Parlaq istedadın, zəhmətin bəhrəsi...

 

Elə insanlar var ki, əli qələm tutandan yazıb yaratmaq eşqi ilə çalışır, yaradıcılıq yolunda rast gəldiyi çətinlikləri aradan qaldırmaq naminə bədii təfəkkür enerjisini fəaliyyət enerjisinə çevirə bilir. Bax bu səyin, zəhmətin nəticəsində yaradıcılığın ilk anlarından tanınır, rəğbətlə qarşılanır, böyük nüfuz sahibi olur. Pedaqoji elmlər  doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Gənclər İttifaqı mükafatı və akademik M.Mehdizadə mükafatı laureatı, respublika Təhsil Problemləri İnstitutunun şöbə müdiri Vidadi Cəmil oğlu Xəlilov da qadir Allahın xalqımıza bəxş etdiyi belə qənimət insanlardandır. Anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinin tamam olduğu bu günlərdə həmkarımızın, məsləhətdaşımızın mənalı ömrünün ötən anlarına nəzər saldıq. 

 

O, keçən əsrdə, hələ də yaddaşlardan silinməyən Böyük Vətən  müharibəsinin ən ağır, qanlı-qadalı günlərinin birində -25 dekabr 1942-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində dünyaya gəlib. Atası Cəmil kişi ilk övladının dünyaya gəlməsi xəbərini döyüş yollarında eşidib. Bu xəbər cəbhə dostlarını da sevindirib. Çətin döyüşlərin birində Cəmil kişi ağır yaralandığı üçün doğma yurda, arxa cəbhəyə göndərilib.

Atalı-analı böyüyən uşaq dil açandan musiqiyə, ədəbiyyata olan böyük marağı ilə tanınıb. Deyirlər eşitdiyi xalq mahnılarını, muğam avazlarını olduğu kimi təkrarlayırmış. Bədii qiraətlə şeir demək qabiliyyəti ilə də  seçilirmiş. Hələ o zaman həm kənd, həm də rayon üzrə keçirilən mədəni kütləvi tədbirlərdə aparıcı, bədii qiraətçi, habelə Cəbrayılda çap olunan "Lenin bayrağı" rayon qəzetinin fəal müxbiri kimi tanınmış, qəzetdə kəndin, rayonun mədəni tərəqqisi naminə müxtəlif səpgili yazılarla da  çıxış edirmiş.

1956-cı ilin iyun ayında Bakıda Azərbaycan gənclərinin "Əmək və xoşbəxtlik" devizi ilə keçirilən respublika festivalında iştirak etməsi də həmin fəaliyyətin nəticəsi idi. Festivalda o, dahi Səməd Vurğunun "Səadət nəğməsi" şeirini söyləyir. Fəxri  fərmanla və festivalın xatirə hədiyyəsi ilə  mükafatlandırılır. O vaxt 14  yaşı hələ tamam olmamışdı. Ancaq təhsil aldığı məktəblərdə - Çərəkən kənd 7 illik və Cəbrayıl şəhər orta məktəbində sevimli müəllimlərinin, yaşıdlarının dərin rəğbətini qazanmışdı.

1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olandan sonra yeni bir aləmə, yaradıcılıq mühitinə düşdü. Pedaqogikaibtidai təhsil metodikası fakültəsinin müəllim heyətinin üzvləri onun təlim uğurlarını və yaradıcılıq qabiliyyətini yüksək dəyərləndirdilər. Fakültə dekanı, dosent İsfəndiyar Vəlixanlı,  kafedra müdiri, professor Mərdan Muradxanov onu  fəal ictimaiyyətçi tələbə kimi qiymətləndirir, necə deyərlər, yoluna yaşıl işıq tuturlar. Məhz bu cür diqqət, qayğı və  tələbkarlığın nəticəsi idi ki, o, artıq ikinci kursda oxuyarkən nəinki  fakültədə, eyni  zamanda institutda sayılıb-seçilən tələbə kimi  tanınırdı.

İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü, Mədəni-Kütləvi İşlər Komissiyasının sədri, "Tələbə" radio jurnalının redaktoru kimi çoxsahəli aparır, tələbələrin bədii-estetik fəaliyyətinin hər vasitə ilə genişlənməsinə nail olurdu. Onun bu qabiliyyətləri Bakı məktəblərində pedaqoji təcrübədə olarkən də nəzərə çarpırdı. Təsadüfi deyildir ki, 1963-cü ildə dördüncü kursda o zaman APİ-nin baza məktəbi sayılan 7 nömrəli orta ümumtəhsil məktəbində staj təcrübəsində olarkən pedaqoji kollektivin xahişi ilə onu həmin məktəbdə musiqi müəllimi və məktəb bədii özfəaliyyət kollektivinin rəhbəri vəzifəsinə təyin edirlər. 1966-cı ilin fevral ayında isə paralel olaraq fəaliyyətini  H.Cavid adına 132 nömrəli orta məktəbdə də davam etdirir. Həmin məktəblərin bədii  kollektivlərinin, xüsusilə xalq çalğı alətləri ansambllarının respublika olimpiadalarında,  festivallarda, habelə radioteleviziya verilişlərindəki uğurlu çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Yeniyetmə məktəblilərin bədii-estetik  tərbiyəsi sahəsində qazandığı uğurlar "Azərbaycan müəllimi", "Bakı" qəzetlərinin səhifələrində müntəzəm  işıqlandırılırdı. Həmin illərdə ali təhsil aldığı institutun tədbirlərində də  fəal iştirak edirdi. Qayğıkeş, unudulmaz müəllimlərinin - professor Mərdan Muradxanovun, dosent İsfəndiyar Vəlixanlının tövsiyəsi ilə  zəngin təcrübə zəminində  elm yolunun  cığırı ilə  irəliləməyə başladı. 1968-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun əyani aspiranturasına daxil oldu. "İbtidai siniflərdə Azərbaycan xalq yaradıcılığı nümunələrinin öyrədilməsi estetik tərbiyə vasitəsi kimi (musiqi və ədəbi folklor nümunələri əsasında)" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı. Şifahi ənənəli musiqi nümunələrinin, eləcə də muğamların və  muğamlarla bağlı musiqi nümunələrinin  şagirdlərin estetik inkişafına təsir imkanlarını  araşdırmaq məqsədilə Bakıdakı 7, 18, 31, 70, 132 nömrəli və s. məktəblərdə maraqlı  eksperimentlər aparır. Tədqiqatın ilkin nəticələrini 1970-ci ildə Leninqradda, 1973-cü ildə Minskdə keçirilən "Ümumittifaq pedaqoji mühazirələri"ndə  həmkarlarına, problemin nəzəri və təcrübi məsələləri ilə məşğul olan  mütəxəssislərin  nəzərinə çatdırır. Fərəhli haldır ki, indi musiqi incəsənəti sahəsində görkəmli ifaçı və musiqi pedaqoqu kimi tanınan, respublikanın xalq artistləri Səkinə İsmayılova, Zamiq Əliyev və  başqaları o dövrdə Vidadi müəllim tərəfindən aparılan  uğurlu eksperimentin nəticəsi kimi  qiymətləndirilir.

1975-ci ildə  namizədlik dissertasiyasını müdafiə etdikdən sonra elmi işçi, baş elmi işçi vəzifələrində çalışır. Ümumtərbiyə prosesinin çox mühüm bir  istiqamətini təşkil edən estetik tərbiyənin nəzəri və təcrübi məsələlərini mükəmməl mənimsəyən Vidadi Xəlilov 1977-ci ilin yanvar ayında  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda yeni yaradılan Estetik tərbiyə şöbəsinin müdiri vəzifəsinə seçilir. O, 25 ilə yaxın bir  müddətdə fasiləsiz olaraq bu şöbəyə rəhbərlik etmiş,  orijinal, səmərəli tədqiqatları ilə bədii-estetik silsilə fənlərinin estetik təsir imkanlarının  artmasına, bu  istiqamətdə kadr hazırlığı prosesinə əhəmiyyətli təsir göstərmişdir.

Keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyası və onun sahə institutları, habelə Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Moldova, Latviya  digər respublikaların Elmi-Tədqiqat Pedaqoji Elmlər institutları ilə yaradılan qarşılıqlı əlaqə dəyərli nəticələri ilə yadda qalmışdır.

Respublikakeçmiş SSRİ miqyasında keçirilən II, III, IV, VI "Ümumittifaq pedaqoji mühazirələri"ndə (Leninqrad-1970, Minsk-1973, Kiyev-1976, Yerevan-1982), həmçinin estetik tərbiyənin nəzəriyyəsi və təcrübəsi məsələlərinə həsr olunan elmi konfranslarda (Moskva-1987, 1988, Daşkənd-1991), "İncəsənətə estetik münasibət və onun  formalaşdırılması prosesi" üzrə keçirilən Beynəlxalq konfransda (Xerson-1991) məruzə və çıxışlar etmiş, görkəmli alimlərin, incəsənət üzrə tanınmış mütəxəssislərin müsbət rəylərinə səbəb olmuşdur.

