BDU-nun fəxri doktoru -
nobelçi alim
Misir Ərəb Respublikası
dünya elminə bir sıra görkəmli alimlər bəxş edib. Qədim elm, təhsil
ənənələrinə malik Misirin XX əsrdə
yetişdirdiyi görkəmli alimlərdən biri hazırda
Amerikanın Kaliforniya Texnologiya İnstitutunda fizika və kimya
laboratoriyasına rəhbərlik edən Əhməd
Zevayldır. Misirdə dünyaya göz açmış,
Amerikada elmi karyera qurmuş böyük alim Amerika prezidenti
Barak Obama administrasiyasının elm və texnologiya sahəsində
Yaxın Şərq üzrə müşaviridir. O, 1999-cu ildə
kimya sahəsində
elmi tədqiqat işlərinə görə Nobel
mükafatına layiq görülüb. Misirin
milli qəhrəmanı elan olunmuş alimin həyatı və
elmi karyerası olduqca maraqlı və zəngindir.
Uşaqlıq illəri
Əhməd
Zevayl 1946-cı
il fevralın 26-da Misirin
şimalındakı Damanhur şəhərində anadan
olub. Uşaqlıq illəri Nil çayının sahilində
yerləşən
Desuk qəsəbəsində keçib. Atası
Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi
barədə ciddi düşünür, Əhmədin elmlərə
can atmasını hərtərəfli dəstəkləyirdilər.
Həmyaşıdlarının xoşagəlməz təsiri altına
düşməməsi üçün atası onu
gözündən qoymayıb. Öz ailəsinə
çox yaxşı qayğı göstərən atası
onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə
xidmət etməyi
öyrədirdi. Əhmədin
anası təhsil almamışdı, lakin o,
övladlarının yaxşı təhsil almasına can
atırdı. Misirdə Əhməd
dövlət pulsuz orta məktəbini əla qiymətlərlə
başa vurmuşdu. Ailəsi onun öz məqsədinə
çatması üçün əlavə
stimullaşdırıcı qüvvə idi.
Məktəb tətili dövrünü balaca Əhməd
öz dayısı ilə keçirirdi. O, sonralar bu barədə
yazırdı: "Mən öz valideynlərimlə həyatı
dərk etdim, dayımla isə gələcək barədə
planlar qurdum". Əhməd həmişə
mümkün olmayanı mümkün olana çevirmək səyləri
ilə başqalarından seçilirdi. "Ailədə
bir oğlan və 3 qız uşağı
böyüyürdü. Şəhər icmasının
üzvü olan atam
çox həyatsevər, şən və faydalı
insan idi. O, hökumətdə işləyirdi və
özünün biznesi də vardı. Anam
çox xeyirxah, genişürəkli qadın idi, bütün
həyatını uşaqlarına, xüsusən də mənə
həsr etmişdi. O özünün təbii zəkası,
öz işinə sədaqəti, xoşxasiyyəti ilə mənim
həyatımda mərkəzi yeri tuturdu",-deyə Əhməd
Zevayl sonralar xatırlayırdı.
Ailə ilk günlərdən balaca Əhmədin
hərtərəfli tərbiyə almasına, onun elmi biliklərə
maraq göstərməsinə stimul yarada bilmişdi. Valideynləri ona böyük ümidlər bəsləyirdilər. Balaca Əhmədin
elmi biliklərə maraq göstərməsində valideynləri
ilə yanaşı, onun dayısı Rizanın böyük təsiri
olub. Dayısı onda məntiqi təfəkkürün
formalaşmasında, inkişafında, tənqidi analizin mənimsənilməsində
böyük rol oynamışdı. Dayısının
ətrafındakı ziyalı mühiti də Əhmədin
düzgün ixtisas seçimi etməsinə imkan vermişdi.
