Dünya xalqlarının yeni
il ənənələri
Dünya xalqları
növbəti Yeni il bayramına hazırlaşır. Bu bayram
dünya xalqlarının ən
başlıca və ən mühüm bayramı hesab
olunur. Yeni il bayramı ilin sonuncu günündən növbəti
təqvim ilinə keçid ilə əlaqədar keçirilən
ən populyar bayramdır. Dünyanın müxtəlif
xalqları üçün Yeni il bayramı ənənəvi bayram hesab
olunur. Bu bayramın öz tarixi
var. Bəzi fərziyyələrə görə, Yeni ili ilk dəfə
qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə
bu bayram qədim german və romalılarla bağlıdır.
Başqa bir mənbəyə görə isə Yeni ili bayramla
qarşılamaq ənənəsinin əsası eramızdan əvvəl
üçüncü minillikdə Mesopotamiyada qoyulub. Bu
bayramın yaranmasının azı 25 əsrlik tarixi var. Hər
bir xalq yeni il üçün
tarixi və ya mifik hadisə ilə bağlı öz
tarixi günlərindən istifadə edib. Eramızdan əvvəl
misirlilər hər bir sülalənin hakimiyyətə gəlməsini
ilin başlanğıcı hesab ediblər. Romalılar 753-cü ildən bizim
eraya qədər hesablama aparıblar. Yəhudilər isə dünyanın yaranma tarixi
hesab etdikləri bizim eradan əvvəl 3761-ci ildən, İsgəndəriyyə
xronologiyası isə eramızdan əvvəl 5493-cü ildən dünyanın
yaranması tarixinə istinad ediblər. Demək olar ki, həmişə
yeni il bayramları müxtəlif ritual və sehrli ayinlərlə və mərasimlərlə
müşayiət edilib ki, onların da əks-sədası bu
günə qədər gəlib. Yeni ilin
başlanğıcının yanvarın 1-dən
hesablanması eramızdan əvvəl 46-cı ildə Roma hökmdarı Yuliy Sezar tərəfindən
təsis edilib. Romalılar bu günə Yanus allahının
adını veriblər.
Şaxta baba haralıdır?
Yeni ilin əsas atributları Şaxta baba və
Qar qızı hesab olunur. Şaxta babanın şəxsiyyəti uzun illər ərzində
mübahisələr doğurub. Şaxta baba kimi
tanınan şəxsin dünyanın müxtəlif ölkələrində
fərqli adları var: Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere
Noel, müqəddəs ata Kristmas və s. Yeni il
bayramını uşaqların hətta öz doğma
babalarından belə çox sevdikləri Şaxta babasız
təsəvvür etmək mümkün deyil.
Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu
mehriban qocanı dünyanın müxtəlif yerlərində
müxtəlif cür adlandırsalar da, bu adlardan ən
çox populyar olanı Santa-Klausdur. Yen il gecəsi
bütün dünya uşaqları Şaxta babanı və onun hədiyyəsini gözləyirlər. Lakin
Şaxta baba heç də bütün evlərə gedə
bilmir. Uşaqların
"Şaxta baba niyə gəlmədi" sualına isə
böyüklər "Uşaqlar çoxdur, Şaxta baba isə
təkdir, lakin o, gələcək" cavabını verməklə
onları bir qədər sakitləşdirməyə
çalışırlar. Lakin Şaxta baba haralıdır?
Onun yeri hardadır? Bu suallar zaman-zaman uşaqları, eləcə
də böyükləri də maraqlandırır. Əgər tədqiqatlara inansaq, hər bir xalqın öz
Şaxta babası və onun da öz evi var. Lakin əsil
Şaxta baba adına iddialı qismində Avropanın bir sıra şimal
ölkələri çıxış ediblər. Rusiya,
Norveç, Finlandiya, Danimarka, İslandiya və
başqları. Bu mübahisəni həll etmək üçün
"Röyter" xəbər agentliyi hələ 2005-ci ildə bütün
Avropanın şimal dövlətlərinin Şaxta
babalarına məktub göndərib. Onların arasında ən
çeviki İslandiyadan olan
Şaxta baba çıxıb. Ən tez cavab məktubunu
o yazıb. İslandiyalılar əmindirlər ki, məhz
onların ölkəsində
ilk dəfə Yeni ili qarşılamaq ənənəsi
yaranıb.
