Müasir dərsdə İKT-nin
rolu böyükdür
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər şagirdlərin İKT biliklərinin artırılmasında böyük rol oynamışdır.
Bakıdakı 64 nömrəli tam orta məktəbin direktoru Rəfael Mehdiyev bildirdi ki, müasir təhsil insanlara dünyada mürəkkəb məsələlərin həllinə hazır olmağı, strateji hədəfə malik problemlərin öhdəsindən gəlməyi diqtə edir. Ona görə də müasir təhsil sistemini informasiya-kommunikasiya texnologiyalarsız təsəvvür etmək çox çətindir.
Təhsil ocağında İKT-nin tətbiqinə əvvəlki illərlə müqayisədə geniş yer verilib. Şagirdlərin əksəriyyəti İnternetdən tədqiqatlar aparmaq üçün daha çox istifadə edir, işlərini sinif yoldaşlarına təqdim etməyi də öyrəniblər.
191 nömrəli tam orta məktəbin direktoru Rəhimə Əliyeva qeyd etdi ki, məktəbimizdə İKT sahəsində xüsusi istedada malik olan şagirdləri aşkar etmişik. Şagirdlərin bilik və bacarıqlarını yüksəltmək üçün İKT-dən istifadə etməklə ayrı-ayrı fənlər üzrə test bankı yaradılıb. Şagirdlər arasında İKT üzrə bilik yarışı keçirilib. Məktəbin kitabxanasında İKT vasitəsilə elektron dərsliklərin planı və uçotu təşkil olunmuşdur.
229 nömrəli tam orta məktəbin direktoru Fəridə Bağırovanın sözlərinə görə, təhsil ocağı İnternet şəbəkəyə qoşulub. Məktəbdə işləyən fənn müəllimlərinin hamısı Təhsil Nazirliyinin İntel "Gələcək üçün təhsil", bir qrup müəllim isə "Dymo-Mimio interaktiv Texnologiyaları ilə tədris" təlim kurslarından keçiblər. İnformatika və digər fənn müəllimləri də İKT-dən istifadə etməklə dərslərini yüksək səviyyədə keçirlər. Eyni zamanda İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların aparıcı mütəxəssisləri ilə məktəbdə tez-tez görüşlər təşkil edilir və şagirdlər dəyərli məsləhətlər alırlar.
Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.8.