O,
mütaliəni, musiqini sevir, idmanın bəzi növləri
ilə məşğul olurdu. Onun musiqi
zövqünün formalaşmasında böyük müğənni
Umm Gülsüm böyük rol oynamışdı. Alim xatırlayır ki, Gülsümün
mahnıları hətta onun fizika və kimyanı öyrəndiyi
vaxtlarda belə ona xüsusi zövq və xoşbəxt anlar
yaşadıb.
Əhmədin
fiziki elmlərə daha çox meyl etməsi özünü çox erkən yaşda
göstərib. "Riyaziyyat, mexanika, kimya həm
də xüsusi zövq verən elm sahələri idi.
İctimai elmlər mənim üçün o qədər də
cəlbedici deyildi, çünki mənim diqqətim
özümə belə bəlli olmayan səbəbdən əsasən
predmetin yadda
saxlanılmasına yönəlmişdi. Mənim
beynim "necə", "niyə" suallarını verməkdə
davam edirdi. Bu xüsusiyyət mənim
bütün həyatım boyu özünü göstərib. Bir sıra mürəkkəb məsələləri
həll edərkən keçirdiyim həyəcanlı, sevincli
anları mən indi də xatırlayıram. Kimyada
əsasən bir sıra məsələlərin yaddaşda
saxlanılmasının tələb olunmasına baxmayaraq, məni
"kimyanın riyaziyyatı" daha çox
maraqlandırırdı". Valideynləri bəzi fənlərdən o
qədər də yaxşı qiymətlər almadıqda onu
yüngülcə cəzalandırmağı da
unutmurdular. Əhmədin
elmə və texnologiyalara marağı güclü idi.
Bir dəfə
apardığı təcrübə nəticəsində az qala öz otağı yanacaqdı. Balaca Əhməd hətta öz
yataq otağında anasının kofe bişirdiyi plitə və bir neçə
şüşə borudan ibarət
kiçik aparat yaradaraq oduncağın yanaraq yanar qaza və
maye maddəyə çevrilməsini müşahidə edirdi.
Bu kiçik eksperiment təkcə elmi əhəmiyyət
kəsb etmirdi, həm də bütün evin yanması təhlükəsi
var idi. Maşınların nəzəriyyədə necə
işləməsini anlamaq üçün o, bir dəfə
dayısının maşınını
qaçırmışdı. Nil çayının kənarına
çatan Əhməd dayısının
maşınını az qala çaya
salacaqdı. On illərdən sonra alim gənclik
illərindən xatirə qalan bu epizodlar barədə tez-tez
danışardı. "Həyatımın
erkən çağlarından elmə bu qədər həvəs
göstərməyimin səbəbi mənə hələ də
məlum deyil", - deyə alim sonralar yazırdı.
Onun
doğulduğu və çox sevdiyi Damanhur şəhəri
bütün dünyada qədim intellektual irs hesab olunan İsgəndəriyyə
və Rəşit
şəhərləri arasında yerləşir. Qədim Misir yazı nümunəsini özündə
əks etdirən məşhur daş 1799-cu ildə Rəşid
şəhərində tapılıb. Ən
qədim tarixə malik məşhur İsgəndəriyyə
kitabxanasında isə minlərlə qədim papirus yazı
nümunələri saxlanılır. Əhməd Zevayl bu məkanlarla fəxr edir.
Amerikalı yazıçı-publisist Endrü Sikri yazır ki, Zevayl
üçün bu şəhərlər qədim tarixi elemetlərdən
daha çox, elmi işləri üçün bir
ilham mənbəyidir. Elmə, riyaziyyata və
ölkəsinin mədəni irsinə dərin
bağlılıq Zevaylın həyat tarixcəsində
üzvi surətdə birləşir.
Elm yollarında ilk addımlar
"Necə
oldu ki, misirli oğlan böyük alimlərdən biri
oldu" adlı məqaləsində amerikalı
yazıçı-publisist
Endrü Sikri yazır: "Günəşin isti şüaları Misirin
Desuk şəhərində
kiçik evin pəncərəsinə düşür.