"Yeni
ili necə qarşılarsan, elə də yola salarsan"
Müxtəlif ölkələrdə Yeni
ilin qarşılanması qədim dövrlərdən qorunub
bu günə
çatmış ənənələrlə
bağlıdır. Hələ qədim xalqlarda belə bir
deyim - "yeni ili necə qarşılarsan, elə də yola
salarsan" deyimi kök salıb. Bu gün də müxtəlif
ölkələrdə uğur qazanmaq, bolluğa, rifaha nail
olmaq üçün müxtəlif fəndlərə əl
atırlar. ABŞ-da yeni ili təmtaraqla, gözəl və təntənəli
qarşılayırlar. Hamı Şaxta babadan - Santa Klausdan hədiyyə
gözləyir. Santa Klaus şimal marallarının çəkib
gətirdiyi xizəkdə amerikalıların yeni il
bayramına qatılır. Amerika hər il yeni ilə bayram hədiyyələri
və bayram açıqcalarının sayına görə
bütün rekordları aşır. Santa Klaus öz ağ
saqqalı, qırmızı kürküylə 8 maral
qoşulmuş arabasında milad gecəsi peyda olaraq
sobaların borusundan evlərə daxil olur və sobanın
yanından asılmış corabların içinə
uşaqlar üçün hədiyyələr qoyur. Təxminən
XVIII əsrin sonlarında Avstriyada insanlar arasında bir-birinə üzərində
xoşbəxtlik, bayram kökələrini simvolizə edən
yonca, qaban şəkilləri həkk olunmuş gil və saxsı fiqurlar,
açıqcalar hədiyyə
etmək ənənəsi yaranıb.
Yeni il axşamı bayram süfrəsi müxtəlif yeməklərlə
zəngin olmalıdır ki, qarşıdan gələn ildə
yaxşı və zəngin
yaşamaq mümkün olsun. Maraqlıdır ki, qədim
dövrlərdən başlayaraq başlıca yemək kələmdə
sosiska, qızardılmış donuz əti olmalıdır.
Xoşbəxt olmaq üçün hökmən donuz burnu və
ya bu heyvanın baş ətindən bir parça yemək tələb
olunur. Yeni il ərəfəsində Avstriya paytaxtının
küçə və meydanlarını bürüyən
bazarlar fəaliyyətə başlayır. Ən böyük
bazar isə paytaxt Vyananın Ratuş meydanında
açılır. Yeni il bayramı Böyük Britaniyada
çox möhtəşəm keçir. Yeni ildə ən
çox sevinən uşaqlardır. Çünki bütün
gecəni küçələrdə ticarətçilər
maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni
il axşamı ingilislər ənənəvi ağ pudinq
yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər, çünki pudinqin içərisində
çoxlu yemək üçün yararsız şeylər də
olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşısı, kimə
pisi düşür. Böyük Britaniyada bayram günü
evdə ideal təmizlik və qayda-qanun hökm sürməlidir.
Bayram ərəfəsində uşaqlar üçün
müxtəlif səhnələşdirilmiş tədbirlər
təşkil olunur. Təqdimatların əsasında isə
köhnə ingilis nağılları durur.
Populyarlığına görə birinci yerdə Şekspir
komediyaları və xalq qəhrəmanı Robin Quda həsr
olunmuş əsərlər durur. Londonda təşkil olunan mərasimlərdə
müxtəlif nağıl qəhrəmanlarına rast gəlmək
olar. Bayram axşamı Londonun köhnə məhəllələrində
ticarətçilər əlindən tərpənmək
mümkün deyil, onlar yeni ilə açıqcalar, tütəklər,
fitçalan, hava şarları, müxtəlif maskalar
satırlar. Yeni ilin gəlişi
barədə ilk xəbəri İngiltərədə zəng
səsləri verir. O, gecəyarısına bir qədər
qalmış sakitcə səslənməyə başlayır,
qüllə saatı kiçik ədyala
büründüyündən o, öz səsini bütün qüvvəsi
ilə nümayiş etdirə bilmir. Buna baxmayaraq, gecəyarısı
zəng səsi sükutu pozur və hamı yeni ilə həsr
olunmuş himni oxuyur. Bütün problemləri və
ağrıları özü ilə aparan köhnə ilin xətrinə
dəyməmək üçün britaniyalılar geridə
qalan ilin son dəqiqələrində arxa qapıları
açır və köhnə ili evin kandarından bayıra
buraxırlar. Yeni ilin ilk saniyələrində isə onlar
qüllə saatının zəng səsləri ilə evin
ön giriş qapılarını təmtəraqla
açır və yeni ili evlərinə buraxırlar.
