"Təhsil və zaman" - zamanın qəzetidir

 

Azərbaycan Təhsil Şurasının mətbu orqanı "Təhsil və zaman" qəzetinin 10 yaşı tamam oldu. Bu müddət ərzində qəzet təhsil sisteminin müxtəlif sahələrinə, təlim prosesinin təşkili və həyata keçirilməsinə, tərbiyəvi işlərin keyfiyyətinin artırılmasına, təhsili idarəetmə və digər məsələlərə aid onlarla məqalə dərc etmişdir. Bunlar qəzetin fəaliyyətində əsas məqsəd olsa da redaksiya oxunaqlılığı təmin etmək üçün müxtəlif rubrikalardan istifadə etmişdir.

 

Bu rubrikalar sırasında qabaqcıl təcrübənin ünvanı, bölgələrdən soraqlar, təlim keyfiyyətinin yüksəldilməsi, İKT-dən istifadə məsələləri, tərbiyəvi tədbirlərin gücü, təcrübə mübadiləsi, xaricdə təhsil təcrübəsi, orta-ixtisas məktəblərində, ümumtəhsil məktəbinin problemləri, ali məktəbdə kredit sistemi, qiymətləndirmədə yeni modellər, istedad sorağında, valideynlər - sizin üçün, tələbə tribunası, elmi-praktik konfranslarda, ziyalı ünsiyyəti, maarif xadimlərinin həyatından örnəklər, təhsildə yeniliklər, sağlamlıq, bunları bilmək maraqlıdır, aqillər demişlər, hüquq məsləhəti, kitablar və rəylər, təbrik, dərs nümunələri, Təhsil Şurasında, gülməcələr, proza və poeziya, bölgələrdən soraqlar, redaksiyaya məktub gəlir, elanlar və digərləri ötən illər ərzində dəfələrlə qəzetin səhifələrində görünmüşdür.

"Körpü" adı ilə nəşrə başlayan qəzet 2 ildən sonra "Təhsil və zaman" - "Təhsilin bugünündən sabahına körpü" adını daşımağa başlamışdır. Qeyd etməliyəm ki, qəzet ilk nömrəsindən oxucuların diqqətini cəlb etmiş, oxucu auditoriyası yarada bilmişdir. Hər nömrəsi 2000 tirajla nəşr olunan qəzet yalnız abunə yolu ilə yayılır. Fərəhləndirici haldır ki, təhsil sistemində çalışan yüksək ixtisaslı müəllim və təhsil işçiləri qəzetin daimi abunəçiləridirlər. Müxtəlif mövzularda və müxtəlif fənlərdən verilən dərs nümunələri kütləvi hal almışdır. Oxucuların arzusunu nəzərə alaraq, həm müəlliflərin coğrafiyası genişlənmiş, həm də müxtəlif fənlər üzrə dərs mövzuları artırılmışdır. Redaksiya ən yaxşı müəllimlərin iştirakına xüsusi diqqət yetirir. Əməkdaşlar məktəblərdə olur, dərsləri dinləyir, müzakirələrdə iştirak edir, örnək olan dərs nümunələrinin mətbuata çıxarılmasına çalışırlar. Əgər bir tərəfdə müəllimlərin qəzetdə çıxışları səyi durursa, digər tərəfdə redaksiyanın təşkil və təşviq mövqeyi təsirli amil rolunu oynayır.

Redaksiya təhsil sahəsindəki müasir aktuallığı nəzərə aldığı qədər də tarixiliyi və varisliyi önə çəkir. Bu silsilədən akademik Mehdi Mehdizadə, uzun müddət maarif nazirinin müavini işləmiş Rəfiqə Hüseynova, region təhsil quruculuğunda önəmli rol oynamış ziyalılardan Əhməd Veysov, xalq müəllimi Zahid Şöyübov, məşhur məktəb direktoru, əməkdar müəllim Sona Tağıyeva və digər maarif fədailəri haqqında çap olunmuş materiallar oxucular arasında böyük rəğbətlə qarşılanmışdır. Eləcə də, "Ziyalı ünsiyyəti" rubrikasında xalq şairi Nəriman Həsənzadə, xalq artisti Fuad Poladov, istedadlı tədqiqatçı və publisist Azər Turan, əməkdar müəllim, şair, tədqiqatçı, tanınmış ziyalı Mirhaşım Talışlı, ədəbiyyatşünas alim, professor İmamverdi Əbilov, Türkiyə ali məktəblərində çalışan məşhur rejissor-sənətşünas, professor-doktor Əflatun Nemətzadə ilə müsahibələr xüsusi maraq doğurmuş, bu rubrikanın ardıcıl davam etdirilməsi arzusu bildirilmişdir.

Qeyd etməliyəm ki, qəzetin daimi müəlliflərindən olan filologiya elmləri namizədi Nəcəf Nəcəfov, tanınmış jurnalist Böyükağa Mikayıllı, Gəncə bölgəsi müxbiri, Kəlbəcər Rayon Təhsil Şöbəsinin metodisti Musa Əziz, şair və təhsil xadimi Əvəz Mahmud Lələdağ və digər qabaqcıl müəllimlər öz maraqlı, məzmunlu, öyrədici məqalələri ilə qəzetin yayımının genişlənməsinə kömək edirlər.

