"İndiyə qədər yolka
oyuncaqlarımı saxlayıram"
- Xalq artisti, professor Xuraman Qasımova ilə söhbət
Bakımızın ənənəvi
tıxacından çətinliklə qurtulub yaxınlıqdakı ilk
həyətdə maşından düşdüm. Binanın mühafizəçisindən axtardığım
ünvanı soruşdum. Verilən cavabdan
rahat nəfəs aldım. Bura Azərbaycanın musiqi
tarixində özünəməxsus səhifələri olan Fidan və Xuraman
Qasımova
bacılarının yaşadığı binanın
həyətı
imiş... Bir qədər sonra Xuraman xanımın mənzilində oturub ötən illərə körpü saldıq:
- Ailədə bir qardaş, iki bacı olmuşuq. Qardaşım Əlibəydi, sonra bacım Fidandı. Evimizin sonbeşiyi mənəm.
- İlk təhsilinizi harada almısınız?
- Mən səviyyəsinə görə o vaxtlar Bakıda ən məşhur təhsil ocaqlarından biri kimi tanınan 23 nömrəli orta məktəbdə oxumuşam.
Bacım Fidanla qardaşım Əlibəy isə Bülbül adına orta ixtisas məktəbində təhsil alıblar. Əlibəy pianino sinfini bitirib. Fidan isə yeddi yaşından məktəbə gedib və skripka alətində çalmağı öyrənib.
Onu da deyim ki, Bülbül adına musiqi məktəbində çox istedadlı uşaqlar təhsil alırdı. Əvvəlcə məni də fortepiano üzrə təhsil almağa o məktəbə qoymuşdular. Amma evimizdə bir az darısqallıq idi. Bir otaqda qardaşım pianinoda məşq edirdi. O biri otaqda da Fidan skripka dərslərini öyrənirdi. Ona görə də anam mənim arzumu nəzərə aldı. Doğrudur, sonralar bir qədər peşman oldum. Onsuz da musiqi məktəbinə getməsəm də, bütün notları bilirdim. Qarşımda mükəmməl musiqi təhsili olan qardaşım, bacım vardı... Onların o zaman evdə ifa etdiyi əsərlərin hamısını mən bu günə qədər əzbər bilirəm.
- Eviniz
məktəbə
yaxın idi?
- Çox! Əvvəllər Bülbül adına məktəblə Konservatoriya bir-birinə yaxın yerdə idi. Bizim evimiz də o vaxt leytenant Şmidt adlanan həmin küçədəydi. İndi o küçə Rəşid Behbudov prospektidi. Bizim məktəb də evimizin yaxınlığında yerləşirdi.
İndi sizinlə söhbət etdiyimiz bu yeni mənzilimiz o vaxtkı evimizə paralel küçədədi.
- Siz bacılarda musiqiyə
bu boyda sevgi haradan
gəlir?
- Təbii ki, ailədən,
nəsildən. Biz
musiqiyə
çox böyük həvəsi olan
bir ailədə böyümüşük. Həm valideynlərimizdə,
həm də bizdə musiqiyə maraq
genimizlə gəlib. Amma səs bizə atamız
tərəfdən
keçib. Gözəl səsi olan
atamın ulu babasının - Qafqazın Şeyxülislamı
Əbdüsalam Axundzadənin
çox məlahətli səsi
varmış. Əbdüsalam atam
tərəfdən
babamın
dayısıdı. O səs əvvəlcə atamıza,ondan da irsən biz
bacılara keçib. Mənim öz
babam, yəni atamın atası
Əlibəy
Qasımov məşhur Qori
Seminariyasının məzunu,
dövrünün tanınmış maarifçisi olub. Atam qardaşıma o
babamın adını
vermişdi.
Yeri gəlmişkən,
qardaşım Bülbül adına musiqi məktəbini bitirib
Konservatoriyanın fortepiano bölməsinə daxil
oldu. Amma birinci kursu
başa vurduqdan sonra
həyatını musiqiyə yox, elmə həsr
etməyi qərara aldı. Əlibəy gözəl pianoçu ola bilərdi, lakin birdən-birə fikrini
dəyişdi və fiziologiya
mütəxəssisi
olmaq istədi.
M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinə hazırlaşdı və
oraya daxil oldu. Əlibəy həyatını elmə
həsr etdi və
alim kimi yetişdi.
Amma
elm sahəsini seçsə də, qardaşım dərin
musiqi biliyinə malik
bir insandı. Musiqini bizə
daha çox sevdirən onun evdə
həmişə
pianinoda məşq etməsi
olmuşdu. Qardaşımın
barmaqlarının dilləndirdiyi
musiqilərin müşayiəti ilə
biz bacılar da həvəslənərək bir
şeylər
oxuyurdıq... Qardaşımın ən
böyük hobbisi musiqi
olmaqla yanaşı,o, həm də
kitab oxumaq dəlisi idi.