Bolqarıstanda Yeni ili ev şəraitində qarşılamaq ənənəsi
mövcuddur. Bayram ərəfəsində ailənin kiçik
üzvü yolka yanında dayanaraq
qonaqları əyləndirir.
Bunun əvəzində isə qonaqlardan hədiyyələr
alır. Gecə saat 12-də evdə bütün
işıqlar keçir və yeni il öpüşləri
başlayır. Qonaqları təbrik edən ev sahibəsi
sürprizli bayram piroqu kəsir. Bəxtinizə düşən
paydakı pul əskinası sizə var-dövlət hədiyyə
edəcək, kiçik qızılgül budağı isə
sizə sevgi gətirəcək. Bolqarlar masa arxasında
oturanlardan biri asqırarsa, buna
sevinirlər. Onlara görə, bu uğur gətirir.
Macarıstanda və Rumıniyada Yeni il ənənələri
Bolqarıstandakına oxşardır. Lakin macarlar tütək və fitçalandan
istifadə edərək həm də
fit çalırlar. Hesab olunur ki, onlar bununla evdəki
şər qüvvələri qovur, sevinc və firavanlığı
çağırırlar. Yeni
il bayramına hazırlaşan macarlar yeni il
axşamının sehrli gücünə inanırlar. Hesab
edirlər ki, noxud və lobya ruh və bədənin
gücünü qoruyub saxlayır, alma gözəllik və
sevgi bəxş edir, qoz bədbəxtlikdən, sarımsaq xəstəlikdən
qoruyur, bal isə həyatı daha da şirin edir.
Almaniyada
yeni il süfrəsinə
balıq qoyulur, hesab
olunur
ki, onların pulcuqları var-dövləti simvolizə edir
Almaniyada Yeni il ənənələri
Avropanın digər ölkələrinin yeni il ənənələrinə
oxşar olsa da, bir sıra fərqli xüsusiyyətləri də
var. Almaniyada Yeni il ərəfəsini Silvestr
adlandırırlar. Bu 335-ci il
dekabrın 31-də vəfat etmiş keşişin adı ilə
bağlıdır. Yeni il günü bir-birinə hədiyyə
etmək dəbdədir. Berlin, Hamburq, Köln və ölkənin
digər şəhərlərindən olan uşaqları
Vaynaxtasman adlandırılan Şaxta baba və tamamilə ağ libasda olan
qar qızı Kristkind öz hədiyyələri
ilə təbrik edirlər. Vaynaxtasman tamamilə orijinal geyinir,
onun belində kəmər kimi metal zəncir var və ondan
nadinc uşaqları cəzalandırmaq üçün
çubuq asılıb. Sözəbaxan uşaqlar
üçün Şaxta babanın hədiyyə dolu
torbası var. Qar
qızının əlində hökmən müxtəlif
şirniyyatlar, alma və qoz olan
səbət var. Əgər hər hansı nadinc uşaq
mahnı oxusa və ya şeir söyləsə, Kristkind ona alman
Şaxta babasının hədiyyəsini təqdim edəcək.
Almaniyada yeni il süfrəsinə
balıq (karp və ya siyənək) yeməyi vermək qəbul
olunub, hesab olunur ki, onların xalları pul sikkəsini
xatırladır. Bu isə var-dövlət və maliyyə
uğurlarını simvolizə edir. Bundan başqa, bayram
süfrəsinə hökmən tərkibində qoz, alma,
üzüm və kökə olan yemək qoyulur. Elə ki,
saatın əqrəbləri gecəyarısını vurur və
bayramın bütün rituallarına əməl olunur, almanlar
bir nəfər kimi küçələrə axışaraq
bayram yürüşünə qatılırlar, şənliklər
keçirirlər, nəhəng
atəşfəşanlıq edir və şampan içirlər. Berlində Yeni il bəlkə də
təkcə Almaniyada deyil, bütün Avropada öz
miqyasına görə ən möhtəşəm hesab
olunur. Gecəyarısından başlayan şənliklər səhərə
qədər davam edir. Bayram nəhəng atəşfəşanlıq,
tanınmış müğənnilərin ifaları,
ümumi sevinc və nəşə içində davam
edir.
