"Dünya bizim gözümüzlə"

 adlı tədbir keçirildi

 

Dekabrın 14-də T.İsmayılov adına "Uşaq Dünyası" rəsm qalereyasında sağlamlıq imkanları məhdud olan uşaqlara həsr olunmuş "Dünya bizim gözümüzlə" adlı tədbir keçirildi. Tədbir Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən təşkil edilmişdir. Öncə iştirakçılar  sağlamlıq imkanları məhdud olan uşaqların müxtəlif mövzutexnikada işlənmiş təsviri və dekorativ-tətbiqi sənət işlərindən ibarət sərgi ilə tanış oldular. Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsinin müdiri Ağababa İbrahimov, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzin direktoru Səbinə Məmmədkərimova və digər şəxslər iştirak edirdilər. Tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan uşaqlar arasında istedadlı və qabiliyyətli şagirdləri üzə çıxarmaqdan ibarət idi.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsinin müdiri Ağababa İbrahimov iştirakçıları təhsil naziri Misir Mərdanovun adından salamlayaraq mərkəzin fəaliyyətindən danışdı. Bildirildi ki, mərkəzin keçirdiyi bədii tədbirlər sağlamlıq imkanları məhdud olan uşaqların incəsənətə meylini daha da artırır, onlarda bədii zövqün formalaşmasına yardım edir. Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısından söz açan A.İbrahimov bu sahədə ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini diqqətə çatdırdı. Belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən şöbə müdiri mərkəzin əməkdaşlarının əlil uşaqlarla işləməsinin nəcib bir olduğunu qeyd etdi. Bildirildi ki, sağlamlıq imkanları məhdud uşaqlar digər uşaqlardan  fərqləndirilməməli və onlar özlərini cəmiyyətin tamhüquqlu və yararlı vətəndaşları kimi hiss etməlidirlər.

Tədbirdə çıxış edən ETRTMM-nin direktoru Səbinə Məmmədkərimova qeyd etdi ki,  bir çox təhsil müəssisələri ilə yanaşı, Estetik Tərbiyə üzrə Tədris-Metodik Mərkəzi də öz işini əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla sıx əməkdaşlıq prinsipləri üzərində qurur. Ölkə Prezidenti cənab İlham Əliyevin əlillərə yüksək diqqət və qayğı göstərdiyini bildirən S.Məmmədkərimova onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı. Sağlamlıq imkanları məhdud  olan şagirdlərin arasında xüsusi istedada malik olanların çox olduğunu və onların bu potensialının inkişaf etdirilməsinin vacibliyini bildirən mərkəzin direktoru belə tədbirlərin həmin şagirdlərin həyatında xüsusi önəm daşıdığını qeyd etdi.

Tədbirin bədii hissəsində 5 nömrəli gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin şagirdləri Leysan Rzayev, Rufan Camalov və Hökümə Zeynalovanın ifasında dahi Nizami Gəncəvinin "Kərpickəsən  kişinin dastanı" əsərindən səhnəcik göstərildi.  Şeirlər söylənildi, musiqi nömrələri ifa edildi.  

Sonda 3 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin şagirdləri Ceyla Məmmədova, Zümrüd Nəzirova, Nərmin Hümbətzadə mərkəzin fəxri fərmanı ilə təltif edildilər. Tədbirdə iştirak edən bütün şagirdlərə hədiyyələr  verildi. Xatirə şəkli çəkdirildi.

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.6.