Əminəm
ki, Əlibəy musiqinin
arxasınca getsəydi,
çox məşhur musiqi xadimi ola bilərdi.
- Fidan xanımın
da məktəb illərini
xatırlasaq,
oxucularımız
üçün
maraqlı olar...
- Fidan xanım,
bir az
əvvəl dediyim kimi, yeddi
yaşından musiqi aləmindədi.
O, Bülbül adına məktəbdə professor
Tahir Atakişiyev kimi bir sənətkardan
skripka dərsi almış, onun tələbəsi kimi yetişmişdi. Uzun illər
Bülbül adına məktəbin direktoru
olan Tahir müəllim həm
də çox gözəl pedaqoq
idi. Heyif ki, bu
yaxınlarda biz onu
itirdik.
Fidan xanım
Bülbül adına məktəbi skripkaçı kimi başa vurduqdan
sonra, axıracan musiqinin arxasınca getdi.
O illərdə
Konservatoriyanın rəhbəri görkəmli bəstəkar, professor Cövdət Hacıyev
idi. Fidan
xanım Konservatoriyaya
daxil oldu və professor Sərvər Qəniyevdən dərs
almağa başladı. Konservatoriyadakı
müəllimləri
bacıma perspektivli,
ümidverici tələbə kimi
baxırdılar. Həm
skripka üzrə, həm də ikinci ixtisas
olaraq, vokal üzrə dərs
alan Fidan təbiətən çox
ciddi tələbə idi. O ərəfədə anam
hiss etmişdi ki,
Fidanda gizli bir musiqi istedadı var... Fidan
hər hansı bir
ariyanı, melodiyanı oxuyanda
anam qızının səs
tembrinə fikir vermiş və elə
bundan sonra da onu maestro
Niyazinin yanına aparmışdı. Onda Fidanın 16
yaşı vardı.
- Sizcə, ixtisas rəhbərinin tələbkarlığı
tələbənin
istedadını inkişaf
etdirirmi?
- Tələbkarlıq
öz yerində,
şagirdin, tələbənin
məsuliyyəti
öz yerində. Bunların hər ikisi
vacib şərtdir. O
vaxt tələbənin dərsə gəlməməsi və
ya dərsə ciddi yanaşmaması görünməmiş bir
hal sayılırdı. O illərdə tələbələr imtahanlara
bilirsiniz necə hazırlaşırdı?
Fidanın tələbə yoldaşları vardı: Qara Qarayevin
qızı Züleyxa xanım, Rauf Abdullayevin həyat yoldaşı Munisə
xanım, bibimiz
qızı Cəmilə xanım-aristokrat ailələrin qızları... İmtahan vaxtı
gələndə bu qızlar
hər gün bir tələbənin evinə
toplaşıb məşq edir, ciddi-cəhdlə imtahanlara
hazırlaşırdılar. O vaxtın tələbələri bu gün böyük bir
ziyalılar ordusunu təşkil edirlər.
- Evinizin qonaqları
adətən kimlər olurdu?
- O illərdə Azərbaycanın qaymaqları sayılan ziyalılar, bəstəkarlar,
rəssamlar ailəmizin dostları
kimi evimizə tez-tez
gələrdilər. Bax, o mühit bizi
yetişdirdi. Başqa cürə ola
da bilməzdi. Biz dünyaya musiqi
ilə doğulduq,
musiqi ilə gəldik. Atamız və anamız da ruhən incəsənətə
bağlı insanlardı.
- Onların ixtisası
musiqi sahəsinə yaxın
idi?
-
Əsla, yox! Anam
Tibb Universitetini
mikrobiologiya ixtisası
üzrə bitirmişdi.
Atam isə o dövrdə Məşədi Əzizbəyovun adını daşıyan İndustrial İnstitutu (indiki ADNA) mühəndis-energetik ixtisası
üzrə başa vurmuşdu. Müxtəlif sahələrin
adamı olsalar da, onların hər
ikisi musiqisevər,
musiqi dünyasına həvəsli idilər. Evdə anam
pianoda çalır, hərdən şeir
də yazır,
mahnı da bəstələyirdi. Atam isə həm pianoda, həm tarda, həm də akkardeonda ifa
etməyi bacarırdı. Hərdən də atamla
anam ikisi oturub öz aralarında bir
mahnı yazardılar. Sonra ailəvi
hamımız bir yerdə
o mahnının sözlərini tapar, axırda da ailəliklə ifa
eliyərdik...