Keşişlə
qarşılaşmaq pis əlamət hesab olunur
Yeni il axşamı İsveçrədə
insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da
dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə
ailə başçısı -
ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və
Yul Tomten (Şaxta baba) obrazında qayıdır və
uşaqlara hədiyyələr paylayır. Niderland və
Belçikada ənənəvi olaraq yeni il gecəsini falaçma gecəsi kimi qeyd edirlər.
Yeni ilin ilk günündə Benilüks ölkələrinin
sakinləri ev heyvanlarını müşahidə edirlər.
Onların davranışına görə qarşıdan gələn
ili proqnozlaşdırmaq olar. Bu gün uşaqlar valideynlərini
təbrik etməlidirlər. Onlar bu məqsədlə əvvəlcədən
nitq hazırlayır və onu rəngarəng lentlərlə bəzədilmiş
xususi rəngli kağıza yazırlar. Yeni il axşamı
onların evlərinə mərhəmətli mələk daxil
olur. O, hər bir evə gəlir və uşaqların
yastığı altına sovqat qoyur. İtaliyada yeni ili
qarşılamağın çox fərqli ənənəsi
mövcuddur. İtalyanlar gecəyarısı evin pəncərəsindən
mebel nümunələri və bəzən də hətta irihəcmli
mebel hissələrini küçələrə atırlar.
Yeni ilin ilk günündə italyanlar evə bulaq suyu gətirir,
ona zeytun budağı qoyurlar. Bu suyu qonşulara və dostlara hədiyyə
etmək qəbul olunub. Əgər dan üzü
açılana qədər evə yeni zeytunlu su gətirilərsə,
o, növbəti ildə ev sahibinə xoşbəxtlik gətirəcək.
Yeni ilin ilk gününü küçədə
keşişlə qarşılaşmaq pis əlamət hesab
olunur. Uşaq və ya xoşagəlimli yaşlı insanla
qarşılaşmağa italyanlar sevinirlər, çünki
bu onlara uğur gətirir. Rumıniyada ərsiz qadın adətən
quyuya yaxınlaşır,
şam yandırır və aşağı baxır.
Şam işığının dərin su səthində
buraxdığı təsvir onun gələcək ərinin
simasını göstərir. Əgər
kimsə gecəyarısı tək gəzməkdən
qorxmursa, reyhan budağını götürür və onu yastığının
altına qoyur. Yuxu onun gələcək
nişanlısını göstərəcək.
Yunanıstanda Yeni il
axşamı xüsusi mərhəməti ilə seçilir.
Uşaqlar öz ayaqqabılarını buxarının
yanında qoyurlar və ümid edirlər ki, müqəddəs
ruh onların ayaqqabılarını hədiyyələrlə
dolduracaq. İspaniyada yeni il axşamı üzüm yemək
qəbul olunub. Saatın əqrəbləri 12-yə
yaxınlaşana qədər qarşıdan gələn ilin hər
bir ayı üçün 12
üzüm meyvəsi yemək lazımdır. İspanlar yeni
il gecəsi milli geyimlərdə küçə və
meydanlarda mahnı oxuyur və rəqs edirlər. Meydanlarda isə
jonqlyorlar çıxış edirlər. Gənclər od
üzərindən atlanmaqla öz igidlik və
bacarıqları üzrə yarışırlar. Finlər
ötən ilin bütün
ağrılarından xilas olmaq, xoşagəlməz
halları özlərindən atmaq
üçün hökmən hamama getməlidirlər.
Masa arxasında ən azı 9 dəfə otururlar. Ən
çox ev sahibi yeməlidir, onun boşqabı hər zaman dolu
olmalıdır. Şotlandiyada yeni ili
xüsusi məşəllərlə
qarşılayırlar. Qətranlı çəllək
yandırılır və küçədə diyirləndirilir.
