Kurikulum konkret hədəflərə
ünvanlanmış milli
təhsil konsepsiyasıdır
Ana dilimizə tərcümədə "istiqamət", "yol" mənasını verən "kurikulum" bu gün ən çox eşitdiyimiz və işlətdiyimiz sözlərdən biri olduğundan və onun əhatə etdiyi elmi-metodiki ədəbiyyatlar, təhsil qanunvericiliyi aktları, ən əsası da fəaliyyət sahəsi cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı qarşılanmadığından və bəzən haqsız və yersiz olaraq "tarixin təkərini geriyə qaytarmağ"ı arzulayanların səsi ucaldığından bir təhsil işçisi kimi bütün bunlara münasibətimi bildirməyi özümə borc hesab edirəm.
Açığı, məqaləni daha çox geniş ictimaiyyətə - valideynlərə, məktəbin təəssübkeşi olmağa hazır hər bir vətənpərvərə ünvanlamağı üstün tutduğumdan Milli Kurikuluma keçidin elmi-nəzəri əsaslarından, onun ehtiva etdiyi sənədlər, anlayışlar, məqsəd, vəzifə və vasitələrdən çox, ictimai-siyasi, ideoloji və faktoloji, qismənsə elmi-metodiki cəhətlərindən bəhs etməyə çalışacağam. Çünki hər bir təhsil işçisinin əlinin altında kifayət qədər metodiki göstərişlər və normativlər, I-V siniflər üçün ayrı-ayrı fənlər üzrə dərslik komplektlərində kurikulumun mahiyyəti və fəlsəfəsi, yeni tələblər nəzərə alınmaqla ənənəvi dərsdən müasir dərs modelinə keçidin yolları barədə müəllimə lazımi kömək göstərə bilən vasitələr var. Hətta bir sıra fənlər üzrə müəllim üçün vəsaitlərdə fəal və inteqrativ təlimin yolları və mexanizmləri, fənn üzrə qiymətləndirmə meyarları və üsulları barədə gərək olduğundan da çox məlumatlar verilir ki, bu da psixoloji və professional cəhətdən hazırlıqsız müəllimi qorxudur. Sözün qısası, biz bəzən bu anlayışa əcaib don geydirir, pedaqoji ictimaiyyətdə, ayrı-ayrı sosial qruplarda təhsil islahatlarının gedişi barədə yanlış təsəvvür formalaşdırırıq.
Son beş-on il ərzində bank-maliyyə, iqtisadiyyat, tikinti, neft-qaz, siyasi-diplomatik, idman, mədəniyyət, mətbuat və s. sahələrdə azmı indiyədək bizə məlum olan və olmayan termin və anlayışlar üzə çıxıb, proseslər reallaşıb. Cəmiyyət və ən əsası da bu işlərin içində olan professionallar digər sahələrdəki yenilikləri həzm edə bilirlərsə, millətə və xalqa dərs deyən müəllimə nə olub ki?! Biz niyə geri çəkilməli, zamanın tələbi ilə tutduğumuz yolun sonuna boylanıb nikbincəsinə baxmamalıyıq? Axı digərlərindən fərqli olaraq, hamı bizimlədir: atalar, analar, babalar, nənələr və daha kimlər, kimlər... İşlədiyim Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində biz müəllimlər üçün kurikulum üzrə təlim kursları ilə yanaşı, həm də valideynlər üçün mühazirələr təşkil edirik. Kompleksə pedaqoji təcrübəyə gələn tələbələrimizə - sabahın müəllimlərinə, kurikulum islahatı barədə geniş məlumatlar çatdırırıq, məktəb ətrafında cəm olan insanlara kurikulumla bağlı lazımi bilgilər veririk...