Bunlar ailəmizlə bağlı gözəl xatirələrdi və
biz bacıların musiqi
aləmində
tanınmağımızda, püxtələşməyimizdə çöx böyük amillərdi. Biz - Fidan və Xuraman Qasımova bacıları az
qala 40 ilin sənətçiləriyik.
Ancaq hər dəfə o
günləri
xatırlayanda, o illəri
həyəcanla
yadımıza
salırıq.
-
Ziyalı valideynlərinizin öz məktəbli uşaqlarına vaxt ayırmağı problemə çevrilmirdi ki?
- Anam bizə görə işləməyib,
ömrünü, həyatını
bütünlüklə
uşaqlarına həsr edib. Bizi
məktəbə də, dərnəklərə də
həmişə
özü aparan anam, həyatının bütün saatlarını ancaq
bizimçün
ayırmışdı.
Məsul işdə
çalışmasına
baxmayaraq, atam da bizə
vaxt ayırırdı. O, öz övladlarını,
xanımını, bir
sözlə, ailəsini
sevən bir insan
idi. Valideynlərimin arasında bir-birinə çox böyük hörmət, məhəbbət vardı. Bir-birilərini sevmiş, 1941-ci il mayın 15-də
evlənmişdilər. Az
sonra müharibə başlamış və
hamı kimi atam
da cəbhəyə getmişdi. Atamla anam
müharıbə
dövründə bir-birinə məktubları şeir
formasında
yazırlarmış...
1943-cü ildə
atam müharibədən geri
çağırılmış və
ona Moskvada məsul
bir iş tapşırılmışdı.
Çünki atam kimi
savadlı mütəxəssislərə o vaxtlar
arxa cəbhədə də
böyük ehtiyac vardı. 1943-cü ildə anam
da Moskvaya atamın
yanına getmişdi. Müharibənin bitməsini,
Qələbə xəbərini atamla
anam Qızıl
Meydanda
qarşılamışdılar. 1945-ci il noyabrın 19-da ailəmizin
ilki - qardaşım Əlibəy doğulmuşdu.
Müharibədən
sonra atamgil yenidən Bakıya
döndülər. Bir müddət əvvəlki kimi
İçərişəhərdə yaşadılar.
Atamgillə anamgilin ailəsi İçərişəhərdə,
eyni məhəllədə illərlə mehriban qonşu olub, anamın qardaşları ilə
atam məktəbli vaxtlarından bir-biriləri ilə dostluq ediblər.
Bu qonşuluq sonradan
qohumluğa çevrilib.
Biz atamla anamı
bir ömür boyu hər zaman
mehriban, səmimi
gördük. Hər ikisinin gözəl zövqü, incə musiqi duyumları vardı.
Baxın,
divardan asdığım bu
iki rəsm əsəri atamın
öz əl işləridir. Biri "Leyli və
Məcnun" əsərindən Leyli
ilə Məcnunun görüş səhnəsidi. O biri
şəkil isə
Şota Rustavelinin "Pələng dərisi
geymiş pəhləvan" əsərinin motivləri əsasında çəkilib.
- Xuraman xanım, nə
vaxtdan mahnı oxumağa başladınız?
- İndi
bəzi gənclərimiz özləri haqqında
deyir ey: "Mən professional
səhnəyə üç
yaşımdan gəlmişəm".
Amma mən doğrudan
üç
yaşımdan oxuyuram.
Uşaqlıqdan musiqi dərsi almasam
da, musiqi ilə yaşayırdım. Həmişə evdə, ailə məclislərində oxuyurdum. Üç, dörd,
yeddi yaşlarımızda ağlımıza belə
gətirə bilməzdik ki, biz
gələcəkdə
musiqiçi
olacağıq. O dövrdə bizim
oxumağımız
yalnız və yalnız
bir həvəs idi. Məktəbdə hamı necə rəqs edirdi, mahnı oxuyurdu, biz
də eləcə...
- Bəs
professional səhnə
üçün səs hansı
yaşda formalaşır?
- Bilirsiniz,
əsl professional səs insanda 16
yaşdan sonra bəlli
olur. Uşaqlıq dövrünün həvəsi, səsi
çox vaxt ötüb keçən olur. Ona
görə də erkən
yaşlarında şagirdləri daha
çox məktəbə,
bilik öyrənməyə,
savadlanmağa yönəltmək lazımdır. İlk növbədə dərs, sonra dərnəklər.