Təsadüfi deyildir ki, o, SSRİ Pedaqoji Elmlər Akademiyası Rəyasət Heyətinin 5 iyul 1978-ci il tarixli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı,  akademik S.A.Gerasimovun rəhbərlik etdiyi Estetik tərbiyə üzrə Elmi-Problem Şurasının üzvü seçilmiş  həmin şura fəaliyyətini dayandıranadək onun fəal üzvlərindən biri olmuşdur.

1980-ci ilin sentyabrında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda fəaliyyətə başlayan "Mühüm pedaqoji problemlər" üzrə elmi-nəzəri seminarın elmi katibi, 1991-ci ildə Azərbaycan Respublikası Alimlər İttifaqı Etika-estetika Komissiyasının həmsədri, habelə Azərbaycan Respublikası PedaqojiPsixoloji Tədqiqatları Əlaqələndirmə Şurasında estetik tərbiyə problemləri bölməsinin sədri seçilmiş, səmərəli fəaliyyət göstərmişdir.

Namizədlik dissertasiyasını müdafiə etdiyi vaxtdan ötən 20 il ərzində tədqiq etdiyi problem üzrə yaradıcılıq axtarışlarını bir an belə dayandırmamış, "Azərbaycan ümumtəhsil məktəblərində estetik tərbiyənin nəzəriyyəsi və təcrübəsi" mövzusunda doktorluq dissertasiyasını tamamlayaraq 27 sentyabr 1994-cü ildə məzunu olduğu möhtəşəm təhsil ocağında - Azərbaycan Dövlət Pedaqoji Universitetində birdəfəlik ixtisaslaşdırılmış müdafiə şurasında uğurla müdafiə etmişdir.

Doktorluq dissertasiyasının müdafiəsindən sonra alimin yaradıcılıq imkanları daha da genişlənmişdir. O, 1995-ci ildən bəri Azərbaycan Dövlət Pedaqoji Universitetində, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqoji elmlər namizədi və doktoru alimlik dərəcəsi verən  ixtisaslaşdırılmış dissertasiya müdafiələri şurasının üzvü kimi  səmərəli fəaliyyət göstərmişdir.

Əlbəttə, bütün bunlar nəzərdən qaçmamış, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 noyabr 1997-ci il tarixli qərarı ilə Vidadi Cəmil oğlu Xəlilova pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə professor elmi adı verilmişdir.

Professor V.Xəlilovun rəhbərliyi ilə indiyədək estetik tərbiyə üzrə tədqiqat aparanlardan 14 nəfəri  pedaqoji elmlər namizədi-pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. O, 16 nəfərin namizədlik, 4 nəfərin isə doktorluq dissertasiyasının  rəsmi opponenti olmuşdur.

Professor V.Xəlilov indiyədək apardığı orijinal tədqiqatları ilə elmi-pedaqoji ictimaiyyətin rəğbətini qazanmışdır. Onun "Ümumtəhsil məktəblərində estetik tərbiyənin inkişafı yolları", "Müəllimin estetik mədəniyyətinin yüksəldilməsi istiqamətləri", "Məktəbli mədəniyyəti", "Tələbələrin fəallıq mədəniyyəti", "Məktəblinin etik-estetik aləmi" və s. əsərləri maraqla qarşılanmışdır.

V.Xəlilovun elmi-pedaqoji fəaliyyətinin mühüm bir  istiqaməti  ümumtəhsil  məktəblərimiz üçün "Musiqi", "Təsviri incəsənət" dərslikləri və proqramlarının hazırlanması, tədris prosesinə tətbiq edilməsi ilə bağlıdır. O, Azərbaycan ümumtəhsil məktəblərinin V sinifləri üçün ilk "Musiqi" dərsliyinin (bəstəkar O.Zülfüqarovla birlikdə: Bakı, "Maarif", 1976), IV sinif üçün ilk "Təsviri incəsənət" dərsliyinin (Azərbaycan və rus dillərində M.Məmmədova, Ş.Vəliyeva ilə birlikdə, Bakı, "Elnicat", 2007) müəllifidir.

İ.Əfəndiyev adına Elitar gimnaziya üçün hazırlanan və 2004-cü ildə ilk dəfə nəşr olunan "Etikaetiket", "Estetika" (V-IX siniflər üçün) proqramlarının müəllifi də professor V.Xəlilovdur.

Altı cildlik seçilmiş əsərləri, 45 adda  monoqrafiya, kitab, kitabça, 300-ə qədər elmi-metodik, publisistik məqalə müəllifi kimi tanınan alimin həyatı, yaradıcılıq fəaliyyəti sözün həqiqi mənasında gənc alimlər, tədqiqatçılar üçün örnəkdir, parlaq nümunədir.

Professor V.Xəlilovun elm-sənət və müxtəlif peşə adamlarına  həsr etdiyi monoqrafiyalar, televiziya ssenariləri onun yaradıcılığının mühüm bir istiqamətini təşkil edir.