1960-cı ildir, pəncərə önündə əyləşmiş
yeniyetmə riyaziyyat və kimyadan olan uzun tapşırıqlar siyahısını
araşdırır. O, məsələ həll edir, radiodan isə
tanınmış müğənni Umm Gülsümün səsi
yayılır. Mahnı qurtaran vaxt yeniyetmə
radionun kanalını dəyişir və oradan müğənninin
digər mahnısı səslənir. Oğlan
riyaziyyat məsələlərini çox yaxşı həll
edir, mahnılar isə dərsi daha da xoş edir".
Valideynləri Əhmədin xaricdə təhsil
almasını arzu edirdilər. "Ailəmin arzusu mənim
xaricdə yüksək təhsil almağım və vətənə
dönərək professor kimi Misir universitetlərində
işləməyim idi. Mənim professor
olmağımı arzulayan valideynlərim hətta
otağımın qapısından "Doktor Əhməd"
sözü yazılmış lövhə
asmışdılar. Baxmayaraq ki, mən bu barədə
ümumiyyətlə, düşünmürdüm",-deyə
alim yazırdı.
Orta məktəbi bitirdikdən sonra Əhməd Zevayl
universitetlərə üz tutub. 60-cı illərdə
Misirdə mühəndislik, tibb, farmasevtika və elm zirvə
hesab olunurdu. O, İskəndəriyyə Universitetinin təbiət
elmləri fakültəsinə qəbul olunub. Bakalavr diplomu
aldıqdan sonra Zevayl universitetin müəllimi təyin olunub.
Doktorluq elmi dərəcəsi almaq üçün elmi tədqiqatlar
aparan Zevayl
qarşısına universitetdə işləmək və tələbələrə
dərs deməyi qoymuşdu. O,
təhsil aldığı illərdə elmi tədqiqatlara o qədər diqqət cəlb
etmişdi ki, professor olmasa da, bir sıra professorların mühazirələrindən sonra tələbələrə
özünəməxsus
"professor mühazirələri" oxuyurdu. Əsas mühazirələrin mahiyyətini anlamaqda tələbələrə
kömək edirdi. Bu ona hədsiz zövq
verir, elm, təbiət hadisələri arasında əlaqəni
tam dolğunluğu ilə mənimsəmələrinə
kömək edirdi. 21 yaşında olan
Zevayl hesab edirdi ki, elmi işlərin çox sadə və
gözəl ifadəsi olmalıdır. O bu fikrə hələ
də sadiq qalıb.
"Amerikaya gəldikdə elə
bildim ki,
məni sanki okeana buraxıblar"
İskəndəriyyə
Universitetində təhsilini başa vuran Zevayl akademik karyerasını Amerikada davam etdirib. "Mən
birbaşa Amerika universitetlərindən təqaüd almaq istəyirdim.
Amerikanın onlarca universitetləri ilə yazışmalardan
sonra ABŞ-ın Pensilvaniya Universiteti və bir neçə
digər təhsil ocağı mənə aylıq 300 ABŞ dolları həcmində
təqaüd verməyə razılıq verdilər. Lakin
Amerikaya getmək üçün bir sıra ciddi maneələri
aşmaq lazım idi"deyən Zevayl bir sıra bürokratik əngəlləri
və çətinlikləri dəf etmək üçün çox böyük iradə göstərməli oldu.
"Amerikaya gəldikdə mənə elə gəldi ki, məni
sanki okeana
buraxıblar. Okean bilik, mədəniyyət və
müxtəlif imkanlarla zəngin idi. Və
seçim aydın idi. Ya mən bu okeanda
üzməyi öyrənməli, ya da batmalıydım. Mədəniyyət
yad idi, dil çətinliyi var idi, lakin mənim ümidlərim
çox böyük idi. Mən ingilis dilində yazmağı,
danışmağı bilmirdim, Amerika və qərb mədəniyyəti
haqda az məlumatlı idim".
