"Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi"

 

Naxçıvan Dövlət Universitetinin xalq çalğı alətləri kafedrasının "Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna həsr olunmuş hesabat konserti keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq qeyd etdi ki, dünya azərbaycanlılarının həmrəyliyinin əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı.

 

Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilmiş və həmin konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verilmişdir. 1991-ci ilin 16 dekabrında ümummilli liderimiz Heydər  Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Natiq qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir.  Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

Universitetin nəqliyyat mühəndisliyi kafedrasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Arif Abbasov çıxışında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunduğunu, bu günün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrildiyini,  Yeni il bayramının isə ikinci plana keçdiyini, həmrəylik gününün hətta milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyümüş,  Azərbaycan əsilli diaspor nümayəndələri tərəfindən də qeyd olunduğunu vurğuladı.

Sonra universitetin xalq çalğı alətləri kafedrasının hesabat konserti başladı. Konsertdə xalq mahnıları ilə yanaşı, O. Kazımovun "Məhəbbət", Ü.Hacıbəyovun "Koroğlu" operasından "Üvertura", "Sevgili canan", C.Cahangirovun "Lirik mahnı", F.Əmirovun "Min bir gecə" baletindən rəqs, sözləri və musiqisi universitetin xalq çalğı alətləri  kafedrasının müdiri Aynurə Quliyevaya aid olan "Həyat sevgisi" əsərləri səsləndirildi.

Sonda konsert proqramından razılığını bildirən universitetin rektoru, akademik İsa Həbibbəyli tələbələrə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı və öz tapşırıqlarını verərək belə konsertlərin gənc ifaçıların həyatında çox mühüm rol oynadığını, onların səhnə mədəniyyətinə, professional ifaçılıq məziyyətlərinə çox müsbət təsir göstərdiyini qeyd etdi.  Rektor universitetin xalq çalğı alətləri  kafedrasının müdiri, hesabat konsertinin bədii rəhbəri, sənətşünaslıq namizədi Aynurə Quliyevanın, konsertmeyster, fortepiano kafedrasının müəllimi Xalubər Namazovanın, fortepiano kafedrasının müəllimi, Naxçıvan MR-in əməkdar müəllimi Nərminə Qədimovanın və başqa müəllimlərin əməyini yüksək qiymətləndirdi.

İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov, fortepiano kafedrasının müdiri, Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi, professor Səidə Məmmədova, incəsənət fakültəsinin bəstəkarlıq kafedrasının müdiri, kafedranın baş müəllimi Kamal Əhmədov, bəstəkarlıq kafedrasının müəllimi Yaşar Xəlilov hesabat konserti ilə bağlı rəy və təkliflərini bildirdilər.

 

 

Mina QASIMOVA,

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

Azərbaycan müəllimi.- 2012.- 28 dekabr.- S.3.