Bununla da şotlandlar köhnə ili "yandırır" və
yeni ilin yoluna işıq salırlar. Yeni ilin ilk günü evə
kim birinci gələcək, ev sahibinin rifahı ondan asılıdır.
Hesab olunur ki, Yeni ilin gəlişindən sonra evə gələn
ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər
evə hədiyyə ilə tündsaçlı kişi daxil
olarsa, bu xoşbəxtlik əlamətidi. İrlandiyada yeni il ərəfəsində
bütün evlərin qapıları taybatay
açılır. İstənilən şəxs
arzuladığı evə daxil ola və ən arzuolunan qonaq
ola bilər. Onu süfrə arxasında ən hörmətli
yerdə oturdacaqlar. "Bütün dünyada və bu evdə
sülh olsun" sözləri ilə onu şəraba qonaq edəcəklər.
Gecə 12-nin yarısında
irlandlar mərkəzi meydana çıxır, mahnı
oxuyur, rəqs edir və şənlənirlər.
Yaponlar
yeni ili gülməklə qarşılayır
Yaponiyada Yeni il ən populyar bayramlardan hesab
olunur. Yaponiyada Yeni il ərəfəsi "qızıl həyat"
adlanır. Bu dövrdə bir çox idarələr, firmalar,
hökumət təşkilatları, iri univermaqlar
bağlanır. Hətta banklar belə, dekabrın 31-də
gündüz 12-yə qədər işləyir və 3
gün dincəlirlər.
Yaponiyalı
uşaqlar yeni ili yeni
libasda qarşılayır, hesab edirlər ki, bu, onlara uğur və sağlamlıq
gətirəcək. Yeni il axşamı uşaqlar
yasdıqları altına öz arzularının təsviri
olan şəkil qoyurlar, onda arzuya çatmaq olar. Rəngarəng
bayram mərasimlərində şam ağacı
üstünlük təşkil edir, hesab olunur ki, şam uzunömürlük və
dözümlülük rəmzidir. Yeni ilin ilk günü səhər tezdən
yaponlar günəşin çıxmasına tamaşa edirlər,
onlar ilk günəş şüalarının
saçması münasibətilə bir-birlərini təbrik
edir və hədiyyələr təqdim edirlər. Evlərin fasadından küləş
otu sərirlər ki, bu da onların inancına görə evi
şər qüvvələrdən qoruyur. Yaponlar
üçün ən başlıca faktor yeni ilin ilk saniyəsində
gülməkdir, onda xoşbəxtlik bütün il boyu
onları müşayiət edəcək. Yeni il
"Şoqatsu" adlanır və
yanvarın 1-dən 3-ə qədər qeyd olunur. Yeni ilin
ilk günü səhər erkən yaponların çoxu
özlərinə və qohumlarına dualar etmək
üçün "Sinto" adlanan müqəddəs yerlərə
və buddist məbədlərinə baş çəkirlər.
Sonra insanlar evə qayıdır, süfrələrə
müxtəlif yeməklər, içkilər düzürlər,
birlikdə yeyib-içərək bayramı qeyd edirlər.
Yeni ildə yeyilən ənənəvi yeməklərdən
biri düyü piroqudur. Bu yeməyin özəl xüsusiyyəti
ondan ibarətdir ki, o, uzunömürlülüyün simvolu
hesab olunur. Yaponiyada bayram günü budda məbədlərindəki
bürünc zənglər 108 dəfə çalınır.
Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab
edirlər ki, hər bir zərbə insan həyatını məhv
etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla
da yaponlar Yeni ili təmiz ruhla qarşılayırlar.
Gənclərin
bayramı
Qədim Çində Yeni il
kasıbların yeganə bayramı hesab olunub. İstənilən
şəxs istədiyi evin
qapısını açar və istədiyi neməti
götürə bilərdi.