Son zamanlarda
valideynlər
üç yaşında,
beş yaşında, yeddi yaşında uşaqlarını həvəslə aparırlar mütəxəssis yanına. Bizim vaxtımızda uşaqlar
dərsdənkənar məşğələlərə,
məsələn, tikiş tikməyə,
rəsm çəkməyə,
heykəltəraşlıq
öyrənməyə məktəblərdə, yaxud
da pionerlər evində fəaliyyət göstərən dərnəklər çərçivəsində gedərdilər. Elə bir dərnək yox
idi ki, oraya həvəs göstərməyim. İdmanla, gimnastika ilə məşğul olurdum, balet öyrənirdim, voleybol dərnəyinə gedirdim. Yəni, zamanımı boş yerə sərf
etmirdim.
Müəllimlərimiz
musiqi dərslərində, xor dərslərində hiss
edirdilər ki, kimin səsi başqalarından seçilir,
kimin səsi daha məlahətli, daha güclüdür. Bu
baxımdan bayram tədbirlərində müəllimlərimiz
gözəl mahnı oxuyan şagird kimi mənim ifamı
bəyənir, böyük
həvəslə önə çağırıb
iştirakçılara təqdim
edirdilər.
- Bütün bu əlavə dərnəklər, məşğələlər dərslərinizə mane
olmurdu?
- Qətiyyən.
Hamımız
çox gözəl anlayırdıq ki, ilk
növbədə
savaddır, bilikdir. Biz həm orta məktəbi yüksək səviyyədə başa
vurmalı, həm də ali məktəbə qəbul
olmaq barədə düşünməliyik. Mən özüm də
əlavə məşğələlərə və
dərnəklərə
ancaq və ancaq dərslərimi öyrəndikdən sonra
gedə bilərdim.
- O illərdə
daha çox hansı
sənətə
üstünlük
verirdiniz?
- Orta məktəbin son
siniflərində tarixə, ədəbiyyata, bir sözlə humanitar
fənlərə həvəsliydim.
Sənədlərimi
də ADU-nun
(indiki BDU-müəllif) jurnalistika
fakültəsinə vermək niyyətindəydim. Bununla yanaşı,musiqini də
çox sevirdim. O illərdə Tofiq
Quliyevin, Rauf Hacıyevin, Səid Rüstəmovun, Telman Hacıyevin, Cahangir Cahangirovun, o cümlədən bir çox
gözəl bəstəkarlarımızın populyar
mahnılarının demək olar
ki, hamısını əzbər bilirdim.
Bacım
Fidan da
hər gün beş
saat, altı saat
musiqi məşqlərinə vaxt
ayırırdı. Amma
bununla belə biz heç
birimiz irəlicədən qərarlaşdırmamışdıq ki, gələcəkdə pianoçu və
ya skripkaçı, yaxud
da balerina olacağıq. Bir vaxt
Konservatoriyanın tələbəsi olacağım haradan
ağlıma gələrdi?!
Bunlar
hamısı illər keçəndən sonra
bəlli olacaqdı. Sadəcə,
bizim valideynlərimiz şərait yaradırdılar ki, xoşumuza gələn bütün dərnəklərə gedək
və bu işdə onlar
özləri də bizə
çox kömək edirdilər.
- Fidan xanımla səsiniz
bir-birini tamamlayır. Bəs xarakter etibarı
ilə necə?
-
Uşaqlıqdan Fidan mənə nisbətən çox utancaq idi, amma mən
şıltaq qız kimi
böyüyürdüm. Gah
bir sirk akrobatı
kimi, gah da hansısa
bir operadan, məsələn "Sevil"dən,
"Karmen"dən səhnəciklər düzəldib evdəkilərə nümayiş etdirirdim.
Puşkinin
"Yevgeni Onegin" ində iki
bacı obrazı var. Tatyana
və Olqa. Fidan xanım Tatyana
təbiətli bir qız
idi. Təmkinli
idi, qəlbini, hisslərini bağlı saxlayardı. Onun üçün ancaq dərs vardı, bir də
musiqi.
- Xuraman xanım,
60-cı illərin Azərbaycan kinosu... "Liftçi qız", "Mən ki, gözəl deyildim", "Həyat bizi
sınayır" filmləri
və Siz.
- Hə...
məktəbdə
oxuduğum illərdə arada
məni kinoya da
çəkmişdilər.
-
Baş rollarda oynamaq Sizdən həm məsuliyyət, həm
yüksək həssaslıq, həm
də peşəkarlıq
tələb edirdi. Bir məktəbli qız üçün belə çətin işin
öhdəsindən gəlmək asan deyildi.
- Mənim
kinoya çəkilməyim tam təsadüf idi. O illərdə
kinorejissorlarımız institutları, ali məktəbləri qrup-qrup, sinif-sinif gəzir, həmin rollara
ifaçı
axtarırdılar. Təbii ki, mən o
yaşlarımda professional
aktrisa ola bilməzdim. Amma bizim məktəbdən məni
də seçdilər. Sonra sınaq çəkilişləri oldu, fotoprobalar, kinoprobalar... Yüzlərlə
qızlar vardı,
hamımızı çəkirdilər.
