Turizm-diyarşünaslıq
geniş təbliğ olunur
Gənc nəslə doğma diyarı sevdirmək, onlara vətənpərvərlik hissləri aşılamaq, məktəblilər arasında turizm-diyarşünaslıq işini təbliğ etmək respublikamızda prioritet məsələlərdən biridir. Təhsil Nazirliyinin tabeliyində olan Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi də öz işini bu istiqamətdə quraraq gənclərimizin Azərbaycanı yaxından tanıması və onun hər bir bölgəsi haqqında ətraflı məlumat əldə etməsini vacib amillərdən hesab edir. Mərkəzin direktoru Alik Məmmədovdan aldığımız məlumata görə, mərkəzdə uşaqların maraq və istəklərinə uyğun olaraq ədəbi-diyarşünaslıq, tarix-diyarşüanslıq, coğrafiya-diyarşünaslıq, piyada-turizm, gənc-turist, gənc-bələdçi, gənc-ekoloq adlı dərnəklər fəaliyyət göstərir. Mərkəzin əməkdaşları Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdlərini bu dərnəklərə cəlb edir, onlarla mütəmadi olaraq kütləvi tədbirlər keçirirlər. Dərnək rəhbərləri tərəfindən müxtəlif mövzularda referat yazı, inşa müsabiqəsi, "dəyirmi masa", sərgi və ekskursiyalar təşkil olunur. Mərkəzin bu tədbirləri keçirməkdə məqsədi gənclərə və yeniyetmələrə vətənə, xalqa, milli mənəvi dəyərlərimizə hörmət, məhəbbət hissini aşılamaq və gücləndirmək, maddi-mədəniyyət nümunələrimizi qoruyub mühafizə etmək, turizm-diyarşünaslıq işini təbliğ və inkişaf etdirmək, yeniyetmələri azərbaycançılıq ruhunda tərbiyə etmək, onların bilik, bacarıq, ağıl və düşüncə qabiliyyətlərini üzə çıxarmaq, asudə vaxtlarını, tətil və bayram günlərini səmərəli keçirməklə dövlətimizə, xalqımıza layiqli vətəndaş yetişdirməkdir.
Mərkəz 2012-ci ildə bir çox tədbir və ekskursiyalar keçirmişdir ki, bunlardan M.S.Ordubadinin ev-muzeyində 20 Yanvar faciəsi ilə bağlı "Şəhidlər unudulmur", paytaxtın Xətai rayonu ərazisində yerləşən 27, 249, 269 nömrəli məktəblərdə "Xocalı harayı" adlı ədəbi-bədii tədbirlərin adını qeyd etmək olar. Bundan başqa, mərkəz turizm ləvazimatlarının sərgisini, eko-turizmlə bağlı kompozisiya və ağacəkmə aksiyası da təşkil etmişdir.
Cari ilin mart ayında Bakıdakı İstiqlal muzeyində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı sərgidə dərnək üzvləri öz rəsmləri ilə çıxış etmişlər.
Mərkəz hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş sərgi-müsabiqə də təşkil edir. Bu sərgi-müsabiqədə respublikada fəaliyyət göstərən GTDM-nin dərnək üzvlərinin əl işləri sərgilənir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən "Azərbaycanı sev və öyrən" turist-diyarşünaslıq ekspedisiyasının Respublika baxış-müsabiqəsi isə artıq ənənə halı almışdır.
Mərkəz turizm işi ilə sıx bağlı olduğundan hər il 27 sentyabr Beynəlxalq Turizm gününü qeyd edir. Məktəblilərin "Mərdəkan dendrarisi", "Qız qalası", "Şirvanşahlar Sarayı Kompleksi", "Səngəçal terminalı", "Qobustan Dövlət Qoruğu", Qala kəndində yerləşən "Qala qoruğu", təbiət, tarix, xalça, ədəbiyyat, incəsənət muzeylərinə ekskursiyaları təşkil olunur. Təşkil olunan tədbir, ekskursiya və ya gəzinti zamanı məktəblilər böyük biliyə sahib olurlar.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2012.-
21 dekabr.- S.8.