Onun ilk elmi rəhbəri professor Robin Xoxştrasser olub. Öz müəllimini mükəmməl alim və
pedaqoq hesab edən alim əldə etdiyi nailyyətlərinə
görə elmi rəhbərinə minnətdar olduğunu
bildirirdi. Zevaylın
digər alimlərlə apardığı elmi tədqiqatların
siyahısı genişlənirdi. O demək olar ki, hər gün
yeni işlər - kimya, fizika və digər sahələrdəki
problemlərlə məşğul olurdu. Elmi
laboratoriya, tədqiqat mühiti çox əlverişli idi. Nobel mükafatı laureatı Bob
Şrifferdən nəzəri fizika üzrə dərs alan Zevayl demək olar ki, gecə-gündüz
işləyir və bir neçə layihə üzrə
çalışırdı. O, sadə molekullar
üçün Ştark effekti, bərk cismlər
üçün Zeeman effekti, ikiqat rezonans, maqnit rezonansı
üçün optik detektor və sair mövzular üzrə müxtəlif
layihələrə cəlb olunmuşdu.
1974-cü
ildə Pensilvaniya Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini
alan Zevayl IBM firmasının adlı təqaüdünə
layiq görülüb. Daha sonra 2 il Berkli Kaliforniya Universitetində
işləyib. 1976-cı ildə Kaliforniya
Texnologiya İnstitutuna dəvət alıb. 1982-ci ildə bu institutun professoru olub.
1990-cı ildə məşhur kimyaçı, bioloq, iki dəfə
Nobel mükafatı
laureatı Laynus Polinqin rəhbərlik etdiyi
fiziki-kimya kafedrasının müdiri təyin olunub. Bundan əlavə, o,
Milli Elm Fondunda molekulyar fizika laboratoriyasına
başçılıq edib.
Femtokimyanın banisi
Ötən
əsrin 80-ci illərində Zevayl dünyada ilk dəfə olaraq
molekulların izlərini əldə etməyə imkan verən ən sürətli
çəkiliş kamerasını yaradıb. Alim bu məqsədlə
saniyənin milyonda bir (femtosaniyə - 1fs=10-15 san)
uzunluğunda olan lazer impulslarından istifadə edib. Məhz bu, kimyəvi reaksiyaların davam etdiyi zaman
miqyasıdır. Məhz bu zaman miqyasında "anı
dayandırmaq" və molekulların bir-birinə necə
yaxınlaşmasını və onların kimyəvi
reaksiyalara daxil olmasını, keçid komplekslərinin və
daha sonra isə reaksiya məhsullarının necə yaranmasını izləmək
mümkündür.
Bəzi həmkarları
qeyd edirdilər ki, Zevaylın uyğunluq prinsipi üzrə eksperimentləri heç vaxt
baş tutmayacaq. Lakin o, nəinki bu sahədə
təcrübələr aparmaqla tərəqqiyə nail oldu, həm
də başqalarının nəzəri cəhətdən
qeyri-mümkün hesab etdiyi nəticələr əldə
etdi. Onun uşaqlıqdan
alışdığı nəzəriyyə və təcrübə
arasında fərqi görmək bacarığı öz
işini görürdü.
Zevaylın uyğunluq prinsipinə inamı
özünü 1980-ci ildə öz təsdiqini tapıb. O həmkarları ilə
birlikdə təcrid olunmuş karbohidrogen antrasen molekullarında
koqerant dəyişmələri nümayiş etdirib. Bu
molekullar daxilində uyğunluq reallığını sübut edirdi. Bu yenilik kimyaçılara
uyğunluq prinsipindən isfifadə edərək
kimyəvi reaksiyaların gedişini əvvəlcədən
söyləməyə imkan verirdi.
Bu, Zevaylın ilk elmi zəfəri idi.
Lakin o, bununla kifayətlənmək istəmirdi,
daha da qabağa getməyə can atırdı. Zevayl Amerikaya gələnə qədər heç
vaxt lazer texnologiyasından istifadə etməmişdi.