Müstəqil Azərbaycanın təhsil sistemində islahatlar proqramına 1998-ci ildən start verildi. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə başlanan bu genişmiqyaslı və mərhələli təhsil islahatları müstəqilliyini yenicə bərpa etmiş və milli ideologiya axtarışlarında olan, mədəniyyət və mənəviyyatını azərbaycançılıq məfkurəsi üzərində qurmağın vacibliyini dərk edən bir xalq və ölkə üçün hava və su kimi olduqca vacib idi. Təbii ki, dağılmış, köhnə və müasir tələblərə tam cavab verməyən təhsil sistemi (modeli) Azərbaycanı qane edə bilməzdi. MDB ölkələri təhsil məkanında yeni təhsil sistemləri, modelləri və təlim texnologiyalarının tətbiqi ilə bağlı bir sıra tədbirlərin iştirakçısı olduğumdan onu deyə bilərəm ki, istər ali, istərsə də orta təhsil pillələrində yeniliklərin labüdlüyü, müasir təhsil qanunvericiliyi bazasının yaradılması məsələsi Azərbaycanı hamıdan çox narahat edirdi... Və bu gün arxada qalmış yola dönüb baxarkən fəxrlə deyə bilərik ki, müəyyən səhvlər nəzərə alınmazsa, Azərbaycan müasir və mütərəqqi Avropa və dünya təhsil məkanının ayrılmaz hissəsinə çevrilmişdir. Ali təhsil sistemində çoxpilləlilik artıq reallaşmış, kredit sistemi ali məktəb həyatının məhək daşına çevrilmiş və bunun nəticəsi kimi diplomlarımız ən qabaqcıl təhsil, biznes və karyera bazarlarında adekvat şəkildə qarşılanmaqdadır. Dövlət və özəl ali məktəblərimizin bir qisminin adı bəzi nüfuzlu reytinq cədvəllərində yer almaqdadır...
90-cı illərin sonunda orta təhsil pilləsindəki vəziyyətin ciddi monitorinqi göstərdi ki, son illərdə ölkədə bəzi yeni tipli orta təhsil müəssisələrinin yaradılmasına, bir qisim orta məktəb dərsliklərinin məzmununun dəyişdirilməsinə baxmayaraq, bu təhsil pilləsində yeni təhsil standartları və proqramlarının tətbiqinə, təhsil sisteminin humanistləşdirlməsinə, yeni təlim texnologiyalarının, avadanlıqlarının və yanaşmaların məktəbə gətirilməsinə, orta təhsildə vahid informasiya sistemləri və şəbəkələrinin yaradılmasına, məktəb və müəllim nüfuzunun yüksəldilməsinə, pedaqoji fəaliyyətin stimullaşdırılmasına böyük ehtiyac var. Digər problemlər (yeni nəsil dərsliklərin yaradılması, məktəb kitabxanalarının və kütləvi kitabxanaların kitab fondunun təzələnməsi və genişləndirilməsi, məktəblərin ayrı-ayrı fənlər üzrə ən müasir tədris vəsaitləri və vasitələri ilə təmini, məktəblilərə vacib olan müvafiq şəhər muzeylərinin yeni məzmun və görkəmdə yenidən ortaya çıxması, ən nəhayət, orta məktəb binalarının ən yüksək səviyyədə təmiri və təchizi) isə ölkədə baş verən iqtisadi sıçrayışlar və sosial proqramların icrası fonunda harmonik şəkildə öz həllini tapırdı. Bir haşiyə çıxmaq istərdim: sovet dönəmində ən ucqar bölgələrdən biri sayılan sərhəd rayonu Yardımlıda təkcə 2006-cı il ərzində 30-a yaxın məktəb binasının inşasını fantastik göstərici kimi qiymətləndirmək olar. Bəli, biz bütövlükdə Azərbaycanda və paytaxtımızda baş verən sosial-iqtisadi sıçrayışların statistikasını aparmağa və bu tərəqqini lazımınca dəyərləndirməyə belə macal tapmırıq. İş orasındadır ki, indi bütün dünyada baş verən texniki tərəqqi, İKT-nin insanın həyat tərzinə, insani ehtiyacları və professional fəaliyyətinə sıx sirayət etdiyi bir dövrdə ən qabaqcıl mövqelərdə yer tutmağa qərar vermiş müstəqil Azərbaycanın başqa seçimi yoxdur. O cümlədən orta təhsil pilləsində...