Lap axırda
kinorejissorlar nədənsə məni bəyəndilər.
Sizə açığını deyim
ki, kino sahəsində bizim
elə də bir
tanışımız yox
idi. Biz mədəniyyətimizi,
musiqimizi sevən ziyalı
bir ailəydik. O illərdə,
konkret desəm, 60-cı illərin ortalarında, hər hansı
bir ailə öz
uşaqlarının, xüsusən də qız övladlarının o
yaşda kinoya çəkilməsinə nadir hallarda
razılıq verərdi.
Amma mənim atam
ziyalılar
ziyalısı idi, bizə verdiyi
gözəl tərbiyədən ürəyi arxayın
idi. Övladlarına o
qədər inanır, o qədər
ümid bəsləyirdi ki... Ona
görə də mənim
kinoya çəkilməyimə nəinki
mane olmadı,əksinə,
sənətə həvəsimi,
teatra, kinoya olan marağımı
görüb mənə daha
da qol-qanad verdi. Yəni, sənət yollarında valideynlərim heç
vaxt bizə əngəl olmadılar. Əksinə, bizim üçün bu
yolda bir mayaka çevrildilər. Atamın bircə
şərti o idi
ki,bütün bu kinoçəkilişlər, məşqlər bizim əsas fikrimizi
dərslərimizdən, məktəbimizdən yayındırmasın.
Mən
baş rola təsdiq
edidikdən sonra, çəkiliş harada
olursa-olsun, anam hər zaman
yanımda olurdu.İlk dəfə "Liftçi qız"da baş rola
çəkiləndə, lap uşaq idim. Cəmi 13
yaşım vardı. Bu kinonun ssenarisi
Həsən Seyidbəylinin "Xidmət lifti" povesti əsasında yazılıb.
İkinci dəfə
kinoya çəkiləndə isə
15-16 yaşımda idim. Kino sahəsindəki fəaliyyətimin əsas
ağırlığı
anamın üzərinə düşürdü. Çəkiliş meydanlarında fasilə
olan kimi, anam mənim
qayğıma qalır,
vaxtdan istifadə edib
tez çayımı içirdir, buterbrodumu yedirdirdi. Uşaq idim
deyə tez yorulurdum. Anam hər vasitə
ilə
yorğunluğumu
unutdurmağa
çalışırdi.
- Məktəbli olsanız
da hər halda
baş rolda Siz
oynayırdınız. Peşəkar aktyorlara ödənildiyi qaydada Sizə də qonorar ödənilirdimi?
- Belə düşünürəm ki,
filmin baş qəhrəmanı kimi, digər oyunçulardan fərqli
olaraq, yəqin ki, ən
yüksək qonorar mənə yazılırmış. Çəkildiyim filmlərdə elə bir
kadr yox idi
ki,mən orada olmayım. Axı, mən baş qəhrəman idim. Amma yenə də
sualınızın
cavabını dəqiq deyə bilmərəm. Çünki, məktəbli
olduğum
üçün maliyyə məsələləri təbii
ki, valideynlərimlə həll edilirdi.
- Vaxtınızı necə bölürdünüz?
- Mənim gün ərzində boş
saatım yox idi. Səhər saat 8-də məktəbə gedirdim, günorta 2-də dərsdən evə qayıdırdım. Yeməyimi yeyib
gedirdim çəkilişə.
Axşam saat 8-də
evə dönüb dərs
tapşırıqlarımı
yerinə yetirirdim. Gecə saat on
ikidə, bəzən də birdə
yerimə uzanırdım. Gün ərzində görəcəyim bütün işlərimin saatbasaat
qrafikini tuturduq. Ən çox vaxt
itkisi çəkiliş meydanlarında olurdu. O qədər nizam-intizama tabe
olan bir qız
idim ki, orada boş
keçən dəqiqələrimə
heyfsilənirdim.
Kino çəkilişlərinin kimsədən asılı olmayan
çətinlikləri, tələbləri var. Məsələn, tutaq ki, hansısa bir
kadr günəşli
havada çəkilməlidir.
Bütün qrup
gözləyir
ki, günəş nə
vaxt çıxacaq.