Lakin o, etiraf edirdi ki, əgər əlinizdə qısa işıq
impulsları verən lazer varsa, ondan istifadə etməklə
kimyəvi reaksiyaların əslində necə baş verməsini
izləmək olar. Bunun
üçün isə çox qısa, cəmi bir neçə
femtosaniyə, hələlək elmə məlum olmayan milyard dəfə kiçik
impulslar tələb olunurdu. Beləliklə,
Zevaylın təşəbbüsünü həyata
keçirmək üçün ilk femtosaniyə lazer
qurğusu yaradıldı və alim onu öz aparatına daxil
etdi. Zevayl
və onun həmkarlarının femtosaniyə lazer aparatı
ilə öyrənməyə çalışdıqları
ilk kimyəvi reaksiyalar kimyəvi rabitənin pozulması ilə
bağlı idi. 1986-cı illn sonunda onlar
femtosaniyə lazer qurğusunu sadə yod-sianid molekulunun öyrənilməsinə
tətbiq etdilər. Zevayl və onun əməkdaşları
yod və karbon
atomları arasında, sonra sianid qrupu
arasında rabitənin necə dartılmas və
sonradan isə
dağılmasını müşahidə ediblər. "Rabitə
tədricən qırıldı, bu vaxta qədər heç
kim real zaman rejimində
kimyəvi rabitənin necə pozulduğunun
şahidi olmamışdı", - deyə Zevayl
yazırdı. Bu, Zevaylın ikinci ən
böyük elmi qələbəsi idi. Femtokimya çox
qısa zaman ərzində kimyəvi reaksiyaların təsvirini
verməyə imkan verir.
Kimyada inqilab
Əhməd Zevayl 1999-cu ildə femtokimya sahəsində
elmi tədqiqatlarına görə Nobel mükafatına layiq
görülüb. Onun tədqiqatlarının əhəmiyyəti
ona Osloda Nobel mükafatı təqdim olunan zaman bir daha qeyd
olundu. İsveç Elmlər Akademiyası bəyan etmişdi ki,
"Zevayl bizə ayrı-ayrı atomların hərəkətini
görməyə imkan verməklə kimyada inqilab edib". Nobel komitəsi etiraf edirdi ki, Zevaylın işləri
bir sıra mühüm kimyəvi reaksiyaların baş verməsini
və gedişini anlamağa imkan verir.
Femtosaniyə metodu bütün dünyada fəal surətdə
tətbiq edilir. Son vaxtlar isə ondan polimer maddələrdə
kimyəvi reaksiyaların gedişini müşahidə etmək
üçün istifadə olunur. Bu isə mikroelektronika
üçün yeni materialların yaradılmasına imkan verir. Bu
metodlar vasitəsi ilə zərif bioloji proseslərin
mexanizmini, məsələn, çox sürətli mürəkkəb
çevrilmələri öyrənmək mümkündür.
Femtokimya belə bir suala cavab verməyə kömək edir: nəyə
görə hər hansı bir kimyəvi reaksiya gedir, başqa
birisi isə getmir? Femtokimya həm də reaksiyanın sürətinin
nəyə görə temperaturdan asılı olmasının səbəbini
də izah edir. Hazırda bütün dünyada alimlər
femtosaniyə spektroskopiyası vasitəsilə qaz, maye və bərk
cismlərdə, eləcə də polimerlərdə gedən
prosesləri öyrənirlər.
Bu gün
alim Kaliforniya Texnologiya İnstitutunun molekulyar elmlər
laboratoriyasının rəhbəri, Milli Elmlər Fondunun
direktoru, fizika, kimya professorudur. O, femtokimya sahəsinin banisi
kimi kimya elmi aləmində böyük nüfuz sahibidir və
hazırda da ona Nobel mükatafının
qazandırımış elmi tədqiqatlarını davam
etdirməkdədir. Hazırda Əhməd Zevayl və onun əməkdaşları
dördölçülü (məkanın üç
ölçüsü və zaman), ultratezlikli elektron mikroskop və
difraksiya metodlarının işlənib hazırlanması ilə məşğludur. Bu metodlar bir
sıra, Alsmeyger kimi ağır xəstəliklərin
yaranmasında iştirak edən zülalların tədqiqində
tətbiq oluna bilər. Qeyd edək ki, alim Nobel mükafatına Misir
Universitetlərindən biri üçün lazer qurğusu
alıb.
