Əl işlərindən
ibarət Respublika
müsabiqəsinə yekun vuruldu
Dekabrın
27-də Tofiq İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının "Uşaq
dünyası" rəsm qalereyasında uşaq
yaradıcılıq mərkəzlərinin dərnək
üzvlərinin əl işlərinin respublika müsabiqəsinin
yekun sərgisi və qaliblərin
mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə
təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və
idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini Aynur Sofiyeva, millət vəkilləri Qənirə
Paşayeva, Sədaqət Vəliyeva, KİV nümayəndələri
və başqaları iştirak edirdilər.
İlk öncə mərasim iştirakçıları uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə yaxından tanış oldular. Uşaqların yaradıcılıq təxəyyülünün məhsulu olan bir-birindən gözəl əl işləri qonaqlar tərəfindən maraqla qarşılandı.
Tədbiri Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov açaraq qonaqları və sərgi iştirakçılarını salamladı. Keçirilmiş müsabiqə haqqında ətraflı məlumat verən Ağababa İbrahimov bildirdi ki, müsabiqə 3 nominasiya - dekorativ tətbiqi sənət, dizayn, floristika- nəbatat aləmi üzrə 20 növdə keçirilib. Müsabiqə 2 mərhələdə təşkil olunub. Rayon (şəhər) mərhələsində 3 mindən çox məktəbli iştirak edib. Müsabiqənin Respublika mərhələsinə 500-ə yaxın əl işi təqdim edilib və münsiflər heyətinin qərarına əsasən onlardan 60-ı qalib hesab edilib. Ağababa İbrahimov təqdim olunan əl işlərinin yüksək səviyyədə hazırlandığını deyərək qalibləri təbrik etdi.
Çıxış üçün söz alan təhsil nazirinin müavini Qulu Novruzov ölkə başçısı cənab İlham Əliyev tərəfindən xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlərdən danışdı. Bu müsabiqənin keçirilməsində əsas məqsədin istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması olduğunu deyən Qulu Novruzov belə tədbirlərin eyni zamanda ölkəmizdə neçə-neçə istedadlı və bacarıqlı uşağın aşkarlanmasına şərait və imkan yaratdığını söylədi.
Çıxışının sonunda nazir müavini Qulu Novruzov müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirərək təhsil naziri Misir Mərdanovun və öz adından qaliblərə müvəffəqiyyətlər arzuladı, hamını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkilləri Qənirə Paşayeva, Sədaqət Vəliyeva, gənclər və idman nazirinin müavini İntiqam Babayev başa vurduğumuz 2012-ci ilin ölkəmiz üçün yaddaqalan hadisələrlə zəngin olduğunu deyərək bugünkü sərgidə nümayiş olunan əl işlərindən yüksək zövq aldıqlarını söylədilər.
Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olundu.
Samirə
KƏRİMOVA
Azərbaycan müəllimi.- 2012.-
28 dekabr.- S.2.