Yaxud da
əgər
yagış səhnəsi lazımdısa, Allaha yalvarırsan ki, kaş
hava tutulsun,
yağış yağsın,
biz də çəkilişimizə başlayaq. Təsəvvür edin
ki, əynimizdə çəkiliş kostyumları,
saçlarımız, üz-gözümüz qrimdə... başdan-ayağa obraza
köklənib dayanmışıq, səbirsizliklə
havanın bizə lazım olan
şəklə düşməsini gözləyirik. Adətən, belə
vaxtlarda mən dərs kitablarımı da çəkiliş meydanlarına aparardım. Boş dəqiqələr,
boş saatlar olan
kimi, oturub dərslərimi hazırlayırdım. Çəkiliş
olan günlərdə
çox yorulurdum.
- Amma oynadığınız
filmlərdə bu hiss olunmurdu. Sanki illərlə Siz
o rollara
hazırlaşmışdınız. Canlandırdığınız obrazları çox böyük ustalıqla
yaratmışdınız.
- Gənc
yaşlarımda mən özümü heç
bəyənmirdim. Arıq, zəif bir
qız idim.
- Fikrimcə, ən böyük rəssam yaradanın özüdür. Tanrının yaratdığı hər
kəs bər-bəzəksiz,
makiajsız daha təbii,
daha ürəyəyatımlıdı.
Yaxşı
yadımdadır ki,
Siz ekranda hər zaman əsl Azəri
qızı kimi diqqət çəkirdiniz. Sadə geyiminizdə,
görüntülərinizdə
belə qəribə bir
cazibədarlıq, gözəllik
vardı. Məhz belə gözəllikdən Sizə
nə pay düşdü?
-
Bilirsiniz, hər
şeyin bir dərəcəsi var. Həyat siyah
və bəyaz cizgilərdən ibarətdir. Eynilə Sizin
bu gün geyindiyiniz
bluzkanız kimi. Bizim də həyatımızda
gözəl səhifələr də
olub, unudulmaz günlər də. Amma nə vaxsa çətinliklərimiz,
problemlərimiz də olub. Həyat hər zaman
sürprizlərlə
doludur. Bir-birinin ardınca valideynlərimizi erkən
itirməyimiz bizə
çox ağır zərbə oldu. Hər insan bu
hissləri yaşayır. O zaman Fidan
xanım Moskvada aspiranturada
oxuyurdu. Təbii ki, o,
Bakıya qayıtdı və
valideynlərimizdən
sonra evin bütün maddi qayğısını öz
üzərinə çəkdi.
- Müğənni kimi
sənətin sirlərini kimdən
öyrənmisiniz?
- Konservatoriyada ali təhsil alanda ixtisas
müəllimlərimiz
vardı. Qadınlardan ilk opera
müğənnimiz
Şövkət Məmmədovanın iki
il tələbəsi olmuşam. O, rəhmətə getdikdən sonra
isə Fidan xanımın müəllimindən-İda Aronovna
Lvoviçdən dərs almışam. İda xanım Azərbaycanda əməkdar müəllim adı
qazanmışdı.
Mən
Fidan xanımı da özümün müəllimim hesab
edirəm. O, çox böyük musiqiçidir. Mən sənətimin bir
çox incəliklərini
ondan da öyrənmişəm. Fidan xanım da, mən
də müəllimlərimizin
xatirəsini hər zaman
ehtiramla yad edirik.
- İndi Sizin özünüzün də
tələbələriniz
var.
- Biz
bacılar Bakı
Musiqi
Akademiyasının
professorlarıyıq. Öz
səsimizlə həmişə
çalışmışıq ki, Azərbaycan mədəniyyətini yüksəklərə qaldıraq, öz sənətimizlə Azərbaycana uğur
gətirək. Azərbaycanı dünyaya
tanıdaq. Vokal
sahəsində Azərbaycana ilk qızıl medalı Fidan xanım gətirib.
- Məktəb illəri
ömür
kitabımızın elə bir səhifəsidir ki, digər səhifələrdən hər
zaman seçilir.
- Məktəb
illəri deyəndə,
oxuduğum 23 nömrəli məktəb
gözlərimin önündə canlanır. Şəhərin mərkəzində yerləşən ən
gözəl, ən güclü, ən nümunəvi tədris
ocağı bizim məktəbdi. Çox savadlı müəllimlərimiz vardı. Həmişə sevinirəm ki, o cür səviyyəli,
tanınmış bir məktəbin məzunuyam. Məktəbimizin özünün hətta
xüsusi bir himni
də var idi. Bütün tədbirlərimizdə o
himn ifa olunurdu. O illər həqiqətən ömrümüzün təkrarsız səhifələridir.
- Dərsə məktəbli
formasında gedirdiniz, yoxsa
ürəyiniz istəyəni
geyinirdiniz?
