Təlim
kurslarının təşkili vəziyyəti ilə
bağlı müşavirə
Dekabrın
27-də Təhsil Nazirliyində "Ümumi
təhsildə kurikulum islahatı və onun idarəolunması" mövzusunda
təlim kurslarının təşkili vəziyyətinə həsr
olunmuş müşavirə keçirildi. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq öncə zala
toplaşanları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni
il bayramı münasibətilə təbrik
etdi.
Yeni fənn
kurikulumlarının tətbiqi ilə əlaqədar 2008-ci ildən
başlayaraq müəllimlər üçün kurikulumlar
üzrə təlimlərin keçirildiyini
diqqətə çatdıran nazir son 5 ildə bu istiqamətdə
müəyyən işlərin görüldüyünü,
bu müddət ərzində 73000 müəllimin
müvafiq kurslardan keçərək zəruri
bilik və bacarıqlara yiyələndiyini
söylədi. Bildirdi ki,
VII-XI siniflərin fənn kurikulumları üzrə dərs aparacaq müəllimlər üçün
müvafiq təlim kursları növbəti
illərdə davam etdiriləcəkdir.
Kurikulum islahatının müvəffəqiyyətlə
həyata keçirilməsi və yeni
kurikulumların tətbiqinin səmərəli idarə
olunması müəllimlərlə yanaşı rəhbər
təhsil işçilərinin də müvafiq
təlim kurslarından keçməsini zərurətə çevirdiyini deyən təhsil naziri bu məqsədlə
4000 nəfər rəhbər təhsil işçisini
əhatə edən "Ümumi təhsildə
kurikulum islahatı və onun
idarə olunması" mövzusunda təlim
kurslarına başlandığını diqqətə
çatdırdı. Qeyd etdi
ki, kurslar Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində
keçirilmiş tenderdə qalib gələn "Təlim və İnkişaf Mərkəzi" MMC və
"Mədəd Azərbaycan" MMC tərəfindən
aparılır. Bu işə çox ciddi yanaşılmasının vacibliyini vurğulayan Misir Mərdanov Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə
şöbəsi və Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyası tərəfindən
təlim kurslarının monitorinqinin
aparıldığını, təlimlər başa
çatdıqdan sonra monitorinqin
nəticələrinə dair arayışların
müzakirəyə təqdim olunacağını bildirdi. Monitorinq aparanların bütövlükdə təlimləri
yüksək qiymətləndirdiklərini nəzərə
çatdıran nazir eyni
zamanda monitorinqlər zamanı bir sıra problemlərin də
aşkarlandığını və bugünkü
müşavirənin də məhz onların vaxtında aradan qaldırılması məqsədilə
keçirildiyini söylədi. Nazir həmin problemlərin bəzisini
müşavirə iştirakçılarının diqqətinə
çatdıraraq bildirdi ki,
təlim keçən təşkilatlar təlimin növbəti
mərhələlərində onların həll edilməsinə
nail olmalıdırlar. Belə ki, təlimçilər təlim
apardıqları müddətdə mövcud
qanunvericiliyə uyğun olaraq
əsas iş yerlərindən
ayrılmalı, bu proses
əmək qanunvericiliyi çərçivəsində
tənzimlənməlidir.
Bəzi
təlimçilərin rəhbər təhsil işçilərinə
təlim keçmək baxımından səriştəliliyinin
aşağı olmasının, idarəetmə sahəsində
iş təcrübəsinə malik olmamasının kursun
keyfiyyətinə mənfi təsir göstərdiyini deyən nazir təlimçilər müəyyənləşdirilərkən
təlimə cəlb edilən kontingentin
hazırlıq səviyyəsinin mütləq nəzərə
alınmalı olduğunu söylədi.
Rayonlarda keçirilən təlimlərdə
həmin yerdən olan təlimçilər
tərəfindən təlimlərə qeyri-ciddi
yanaşmanın müşahidə olunmasının da kursların keyfiyyətinə mənfi təsir
göstərdiyini deyən nazir təşkilatların
təlimçilərin regionlar üzrə
bölgüsü zamanı bu
məsələni nəzərə almalarını vacib saydı.
Çıxışının
sonunda nazir
müşavirə iştirakçılarını qeyd olunan problemlərə
münasibət bildirib, bu
kimi halların aradan
qaldırılması, gələcəkdə kursların daha yaxşı təşkili ilə
bağlı təkliflər bildirməyə dəvət etdi.
Müşavirədə
Bakıdakı 67 nömrəli tam orta məktəbin direktoru
İradə Bayramova, "Zəngi" liseyinin direktoru Bayram Heydərov, 212 nömrəli tam orta məktəbin direktoru Qurban Həsənov,
167 nömrəli tam orta
məktəbin direktoru Vaqif
Quliyev, 7 nömrəli tam
orta məktəbin direktoru Gülnaz Mehdiyeva,
"Mədəd Azərbaycan" MMC-nin təlimçisi
Bəhruz Mehdiyev, Kurikulum
Mərkəzinin əməkdaşı Könül
Mahmudova, akademik Zərifə
Əliyeva adına liseyin direktoru
Məhəbbət Vəliyeva, 6 nömrəli məktəb-liseyin
direktoru Gülşən Orucova, Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının icraçı
direktoru
Təranə Şərifova, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin sektor müdiri Bəhman Nəbiyev, Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri Təranə
Hacıyeva, Müasir Təhsilə və
Tədrisə Yardım Mərkəzinin proqram
direktoru Elmina
Kazımzadə, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə
Veysova və başqaları
çıxış edərək təlim kursları ilə
bağlı fikirlərini bildirdilər, mövcud
problemlərə toxunub onların aradan qaldırılması ilə bağlı
təkliflər irəli sürdülər.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.2.