Müasir dərs necə olmalıdır?
Riyaziyyat ümumtəhsil məktəblərində
tədris olunan ən mühüm
və vacib fənlərdən biridir. Riyaziyyat zehni inkişafın əvəzedilməz vasitəsidir,
müasir ixtisas sahələrinin
çoxu ilə birbaşa
bağlıdır. Riyaziyyatın öyrənilməsində ən
ağrılı öyrənmə forması "tədrisin təbaşir
metodu"nun dominant rol
oynamasıdır, bunun nəticəsi isə
aşkardır - formal biliklər
"qazanılır". Hətta ən yaxşı
avadanlıqlar, əyani vəsaitlər özbaşına
yaxşı effekt verə bilməz. Yeni ideyalar, yeni metodikalar və fəal
mütəxəssislər lazımdır. Bunlardan
biri və ən mühümü
müəllimin yaradıcı olmasıdır.
Ənənəvi olaraq uzun müddət ölkəmizdə, eləcə də postsovet məkanında müəllimin rolu biliklərin şagirdlərə ötürülməsi kimi başa düşülüb. O müəllim yaxşı müəllim adlandırılıb ki, şagirdlərinə daha çox məlumat aşılasın. İndi isə müəllim daha çox bələdçi rolunu oynayır, şagirdləri müxtəlif mənbələrdən müstəqil şəkildə biliklər əldə etməyə istiqamətləndirir, başqa sözlə, onlara öyrənməyi öyrədir. Belə şəraitdə isə şagird şəxsiyyəti inkişaf edir, onun hər bir hadisəyə öz baxışı və yanaşması olur, qərar verməkdə çətinlik çəkmir.
Müəllim şagirdlərlə əməkdşlıq şəraiti yaratmalıdır. Öyrənmə prosesində şagirdin müstəqil düşünməsi və yaradıcı fəaliyyət göstərməsi üçün o, nəyi və necə etməyi bilməlidir, təlim metodları şagirdlərin yaşına, bilik səviyyəsinə uyğun seçilməlidir, hər bir şagirdin psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır, müəllim şagirdi subyekt kimi qəbul etməlidir, şagirdlər öz rəylərini sərbəst və azad ifadə etməlidirlər, şagirdlərə "öyrənməyi öyrətmək" prinsipi aşılanmalıdır. Burada kitab üzərində iş - yəni kitabı oxumaq, təhlil etmək, diskussiya aparmaq, mövzunu cümlə-cümlə oxuyub müzakirə etmək nəzərdə tutulur. Ənənəvi dərsin quruluşu sinfin təşkilindən, köhnə dərsin frontal sorğusundan, yeni dərsin izahından, qiymətləndirmədən ibarətdir.
Fəal dərsdə isə sinfi təşkil etdikdən sonra suallar əsasında frontal sorğu aparmaq olar. Fəal dərs motivasiya ilə başlanır. Motivasiya - şagirdlərdə dərsə aid yaradılan maraqdır. Motivasiyanın rolu şagirdi maraqlandırmaq, onun diqqətini cəlb etmək və onu aktiv təlim fəaliyyətinə təhrik etməkdir. Motivasiya suallarla, şəkillə, inteqrasiya ilə yaradıla bilər. Tədqiqatın təşkili mərhələsində müəllim sinfə problemin həlli istiqamətində iş tapşırır. İş cütlüklərlə, fərdi, bütün siniflə, qruplarla aparıla bilər. Müəllim mövzuya və verəcəyi tapşırığa uyğun iş forması seçməlidir. Məlumatın mübadiləsi mərhələsində tədqiqat işini bitirmək üçün şagirdlər öz aralarında verilən tapşırıqla əlaqədar fikir mübadiləsi edirlər. Məlumatın təşkili zamanı şagirdlər qrupun ümumi fikrini seçdikləri lider vasitəsilə müəllimə çatdırırlar. Nəticələrin çıxarılması zamanı müəllim məlumatları topladıqdan sonra tədqiqat işi ilə əlaqədar yanlış fikirlər varsa, lazımi istiqamət verib ümumi nəticə çıxarır. Tətbiqetmə əldə olunan biliklərə əsaslanaraq müəllimin verdiyi tapşırığın sinifdə və ya evdə yerinə yetirilməsidir. Qiymətləndirmə və ya refleksiya dərsin hər mərhələsində aparıla bilər. Fəal dərsin üstünlüyü ondadır ki, şagird əməyinin ağırlıq mərkəzi ev işindən sinfə keçirilir.