- Dərsə gedəndə həmişə məktəbli forması
geyinərdik. Mən o
geyimi çox sevərdim. Hər dərs
ili başlayanda atam
Moskvadan - "Detskiy Mir"dən hərəmizə iki dəst məktəbli forması
alıb gətirərdi.
Ağ yaxalığım...
formamın üstündən taxdığım ağ
önlüyüm... bu
günə qədər də
yadımdadır. Hər səhər evdən
çıxıb məktəbə gedəndə anam
görünüşümüzə, geyimimizə çox
ciddi fikir verərdi. Çalışardı ki, məktəbə geydiyimiz
paltarlarımız, ayaqqabılarımız tər-təmiz,
səliqəli olsun.
Heç vaxt
məktəbə sərbəst paltar
geyinib getməzdik. Anam deyərdi
ki, sinifdə hər təbəqənin övladı var. Ona
görə də bahalı
və fərqlənən paltarda
sinfə getmək olmaz. Məktəblilər həmişə eyni qaydada
və sadə geyinməlidir.
Əgər
evdən anam mənim
üçün meyvə qoyurdusa, mütləq sinifdə
onu kiminləsə bölüşməliydim. Bizə evdə belə
şeyləri məxsusi öyrədirdilər.
Mən həmişə belə
hesab etmişəm ki, məktəbli qızlara
o forma çox
yaraşardı. Məktəbli
forması
qızların xarici görkəmlərini səliqəli və
ciddi göstərən bir əlbisədir.
Ümumiyyətlə,
məktəb illərimlə bağlı hər
şey
xatırımdadı:məktəbdə keçirdiyimiz bayramlar... yeni
il şənlikləri ... sinif
yoldaşlarım, dostlarım... İndiyə qədər də bir-birimizlə zəngləşir, əlaqə saxlayırıq.
- Məktəbli
uşaqların ən
çox sevdikləri yeni
il şənlikləridi...
-
Yaxşı yadımdadır, mən
birinci sinifdə oxuyandan
orta məktəbi bitirənə kimi, atam
hər il evimizdə
təbii küknar ağacından
otağımızın
hündürlüyü boyda yolka
qurardı. Onun
budaqlarını
atamla anam özləri bəzəyərdilər. Blokumuzda yaşayan qonşular
və onların
uşaqları ilə
mehriban münasibətlərimiz vardı. Qış tətili günlərində hər gün birimizin evində
bayram şənliyinə toplaşardıq. Hər bir qonşu öz
evində digər qonşu
uşaqları
üçün bayram
şənliyi düzənləyirdi.
Biz uşaqlar yolkanın
ətrafında dövrə vurub
oxuyur, səhnəciklər
göstərirdik. Şaxta
babanın adından hər
bir uşağa verilən hədiyyə torbasından cürbəcür konfetlər, meyvələr, şirniyyatlar çıxardı. Valideynlərimiz uşaq
otağını elə vaxt bəzəyərdilər ki... biz
yuxudan ayılınca artıq
evin ortasında bərli-bəzəkli yolkamız
qurulmuş olardı.
Atam öz əllərilə balaca-balaca
oyuncaq evciklər,
dovşanlar, ayılar düzəldib yolka
ağacının
altına qoyardı. İndiyə qədər o
yolka
oyuncaqlarını
saxlayıram. Qohumlarımızın,qonşularımızın iştirakı ilə keçirdiyimiz o
yeni il şənliklərinin indi xatirəsinə isinirəm. O illərdə evimizdə
qurulan təbii küknar
ağacının
qoxusunu da duyuram sanki... Hanı, özümüz
düzəltdiyimiz
o rəngbərəng bayraqlar?! Bunlar hamısı unudulmaz
bir röya imiş...
- Xuraman xanım, yeni il
şənliklərində
Qar qızı oynadığınız vaxtlar olub?
- Mən Qar
qızı oynamazdım axı! Mən heç Qar qıza bənzəmirdim
də... Məni
Qar qız kimi sevərdilər ki? (gülümsünür
- müəllif) Biz alışmışıq ki, Qar qız gərək
gözəl olsun,
yanaqları qırmızı,
gözləri mavi...
- Nə vaxtsa
yeni ili
qürbət ölkədə qarşılamısınız?
- 1992-ci ildə yeni ilqabağı Amerikaya
qastrol səfərinə getmişdik. Necə oldusa, səfərimiz uzandı
və yeni ili
orada qarşıladıq.
O vaxt
31 dekabr - Dünya
Azərbaycanlılarının
Həmrəylik
Günü kimi qeyd
edilmirdi. Hələ heç bir
ölkədə bizim diasporamız da
yox idi.
- İlk qastrol səfəriniz?
- 1977-ci ildə ilk qastrol
səfərimdə Avstriyada oldum. Səhv etmirəmsə, payız ayı
idi.
