"Xarici dil" üzrə fənn
kurikulumları orta təhsil pilləsində
Dərslərin yeni təlim metodları ilə qurulması şagirdlərdə müstəqil yaradıcı düşünmə qabiliyyətini, yeni biliklərə sərbəst yiyələnmək bacarığını inkişaf etdirir. Mən də dərslərimdə bu təlim metodlarından hər zaman istifadə etməyə çalışıram. Ənənəvi üsuldan fərqli olaraq, fəal təlimdə dərs motivasiya ilə başlanır. Məhz motivasiya şagirddə həm maraq oyadır, həm də onu düşündürür, yeni axtarışlar etməyə sövq edir. Dərsin motivasiyasını elə qurmağa çalışıram ki, heç bir şagird bu prosesdən kənarda qalmasın. Şagirdlər bir-biri ilə əməkdaşlıq etməyi bacarsın, onların özlərinə inam hissi artsın. İngilis dili dərslərində motivasiya qurmaq daha maraqlı və asandır. Tədqiqat sualını formalaşdırmaq üçün mövzuya uyğun mahnı, şeir parçası və ya şəkil lövhədə göstərilir. Tədqiqatın aparılması zamanı vaxtın qoyulması şagirdlərdə məsuliyyəti artırmaqla bərabər, onları vaxtdan səmərəli istifadə etməyə də alışdırır. Sonra şagirdləri qruplara bölürəm. Hər bir qrup öz liderini seçir. Bəzən qrupun ən fəal, bəzən isə ən passiv şagirdi lider olur. Bu hal hətta ən zəif, passiv və özünə inamı olmayan şagirddə belə özünə inam hissi yaradır və onu daha fəal olmağa həvəsləndirir. Dərsin gedişi zamanı mövzuya uyğun tədqiqat sualı qoyulur. Komandaların liderləri aparılan fikir mübadiləsinin nəticələrini elan edirlər. Qrup üzvləri yeni fikir söyləyir, yoldaşlarının verdiyi cavabları təhlil edib onlara münasibət bildirilir. Dərs zamanı fənlərarası inteqrasiya daha maraqlı olur. Dərslərin texniki vəsaitlərdən istifadə etmək yolu ilə qurulması təlimin məzmununu bir az da zənginləşdirir. "Power Point" proqramından istifadə etməklə keçilən dərslər şagirdlər tərəfindən maraqla qarşılanır, asan mənimsənilir, müasir təlim metodları şagirddə fəallığı artırmaqla yanaşı, məntiqi düşüncə də yaradır. Məntiqlə bilik paralel inkişaf edərək şagirdi həyata hazırlayır. Fəal dərsin aşağıdakı mərhələlərinə əməl etməyə çalışıram:
1.Düşünməyə yönəlmə - bu zaman şagird mövzu ilə əlaqədar bildiklərini xatırlayır, fəallaşır. Beləliklə, mən onlarda mövzuya maraq oyadıram.
2.Dərketmə-yəni yeni bilikləri şagirdlərə öyrədirəm.
3.Düşünmə-şagirdlərə yeni biliyi möhkəmləndirmək üçün testlər, tapşırıqlar, paylama materialları verirəm.
Azərbaycan təhsili günbəgün dəyişir, inkişaf edir, yeniliklərlə zənginləşir. Əvvəllər tədris prosesində biliklərin hazır şəkildə şagirdlərə mənimsədilməsi tələb olunurdusa, indi tədris olunan mövzu ətrafında şagirdlərin özünün müstəqil fikir yürüdə bilməsinə, bir-birinin biliyinə qiymət verməsinə, kimin nəyə qadir olduğunu aşkar etməsinə, problem yaratmaq, tədqiq etmək, qurmaq yaratmaq bacarığına daha çox diqqət yetirilir.
Müasir kurikulumun tətbiqi zamanı ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri üç mərhələdən ibarətdir:
1.İbtidai təhsil üzrə ümumi təlim nəticələri;
2.Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri;
3.Tam orta təhsil üzrə ümumi təlim nəticələri.
İbtidai sinif mərhələsində 4 il kurikulumun tətbiqi biz müəllimlərə çox şey verdi. Mən ixtisasca ingilis dili müəllimiyəm və bir fənn müəllimi kimi özüm də bu 4 ildə müəyyən təcrübə əldə etmişəm. Artıq bu ildən orta təhsil pilləsində kurikulumun tətbiqinə başlanılıb.
Xarici dil kurikulumu şagirdlərin maraq və meyllərini diqqətdə saxlayır, onların nitqini, dil qavrama vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur. Xarici dil kurikulumları həmin fənnin tədrisində aşağıdakı suallara cavab verməyə çalışır:
Nəyi öyrətməli; necə öyrətməli; necə təşkil etməli; necə dəyərləndirməli.
Müasir xarici dil dərslərinin tədrisi iki üsula söykənir:
1.Dil sistemlərinin öyrənilməsi. 2.Dil bacarıqlarının qazanılması.
Dil sistemi səslərdən, sözlərin düzgün tələffüzündən, cümlə quruluşundan, sözlərin ayrı-ayrı mənalarından və qrammatik cəhətdən onların bir-birilə bağlılığından, həmçinin cümlədə hansı funksiya daşımasından ibarətdir.
Dil bacarığı isə dinləmək, anlamaq, danışmaq, oxumaq və yazmaqdan ibarətdir.
Bu gün Azərbaycan təhsil sistemində bir çox innovativ metodlar, yeni pedaqoji texnologiyalar tədrisə uğurla tətbiq edilir. Bütün bunlardan məqsəd şagird interaktivliyini ön plana çəkmək, özünəinam hissini artırmaq üçün onlara subyekt kimi yanaşmaqdır. Bu mənada biz müəllimlər şagirdlərimizə bir bələdçi kimi, fasilitator kimi düzgün istiqamət verməliyik.
Xalidə
RÜSTƏMOVA,
Bakıdakı
290 nömrəli orta məktəbin
ingilis dili müəllimi
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.10.