"Nobel mükafatı
laureatından
daha böyük ada layiq alim"
2009-cu ildə onun elmi karyerası zirvəyə
çatıb.
O, Amerika prezidenti Barak Obama
yanında "Elmi nümayəndə" proqramında 3
"alim-diplomat"dan biri seçilib. Bu proqram təbabət,
energetika, ekologiya və təbii resursların idarə
olunması sahəsində müsəlman dünyası ilə
elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə
hədəflənib. Bu qrupa ölkənin aparıcı alimləri daxildir.
Onlar prezident və vitse-prezidentə elmi və
elmi-texniki innovasiyalar sahəsində siyasətin əsas istiqamətlərini
işləyib hazırlamaqda kömək edirlər.
Zevayl dünyada məşhur olan 30-dan artıq
universitetin fəxri doktorudur. Elmi və ictimai fəaliyyətinə görə o,
Nobel mükafafından əlavə dünyada mövcud olan
bütün mükafatları alıb. 40-a yaxın fəxri ad, 100-dən
artıq beynəlxalq mükafata layiq görülüb.
Amerikanın nüfuzlu "Vaşinqton-post" qəzeti 2011-ci il 29 noyabr tarixli
sayında yazırdı ki, "doktor Əhməd Zevayl sadəcə
Nobel mükafat laureatından daha böyük ada layiqdir".
Əhməd
Zevayl ötən il Bakıda
keçirilmiş İkinci Beynəlxalq Humanitar Forumda
iştirak edib. Forumdakı çıxışında alim
qeyd edib ki,
informasiya-kommunikasiya texnologiyaları, İnternetin
sürətli inkişafı sayəsində ölkələr, regionlar və
kontinentlər arasında ən
qısa vaxt ərzində informasiyaların ötürülməsi
mümkün olub. Planetimizdə 2 milyard
insanın İnternetdən isifadə etdiyini bildirən alim
humanitar problemlərin həlli üçün dünyanın
müxtəlif regionlarında yaşayan insanların səylərinin
birləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu gün dünyada təhsilin
səviyyəsinin artırılması çox vacib bir məsələdir.
Nobel mükafatı laureatı, həmçinin
müsəlman aləmində elmin və təhsilin daha
çox prioritetə çevrilməsinin vacibliyini
vurğulayıb. O, müsəlman aləminin gözəl
keçmişə sahib olduğunu və bu keçmişi elm
və təhsillə bərpa etməyin
mümkünlüyünü bildirib. Əhməd
Zevayl bu istiqamətdə Azərbaycanda çox böyük
işlər görüldüyünü deyib. Forum çərçivəsində Zevayl Bakı
Dövlət Universitetində olub və ona universitetin fəxri
doktoru adı verilib. Zevayl həm də Azərbaycan
Milli Elmlər Akademiyasının
fəxri üzvü seçilib.
Xoşbəxt alim ailəsi
Əhməd
Zevayl 1988-ci ildə Səudiyyə Ərəbistanı
kralı Feysal adına Beynəlxalq
mükafata layiq görülüb. 1989-cu ilin martında
mükafatını almağa gedən Zevayl Səudiyyə
Ərəbistanında gələcək həyat
yoldaşı Mervat
ilə tanış olub. Məlum olub
ki, onun atası da ədəbiyyat üzrə Feysal
mükafatına layiq görülüb. Mervat
Dəməşq Universitetinin tibb doktoru elmi dərəcəsini
və Los-Ancelesdə ictimai səhiyyə üzrə magistr dərəcəsini
alıb. Onların
iki oğlu və iki qızı var. Böyük qızı
Maha Texas Universitetinin məzunudur, fəlsəfə doktorudur.
Kiçik qızı Amani Berkli Universitetinin tələbəsidir.