"Bəstəkar Süleyman Ələsgərov", "Bəstəkar Qəmbər Hüseynli", "Bəstəkar Oqtay Zülfüqarov" monoqrafiyaları və "Bəstəkar Süleyman Ələsgərov" (Əliheydər Kamal oğlu ilə birlikdə), "Əsrə bərabər ömür" (Akademik M.Mehdizadəyə həsr olunub) televiziya filmlərinin ssenariləri, "Yaxşıların arasında" şeirlər kitabı alimin geniş yaradıcılıq diapazonuna malik olduğunu göstərir.

Çəkilən zəhmət hədər getməz, - deyənlər  haqlıdırlar. Bu mənada Vidadi müəllimin əməyi, geniş çoxşaxəli yaradıcılığı da yeri gəldikcə layiqincə qiymətləndirilib.

Böyüməkdə olan nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə respublika Maarif Nazirliyi Kollegiyasının 13 aprel 1977-ci il tarixli qərarı ilə "Qabaqcıl maarif xadimi" nişanı ilə, habelə SSRİ Maarif Nazirliyinin 17 may 1982-ci il tarixli qərarı ilə xalq maarifinin  inkişafında əldə etdiyi böyük nailiyyətlərə və ictimai işlərdə fəal inkişafına görə "SSRİ maarif əlaçısı" nişanı ilə təltif olunmuşdur.

1982-ci ilin dekabr ayında pioner və məktəblilərin estetik tərbiyəsi sahəsində böyük işə, ümumtəhsil məktəbləri üçün  eksperimental musiqi proqramının işlənib hazırlanmasına və tətbiqinə görə respublika Lenin komsomolu mükafatı laureatı  adına layiq görülmüşdür.

V.Xəlilov keçən əsrin 70-ci illərindən başlayaraq SSRİ miqyasında keçirilən "Ümumittifaq pedaqoji  mühazirələri"ndə fəal iştirakına və müxtəlif  mövzularda etdiyi  məruzələrə görə üç dəfə (1973, 1976, 1982) SSRİ Maarif Nazirliyinin, SSRİ Pedaqoji Elmlər Akademiyasının, Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Ümumittifaq Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Azərbaycan Müəllimləri Yaradıcılıq İttifaqı İdarə Heyətinin 25 sentyabr 1998-ci il tarixli qərarı ilə son illərdəki səmərəli elmi-pedaqoji fəaliyyətinə və "Akademik Mehdi Mehdizadə ömrünün işığı" kitabının nəşrə hazırlanmasında əməyinə görə akademik Mehdi Mehdizadə mükafatına layiq görülmüşdür.

Tarixə qovuşan ötən illərin hər biri geniş yaradıcılıq diapazonuna malik olan alimin həyat və yaradıcılığında müəyyən izlər qoyur. Belə ki, tanınan, sayılıb-seçilən pedaqoq alim, yazıçı-publisist Allahverdi Eminovun qələmə aldığı "20-ci əsrin 20 böyük Azərbaycan pedaqoqu" kitabında ("Araz" nəşriyyatı, Bakı, 2002) alimin yaradıcılıq fəaliyyətinin diqqətəlayiq cəhətləri öz əksini tapmışdır.

2004-cü ildə "VEKTOR" Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın  tanınmış alimləri" Beynəlxalq müsaqibəsinin qalibi olmuş, "XXI əsrin tanınmış alimi" Beynəlxalq diplomu ilə təltif  olunmuşdur.

2006-cı il pedaqoji elmlər doktoru, professor Vidadi Cəmil oğlu Xəlilov üçün daha  əlamətdar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə ona "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı  verilmişdir.

2011-ci ildə estetik tərbiyə sahəsində  fundamental  tədqiqatlar  müəllifi kimi tanınan Vidadi Xəlilovun həyatına, yaradıcılıq  bioqrafiyasına yaddaqalan iz qoyub. PedaqojiSosial Elmlər Akademiyasının 22 aprel 2011-ci il tarixli qərarı ilə o, akademiyanın həqiqi üzvü - akademiki  seçilmişdir.

Vətənə, xalqına qəlbən bağlı olan professor Vidadi Xəlilov yaradıcılıq imkanlarının daha da genişləndiyi indiki dövrdə əzmlə çalışır, elmi-pedaqoji fəaliyyətini inamla, ruh yüksəkliyi ilə davam etdirir. İstedadlı, zəhmətsevər həmkarımızı, məsləhətdaşımızı bu əlamətdar günlərdə bir daha səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, daha böyük yaradıcılıq uğurları  arzulayırıq!

 

Nazim KAZIMOV,

əməkdar incəsənət xadimi, professor

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.8.