- Fidan xanım
da getmişdi?
- Xeyr.
Çünki ilk
vaxtlar Fidan xanımla
biz ayrı-ayrı oxuyurduq. Mən müğənni kimi fəaliyyətə başlayana qədər artıq
Fidan xanım musiqi
sahəsində bir çox
uğurlar qazanmış,
professional səhnədə müğənni kimi
tanınmışdı.
O hələ tələbə ikən
bir müddət də Kamera Orkestrində skripkaçı kimi
çalışmışdı. Onun tələbəlik dövründəki skripkası hələ də
durur. Mən çox arzulayardım ki, nə
vaxtsa konsertlərinin birində
Fidan xanım skripkasını da
dilləndirsin.
- Fidan xanımla birgə
oxumaq uğurlu alındı?
- Biz bacılar
birgə oxumağa başlayandan sonra
qısa bir zamanda
məşhurlaşdıq. Bununla yanaşı,
özümüzə
qarşı
qısqanclıqlarla, hətta
xəyanətlərlə
də çox
qarşılaşdıq. Ancaq
sağlam düşüncəmiz,
sağlam fikrimiz bizim
ayaqda
durmağımızda həmişə yardımçımız oldu.
- Fidan xanımın Sizin
həyatınızda yeri?
- Mənim
üçün Fidan
xanım hər zaman
bir mayak olub. Mən çox şeydə, o cümlədən sənətdə də bacıma
oxşamağa, onun kimi kamil mütəxəssis olmağa
çalışmışam. Bəzən insan çox şeylərə
nail olmaq istəyir. Ancaq hərdən 24
saat da adama
azlıq edir,
çatmır. Bəzən də elə
olur ki, təkcə sənətimizlə yox,səhhətimizlə də
məşğul olmaq gərəkir,
amma vaxt ayıra
bilmirik.
Fidan xanımla
biz
uğurlarımıza
heç də asanlıqla nail olmamışıq. Müsabiqələrdə iştirak etmişik. Diplomlara layiq
görülmüşük. Hələ SSRİ dövründə biz
bacılar artıq populyarlıq qazanmışdıq. Bizi respublikamızdan kənarda
da tanıyır, müxtəlif ölkələrə dəvət edirdilər. Moskvanın
özündə, müttəfiq respublikalarda dəfələrlə konsertlər vermişdik. Fidan xanımla mənim
Moskvada konsertimiz olanda
afişalarda həmişə yazırdılar. "Zvezdı Sovetskoqo iskusstvo". O ada
nail olmaq hər
ifaçıya nəsib olmurdu.
- Vətəndən kənarda
yaşaya bilərdiniz?
- Digər xalqlarla
müqayisədə milli
mentalitetimiz elədir ki, biz hara
gəldi ora köçüb yaşaya
bilən xalq deyilik.
Bizim sənətimizi kənarda
nə qədər çox sevsələr də, bizim üçün bura əzizdir.
Hara qastrola getsək
də, ancaq bura üçün darıxırıq.
Çünki öz evimizdən, öz ölkəmizdən savayı bu sıcaqlığı, bu məhəbbəti
heç bir yerdə tapa bilmirik. Xalqımız da, dövlətimiz də
bizim əməyimizi qiymətləndirir.
Yeri gəlmişkən, yaradıcılığımızın 25 illiyi münasibəti ilə Fidan xanımla mənə eyni mərtəbədə yanaşı mənzillərin verilməsi ulu öndərimiz Heydər Əliyevin bizim sənətimizə diqqətinin, qayğısının nəticəsi idi. O, elə bir şəxsiyyət idi ki, hər zaman öz xalqına, incəsənət xadimlərinə böyük məhəbbət bəsləyirdi. Bir dəfə tədbirlərdən birində cənab Heydər Əliyev bizə demişdi: "Siz ziyalı ailədə böyümüsünüz. Ot kökü üstə bitər".
- Yeni il ərəfəsində arzularınız?
- Tələbələrimə, gənc vokalçılarımıza məsləhətim və arzum budur ki, daim öz üzərlərində çalışsınlar. Zamanlarını boş yerə, əbəs yerə xərcləməsinlər. Vokal sənəti ilə məşğul olanda gərək ömür boyu sən özünü tələbə hiss edəsən. Çünki, bu yolu seçdinsə, hər zaman öz üzərində çalışmalı, özün özünə nəzarət etməlisən.
Mən pedaqoji fəaliyyətdən şərəfli vəzifə tanımıram. Öyrətməkdən və öyrənməkdən gözəl nə var ki?
Müsahibəni yazdı:
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2012.-
28 dekabr.- S.8.