Müasir təlim metodları və yeni pedaqoji
texnologiyaların
təlim-tərbiyə prosesində tətbiqi
Müstəqil
respublikanın davamlı inkişafı insan
potensialının inkişafından, insan
potensialının inkişafı keyfiyyətli təhsil sistemindən, təhsil sisteminin inkişafı isə bu
sistemdə çalışanların pedaqoji
ustalığından asılıdır. Qeyd
etmək lazımdır ki, keyfiyyətli təhsilin
aspektləri kifayət qədər genişdir
və bunların yerinə yetirilməsi təhsil
işçilərinin pedaqoji
ustalığının artırılmasından
asılıdır.
Müəllim yalnız nəzəri baxımdan məlumatlı olmamalı, eyni zamanda praktik bacarığı ilə yeni təlim texnologiyalarından səmərəli istifadə etməyi bacarmalıdır.
Əsas və orta təhsil pilləsində həyata keçirilən kurikulum islahatlarının əsas məqsədi ibtidai təhsil pilləsində şagirdlərin əldə etdiyi bacarıqların əsasında onlarda təbiət və cəmiyyət hadisələri, ailə və məişət həyatına aid mühüm anlayışları inkişaf etdirmək, biliklərdən istifadə etmək bacarıgını formalaşdırmaq və ən vacib peşələrə istiqamətləndirməkdir.
Əsas təhsil pilləsində şagirdlər təbiət hadisələrini dərk etmək, onları inteqrativ şəkildə izah etmək, texnikadan baş çıxarmaq üçün təbiət fənlərinin mühüm anlayışlarını öyrənir, ən vacib bilik və bacırıqlar qazanır, yaşayış minimumunda gərəkli olan başqa fənlərin öyrənilməsində vacib sayılan mühüm riyazi bacarıqlara yiyələnirlər.
Şagirdlərdə gündəlik yaşayışlarında lazım olan ən mühüm texnoloji bacarıqları yerinə yetirmək qabiliyyətləri inkişaf etdirilir. Bütün bunlar əsas təhsil pilləsində qəbul olunan məzmun standartlarında öz əksini tapır.
Orta təhsil pilləsində fənn kurikulum islahatlarının məzmun istiqamətləri aşağıdakılardır:
əsas təhsil pilləsində qazanılmış bilik, bacarıqların inkişaf etdirilməsi, arzu maraqlar nəzərə alınmaqla şagirdlərin müxtəlif profillər üzrə peşə ixtisası seçməyə istiqamətlənməsi;
secilmiş profillər üzrə onların bilik və bacarıqlarının genişləndirilməsi, idrak qabiliyyəti az inkişaf etmiş şagirdlərin sadə əməkçi peşələrinə, sahələr üzrə ilkin bacarıq və vərdişlərə yiyələnməsi üçün şərait yaradılması və s.
İKT-dən təlimdə istifadə artıq müasir dövrün tələbidir. Mühüm məsələlərdən biri müəllimlərə elektron təhsil sistemində işləməyi öyrətmək, elektron pedaqogikanın tədricən respublikada inkişafına nail olmaq, milli informasiya təhsil məkanında müəllimlərin səmərəli fəaliyyətini təşkil etmək, qlobal informasiya təhsilində onları intellektual sistemlərlə təmin etməkdir. Bacarıqlı müəllim nəzəri biliklərini peşəkarlıqla tətbiq edib daim öz ustalığını inkişaf etdirməklə qarşıya qoyulan vəzifənin həllinə nail ola bilər.
Bunun üçün müəllim konseptual sənədlərdə təsbit olunmuş aşağıdakı prinsipləri reallaşdırmalıdır:
1.Təlim prosesində şagird şəxsiyyətini ön plana çəkmək.
2.Uğurlu müəllim-şagird, məktəb-ailə münasibətləri yaratmaq.
3.Öyrənmə prosesini müasir tələblər çərçivəsində qurmaq.
4.Şağird nailiyyətlərini qiymətləndirməyin üsul və vasitələrindən səmərəli istifadə etmək.
5.Qiymətləndirmə nəticələrinin təhlilinə əsasən müvafiq qərarlar çıxarmaq.
Müəllimdən təkcə biliklərə yiyələnmək deyil, həm də yaradıcılıq, inkişaf etmiş şəxsiyyət kimi fəaliyyət göstərmək tələb olunur. Bu işdə onlara informasiya-kommunikasiya texnologiyaları böyük imkan yaradır.
Hazırda respublikamızda təhsil müəssisələrinin kompüterləşdirilməsi, elektron lövhələrlə təmin edilməsi qənaətbəxş səviyyədə olduğundan orta məktəb müəllimlərinin yeni təlim texnologiyalarından istifadəni öyrənməsi və tədris prosesində İKT-dən istifadə etməsi zərurətini yaradır. Yeni təlim texnologiyalarından istifadə edərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:
1. İnkişafetdirici texnologiyalar, hər şeydən əvvəl şagirdlərin əqli inkişafına zəmin yaratmalı, bilik və zəruri məlumatların mükəmməl mənimsənilməsini təmin etməlidir. Buna görə də müəllim çalışmalıdır ki, təlim prosesində texnologiyalardan vaxtında və maksimum səmərə ilə istifadə etsin.
