Hüseyn Cavidin 130 illik yubileyi Bakı Pedaqoji Kadrların

İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda qeyd edildi

  

Dekabrın 14-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda dahi Azərbaycan şairidramaturqu Hüseyn Cavidin 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransinstitutun Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Şəmil Sadiqin "Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası" monoqrafiyasının təqdimatı keçirilmişdir. Öncə konfrans iştirakçıları institutda yaradılmış Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar. 

Konfransı giriş sözü ilə BPKİYİ-nin rektoru, professor Asəf Zamanov açaraq, Cavidin nəinki əsərlərinin, yaşadığı ömrününbir mərdlik, vətənpərvərlik məktəbi olduğunu qeyd etdi. O, həmçinin, bildirdi ki, Hüseyn Cavidin yaratdığı bir-birindən dəyərli fəlsəfi əsərlər hamı tərəfindən sevilə-sevilə oxunur. Şairin "Ana", "Uçurum", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam", dünya ədəbiyyatının şedevr əsərlərindən olan "İblis" kimi əsərləri dünya ədəbiyyatı xəzinəsində özünə layiqli yer tutmuşdur.

Natiq onu da vurğuladı ki, Hüseyn Cavid həm yaxşı oğul, yaxşı ər, yaxşı ata, vətəninə, millətinə sadiq, haqq yolunda əyilməz və mətin bir vətəndaş, əqidəsinə, amalına xidmət edən kamil bir insan idi. Bütün bunları həmişə yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il fevral ayının 16-da Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı da bizə dahi şairi layiqincə yad etməyimizə stimul verir.

Hələ ümummilli liderimiz Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir dövrdə Cavidə olan ali münasibəti ilə onun dahi bir şəxsiyyət olduğunu göstərmişdir. Çətin bir dövrdə uzaqgörənliklə Cavidin nəşini doğma vətəninə gətizdirən Heydər Əliyev ona ucaldılan məqbərənin bütün işlərində yaxından iştirak etmiş, Cavid ailəsini yenidən bir-birinə qovuşdurmuşdur. Cavid ailəsinin dəfn edildiyi həmin məqbərə hazırda müqəddəs bir ocaq kimi ziyarətgaha çevrilmişdir.

Konfransda Hüseyn Cavid ev-muzeyinin direktoru Gülbəniz Babaxanlının "Hüseyn Cavidin ev-muzeyi və cavidşünaslıq", BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Aydın Paşayevin "Cavid yaradıcılığında bəzi şəxs adlarının üslubi xüsusiyyətləri", institutun baş müəllimi Esmira Cəfərovanın "Hüseyn Cavidin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisi məsələləri" mövzularında məruzələri dinlənilmişdir.

Əməkdar artist Eldost Bayram Cavid yaradıcılığından nümunələr təqdim etmişdir. Sonra dosent Şəmil Sadiqin "Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası" monoqrafiyasının təqdimat mərasimi olmuş, müəllif "Cavidin qəhrəman konsepsiyası" mövzusunda məruzə etmişdir.

Sonda BPKİYİ-nin baş müəllimi Esmira Cəfərovanın rəhbərliyi ilə ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilmişdir. 

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.4.