıldı.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.4.