Müasir Çində isə yeni il fənərlər
bayramıdır. Bu bayram ay təqvimi üzrə yeni ilin ilk
15-ci günü qeyd olunur. Yeni il gecəsi küçə və
meydanlarda çoxsaylı kiçik fənərlər
yandırılır, insanlar inanırlar ki, bu
qığılcımlar onlardan qara qüvvələri qova bilər. Yeni il isə
yanvar-fevral aylarında qədəm qoyur. Ona görə də
o qışın bitməsi və yazın gəlişi ilə
assosiasiya təşkil edir. Çinin bir çox sakinləri fənər
işığı ilə soyuq və pis havanı yola
salmaqla təbiətin
oyanmasını qarşılayırlar. Fənərlərə
müxtəlif forma verilər. Onları müxtəlif rəngarəng
şəkillərlə bəzəyirlər. Çinlilər
küçələrdə 12 heyvan şəklində fənər
qoymağı sevirlər.
Vyetnamda Yeni il ay-günəş
təqvimi ilə "tet" adlanır. Bu ailə bayramı
hesab olunur. Həmin gün bütün mübahisələr
yaddan çıxır. Günahlar
bağışlanır.
Vyetnamlılar öz evlərini minatür mandarin
ağacları ilə bəzəyirlər. Hər bir evdə dədə-babaların
səcdəgah yeri var. Onların şərəfinə ehtiram
göstərmək yeni ilin mühüm tərkib hissəsidir.
Vyetnamda yeni il yanvarın 1-də qeyd olunur. O, "gənclərin
bayramı" adlanır. Monqolustanda rəsmi olaraq yeni il
yanvarın 1-i hesab olunur. Bayram günü mübahisə
aparmaq, küsüşmək, dalaşmaq olmaz, bunlar böyuk
günah hesab olunur.
Myanmada yeni il
ilin ən qızmar dövründə qədəm qoyur,
buna görə də yeni ilin gəlişi "su
festivalı" ilə qeyd olunur. Həmin gün insanlar
rastlaşdıqda bir-birinin
üzərinə su səpirlər. Su ilə islatma ənənəsi
yeni ildə özünəməxsus şəkildə xoşbəxtliyə
nail olmaq arzusudur.
Kubada Yeni il ərəfəsində evdəki
bütün qablar su ilə doldurulur, gecəyarısı isə
qablardakı su pəncərədən bayıra atılır.
Bununla da adanın bütün sakinləri yeni ilə
su kimi aydın və işıqlı yol arzulayırlar.
Saatın əqrəbləri 12
dəfə vurana qədər 12 üzüm giləsi udmaq
lazımdır. O zaman mərhəmət, barışıq və
sülh, əmin-amanlıq səni
bütün 12 ay ərzində müşayiət edəcək.
Şaxta
baba üzgüçülük libasında
Argentinada uzun tarixi olan ənənəyə
görə, müəssisələrin qulluqçuları
keçən ilin sonuncu iş günündə köhnə təqvimləri,
lazımsız kağızları, blankları pəncərədən
atırlar. Paytaxt Buenos-Ayresdə artıq günorta vaxtı
bütün küçələr qalın kağız təbəqəsi
ilə örtülür. Heç kim bilmir ki, bu adət nə
vaxt yaranıb. Lakin xoşagəlməz hallar da baş verir.
Bir dəfə yerli qəzetlərdən birinin əməkdaşları
bütün arxiv materiallarını pəncərədən
çölə atıblar.
Avstraliyada yeni ilin qarşılanması tam
ekzotik xarakter daşıyır. Qar, yolka, maral və
bayramın digər atributları olmadığından
Şaxta baba üzgüçülük libasında, xüsusi bəzədilmiş
halda gəlir. Onun əynində hökmən ağ saqqalı
və qırmızı papaq olmalıdır. Yeni il
axşamı hamı dəstə-dəstə açıq səma
altında atəşfəşanlığa baxır. Bir-birini təbrik edirlər.
Avstraliyada yeni ili qarşılamağın xarakterik cəhəti
ondadır ki, yeni ilin ilk dəqiqələrindən insanlar
yatmağa gedir. Bazar və bayramlara baxmayaraq avstraliyalılar səhər
saat 4-5-də oyanır və axşam saat 10-dan gec olmayaraq
yatırlar. Buna görə də
yeni il gecəyarısı da istisnalıq təşkil etmir.
00:10-da avstraliyalılar artıq yataqdadırlar.