2. Yeni pedaqoji texnologiyalar əslində öz mahiyyəti və məqsədi etibarı ilə inkişafetdirici texnologiyalarla sıx bağlıdır.
İnkişafetdirici texnalogiyalardan müntəzəm istifadə olunmasının əsas məqsədi intellektual zənginliyə, milli və bəşəri dəyərləri layiqincə qiymətləndirməyə qabil şəxsiyyət yetişdirməkdir.
İnkişafetdirici texnologiyalardan və müasir təlim metodlarından istifadə fənn müəllimlərinin şagirdlərə hər hansı anlayışı əvvəlcədən izah etmək meylini aradan qaldırır.
Hər hansı mövzu daxilində olan anlayışların mənasının tapılması şagirdlərin təfəkkürünü və onlarda müstəqil mühakimə yürütmək bacarığını inkişaf etdirir.
İnkişafetdirici texnologiyalardan istifadənin səmərəliliyini artırmaq üçün aşağıdakı prinsiplər diqqət mərkəzində olmalıdır:
1. İnkişafetdirici təlimin təmin olunması üçün şagirdlərə fəal qavrama şəraiti yaradılmalıdır.
2. Dərslərdə şagirdlərin fəallığı və informasiyaları şüurlu şəkildə qəbul etmələri təmin edilməlidir.
3. Təlim prosesində müəllimin ortaya qoyduğu problemli (problem -situasiya) sualların həllinə şagirdlərin dərrakəli şəkildə qoşulmasına şərait yaradılmalıdır.
4. Təlim prosesində öyrənilən mövzular əsasında şagirdlərin mühakimə yürütmək, təhlil etmə və nəticə çıxarma bacarıqları formalaşdırılmalıdır.
5. Tədris zamanı müəllim çalışmalıdır ki, şagirdlərdə tədqiqatçılıq, yaradıcılıq və qazanılmış biliklərin həyatda müstəqil şəkildə tətbiqetmə bacarıqları inkişaf etdirilsin.
6. Təlim prosesində millilik və bəşəri dəyərlər öz əksini tapmalıdır.
Təlim prosesində yuxarıda qeyd edilən prinsiplər nəzərə alınarsa, onda təlim islahatının əsas kompetensiyalarından olan əqli təfəkkürün inkişafı təmin edilmiş olar.
Biologiya dərslərində informasiya texnologiyalarından istifadə müəllimə aşağıdakı imkanları yaradır:
1. Təlim-tərbiyə prosesinin gedişində şagirdlərin şüurlu fəaliyyətini təşkil edir.
2. Təlim prosesində fərdi yanaşma üsulunun tətbiqinə daha böyük imkanlar yaradır.
3. Qısa vaxt ərzində mikro və makro aləmdə baş verən hadisə və prosesləri ardıcıllıqla izləmək imkanı yaradır.
Biologiya dərslərində İKT vasitələrindən istifadə edərkən dərsin mərhələləri əvvəlcədən aydınlaşdırılmalı və hər mərhələdə görüləcək işlər planlaşdırılmalıdır.
Bununla yanaşı, bioloji biliklərin şagirdlərin həyat və fəaliyyətində mühüm rol oynadığını da nəzərdə saxlamaq lazımdır. Məhz bioloji təhsil sayəsində hələ yeniyetməlik yaşlarından şagirdlərdə özünə, ətrafdakılara, ümumiyyətlə, bütün canlılara qarşı diqqətli və ehtiyatlı yanaşma, təbiətə məhəbbət hissləri formalaşır. Şagird müəyyən dərəcədə öz sağlamlığının qeydinə qalmağın nə dərəcədə mühüm olduğunu anlayır, öz orqanizminin orqanlarının quruluşu və funksiyalarını bilir, ekologiyanın nə demək olduğunu anladığına görə onda bitki və heyvanlar aləminə qarşı rəğbət hissi yaranır. Bütün bunlar şagirdlərin dünyaya baxışını dəyişir, onları kamil bir şəxsiyyətə çevirir. Bioloji elmlər planetimizdə unikal hadisə olan həyatın qanunlarını açmaqla məktəblinin ekoloji mədəniyyətini formalaşdırır.
Bugünkü pedaqoji tələblər yeni təlim metodlarına və İKT vasitələrindən istifadəyə əsaslanaraq şagirdlərin təfəkkürünün, millilik, vətənpərvərlik, beynəlmiləlçilik tərbiyəsinin inkişaf etdirilməsindən və elmin son nailiyyətləri ilə onları silahlandırmaqdan ibarətdir. Bunun üçün fəal təlim metodları və İKT vasitələrindən geniş istifadə edilməlidir.
Xalidə CƏFƏROVA,
Naxçıvan
MR Babək rayonu Cəhri kənd
2 nömrəli
tam orta məktəbin
biologiya müəllimi
Azərbaycan müəllimi.-
2012.- 21 dekabr.- S.11.