Biz yeni "Təhsil qanunu"nu təsdiqlədik. İndi isə ayrı-ayrı təhsil pillələri üzrə qanunvericilik bazasını möhkəmləndirməkdə, şagird biliyinin monitorinqi və qiymətləndirilməsi istiqamətində ciddi axtarışlardayıq. Ən əsası isə sovet hakimiyyəti illərində (ondan da əvvəllər) və müstəqilliyimizin ilk iki onilliyində mövcud olmuş ənənəvi təhsil (dərs) modelini təftiş etməkdəyik. Yəni zəmanənin tələbindən, yeni sosial-iqtisadi münasibətlərdən, elektron daşıyıcıların həyatımıza sürətli müdaxiləsindən, ölkənin dünya iqtisadi və təhsil məkanına sürətli inteqrasiyasından çıxış edərək, orta və ali, eləcə də peşə təhsilimizi (əlavə təhsil, distant təhsil, inklüziv və s. təhsil formalarını da yaddan çıxarmadan) yeni relslər üzərində qurmalıyıq. Bu, labüddür. Müstəqil və dünyaya açıq sivil ölkənin qapalı təhsil sistemi ola bilməz. Qabaqcıl təhsil sisteminə malik bütün dünya ölkələrində bəlli tədris standartları və proqramları (fənn kurikulumları), hər bir fənn üzrə konkret məzmun xətləri, şagirdlərin əldə etməli olduqları bilik, bacarıq və vərdişlər məcmusu və onları dəyərləndirməyə qadir olan qiymətləndirmə meyarları mövcuddur...
Qəliz görünməmək üçün sadəcə deyirəm ki, sivil ölkə kimi biz də bu sistemə daxil olmaqdayıq. Və daxil olmuşuq da. Özü də təkcə I-VI siniflər səviyyəsində deyil, artıq tam orta təhsil pilləsində bu keyfiyyət dəyişikliyi özünü göstərməkdədir. Bəli, çətindir. Məktəb rəhbərliyi məktəbdə vahid informasiya şəbəkəsinin mövcudluğunu və daimi interneti təmin etməli, hər bir sinif otağını ən azı kompüter və proyektorla təchiz etməli, pedaqoji kollektivin hər bir üzvü qarşısında İKT-dən sərbəst yararlanma bacarığına malik olma tələbi qoyulmalıdır. Laborant heyəti və informatika fənnini tədris edən müəllimlər avadanlıqların istismarını nəzarətdə saxlamalı, kurikulum proqramları üzrə dərs deyən müəllimlərə mütəmadi texniki dəstək verilməlidir. Müəllim lazımi təlim kurslarını keçməli, fənn üzrə kurikulumu dərindən mənimsəməli, məzmun xətlərini, standart və alt-standartlarının, fəndaxili və fənlərarası inteqrasiyanın mahiyyətini anlamalı, dərslik və müəllim üçün vəsaitləri yaxından öyrənməli, fəal təlim metodları və mexanizmlərinə söykənərək, öz dərsləri üçün resurslar yaratmalıdır. Diaqnostik, formativ və summativ qiymətləndirməni fənn üzrə standart və alt-standartlar əsasında aparmaq müəllim üçün vərdişə çevrilməli, böyük summativ qiymətləndirmənin səmərəli təşkili üçün məktəbdaxili və məktəblərarası əməkdaşlığın konkret mexanizmi olmalıdır. Canlı dərs prosesində hər şey istiqamətverici qüvvə - müəllimin bacarığına əsaslanır: o, mövzunun aktuallığını şagirdlərə çatdırmaq məqsədilə düzgün motivasiya qurur və ya müəllim üçün vəsaitdə təklif olunan varianta yaradıcı yanaşır, şagirdlərlə birgə tədqiqat suallarını müəyyənləşdirir, interaktiv dərsin digər mərhələlərində də qruplarda, cütlərdə, yaxud kollektiv şəkildə çalışan sinfə bacarıqla "dirijor"luq və hakimlik edir, səmərəli qiymətləndirmə formaları seçir, yaradıcı tətbiqetmə mərhələsində şagirdin təhsil prosesinin iştirakçısı olan və ya fərz edilən insanlarla əməkdaşlığına şərait yaradır.