Redaksiya ayrı-ayrı bölgələrdən elektron poçt vasitəsi ilə aldığı məqalə və informasiyalara da geniş yer ayırır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasındakı ali məktəblərin mətbuat mərkəzlərinin işini xüsusi qeyd etmək lazımdır. 

Təhsil Şurasının həyata keçirdiyi tədbirlər qəzetdə geniş şəkildə öz əksini tapır. Şuranın "Yeni Azərbaycan naminə" hərəkata qoşulmaqla əlaqədar Heydər Əliyev sarayında, "Boloniya prosesi Azərbaycan kontekstində" mövzusunda Təhsil Nazirliyinin böyük akt zalında keçirdiyi elmi-praktik konfrans və digər yeniləşən cəmiyyətdə yeni pedaqoji ideyaları formalaşdıran tədbirlər yalnız "Təhsil və zaman" qəzetində deyil, respublika mətbuatı və KİV-də də yer tutmuşdur.    

Təhsil Şurası və redaksiyanın xətti ilə Balakən, Beyləqan, Şəki və digər regionlarda müəllimlərlə "Təhsil və zaman: yeniliklər, problemlər" mövzusunda keçirilən "dəyirmi masa" müzakirələrində irəli sürülən təkliflər qəzet vasitəsi ilə yayılmışdır. O cümlədən İKT-dən istifadənin müsbət və qüsurlu cəhətləri ilə əlaqədar professor Əmrulla Paşayev, dosent Elxan Bəylərovla birlikdə aparılan müzakirə bir sıra aktual məsələlərin aşkarlanmasına imkan vermişdir. Pedaqogikanın aktual problemlərinə aid professor Ağahüseyn Həsənovla aparılan müsahibədə bir sıra elmi məsələlərə yeni yanaşmalardan danışılmış və bunlar qəzetdə elmi-pedaqoj ictimaiyyətə çatdırılmışdır.

Qəzet ayrı-ayrı fənlər üzrə keçirilən müzakirələrə də geniş yer ayırmışdır. O cümlədən Bakıdakı 20 nömrəli məktəb-liseydə musiqi müəllimlərinin, musiqişünasların, bəstəkarların, təhsil işçilərinin iştirakı ilə "Ümumtəhsil məktəbində musiqi fənninin tədrisinin real vəziyyəti və onun təkmilləşdirilməsi yolları"na, Milli Konservatoriya nəzdindəki Musiqi Kollecində musiqi müəllimlərinin hazırlanması probleminə həsr edilən konfranslarda bu sahədə çatışmazlıqların olduğu, onların aradan qaldırılması yolları müəyyənləşdirilmiş, təkliflər irəli sürülmüşdür. Musiqi Kollecində keçirilən konfransda Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin aparıcı mütəxəssisləri, orta-ixtisas musiqi məktəbi direktorları, Milli Konservatoriyanın rektoru, bəstəkarlar öz çıxışlarında həm görülmüş işlərdən, həm də qarşıda dayanan məsələlərdən bəhs etmişlər. Bütün bunlar "Təhsil və zaman" qəzetində ayrıca səhifələrdə öz əksini tapmışdır.

Orta ümumtəhsil məktəblərində həyata keçirilən yeni idarəetmə problemləri də Təhsil Şurası tərəfindən öyrənilir və qəzetdə yer tutur. Bu baxımdan Bakıdakı 177 nömrəli məktəbin (direktoru Həqiqə Məmmədova) yenilikçi iş təcrübəsi böyük maraq doğurmuşdur.   

Təhsil Şurasının ibtidai sinif şagirdlərinin valideynləri üçün təşkil etdiyi pedaqoji-psixoloji məsləhətlər İsmayıllı və Şamaxı rayonlarında, Bakıdakı 271 və 314 nömrəli məktəblərdə layihə olaraq həyata keçirilmiş, bütün proses qəzetdə öz əksini tapmış, əlavə olaraq redaksiya tərəfindən 2 kitabça hazırlanmışdır.

Qəzetdə ulu öndər Heydər Əliyev irsinin təbliği, ölkə Prezidenti İlham Əliyevin təhsil quruculuğu sahəsindəki önəmli fəaliyyəti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısı, gənclərdə musiqi-estetik zövqün formalaşdırılması sahəsində gördüyü işlərə aid ardıcıl təqdim edilən məqalələr müəllim-oxucular tərəfindən tədrisdə və tərbiyəvi tədbirlərdə vəsait kimi istifadə edilir.   

Redaksiyanın fəaliyyəti geniş istiqamətli və olduqca zəngindir. Kiçik bir məqalədə bütün bunlar haqqında danışmaq qeyri-mümkündür. "Təhsil və zaman"ın 10 illik sayları ilə tanış olan hər kəs qəzetin yüksək jurnalistik və pedaqoji tələblər səviyyəsində nəşr olunduğu qənaətini hasil edə bilər. Qəzetin məzmun zənginliyinin və forma rəngarəngliyinin təmin edilməsində onun redaktoru, tanınmış jurnalist Böyükağa Mikayıllının əməyi böyükdür. 

"Təhsil və zaman"ın 10 illiyi münasibəti ilə onun bütün oxucularını, müəlliflərini, redaksiya heyətini təbrik edir, inkişaf edən ölkəmizdə həmişə layiqli yer tutmasını arzu edirəm.

 

Əjdər AĞAYEV,

"Təhsil və zaman" qəzetinin baş redaktoru 

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.7.