İndoneziyada yeni il özünəməxsusluğu
ilə seçilir. Burada yeni il şənlikləri 10 gün
davam edir. Bu günlər ərzində rənglənmiş
düyüdən 2 metr hündürlüyündə sütun
düzəldilir. Onlar allahlar üçün nəzərdə
tutulub. Bayram başa çatdıqdan sonra düyü evlərə
dağıdılır.
Hindistanda yeni ilin qarşılanması çox gözəl
mərasimlərlə yadda qalır. Ölkənin
şimalında insanlar özlərini ağ, cəhrayı,
qırmızı və bənovşəyi çiçəklərlə
bəzəyirlər. Mərkəzi Hindistanda evlər
narıncı bayraqlarla bəzədilir. Qərbdə isə evlərin
damında kiçik işıqlar yandırılır.
Hindistanda hədiyyələrin xüsusi təqdimolunma mərasimi
var. Uşaqlar üçün
hədiyyələr xüsusi nimçədə saxlanılır. Səhər tezdən
uşaqların gözləri bağlanır və onları həmin nimçəyə
tərəf aparırlar.
Fransızlar
yeni il gecəsi yeyib-içməyə daha çox
üstünlük verirlər
Fransada sevgi ilə dolu olan fransızlar yeni
il gecəsi yeməyə və içməyə daha çox
üstünlük verirlər. Şərab
istehsalçıları ilin bayram tostunu çaxır çəlləyinin
şərəfinə qaldırırlar ki, yeni ildə bol məhsul
olsun. Gecə yarısı fransızlar şotlandlar kimi qətranlı çəlləyə
od vuraraq onu küçədə diyirlədirlər. Beləliklə
də onlar köhnə ili yandırır və yeni ilin yolunu
işıqlandırırlar. Bir çox Fransa əyalətlərində köhnə bir qədim ənənəyə
əməl olunmaqdadır. Yeni ildə ilk dəfə su
dalınca bulağa gedən ev sahibəsi ora qoğal və ya
bulka qoyur. Bu bayram payını ertəsi gün, o biri sahibə
gütürür, əvəzində özü gətirdiyini
bulaq başında qoyur. Qadınlar axşama qədər
bir-birlərini bu cür qonaq edirlər. Fransada Şaxta baba Per
Noel, yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və
evin balaca sakinlərinin başmağına hədiyyələr
qoyur. Böyüklərsə bayram günü daha çox
yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi
olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür
etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi
hədiyyələrdir. Amma burada bir qədər diqqətli
olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək
olmaz. Məsələn, bu bayramda qadının öz ərindən
başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi
yaxşı hal hesab olunmur.
Yeni ildə yeni adlar
Mikroneziyada yerli adanın sakinləri
hər il yeni ilqabağı öz adlarını dəyişir.
Onlar bunu özlərindən şər qüvvələri
qovmaq məqsədilə edirlər. Bu belə baş
verir:yanvarın 1-də yuxudan oyanan ailə üzvləri
ağızlarını əlləri
ilə tutaraq bir-birlərinə özlərinin yeni
adlarını söyləyirlər. Bu zaman qohumlardan biri səs-küy
salmaqla çalışır ki, şər qüvvələr
onlara qulaq asa bilməsinlər. Əgər 2 həmqəbilə
üzvü yolda hardasa rastlaşırsa, bu zaman yerdə
oturmaqla, əllərini torpağa basmaqla bir-birinin
qulağına özlərinin yeni adlarını söyləyirlər.
Hər kəs adını özü seçir.
Yer
üzündə ilk olaraq Yeni ili Fici
arxipelaqının 160
adasının sakinləri qarşılayır. Heç yerdə
İndoneziyanın Bali
adasında olduğu qədər
yeni il tez- tez qeyd olunmur. Məsələ ondadır ki, Balidə
il 210 gün davam edir. Balililərin başlıca atributu
müxtəlif rəngli düyüdür. Ondan 2 metr
uzunluğunda lent kəsirlər.
Dünyanın hər
yerində bütün insanlar Yeni ili eyni ümidlərlə -
xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik
arzusuyla gözləyir və bayramı öz adət-ənənəsinə
uyğun qarşılayır. Azərbaycanda isə dekabrın
31-i ikiqat bayramdır. Dünya Azərbaycanlılarının
Həmrəylik günü və Yeni il bayramıdır.
Hazırladı: Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.12.