Deyilənləri nəzərə alaraq, I-V siniflərdə dərs deyən və yeni proqramlar (kurikulumlar) əsasında yazılmış dərslik və müəllim üçün vəsaitlərlə işləyən müəllimlər xüsusilə dərsin yaradıcı tətbiqetmə mərhələsinə diqqəti artırmalıdırlar. Bu isə ənənəvi dərsdə nəzərdə tutduğumuz yeni materialın möhkəmləndirilməsi və ev tapşırığı komponentlərindən daha geniş istifadə anlamı verir. Motivasiyalı, tədqiqat suallı, konkret məqsəd və vəzifələr əsasında müzakirə və analiz edilmiş, müəyyən nəticələrə gəlinmiş dərs ailədə və küçədə (valideynlərin, ailənin digər üzvlərinin, qohumların, həmyaşıdların cəlb olunması ilə), sosial şəbəkələrdə, muzey, ekskursiya, təcrübə laboratoriyaları, muzeylərdə və s. davam etdirilməlidir. Qoy heç kəs inciməsin: bəzi müəllim və məktəblərimiz, onların sözünə inanan valideynlərimiz dərsin bu mərhələsinin (yaradıcı tətbiqetmə) tələblərini təhrif olunmuş şəkildə qəbul edirlər. "Kurikulumda ev tapşırığı yoxdur" kəlməsinin arxasında nələr durur: şagirddə vərdiş və bacarıqları formalaşdırmaq, ona müstəqil hərəkət etmək və qərar vermək imkanı yaratmaq, eşitdiyini və gördüyünü təcrübədən keçirmək, bu barədə məlumat vermək və mövzu ətrafında müzakirələrə qoşulmaq, bütün bu işlərə tədris prosesinin birbaşa iştirakçısı sayılan valideynləri də fəal cəlb etmək və s.
Müəllim üçün çətinlik yaradan və hələ ki şagird və valideynlərin alışa bilmədiyi formativ qiymətləndirmə formasının tətbiqi də ağrısız ötüşmür. Hamıya bəllidir ki, yeni dərs modeli beşballıq qiymətləndirmə sistemi ilə uyğunsuzluq təşkil edir. Dərsdə şagirdin bu cür geniş və hərtərəfli fəaliyyətini, müxtəlif məzmun xətləri üzrə bilik və bacarıqlarını konkret simvolla və rəqəmlə ifadə etmək çətindir. Ona görə də dərsin gedişı prosesində şagirdin rəğbətləndirilməsinə, sinif kollektivinin işinin qeyd olunmasına ciddi ehtiyac var. Bu isə rəy şəklində formativ qiymətləndirmə jurnalında və məktəbli kitabçasında əksini tapmalıdır. Hələ ki, ən bacarıqlı müəllimlərimiz belə bu işi mexaniki olaraq icra edir, qoyulan tələblərlə ayaqlaşmırlar. Qiymətləndirmə dərsin ən vacib mərhələlərindəndir, bu, dərs prosesində və şagirdlərin iştirakı ilə aparılmalıdır. Bu, direktora və onun müavininə, aidiyyəti təşkilatların nümayəndələrinə yox, şagirdə lazımdır. Müşavirələrin birində formativ qiymətləndirmə jurnalının doldurulması ilə bağlı təhsil naziri professor Misir Mərdanovun söylədiyi fikri bir daha səsləndirmək istəyirəm. Nazir bu jurnalın yaxşı mənada müəllimin qeyd kitabçası rolunu oynadığını və burada hər bir şagirdin əldə etdiyi nailiyyətin rəqəm və rəmzlərlə yox, sözlərlə səciyyələndirilməsini, daha çox rəğbətləndirilməsini və eyni işi də məktəbli kitabçasında aparmağı nəzərə çatdırmışdı.