Onların iki gənc oğlu - Nabil və Xani
var. O övladları ilə
fəxr etdiyini bildirir.
"Mən nikbinəm"
Əhməd Zevayl tez-tez tələbələr və elm
ictimaiyyəti üçün açıq mühazirələr
təşkil edərək fundamental elmi tədqiqatların əhəmiyyətini
bildirir. O, tələbələrinə
elmdə əsas istiqaməti seçməyi tövsiyə
edir. Bir ayağı Amerikada, bir ayağı vətəni
Misirdə olan alim hər iki ölkədə alimlərin
üzləşdikləri çətinlikləri başa
düşmək üçün unikal mövqedə dayanıb.
Mən nikbinəm deyən Zevayl hər bir
görüşündə inkişaf etməkdə olan ölkələrdə
elmin və texnikanın inkişaf etdirilməsi vacibliyindən
danışır. Onun sözlərinə
görə, gənc alimlər Misiri tərk etməməlidirlər.
O, Misirdə Qahirə ətrafında yeni elm və texnologiya universitetinin
tikintisi üçün səy göstərib. Alim
ümid edir ki, bu elm ocağı inkişaf edərək Misirin
öz Kaliforniya Texnologiya İnstitutuna çevriləcək.
"Əhməd
Zevayl Misirdən
uzaqda elmi işlərlə məşğuldur.
O həm Misir, həm də Amerika elmini təmsil edir. Lakin Misir günəşinin istisi onun şəxsiyyətini
yenə də qızdırmaqdadır və onun ürəyi
yenə də Umm Gülsümün musiqilərindən
zövq almaqdadır. Kaliforniya Texnologiya İnstitutunda
öz kabinetində alim yenə də Gülsümün səsi
yazılmış CD-yə qulaq asır və yeni elmi problemlər
üzərində fəaliyyətini davam etdirir",-deyə
alim haqqındakı məqaləsində yazıçı
Nik Uiler yazır. Alim "Los-Anceles tayms" qəzetində dərc
olunmuş məqaləsində yazır ki, elmi nailiyyətlər akademik təhsilə
və nəzəri tədqiqatlara qoyulan investisiyalardan
başlayır. "İkinci Dünya müharibəsindən
sonra Amerika elmi tədqiqatları fəal surətdə dəstəkləyirdi.
Amerika bir maqnit kimi gənc alimləri, tədqiqatçılıq fəaliyyəti ilə məşğul
olan alimləri özünə çəkirdi. Əlverişli
şərait bizə Nobel mükafatları qazandıran elmi
nailiyyətlərə yol açmışdı. Lakin hazırda bir sıra tədqiqat mərkəzləri
elmi işlərə sadəcə maraqla baxır, lakin
onları bəyənmirlər. Professorlar
isə mümkün qədər elmi tədqiqatların
aparılması məsrəflərini azaltmağa
çalışırlar. Bu isə
yaradıcılıq üçün çox vacib olan
vaxtı azaldır. Bu cür məhdudiyyətlər və
praktika qarşımızda belə bir sual qoyur: Bugünkü
elm gənc Albert Eynşteynləri, Riçard Feynmanlar və
Laynus Polinqləri cəlb edə bilərmi?.
Dərs dediyim Kaliforniya Universitetində
görürəm ki, tələbələrin çoxu elmi tədqiqatlara
dərindən maraq göstərir. Lakin indiki bazar şəraitində
doktorluq elmi dərəcəsinə malik olan gənc alimlər
əli-qolu bağlı, bekar oturublar. Buna
görə də bizim fundamental tədqiqatlara olan
baxışlarımız dəyişməlidir. XX əsrin ortalarında Amerika məhz elmin
gücü ilə dünyada lider dövlət olub.
İndi isə Çin elmi tədqiqatlara daha çox vəsait
ayırmaqla
dünyada lider mövqeyinə qalxmaq istəyir. Əgər Amerika bu gün elm sahəsinə kifayət
qədər diqqət göstərməsə, onda innovasiya
Günəşi Asiyada çıxacaq".
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.9.