Dərs əsnasında müəllim riyaziyyat fənninin mühümlüyü və həyati əhəmiyyətindən, müasir elmin nailiyyətlərindən söhbət açmaqla bərabər, məlum materialları yeni nöqteyi-nəzərdən təqdim etməli, riyazi nəzəriyyələrin məntiqini və gözəlliyini göstərməlidir, elmi müddəaları eksperimental əsaslandırmalı, nümayiş etdirməlidir. İstənilən mövzunu fəal dərs metodlarından, yeni riyaziyyat kurikulumundan istifadə etməklə tədris etmək olar. Hər şey müəllimin savadından, onun yaradıcı yanaşmasından və peşəsinə məhəbbətindən asılıdır.
Müasir informasiya cəmiyyəti şəraitində müəllimi xarakterizə edən əsas keyfiyyətlərdən biri də, şübhəsiz ki, İKT-nin tətbiqi ilə bağlı bacarıqlardır. Bəs bu sahədə vəziyyət necədir və necə olmalıdır?
Riyaziyyat dərslərinin tədrisində müasir dövrə uyğun olaraq, riyaziyyatın informasiyalaşdırılması prosesi, ən yeni kompüter texnologiyalarının tətbiqi və İnternet öz əksini tapmalıdır.
Dərsdə kompüterdən istifadənin forma və yeri, əlbəttə ki, bu dərsin məzmunundan, qarşıya qoyulan məqsəddən asılıdır. Belə dərsin aşağıdakı funksiyalarını sadalamaq olar:
* instrumental (əyani vəsaitlərlərin hazırlanması);
* nümayiş (slaydlar, təqdimatlar, filmlərin göstərilməsi);
* tədris (trenajorlar);
* yoxlama.
İT tətbiqi ilə müxtəlif dərs növləri mövcuddur: kompüterdən bir əyani vəsait kimi istifadə etməklə dərs-söhbət, tədqiqat işlərinin təklif olunması və aparılması dərsləri, məşğələ dərsləri, yoxlama dərsləri, qarşılıqlı dərslər və s.
Təcrübə göstərir ki, riyaziyyat dərslərində kompüterdən istifadə etmək aşağıdakı hallarda daha məqsədəuyğundur:
* şifahi hesablamalarda (tez bir zamanda tapşırığı verib cavabı yoxlamaq);
* yeni materialın öyrənilməsində (müxtəlif əyani vəsaitdən istifadə etmək,yeni anlayışlara keçidin motivasiyasını qurmaq);
* frontal sorğunun yoxlanmasında;
* məsələlərin həllində (şəklin çəkilməsi, müəyyən bacarıqların oyrədilməsi);
* şagirdlərin tədqiqat fəaliyyətinin təşkilində;
* başqa uyğun fənlərlə qarşılıqlı əlaqələrin qurulmasında.
Təhsildə informasiya texnologiyalarının imkanlarından istifadə şagirlərin öyrənmə həvəsini, yaradıcılıq təşəbbüsünü, özünə və özünün təhsilinə aktiv mövqeyini stimullaşdırır.
Uzun müddət ərzində müəllimlər pedaqoji prosesi ənənəvi təlim metodları üzərində qurub və müəyyən uğurlar da qazanıblar. Lakin inkişafetdirici aspektə, nəticəyönümlü təlimə, bacarıqların formalaşdırılmasına diqqət yetirilməyib. İndi isə müasir dərsi yeni təlim strategiyaları olmadan təsəvvür etmək mümkün deyil. Məlumdur ki, müasir təlim strategiyaları, fəal interaktiv təlim metodları şagirdlərin təlim prosesində daha fəal iştirakına, həyati və tətbiqi bacarıqlar əldə etməsinə, məntiqi və tənqidi təfəkkürünün inkişafına yönəlmişdir.
Müasir təlim metodlarının tətbiqi nəzərdə tutulan dərslərə xüsusi hazırlaşmaq, əlavə mənbələr axtarmaq, təlim materialları hazırlamaq, fərdi tapşırıqlar müəyyənləşdirmək, müasir qiymətləndirmə üsullarından istifadə etmək tələb etdiyindən müəllimlər bir çox hallarda çətinlikdən qaçır və daha asan yolla getmək istəyirlər. Belə halların olmaması üçün müəllimlərlə sistemli işin aparılması, metodkabinetlərin bu prosesə fəal cəlb olunması vacib məsələlərdəndir.
Riyaziyyat fənni öz daxilində idraka əsaslanan elmdir, onun özülü qədimdən yaradıcılıq üzərində qurulub. Bu gün Azərbaycan təhsilində aparılan islahatlarda müəllim şagird yaradıcılığına böyük önəm verir. Müəllim öz dərsinə yaradıcı yanaşarsa, sözsüz ki, şagirdlər də sinifdə müəllimin bu yanaşmasına yaradıcı cavab verəcəklər.
Xırdaxanım
HƏSƏNOVA,
Bakıdakı H.Aslanov adına 175 nömrəli
tam orta məktəbin
riyaziyyat müəllimi
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.11.