Bütün bu məsələlərin həllində metodist müəllimlərin, təhsil təşkilatçılarının, yaradıcı müəllimlərin üzərinə böyük yük düşür. Məktəb pedaqoji və elmi-metodiki şuraları, fənn metodbirləşmələri yeni standart və proqramların tətbiqi prosesini addımbaşı izləməli, təklif və tövsiyələr pedaqoji mətbuata çıxarılmalıdır. Hər bir pedaqoji şura iclasında fənn üzrə kurikulumların tətbiqi problemləri, açıq və nümunəvi dərslər elmi-metodiki müzakirə obyektinə çevrilməlidir. Bu mənada "Kurikulum" jurnalının, "Azərbaycan müəllimi" və "525-ci qəzet"in gördüyü işlərə digər mətbuat orqanlarımız da fəal qoşulmalıdır. Bir halda ki ulu öndərin "Təhsil millətin gələcəyidir" kəlamını məktəb və universitetlərimizin giriş qapılarına, qəzetlərimizin başlığına həkk edirik, bu mərama da xidmət etməliyik.
Təhsil prosesinin iştirakçısı olan istənilən şəxs bir həqiqəti yaxşı anlamalıdır ki, övladlarımıza quru əzbərçiliyə söykənən tədris prosesi gərək deyil. Şagird aldığı biliyi və eşitdiy məlumatı özününküləşdirməyi, qavramağı, şifahi və yazılı şəkildə ifadə etməyi bacarmalı, tədris prosesində qazandığı bilik və bacarıqları öz həyat tərzinə, həyati ehtiyaclarına yönəltməli, məktəb və onu əhatə edən tədris-təlim və mədəni mühit şagirdin şəxsiyyət və vətandaş kimi formalaşması üçün təcrübə meydançasına çevrilməlidir. Bəli, biz xarici dili öyrənirik ki, istənilən şəraitdə ünsiyyət qurub, özümüzü təqdim edək, lazımi məlumatı götürək və başqalarına ötürək və s. Kimya, fizika, biologiya, coğrafiya və astronomiyanı öyrənirik ki, ayrı-ayrı maddələri, cisimləri, təbiət hadisələrini və onların xassələrini, onlar ətrafında baş verənləri ayırd edək, ətraf mühitdə qarşılaşdığımız və ya fərz edilən hadisələr zamanı özümüzü fiziki və mənəvi cəhətdən qoruya bilək və s. və i. Bu reallıqdır ki, biz məktəbdə şagirdləri ensiklopedik biliklərlə, nəzəriyyə və rəqəmlərlə gərək olduğundan artıq yükləyirik. Praktiki və təcrübi işlərə, vərdiş və bacarıqların, ünsiyyət mədəniyyətinin aşılanmasına, əməkdaşlıq və yaradıcılıq, özünü təqdimetmə qabiliyyətinin formalaşdırılmasına kifayət qədər diqqət yetirilmir.
İndiki şəraitdə Azərbaycan məktəbinin (ənənəvi dərs üsulunda əldə edilənləri qorumaq şərti ilə) qloballaşan və sürətlə inkişaf edən dünyada yeni təlim texnologiyalarına və dərs modelinə üz tutmasının fəlsəfəsini və məğzini anlamağa çalışmalıyıq. Doğrudur, bu islahatların təhsilimizə gəlişi prosesində səhvlərdən sığortalanmaq mümkün olmur. Axı "kurikulum" anlayışı 80 ilə yaxındır ki, inkişaf etmiş ölkələrdə öz işini görür. Müasir şəraitdə onun bəzi məqamları bizi təmin etməyə də bilər. Kurikulumu (həm də fənn kurikulumlarını) özümüzünküləşdirən mütəxəssislər, işçi qruplar, tərcüməçilər, dərslik müəllifləri və onları qiymətləndirən şəxslər sovet təhsil sisteminin yaxşı cəhətlərini və iyirmi illik müstəqillik dövründə əldə olunan təcrübə və nailiyyətləri mütləq nəzərə almalıdırlar. Buna görə də yeni tədris standartları və proqramları (kurikulumların) ilə bağlı bəzi dırnaqarası mütəxəssislərin (o cümlədən, lazımi elmi-metodiki və nəzəri hazırlığı, kifayət qədər təcrübəsi olmayan şəxslərin) çıxış və mülahizələri əsassız və məntiqsiz görünür. Mən israrla onlara deyirəm: yeni terminlərin və təlim texnologiyalarının tətbiqi heç də bütün köhnə metodiki anlayışların, priyom və üsulların sıxışdırılmasını şərtləndirmir. Təlim-tərbiyə işi canlı prosesdir. İllərlə əlinə tabaşir alıb sinifdə tənlik həll etmənin səmərəli və anlaşılan yolunu öyrətmiş müəllim öz işinin ustası kimi indi də ondan nə tələb olunduğunu dərk etməyə və tədrisə yeni meyarlarla yanaşmağa çalışacaq. Məsələn, bütün dərslik müəlliflərinin, təlimçilərin "induktiv" və "deduktiv" dərs tipindən başqa dərs tipini qəbul etməmələrini kurikulum tələbinə sadiqlik hesab etmirəm.
Təəssüf ki, bəzi ekspertlərin qeyri-obyektiv mövqeyi üzündən dərslik müəllifi kimi müvəffəqiyyət əldə edə bilmədik və növbəti illərdə dərsliklərin yazılmasında iştirak etmək fikrindən vaz keçdik. Bu, yəqin ki, ayrı bir söhbətin mövzusudur... Amma milli dərsliklərin yaradılması sahəsində də ciddi uğurlarımız, yaxşı naşirlərimiz və hazırlıqlı müəllif qruplarımız olduğundan bu məsələyə nikbin yanaşıram.
Dərsliklərin qiymətləndirilməsi və monitorinqinə yaradıcı yanaşmaya, obyektiv və tərəfsiz mövqeyə, fənn kurikulumu və qiymətləndirmə standartları barədə kifayət qədər biliyə malik olan, həm də hazırda məktəblərimizin VI-XI siniflərində təlimin əsasını təşkil edən ənənəvi təlim metod və texnologiyalarına dürüst qiymət verməyi bacaran insanların cəlb olunması vacib şərtdir.
Dərsliklərin hazırlanması məsələsində Azərbaycan vətəndaşı kimi məni narahat edən bir məsələ də var ki, o da təhsil ana dilimizdə olmayan məktəblər üçün vəsaitlərin yaradılmasıdır. Xüsusən də son illər məktəblərin rus bölmələrinə marağın artdığı bir zamanda təhsil rus dilində olan Azərbaycan məktəblərinin tədris vəsaitlərinin konsepsiyası və məzmunu diqqət mərkəzində durmalıdır. Birincisi, bu dərsliklərdə azərbaycanşünaslıq materialı qədərincə yer almalı, ikincisi isə rus bölmələrində dərs deyən fənn müəllimlərinin digər ölkələrdə nəşr olunmuş dərsliklərə üstünlük verməsinin qarşısı alınmalıdır. Təəssüf ki, bugünkü şərait heç də arzuladığımız kimi deyil. Amma niyyətin hara, mənzilin də ora, - deyiblər... 7, 8 və 11-ci siniflər üçün "Literatura" dərsliyinin və proqramın müəlliflərindən biri kimi onu deyə bilərəm ki, biz rus bölməsinin bu dərsliyini özümüzünküləşdirməyə və dərsliklərimizi işlək tədris vəsaitinə çevirməyə çalışmışıq...
"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)", "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası", bunlardan da əvvəl ibtidai təhsil pilləsi üçün təsdiqlənən sənədləri və reallaşan layihələri təhsil islahatlarının məntiqi davamı kimi qiymətləndirməli və bu sənədlərin müddəalarından irəli gələn tələb və vəzifələr ətrafında xüsusi ajiotaj yaratmamalıyıq...
Kurikulumun orta məktəblərimizdə tətbiqini mütərəqqi hadisə hesab edir və qazandığımız müvəffəqiyyətlərin artmasına inanıram.
Telman CƏFƏROV,
filologiya elmləri doktoru,
professor,
BSU Məktəb-lisey
kompleksinin direktoru
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.6.